«Heydər Əliyevin
Moskvaya
gəlişini böyük təmtəraqla qeyd etdik»
Jurnalist,
yazıçı, publisist və şair Əliş Əvəz
(Qasımov Əliş Əvəz oğlu) əslən Bərdə
rayonunun Piyadalar kəndindəndir. 1956-cı ildə bu kənddə
doğulub. Rayonun Kətəlparaq kənd orta məktəbini
bitirdikdən sonra Bakı Dövlət Universiteninin jurnalistika
fakültəsinə daxil olub. Təhsilini Moskva Dövlət
Universitetinin jurnalistika fakültəsində davam etdirib. Sonra
Azərbaycana qayıdıb. Maraqlıdır ki, ümumittifaq
miqyasında ən nüfuzlu təhsil ocağının məzunu
adını qazanmış Əliş müəllim Vətəndə
qərarlaşa bilməyib. İndi bunun özündən
asılı olmayan səbəbləri barədə
danışmaq istəmədiyini deyir. Ancaq Əliş müəllim
bir çox məsələlərdən söz açır.
Məlum olur ki, hazırda Moskvada Dövlət Tarix Muzeyində
çalışan həmyerlimiz Rusiyada azərbaycanlıların
ilk mətbu orqanının yaradıcılarındandır. Həmçinin
Rusiyada latın qrafikalı Azərbaycan əlifbası ilə
ilk qəzet məhz onun jurnalistlik fəaliyyətinin məhsuludur.
-
Əliş müəllim, Moskva həyatına doğru uzanan
yol tələbəlikdən başlamışdı. Tələbəlik
yaşantınızın bu taledəki payından bəhs etmənizi
istərdik.
- Təbii ki, bu pay böyükdür. Moskva
Dövlət Universiteti kimi nüfuzlu elm ocağında təhsil
almaq kəndli övladı üçün çin olmuş
yuxu sayılırdı. Mənim kimi onlarla, yüzlərlə
gənc həyatının o anıyla fəxr edə bilər.
Burada təkcə universitetin nüfuzu əsas deyildi. Bildiyiniz
kimi, ötən əsrin 70-80-ci illərində Ümummilli
Lider Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin
Rusiyanın müxtəlif ali təhsil ocaqlarında təhsil
almalarına şərait yaranmışdı. Bu, Ulu Öndərin
müdrikliyinin nəticəsiydi. Ulu öndər, Azərbaycanın
müstəqilliyini görür və yeni yaranacaq dövlət
üçün yüksək ixtisaslı kadrların
hazırlanmasını həyata keçirirdi. Təsadüfi
deyil ki, həmin dövrdə təhsil alanların əksəriyyəti
indi məsul vəzifələrdə
çalışırlar. Biz də o vaxt
özümüzü Heydər Əliyevin əsgərləri
hesab edirdik və fəxarət duyurduq.
Beləcə 1982-ci ildə Moskva Dövlət
Universitetində təhsilimi davam etdirmək şansı əldə
etdim. İş elə gətirdi ki, Moskvada təhsil almağa
yollanmağımızla Ulu Öndərin mühüm dövlət
vəzifəsinə təyinatı eyni vaxta düşdü. Yadımdadır ki, Heydər
Əliyevin Moskvaya gəlişini yataqxanada böyük təmtəraqla qeyd etdik. Bir
azərbaycanlının SSRİ kimi nəhəng dövlətin
ali rəhbərliyində təmsilçiliyi qürurvericiydi.
Həm mövcud miqyası, həm də Heydər Əliyevin məsafə
baxımdan yaxınlığını
düşünürdük. Elə hesab edirdik ki, Moskvada
böyük dayağımız var. Digər millətlərin
təmsilçiləri bizə qibtə ilə
yanaşırdılar. Hətta universitetdəki müəllimlər
Heydər Əliyevin adı gələndə
ehtiramlarını bildirirdilər. Təbii, paxıllıq edənlər,
gözü götürməyənlər də yox deyildi.
