Dövlət səviyyəsində
təhsilimizin
inkişafına xüsusi diqqət yetirilir
Milli
Məclisin Elm və təhsil komitəsinin üzvü, Odlar
Yurdu Universitetinin
rektoru
Əhməd Vəliyevin www.yap.org.az saytına müsahibəsi
-
Əhməd müəllim, bir neçə gün öncə
Azərbaycan Prezidenti İlham Əliyev «Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası»nın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planının təsdiq
olunması haqqında Sərəncam imzalayıb. Sizcə, bu sənəd
təhsilimizin inkişafına hansı töhfələr verəcək?
- Ümumiyyətlə, Azərbaycanda son 10 ildə
təhsilin inkişafı ilə bağlı çox
böyük işlər görülüb. Bu sahə ölkə
Prezidentinin birbaşa diqqət və qayğısı ilə əhatə
olunub. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə
fəaliyyəti çox yüksəkdir. Bütövlükdə,
dövlət səviyyəsində ölkəmizdə təhsilin
inkişafına xüsusi diqqət yetirilir. Bu gün ölkə
Prezidentinin maddi kapitalın insan kapitalına çevrilməsinə
dair irəli sürdüyü ideyanın
reallaşdırılması istiqamətində çox ciddi tədbirlər
həyata keçirilir.
Bu nöqteyi-nəzərdən uzun müddətdir
ki, təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi,
tədris-metodik təminatı istiqamətində dövlət
tərəfindən çox işlər həyata
keçirilib. Son 11 ildə ölkəmizdə xeyli sayda məktəb
tikilib istifadəyə verilib və ya əsaslı təmir
olunub. Bu gün həm orta, həm orta ixtisas, həm də ali
məktəblərin maddi-texniki bazası yüksək səviyyədədir.
Bütün bunlar artıq dünya standartlarına uyğun
olaraq qurulub. Nəticə olaraq təhsil sahəsində
islahatların uğurlu sonluğa çatması
üçün bütün məsələlərin həll
olunması vacibdir.
«Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası» da məhz
bu məqsədlərə xidmət edir. Dövlət Strategiyasında
əksini tapan müddəalar təhsilimizin yüksək səviyyədə
qurulmasına hədəflənib və bu gün bu
strategiyaın həyata keçirilməsi istiqamətində təhsil
nazirimiz çox böyük işlər görməkdədir.
Hazırda bu yöndə işlər uğurla davam etdirilir.
Yanvarın 19-da ölkə Prezilenti İlham Əliyevin
imzaladığı “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası»nın həyata
keçirilməsi ilə bağlı Fəaliyyət
Planı”nın təsdiq edilməsi haqqında Sərəncam
da bu strategiyanın həyata keçirilməsinin parametrlərindən
biridir. «Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası»nın həyata
keçirilməsi ilə bağlı Fəaliyyət Planı
bu sənədin hər bir maddəsinin hansı zamanda və
kim tərəfindən həyata keçirilməsini
özündə əks etdirir. Düşünürəm ki,
Fəaliyyət Planı uğurla icra ediləcək və bu
da Azərbaycan təhsilinə böyük töhfələr
verəcək.
-
Prezident İlham Əliyev bugünlərdə «Dövlət
ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin dərs
yükünün və əməkhaqqının
artırılması haqqında» Sərəncam imzalayıb.
Sizcə, bu sərəncam müəllimlərin maddi təminatının
yüksəlməsi ilə yanaşı tədrisin keyfiyyətinə
nə dərəcədə təsir göstərəcək?
- «Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası»nda
ölkə təhsilinin yüksək səviyyəyə
çatdırılmasını özündə ehtiva edir. Hər
bir müəllim, pedaqoji işçi bu strategiyaya uyğun
olaraq fəaliyyətini tamamilə dəyişməli, yeniləşdirməlidir.
Ümumiyyətlə, normal təhsil sisteminin qurulması
üçün maddiyyatın da böyük rolu var. Bu
baxımdan, Prezident İlham Əliyevin yanvarın 16-da
imzaladığı həmin sərəncamın çox təqdirəlayiqdir.
Ona görə ki, bu gün qlobal dünyada iqtisadi böhran
baş verdiyi bir zamanda təhsil işçilərinin əməkhaqlarının
bu səviyyədə artırılması təkcə təhsil
işçiləri tərəfindən yox, bütün Azərbaycan
xalqı tərəfindən yüksək qiymətləndirilir.
