Xalqımızın qan yaddaşında əbədi
yaşayacaq 20 Yanvar şəhidləri
ölməzdir
ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bütün şəhər və rayonlarda, idarə və müəssisələrdə silsilə tədbirlər keçirilir, hadisənin əsil mahiyyəti, başvermə səbəbləri geniş təhlil olunur. Dünən ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunda keçirilən tədbirdə də faciə ilə bağlı fikirlər səsləndi.
Şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən
və 20 Yanvar hadisələrini əks
etdirən filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan
"Neftqazelmitədqiqatlayihə" İnstitutunun
direktoru Fəxrəddin İsmayılov Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiqlənən "20
Yanvar faciəsinin iyirmi
beşinci ildönümünün
keçirilməsi ilə bağlı tədbirlər
planı"nda əksini tapan tədbirlərdən
bəhs edərək bildirdi ki, faciələrimizi unutmamalı, onların əsil
mahiyyətini gələcək nəsillərə
çatdırmalıyıq. Dahi
şəxsiyyət Heydər Əliyevin bu
fikirləri bir daha
xatırladıldı: " Əsrlər boyu
xalqımız böyük tarixi yol keçibdir.
Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
Şübhəsiz ki, tariximizin
parlaq səhifələri də,
qaranlıq səhifələri də, təntənəli səhifələri
də, faciəli səhifələri də var."
O da
bildirildi ki, 1990-cı
ilin 20 yanvar günü Azərbaycan xalqının həyatında
dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur.
Zaman keçdikcə hər bir hadisənin mahiyyəti daha
dolğun şəkildə dərk olunur, düzgün təhlil
fonunda ictimaiyyətə
çatdırılır.
F.İsmayılov
bildirdi ki, 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi
ilə xatırlasaq da,
xalqımızın azadlıq uğurunda
mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə
bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun
illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün
canından belə keçməyə hazır olduğunu
bir daha dünyaya nümayiş etdirdi. Azad, müstəqil
yaşamaq, öz təbii
sərvətlərinin əsil sahibinə çevrilmək Azərbaycan
xalqının ən böyük arzusu olub.
YAP Yasamal rayon təşkilatının
sədri, professor Fikrət İsmayılov
qeyd etdi ki, 20 Yanvar hadisələrinə
geniş mənada əsl hüquqi,
siyasi qiymət ulu
öndər Heydər Əliyevin xalqın təkidli xahişi və tələbi ilə hakimiyyətə
qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət
Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin,
günahkarlarının aşkarlanması üçün
yaradılan komissiyanın işini bərpa
etməklə əsil həqiqəti üzə
çıxardı, xalqla birliyini
bir daha təsdiqlədi.
Vurğulandı ki, amma mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi.
Bu kimi hadisələr
xalqın azad, müstəqil yaşamaq arzusunu
söndürmədi. Əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında müstəqilliyini yenidən
bərpa etməsi bunun təsdiqidir.
F.İsmayılov ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü
siyasətinin Azərbaycana qazandırdığı uğurlardan bəhs etdi. Bildirdi ki, Azərbaycan
1993-cü ildən bəri inkişaf yolunda inamla irəliləyir.
Son on ildə Heydər
Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
ölkəmizin qarşısında yeni-yeni
imkanlar açır. Bu
gün böyük fəxr
və inam hissi ilə
qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər
ölkələrə örnəkdir. Uğurlarımız
müstəqilliyimizi daimi, əbədi edir.
Yasamal Rayon Ziyalılar Cəmiyyətinin
rəhbəri, professor Rasim
Nəbiyev çıxışında bildirdi
ki, müstəqillik, azadlıq yolu qədər çətin yol
yoxdur. 1990-cı ilin
19-20 yanvar tarixlərində baş verən hadisələr bir
daha bu gerçəkliyi
ortaya qoydu. Azərbaycan
xalqı göstərdiyi qətiyyətlə bir
daha nümayiş etdirdi ki, heç
bir qüvvə onların milli
azadlıq uğrunda mübarizə əzmini
qıra bilməz. Xalqımız o müdhiş gecəni daim
xatırlayır, bu faciəni törədənlərə
öz dərin nifrətini bildirir.