Jurnalist olmaq barədə
qərar verəndə Azərbaycanda bu peşənin
daşıyıcısı kimi fəaliyyət göstərməyi
düşünürdüm. Moskvada qalmağı
ağlımdan keçirmirdim. Təhsilimi başa vurduqdan sonra
Vətənə qayıtdım. Bir çox hadisələr
yaşandı. Onlardan danışmaq istəmirəm, bəxt və
tale deyək. Yenidən Moskvaya üz tutdum.
- Demək, həm də aktiv jurnalistikaya qədəm qoymaq üçün…
- Jurnalistika fakültəsinin
məzunu idim və təbii, başqa nəyisə
düşünə bilməzdim. Tələbəlik illərində
müəyyən təcrübə bazası da
formalaşdıra bilmişdim. Müxtəlif mətbu orqanlarla
əməkdaşlıq edirdim, yazılarım
çıxırdı. Moskvaya qayıtdıqdan sonra fəaliyyətimi
intensivləşdirdim. 1987-ci ildən sovet Rusiyasının Sənaye
Nazirliyinin nəşriyyatında redaktor və məsul redaktor
kimi çalışdım.
O zamanlar ümumittifaq
miqyaslı «Neftyannik» jurnalı nəşr olunurdu. ABŞ-da da
«Oil» var idi. Bunlar «soyuq müharibə» dövrü rəqabətinin
məhsullarıydılar. Ancaq mən orda işə qəbul
olunanda SSRİ-nin son akkordları çalınırdı. Təbii,
jurnal nüfuzunu qoruyurdu. Beləcə 1991-ci ildən
«Neftyannik»də fəaliyyətə başladım.
«Mı
Azerbaycan vam ne otdadim»
- Əliş müəllim, belə desək, keçid
dövrü jurnalistikasında
çalışmısınız. Özü də kifayət
qədər böyük keçid sayıla bilən bir mərhələ
idi. Hazır idinizmi? Ümumən
jurnalistlər dəyişikliyə hazır idilərmi? Mənzərə Moskvadan necə
görünürdü?
- Heç yadımdan çıxmır,
orta məktəbin yuxarı sinfində oxuduğum zaman bizə
inşa yazmaq tapşırılmışdı. «Beynəlmiləl vüqarımız 26-lar» adlı
inşa yazdım. Bakı Dövlət Universitetini yenicə
bitirib məktəbimizə təyinat alan
müəllimimiz var idi. Tənəffüsdə
mənə yaxınlaşıb 26 Bakı komissarlarından,
onların Azərbaycan tarixində oynadığı mənfi
roldan xeyli danışdı. Söylədikləri
baxışlarıma çox ciddi təsir göstərdi.
Müəllim yazılış baxımından
«5»ə layiq olan inşaya «4» vermişdi.
Cəmiyyətdə belə müəllimlərin
sayı çoxalırdı və onların düşüncələri
milli təəssübkeşliyə köklənmişdi. Universitet illərində bu tendensiya özünü
daha qabarıq göstərirdi. Millətlərarası
rəqabət mühiti yaranmışdı. Diqqətinizi sadə misala çəkim. Tələbəlikdə yataqxanadakı
otağımızda qutumuz vardı. Kim
danışığında rus sözləri işlədirdisə,
o qutuya qəpik atmalıydı. Çox
güman, oxşar qutulardan digər millətlərin tələbələrində
də olub. Əlbəttə,
danışığımızda rus sözləri çox
idi. Bununla belə öz millətini
yüksək tutmaq istəyi var idi və bu meyilin son nəticədə
müstəqilliyə aparacağı görünürdü.
Zənnimcə, 1985-ci ildən sonrakı hər
keçən gün SSRİ-nin süqutunu daha çox
yaxınlaşdırırdı. Milli məsələlər
getdikcə qəti şəkildə qoyulurdu.
Sonrakı proseslərdə jurnalistika
ictimai fikir daşıyıcısı olan institut kimi avanqard
rol oynadı. Moskvada fəaliyyət göstərməyimizə
baxmayaraq, bizlər də bu missiyanın
daşıyıcılarına çevrildik. Hər fürsətdə Azərbaycan həqiqətlərini,
Qarabağda yaşananları ruslara çatdırırdıq.