Həmin sənəddə əməkhaqları
ilə bağlı mexanizmlər müəyyənləşib
ki, bu da çox doğru qərardır. Mən bu qərarı
tam dəstəkləyirəm, Milli Məclisdə
çıxışlarım zamanı da demişəm ki, eyni
fəaliyyətlə məşğul olan insanlar eyni məbləğdə
əməkhaqqı almamalıdır. Hər kəs öz
qabiliyyətinə görə əməkhaqqı ilə təmin
olunmalıdır. Bilirsiniz ki, Təhsil Nazirliyi tərəfindən
müəllimlərin diaqnostikası həyata keçirilir.
Artıq Bakı şəhərində 30 min müəllimin
diaqnostikadan keçməsi barədə məlumat verilib.
Dövlət başçısının sərəncamına
görə, diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin əməkhaqları artırılacaq.
Hesab edirəm ki, bu diaqnostika təkcə Bakı şəhərini
deyil, bütün regionları əhatə etməlidir. Beləliklə,
müəllimlər qabiliyyətinə görə yüksək
əməkhaqqı ilə təmin olunacaqlar. Bu da müəllimlərdə
öz işlərinə daha məsuliyyətlə
yanaşmaları üçün bir stimul yaratmaq deməkdir.
Diaqnostikadan keçib əməkhaqlarının
artırılması məsələsində artıq pedaqoji
heyət bilir ki, artım kimlərə şamil ediləcək,
kimlərə yox. Artımın şamil edilmədiyi müəllimlər
öz vəzifəsindən uzaqlaşdırılmayacaq. Bunun
mexanizmi də təhsil nazirimiz tərəfindən
açıqlanıb. Belə ki, həmin müəllimlərin
yenidən hazırlanması məsələsinə baxılacaq.
Bu müəllimlər müasir tələblərə cavab
verən səviyyədə öz hazırlıqlarını
təmin etməlidirlər ki, onların da əməkhaqları
Prezident sərəncamına uyğun olaraq
artırılsın. Bu baxımdan, müəllimlərin əməkhaqlarının
artırılması təkcə maddi vəziyyətlə əlaqələndirilməməlidir.
Əgər təhsil işçilərinin əməkhaqları
artırılırsa, bu, onların məsuliyyətini də
artırır. Yəni bu amil məktəblərdə tədris
prosesinin, təhsilin inkişafının yüksək səviyyədə
həyata keçirilməsinə xidmət etməlidir.
-
Ötən ilin dekabr ayında Milli Məclisin Elm və təhsil
komitəsinin iclasında «Elm haqqında qanun» layihəsi
müzkirə olundu. Sizcə, bu sənədin əhəmiyyəti
nədən ibarətdir?
- Bəli, bu sənəd komitəmizdə
geniş müzakirə edilib. Ümumiyyətlə, hər bir
sahənin fəaliyyəti qanunla tənzimlənməlidir. Bu mənada
«Elm haqqında» qanunun qəbul olunması çox əhəmiyyətli
olacaq. Bu sənəd elmin inkişafına böyük təkan
verəcək. Eyni zamanda, qanun layihəsində elmi
işçilərin əməkhaqlarının
artırılması, onların sosial məsələlərinin
həlli, maddi stimul və s. məsələlər əksini
tapıb.
Elmlə təhsil elm inteqrasiya
olunmalıdır. Dövlət rəhbərliyinin də, belə
bir strategiyası var ki, təhsil, elm və istehsalat inteqrasiya
olunmalıdır. Elmsiz təhsil, təhsilsiz elm hər
hansı müsbət nəticələrə imkan verə bilməz.
Bu baxımdan, istər ali təhsil müəssisələrində,
istərsə də AMEA və onun strukturlarında elmi fəaliyyətə
çox ciddi fikir verilməlidir. Düşünürəm
ki, bu qanun bu məsələləri tam şəkildə tənzimləyə
biləcək.
-
Əhməd müəllim, təhsilin keyfiyyətini daha da
yüksəltmək üçün rəhbərlik etdiyiniz
Odlar Yurdu Unversitetində nə kimi yeniliklər tətbiq
olunur?
- Hesab edirəm ki, təkcə təhsil müəssisələri
yox, eləcə də, bütün müəssisələr
zaman-zaman öz inkişafı ilə bağlı proqramlar
müəyyənləşdirməlidir. Odlar Yurdu Unversitetinin
bu yöndə böyük proqramı var ki, bu gün ölkə
Prezidentinin müəyyənləşdirdiyi strategiyaya
uyğun təhsilin keyfiyyətini artıraq. Biz burada müasir
dövrün tələblərinə uyğun mütəxəssislər
hazırlamağa çalışırıq, hədəfimiz
budur. Ona görə də, təhsilin keyfiyyətinə xüsusi
fikir veririk və bu yöndə də proqramlar müəyyənləşdirmişik.
