20 Yanvar
faciəsi xalqımızın
milli-azadlıq və müstəqillik uğrunda
apardığı hərəkata güclü təkan
verdi
Milli Məclisin deputatı,
tarix elmləri doktoru
Fəzail İbrahimlinin www.yap.org.az saytına müsahibəsi
- Fəzail müəllim, xalqımız bu günlər 20 Yanvar faciəsinin 25-ci ildönümünü, şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Sizcə, 20 Yanvar hadisəsinin Azərbaycan tarixində yeri və rolu nədən ibarətdir?
- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
Azərbaycanda XX əsr tarixinin ən faciəli
hadisələrindən biri baş verdi. Azərbaycanın
dinc əhalisinin üzərinə vəhşicəsinə
hücuma keçən sovet
əsgərləri ən müasir silahlardan istifadə edərək yüzlərlə
günahsız insanları qətlə yetirdilər.
20 Yanvar faciəsi beynəlmiləlçilik və
xalqlar dostluğu pərdəsi
altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın
mahiyyətini açdı, bu dövlətə
az-çox inanan
insanların inamını sarsıtdı. Xalqın iradəsini
qırmaq məqsədilə törədilmiş bu qanlı
terror Azərbaycan xalqının
milli-azadlıq və müstəqillik uğrunda
apardığı hərəkata güclü
təkan verdi və respublikada
siyasi mübarizə yeni
bir mərhələyə daxil
oldu. Haqqın, ədalətin
müdafiəsi yolunda canlarını qurban vermiş vətən
övladları şəhidlik zirvəsinə ucalmaqla
xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr
yazdılar və bununla da
20 yanvar tarixini şərəf
və ləyaqət tarixinə çevirdilər.
- Bu faciənin baş verdiyi dövrün ictimai-siyasi vəziyyətini necə xarakterizə edərdiniz? Sizcə, qanlı hadisəyə hansı amillər səbəb oldu?
- 20 Yanvar
faciəsinə hər hansı bir zaman kəsiyində baş
verən hadisə kimi baxmaq
olmaz. Bu faciəyə
gedən yol 1988-ci ildən
başlamışdı. 80-ci illərin sonunda
Sovetlər Birliyində ictimai-siyasi həyatın
demokratikləşməsi nəticəsində Azərbaycanda başlanan siyasi
oyanış sovet rəhbərliyini ciddi narahat edirdi.
Bu
oyanışın qarşısını almaq
üçün bəhanə axtaran Moskva elə səbəbi
də, bəhanəni də özü
hazırladı. Hadisələrin gedişinə diqqət yetirək.
1980-ci illərin ikinci yarısında Azərbaycanın
tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində
fəaliyyət göstərən təxribatçı
“Krunk” erməni ekstremist
təşkilatı SSRİ-dəki və xaricdəki erməni
“Milli müqəddəratın müstəqil
təyin edilməsi birliyi” və “Siyasi məhbusların müdafiəsi erməni
komitəsi”nin himayəsindən istifadə edərək fəaliyyətini
gücləndirdi. “55-lər komitəsi” adlanan
orqanın göstərişləri əsasında “Krunk” vilayətin erməni əhalisini
Dağlıq Qarabağın Ermənistana verilməsini tələb
etməyə çağırırdı.
1988-ci ilin yanvarından etibarən “Türksüz
Ermənistan” və Dağlıq Qarabağ
uğrunda millətçi hərəkatın
planlı fəaliyyəti başlandı. 1988-ci il yanvarın 25-də Ermənistanda yaşayan azərbaycanlıların ilk qrupu öz
torpaqlarından didərgin salındı. Artıq fevralın
23-nə qədər qovulanların sayı 4 min nəfərə
çatdı. Bu hadisə bir
tərəfdən Ermənistanda yaşayan
azərbaycanlılar arasında vahimə yaradır, digər tərəfdən
isə Azərbaycanda ictimai-siyasi vəziyyəti
gərginləşdirir, nəhayət, erməni-azərbaycanlı
münaqişəsinin törədilməsinə rəvac
verirdi. Moskva və dünya dövlətlərinin
gözü qarşısında baş verən bu hadisələrə
heç bir reaksiya verilmirdi. 1988-ci il fevralın 19-da Muxtar
Vilayətin Ali Sovetinin
sessiyasının keçirilməsi, DQMV-nin
statusu məsələsinə
baxılması haqqında SSRİ Ali
Sovetinə müraciət qəbul edilməsi
çağırışları altında kütləvi
antiazərbaycan mitinqləri keçirildi.
Elə həmin gün Bakıda da bu hadisələrə etiraz edən kütləvi mitinq
təşkil olundu.
Baş verə biləcək milli
toqquşmaların qarşısının vaxtında
alınmaması və SSRİ rəhbərliyinin ermənipərəst
mövqedə dayanması erməniləri daha
da şirnikləşdirdi. 1988-ci il fevralın 28-də Sumqayıt hadisəsi baş verdi. Hadisənin istintaqı zamanı üzə
çıxarılmış 96 cinayətkar arasında
müxtəlif millətlərin nümayəndələrinin, o cümlədən, qırğının əsas
təşkilatçısının erməni olmasına baxmayaraq, cinayətin guya ancaq azərbaycanlılar tərəfindən
törədilməsi haqqında erməni mətbuatı dünyaya iftiralar
yaydı.