Beləcə jurnalistika bir növ, ideoloji vasitə
kimi diqqət çəkdi. İlk ciddi
sınağımız 20 Yanvar hadisələri zamanı oldu.
Həmin vaxt Rusiyada Azərbaycan mətbuatının
yaranmasına ehtiyac duyuldu. Biz faciənin
miqyasını əks etdirən vərəqələr
buraxmağa başladıq. Eyni zamanda
Moskvada keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin,
başqa əlaqədar strukturların binalarının
qarşısında piketlər keçirdik. Hətta yadımdadır ki, Müdafiə Nazirliyinin
binası önünə toplaşanda bir qadın
qarşımızı kəsmişdi. «Mı
Azerbaycan vam ne otdadim», - demişdi. Təsəvvür
edin, əlimdə plakat tutmuşam, qadın da üzümə
bu sözləri deyir. Bir anlığa
mübarizəmizin məntiqini düşündüm. 20 Yanvar faciəsi müstəqillik arzumuzun
sınağıydı. Qarşımda
dayanmış qadın isə müstəqilliyimizə
qarşı rus şovvinizminin obrazlı təpkisiydi. Həmin
an yadıma Səməd Vurğunun «Azərbaycan»
şeri düşdü. Gözlərim doldu…
«Xocalı
faciəsində 366-cı alayın iştirakı
Rusiya mətbuatında
ilk dəfə məhz
həmin
məqalədə yer aldı»
- Ancaq
müstəqilliyimizin sınaqları çox oldu...
- Təəssüf ki, ağrılı-acılı
günlərimiz 20 Yanvarla bitmədi. Torpaqlarımız
işğal olundu. Xocalı faciəsi kimi
dəhşət yaşandı. Faciə məni
çox sarsıtdı. Azərbaycana gəldim.
Ağdama yollandım. Orada
yaralıları, cansız bədənləri gördüm.
Həmin vaxt «Neftyannik»də çalışırdım.
Vətəndə qalmağa qərar verdim.
Azərbaycanın Milli Qəhrəmanı rəhmətlik
Allahverdi Bağırov dedi ki, tank sürə bilsən, avtomat,
pulemyot ata bilsən, başqa məsələ, səninki qələmdir.
Baş verənləri işıqlandırmaq
üçün Ağdama gəlmiş türkiyəli
jurnalistlər də Allahverdi Bağırovun söylədiklərini
təkrarladılar.
Beləcə Moskvaya qayıtdım və
«Neftyannik»də «Pravda o Karabaxe» adlı silsilə məqalələr
dərc etdim. O zaman jurnalda məsul katib işləyirdim və
yazdıqlarıma Vətən qarşısındakı borcum
kimi baxırdım.
Yazıda Qarabağda münaqişəli
durumun tarixinə nəzər salmışdım. «Artsax» sözünün etimalogiyasını
açmışdım, türk mənşəli olduğunu
vurğulamışdım və s. Xocalı faciəsində
366-cı alayın iştirakı Rusiya mətbuatında ilk dəfə
məhz həmin məqalədə yer aldı. Əlbəttə, buna görə başımı
ağrıtdılar, bir müddət işdən kənarlaşdırıldım
da.
Qəzetin
fəaliyyətində dövlətimizin,
xalqımızın maraqlarını başlıca
xətt
kimi götürmüşdük
- Əliş müəllim, müstəqillikdən
sonrakı illərdən söz açaq. Məlumdur ki, Rusiyada Azərbaycana,
azərbaycanlılara qarşı münasibət birmənalı
olmayıb və indi də vəziyyətin tam mənada
müsbət olduğunu söyləmək
mümkünsüzdür. Siz isə jurnalist kimi fəaliyyət
göstərdiniz…
- Düz vurğuladınız ki, azərbaycanlılara
qarşı münasibət birmənalı deyil. İnsan bəzən
özünü yad hiss edir. Dil ayrı, din
ayrı. Müəyyən şeylər qəribə
gəlir. Amma bir söz də deyim. Əslində rusların
dünyagörüşlü, həyatı başa düşən
anlayışlı adamları hər məqamı təhlil
etməyi bacarırlar. Öncə sanki
insanı öyrənirlər. Sonradan
istedadınımı, hansısa digər müsbət keyfiyyətlərinimi
görürlər və dəyərləndirməyə
başlayırlar. Bəzən də bizim
ziyalılarımızın yanında bir növ, kölgədə
qaldıqlarını hiss edirlər. Ondan
sonra hörmət qoyurlar. Çox
çalışmaq lazımdır. Mənə
bir neçə dəfə «sən azərbaycanlı deyilsən»
deyə müraciət edənlər də olub. Ulu öndər Heydər Əliyevin, Müslüm
Maqomayevin və digər simalarımızın adlarını
çəkmişəm və bildirmişəm ki, onlar
çox böyük azərbaycanlılardır. Hər bir xalqın böyük şəxsiyyətləri
onun vizit kartıdır. Biz onların
adlarını doğrultmağı düşünməliyik.