Təhsilin inkişafı üzrə Dövlət
Strategiyası təsdiq olunandan sonra sənədin maddələrini
geniş təhlil edərək fəaliyyət
proqramımızı ortaya qoymuşuq.
Bu gün universitetimizdə keyfiyyətin təminat
mərkəzi fəaliyyət göstərir ki, hər bir tələbənin,
müəllimin fəaliyyətinə nəzarət edir. Tələbələrin
tam şəkildə məzun olması istiqamətində hər
semestr müəllimlərin attestasiyası keçirilir.
Attestasiyadan keçməyənləri, günün tələblərinə
cavab verməyənləri uzaqlaşdırırıq,
onların əvəzinə müasir səviyyədə tədris
prosesini qura bilən müəllimləri cəlb edirik.
Məlumat üçün deyim km,
universitetimizin geniş xarici əlaqələri də var. Bu məsələyə
ona görə ciddi fikir veririk ki, daxili bazarda tam şəkildə
müəyyən sahələri inkişaf etdirmək çox
çətindir. Bu səbəbdən də, dünyanın
aparıcı universitetlərinin təcrübəsini öyrənib
üstün cəhətləri burada tətbiq edirik. Həmçinin,
tələbələrimiz müvafiq proqramlar çərçivəsində
dünyanın aparıcı unversitetlərində 1 il müddətində
təhsil alırlar. Biz ABŞ, Türkiyə, Almaniya,
İspaniya, Böyük Britaniya, Şimali Kipr,
Gürcüstanın universitetləri ilə geniş əlaqələr
yaratmışıq və birgə proqramlar həyata
keçiririk.
-
Millət vəkili olaraq təmsil etdiyiniz bölgədə bu
baxımdan vəziyyət necədir?
- Bilirsiniz ki, mən Qazax rayonundan millət vəkili
seçilmişəm. Təhsil işçisi olduğum
üçün bu bölgədə təhsil problemlərini
araşdırıram. Ölkə Prezidenti İlham Əliyev
Qazax rayonuna səfərlər edib, görülən quruculuq
işlərilə tanış olub. Dövlət başçısı
tövsiyə edirdi ki, yerlərdəki problemləri müvafiq
orqanlara çatdırmaq lazımdır. Mən də millət
vəkili olaraq müəyyən problemlərlə
bağlı müvafiq qurumlara müraciət etmişəm. Məsələn,
rayonda 15 qəzalı məktəb var idi ki, bununla əlaqədar
müvafiq təşkilatlara müraciət etmişəm.
Artıq həmin məktəblər tikilərək istifadə
verilib. Eləcə də, bundan başqa da yeni tikilən və
əsaslı təmir olunan təhsil müəssisələri
var.
Artıq dövlət tərəfindən
bölgədə təhsil ilə bağlı lazım olan məsələlər
həll olunub. Təhsilin keyfiyyətinə gəlincə, mən
rayon üzrə verilən hesabatlarda, görüşlərdə
demişəm ki, Qazaxda təhsilin yüksək səviyyədə
qurulması hər bir təhsil işçisinin
qarşısında dayanmalıdır, bu istiqamətdə
böyük işlər görülməlidir. Çünki
Qazax rayonu tarixən elm-təhsil mərkəzlərindən
biri olub. Bu gün biz düşünməliyik ki, elm-təhsil
mərkəzi olan Qazaxda təhsil müəssisələri
yüksək təhsil verməlidir. Bu yöndə də
işlər davamlı olaraq həyata keçirilir.
Təbii ki, təhsilin səviyyəsi bizi tam
qane etməsə də, çox işlər
görülüb. Düşünürəm ki, təhsilin
inkişafı üzrə Dövlət Strategiyası nəticəsində
nəinki Qazax rayonunda, bütün bölgələrdə istənilən
inkişafa nail olacayıq. Dövlətimizin həyata
keçirdiyi siyasət də məhz bu məqsədə xidmət
edir. Bu istiqamətdə Təhsil Nazirliyinin fəaliyyəti təqdirəlayiqdir.
İki
sahil.- 2015.- 24 yanvar.- S.14.