- O zamanki respublika rəhbərliyinin səriştəsizliyi və qətiyyətsizliyi bu faciənin baş verməsinə nə dərəcədə təsir göstərdi?
- Bütün bu hadisələrə
münasibətdə Azərbaycanın milli
mənafeyindən çıxış etməyən,
Moskvanın iradəsi ilə hərəkət edən respublika rəhbərliyinin gözləmə mövqeyi ölkədə
narazılığı daha da artırırdı. Azərbaycanda sosial-iqtisadi və siyasi
böhranın getdikcə dərinləşdiyi bir şəraitdə
Ermənistandan didərgin salınan 191 min
175 nəfərin qaçqın vəziyyətində Azərbaycana
gəlməsi, qovularkən 217 adamın öldürülməsi,
1154 nəfərin yaralanması ölkədə gərgin olan ictimai-siyasi vəziyyəti
daha da gərginləşdirdi.
Qaçqınlara olan səriştəsiz
və ögey münasibət siyasi sabitliyi pozan əsas amillərdən birinə çevrildi.
Real vəziyyət, azərbaycanlılara qarşı tətbiq
edilən zorakılıq və işgəncələr
haqqında əhalidə obyektiv
informasiyanın olmaması faktı da əhalini
gərginlikdə saxlayır, vəziyyəti daha
da mürəkkəbləşdirirdi.
1988-ci il noyabrın 17-də Ermənistanın
təcavüzkarlığına, Dağlıq Qarabağda yaşayan ermənilərin
Şuşanın Topxana meşəsində
törətdiyi vəhşiliyə, nadir
ağacların qırılmasına etiraz
əlaməti olaraq başlanan
mitinq Azadlıq meydanında gecə-gündüz
davam edən 19 günlük
meydan hərəkatına çevrildi.
Dekabrın 4-dən-5-nə keçən gecə
meydan hərəkatının zor gücünə yatırılmasından sonra respublikada ictimai-siyasi vəziyyət gündən-günə
gərginləşməyə başladı. Vəziyyəti gərginləşdirən
amillərdən biri də Azərbaycanda
ermənilərin hələ də yaşamaqda
davam etməsi idi.
Ermənistan SSR-də bir nəfər belə
azərbaycanlının yaşamadığı halda, Azərbaycanda ermənilərin
yaşaması mərkəzin burada milli zəmində istənilən vaxt təxribat törətməsi üçün şərait yaradırdı.
Təxribatın
törədilməsinə şərait yaradan
digər amil isə respublikada
hakimiyyətsizliyin hökm sürməsi idi. Belə ki, bir sıra rayonlarda
ikihakimiyyətlilik yaranmışdı. Azərbaycan KP-nin rayon partiya
komitələri gücü olmayan formal hakimiyyət,
Azərbaycan Xalq Cəbhəsi isə hüquqi hakimiyyəti olmayan,
lakin hakimiyyət funksiyalarını yerinə
yetirən orqanlar kimi
çıxış edirdi. Bütün bu və buna bənzər
bəzi hərəkət və çağırışlar
Moskvanın Azərbaycanda hər cür təxribat
törətməsinə münbit şərait
yaradırdı və Azərbaycanı cəzalandırmaq üçün belə bəhanələrin
yaradılmasına Moskva son
dərəcə maraqlı idi.
Məhz buna görə də, 1990-cı il yanvarın əvvəllərində mərkəzin
göstərişi ilə müxtəlif qoşun
hissələri Bakıya gətirildi. Yanvarın
3-dən 6-na qədər Bakıda olmuş
Moskva nümayəndələri Barannikov, Ludayuskas, Babkov və başqaları məxfi olaraq Gəncəyə gəlmiş SSRİ
müdafiə naziri Yazov
tərəfindən orada qəbul edilmiş, xüsusi
tapşırıqlar almış və Bakıda “Tayfun”, yəni “Qasırğa” əməliyyatının
planı hazırlanmışdı.
Azərbaycan
rəhbərliyinin müstəqil siyasi xəttinin
və dəqiq, sabit mövqeyinin
olmaması Moskvanın respublikada həyata
keçirmək istədiyi “siyasətin” reallaşmasına
şərait yaradırdı. Yanvarın 13-də Bakıda bir erməni tərəfindən iki azərbaycanlının öldürülməsinə
cavab olaraq yanvarın 13-14-də
Bakının bəzi yerlərində ermənilərin təqib
olunması mərkəz tərəfindən bütün
təfsilatına qədər düşünülmüş,
taktiki baxımdan hərtərəfli
hazırlanmış təxribatın həyata keçirilməsi
üçün zəmin yaratdı. İnzibati orqanların, hərbi hissələrin
tam hazır vəziyyətdə
olmasına baxmayaraq, ətrafda baş verənlərə qarşı heç bir tədbir
görülmədi. Azərbaycan xalqına “dərs vermək”,
milli-azadlıq hərəkatını boğmaq
məqsədilə 1990-cı il
yanvarın 19-da SSRİ Ali Sovetinin
“Bakı şəhərində fövqəladə vəziyyət
tətbiq edilməsi haqqında” fərmanı qəbul edildi. Lakin bu
fərmanın qəbulu ilə əlaqədar əhaliyə heç bir məlumat
verilmədi. Hərbi hakimiyyət orqanları Bakı şəhərində
fövqəladə vəziyyət tətbiq edildiyini
və qadağan saatı qoyulduğunu
yalnız yanvarın 20-də səhər saat
7-də elan etdilər. Artıq
bu vaxt hərbçilər
82 adamı öldürmüş, 20 nəfəri
ölümcül yaralamışdılar.