Bu adamlar özlərindən sonra bəlli yol
qoyub gediblər.
«Neftyannik» jurnalında 1995-ci ilədək
çalışdım. Baş redaktorun müavini
oldum. 90-cı illərin sonunadək
“Rossiyskaya Federasiya” qәzetinin
xüsusi müxbiri, İsveçrәnin “Konkvest Bekkbon SA” şirkətinin Rusiya
nümayәndәliyindә ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri vəzifələrində
çalışdım.
2000-ci illərin əvvəlləriydi və
azərbaycanlıların sayı milyonu keçmişdi. Onların ziyalı tribunası yaranmalıydı.
Moskvada Azərbaycan mətbuatı yaratmaq zərurətə
çevrildi. Bu, eyni zamanda dilimizin, ədəbiyyatımızın,
mənəvi dəyərlərimizin qorunması
baxımından əhəmiyyətliydi. Beləliklə
«Azərbaycanın səsi» adlı ilk qəzeti
formalaşdırdıq. Nəşr təxminən
3000-4000 tirajla işıq üzü görürdü. Ancaq fəaliyyəti cəmi altı ay çəkdi.
Sonradan Sankt-Peterburqda da eyni adda qəzet
işıq üzü gördü. Daha
sonra isə «Azərbaycan diasporu» adlı qəzetin nəşrini
həyata keçirdik. Hər iki qəzetin
fəaliyyətində dövlətimizin, xalqımızın
maraqlarını başlıca xətt kimi
götürmüşdük.
«Azərbaycan diasporu»nun ilk nömrəsini
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ölkə
xaricində yaşayan hər bir azərbaycanlının da Vətəni
olmasına dair fikirləri ilə açmışdıq. Novruz bayramı günü işıq üzü
görən bu qəzetin fəaliyyətində yaxından
iştirak edənlərdən biri idim. İxtisasca
jurnalist olduğumdan yaradıcılıq yükünü daha
çox daşıdım. Qəzet indi də
çıxır.
Müəyyən müddətdən sonra
«Asudə vaxt» adlı daha bir qəzeti nəşr etdirdik. Əgər əvvəlki nəşrlər
ictimai-siyasi məzmun daşıyırdısa, «Asudə vaxt»
daha çox sosial-ictimai yönümlüydü. Rusiya azərbaycanlılarının istirahətini,
sosial qayğılarını və sair məsələləri
işıqlandırırdıq.
2002-ci ildə «Diaspora inform» qəzetini təsis etdim. Həmin vaxt cəmiyyətdə belə demək
mümkünsə, qəzet bumu yaşanırdı. Çalışırdıq ki, azərbaycanlılar
da mövcud axında özlərinə yer tapa bilsinlər.
Məncə, tapdılar da. Rusiya
telekanallarının birində belə fikir getmişdi ki, azərbaycanlılar
bazardan çıxıb qəzet buraxmağa girişiblər
(gülür).
Həmin dövrdə azərbaycanlıların müəyyən
birlik və cəmiyyətlərdə təşkilatlanmaları
da baş verdi. Azərros,
Ümumrusiya Azərbaycanlıları Konqresi kimi qurumlar təşəkkül
tapdı. Onların da fəaliyyətində
yaxından iştirak edirdim.