YAP Siyasi
Şurasının üzvü, "İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə qan
yaddaşımız olan 20 Yanvar
faciəsinin azərbaycanlılara qarşı zaman-zaman
həyata keçirilən məkirli siyasətin əsas tərkib
hissələrindən biri olduğunu
bildirdi. Vurğuladı ki, Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda
mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 1990-cı ilin
20 yanvarında ölkəmizə qarşı ərazi
iddiaları irəli sürən Ermənistanın təcavüzkar
hərəkətlərindən və keçmiş
ittifaq rəhbərliyinin
onlara havadarlığından hiddətlənən,
Bakının küçələrinə və
meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə
qarşı sovet ordusunun
döyüş hissələrinin yeridilməsi
Azərbaycanda misli görünməmiş
faciəyə gətirib çıxardı. Həmin faciəli
günlərdə ölkəsinin, xalqının
azadlığını, şərəf və ləyaqətini
hər şeydən uca tutan
mərd Vətən övladları canlarından keçərək
şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə,
günahsız insanların qətli ilə nəticələnən
20 Yanvar faciəsi Mixail
Qorbaçov başda olmaqla cinayətkar imperiya
rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar
siyasətinə dözməyən, azadlığa, müstəqilliyə
can atan Azərbaycan
xalqının həm də mübarizliyini,
əyilməzliyini, məğrurluğunu nümayiş
etdirdi.
V.Rəhimzadə
bildirdi ki, hadisələrin
səhəri günü Moskvadakı Azərbaycanın
daimi nümayəndəliyinə gələrək
Bakıya hərbi müdaxiləni respublikanın
süverenliyinə qarşı terror kimi qiymətləndirən ümummilli
lider Heydər Əliyev belə
ağır məqamda xalqla birlikdə olduğunu bildirdi, qanlı faciələri pislədi,
günahsız, silahsız adamların axıdılan
qanlarını insanlığa qarşı törədilmiş
xəyanət adlandırdı. Yanvar hadisələrinə
geniş mənada əsl hüquqi,
siyasi qiymət məhz ümummilli
lider Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra verildi.
V.Rəhimzadə bildirdi ki, tariximizin
hər bir səhifəsini öyrənməli,
gələcək nəsillərə
çatdırmalıyıq. Tariximizi bilməsək,
gələcəyimiz barədə düzgün
dəyərləndirmə apara bilmərik.
Azərbaycan 23 ildən artıq dövr ərzində
böyük inkişaf
yolu keçib. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi
siyasət ölkəmizin qarşısında yeni-yeni
üfüqlər açır. Bu gün Azərbaycan dünya
birliyində siyasi, iqtisadi
uğurları, qlobal enerji
layihələri ilə tanınan qüdrətli ölkədir.
Azərbaycanın dünya birliyində
möhkəmlənən mövqeyi ölkəmizə
marağı daha da
artırır. Bu gün
böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan ən
yüksək zirvələri fəth edir. Son on bir ildə Heydər
Əliyev siyasətinin Prezident İlham Əliyevin uğurla
davam etdirməsi nəticəsində
uğurlarımızın davamlılığı təmin edilmiş, yeni-yeni hədəflər
müəyyənləşdirilərək, onlara
çatmaq üçün
ciddi səylər göstərilir.
Azərbaycanı inkişaf etmiş ölkələr sırasında
görmək istəyimiz də məhz möhkəm təmələ
əsaslanan siyasətin nəticəsidir.
V. Rəhimzadə
vurğuladı ki, Azərbaycanın
uğurları yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini
tapacağına böyük inam yaradır. Möhtərəm Prezidentimiz İlham
Əliyevin bəyan etdiyi kimi,
hər ay, hər gün
bizi qələbəyə
yaxınlaşdırır. Azərbaycanın üçrəngli
bayrağının Xankəndidə, Şuşada
dalğalanacağı gün uzaqda deyil.
Tədbirdə
çıxış edən "Neftqazelmitədqiqatlayihə"
İnstitutunun direktor müavini Ağaşirin Quliyev və İnstitutun
şöbə rəisi Nizami Şəmsəddinov
20 Yanvar hadisələrinin başvermə
səbəbindən geniş bəhs etdilər.
Vurğulandı ki, imperiya qüvvələri tərəfindən
həyata keçirilmiş 20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz,
respublikanın suveren
hüquqlarını, ümumiyyətlə, insan
hüquqlarını pozan hərəkət
idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri
ölməzdir.
Yeganə Əliyeva
İki sahil.- 2015.- 20 yanvar.- S.10.