Ümumiyyətlə, 20 Yanvar faciəsi
zamanı 130 nəfərdən artıq adam
öldürülmüş, 744 nəfər
yaralanmış, 400 nəfər qanunsuz həbs
edilmiş, 4 nəfər itkin
düşmüş,
küllü miqdarda maddi və mənəvi zərər vurulmuşdu.
- 20 Yanvar faciəsi ərəfəsində Azərbaycan informasiya blokadasına alınmışdı. Amma o zaman Moskvada yaşayan Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək Sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- 20 Yanvar
faciəsi törədilən zaman Azərbaycan
xalqı iflic vəziyyətinə - informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə
qadağa qoyulmuşdu.
O günlərdə Azərbaycan xalqı sanki
başsız qalmışdı. Belə ağır vəziyyətdə
xalqına həyan çıxan o vaxt siyasi səhnədən
kənarda olan Ümummilli
lider Heydər Əliyev oldu.
O, böyük cəsarət
nümayiş etdirərək yanvarın
21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində
mətbuat konfransı keçirdi, 20 Yanvar faciəsinin mahiyyətini
açıqladı. İmperiya rəhbərliyini
qatil adlandıran Heydər Əliyev faciənin
törədilmə səbəblərini və təşkilatçılarının
adlarını açıqladı. 20 Yanvar
faciəsini törədənlərin cinayət məsuliyyətinə
cəlb edilməsini qətiyyətlə tələb edən
Heydər Əliyev baş vermiş
faciə ilə əlaqədar Azərbaycan xalqına
başsağlığı verdi. Ulu öndərin Moskva
nümayəndəliyindəki tarixi
çıxışının mətni bütün
maneələrə baxmayaraq, dünyaya yayıldı. Bu
çıxış məhz o zaman informasiya
blokadasında olan Azərbaycanda baş verən 20 Yanvar
faciəsinə əsl siyasi qiymət idi.
Eyni zamanda, Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da Ulu öndər Heydər Əliyev bu məsələni diqqət mərkəzində saxladı. Məhz Onun təşəbbüsü ilə ölkə parlamenti 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Həmçinin, 20 Yanvar şəhidlərinin adları əbədiləşdirildi, onların ailələri qayğı ilə əhatə olundu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir və 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.
- Fəzail müəllim, sizcə, 20 Yanvar hadisəsini Azərbaycanın müstəqillik uğrundakı mübarizəsində dönüş anı kimi dəyərləndirmək olarmı?
- 20 Yanvar faciəsi respublikada
milli-azadlıq hərəkatına və demokratik
proseslərə zərbə vursa da, müstəqillik uğrunda
xalqımızın apardığı mübarizəni dayandıra
bilmədi. Əksinə, 20 Yanvar faciəsi
xalqımızın istiqlaliyyət, milli-azadlıq və
müstəqillik uğrunda
apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə
yeni tarixi dövrə
daxil oldu. Baş verən hadisələr, milli münaqişələr sovetlər imperiyasının
çökməsi ilə nəticələndi və Azərbaycan
öz tarixi müstəqillik
haqqına qovuşdu.
Azərbaycanın
istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi
abidəsi hər bir azərbaycanlının
ürəyində ucalır. Xalqımızın ziyarət
yerinə çevrilmiş Şəhidlər
xiyabanında yanan əbədi məşəl
şəhidlərin ruhuna xalqımız tərəfindən
olan ehtiram və
dövlətimiz tərəfindən verilən qiymətdir.
Şəhidlərin
uğrunda canlarını qurban
verdiyi Azərbaycan dövləti bu gün beynəlxalq
münasibətlər sistemində söz sahibidir. Özünün daxili və xarici siyasəti
ilə böyük uğurlar
qazanan Azərbaycan regionda
və dünyada iqtisadi
qüdrətinə, siyasi sabitliyinə
görə xüsusi nüfuz
sahibinə çevrilib. Vaxtilə: “Yox millətimin imzası imzalar
içində” - deyə fəryad edib
dünyasını dəyişən babalarımızın da ruhu şaddır. İndi dünyanın ən uca
bayrağının dalğalandığı Azərbaycanın
hər bir vətəndaşı “Var millətimin imzası imzalar
içində!” sözünü qürurla deyə bilər.
İki
sahil.- 2015.- 20 yanvar.- S.12.