Azərrosun eyni adlı mətbu orqanı
da fəaliyyət göstərirdi. Bu qəzet
rus dilində nəşr olunurdu. İçərisində
bir vərəqə ana dilindəydi. Mən
o vərəqi ayrıca qəzet kimi genişləndirdim.
Beləcə «Azərros» Azərbaycan dilində
də çıxmağa başladı. «Azərros»
Rusiyada latın qrafikalı Azərbaycan əlifbası
ilə çıxan ilk qəzet idi.
Bəxtiyar
Vahabzadənin təbriki
- Qəzet
bumunun yarandığını qeyd etdiniz. Bu proses azərbaycanlıların
ictimai həyata inteqrasiyası ilə bağlı tələbatı
ödəyə bildimi?
- Birmənalı demək olmaz, ancaq zənnimcə,
ödədi. Yaxşı yadımdadır ki, «Azərros»da
Bütün Qafqazın şeyxi Hacı Allahşükür
Paşazadə ilə müsahibəm getmişdi.
Müsahibə belə adlanırdı: «Xristianstva i musulmanstva:
daroqa veduşie k boqu». Yazıda millətlərin,
insanların eyniliyi, bəşəri dəyərlərin vahid
təbiətə malik olması ön plana çəkilirdi.
Müsahibə böyük maraq
doğurdu. Daha sonra Ümumrusiya
Patriarxı II Alekseydən müsahibə götürdüm.
«Naçionalnıy vapros qlavnaya uliça Rasii»
adlı başqa bir material da hazırladım. Bu, azərbaycanlılara qarşı münasibətin
heç də ürəkaçan olmadığı bir zaman
kəsiyində qələmə alınmışdı və
həmin materialda Rusiya Dövlət Dumasının dini məsələlərlə
məşğul olan komitəsinin üzvlərinin fikirlərini
öyrənmişdim.
Həmin dövrdə Ümumrusiya Azərbaycanlıları
Konqresinin «Azerbaycanskiy konqres» qəzeti də
buraxılırdı. Onun ilk nömrəsində
İslam dini ilə bağlı məqalə
yazmışdım. Bütün bu sayaq tədbirlər
Rusiya ictimai rəyində özünə yer tapmağa
hesablanmışdı. Çalışırdıq
ki, daha çox adamı özümüzə,
baxışlarımıza inandıraq. Təbii
ki, erməni təbliğatı da öz işini
görürdü.
Həmin vaxt Azərbaycanın ictimai
fikrində önəmli rola malik insanların hər bir
sözü və fikri bizim üçün əlavə stimul
rolunu oynayırdı. Yaxşı yadımdadır ki,
böyük şairimiz mərhum Bəxtiyar Vahabzadə «Azərros»un Azərbaycan bölməsinə təbrik məktubu
göndərmişdi. Bəxtiyar müəllim məktubunda
qəzetin, ümumən azərbaycanlıların Rusiyadakı
aktiv təmsilçiliyinin əhəmiyyətini böyük
ustalıqla təhlil etmişdi. Həmin məktubu
indinin özündə də saxlayıram.
Azərbaycanlılar zamanla öz sözlərini daha qətiyyətli
şəkildə deyəcəklər
- İndiki dövrdə Rusiyada azərbaycanlılara
qarşı münasibət necədir? Yəni bir
ictimai fikir daşıyıcısı kimi qəbul edilmədə
nə kimi meyillər var?
- Hazırda azərbaycanlıların Rusiyanın ictimai
həyatında zəif təmsil olunduqlarını söyləmək
doğru sayılmaz Ancaq onu da etiraf edək ki, bu təmsilçilik
ermənilərdəki kimi yüksək deyil. Təbii,
dinin, mentalitetin, türk olmağımızın təsiri var.
Hətta geosiyasi amillərin də. Ancaq
yekun nəticədə konkret fəaliyyət müstəvisində
bu amillərin heç də hər zaman mənfi rol
oynadığını demək mümkünsüzdür.
Məsələn, mən Rusiyanın
yazıçılar və jurnalistlər ittifaqının
üzvüyəm. Rusiya və Azərbaycan
xalqları arasındakı dostluq münasibətlərinin
inkişaf etdirilməsinə görə Rusiya
Yazıçılar İttifaqının Mayakovski ordeni ilə
təltif olunmuşam. Mətbuatın
inkişafındakı xidmətlərimə görə Rusiya
Jurnalistlər İttifaqının fərxi fərmanına
layiq görülmüşəm. Deməli,
azərbaycanlının ictimai həyatda iştirakı
mümkündür. Sadəcə məqsədyönlü
olmaq lazımdır.
Bununla yanaşı Rusiyada bizim alimlərimiz,
tibb sahəsində çalışan, universitetlərdə
pedaqoji fəaliyyətlə məşğul olan dəyərli
soydaşlarımız var. Jurnalistika sahəsində Arif
Rüstəmcanov kimi böyük ziyalıya malikik.
Rusiya Kosmonavtlar Federasiyası Kərim Kərimov
medalını təsis edib. Bu,
sıradan məsələ deyil. Belə medallar yalnız
kosmosu fəth edənlərin adına təsis
edilir. Tsalkovski, Koralyov, Qaqarin, Titov, Tereşkovadan sonra həmyerlimiz
Kərim Kərimov. Yeri gəlmişkən,
federasiyanın dünya şöhrətli həmyerlimizin
adını daşıyan medalı ilə təltif
olunmuşam və bu mənim üçün böyük fəxrdir.
Demək ki, dəyər verilir və qəbul
olunuruq.
Bakıda «Maraqlı adamlar klubu» deyilən
bir toplantı yerimiz var idi. Klub həmin
vaxt Moskvada yaranmış eyni adlı klubun Azərbaycan
variantı idi. Həmin kluba «Şəhriyar»
poemasının lenti gətirilmişdi. O zamandan məndə
Cənub mövzusuna maraq yarandı. Yeri gəlmişkən,
uzun müddət mərkəzi Almaniyada yerləşən «21
Azər» jurnalının Moskva nümayəndəsi kimi aktiv fəaliyyət
göstərmişəm.
Moskvada Şəhriyar ədəbi ictimai məclisində
təmsil olunuram. Məclis sevimli şairmiz
Osman Sarıvəllinin oğlu Rafiq Sarıvəllinin təşəbbüsü
ilə yaradılıb. Bu təşkilatı
2000-ci ildə qurduq. Təsisçilərindən
biri və eyni zamanda sədr müaviniyəm. Öncə Şəhriyar Məclisi kimi
formalaşdırmışdıq. 2010-ci
ildə cəmiyyət olaraq dövlət qeydiyyatından
keçirdik.
Dövlət işində
çalışdığımdan məclisin struktur fəaliyyətində
daha yaxından iştirak edə bilmirəm. Bununla belə toplantılarına, yubiley məclislərinə
qatılıram. İstər bu təşkilatda,
istərsə də digər ədəbi ictimai qurumlarda Azərbaycan
dövlətinin ictimai, mədəni həyatında baş verən
hadisə və prosesdən söhbət açılır,
prezident sərəncamı ilə keçirilən yubileylər
qeyd edilir, müxtəlif anım tədbirləri
reallaşdırılır. Cəmiyyətimiz
özündə müxtəlif peşə sahibi olan 100-dən
çox ziyalını birləşdirir. Rusiya
və Azərbaycanın ədəbiyyat adamlarının təmaslarını
yaradırıq. Rusiyanın bir çox
nüfuzlu şəxsləri cəmiyyətimizin
toplantılarına qatılıb. Onların
ədəbi müzakirələrini təşkil edirik. Azərbaycan Yazıçılar Birliyinin Moskva
bürosu ilə sıx əməkdaşlığımız
var.
Bütün bunlar Rusiyanın ictimai həyatında
ictimai fikir daşıyıcısı kimi iştirak
baxımından mühüm məsələlərdir. Doğrudur, elə istiqamətlər də var ki,
orada bizə şans tanımırlar. Bunun
səbəbi isə yenə də deyirəm, müəyyən
dini və siyasi amillərə söykənir. Düşünürəm ki, azərbaycanlılar
zamanla öz sözlərini daha qətiyyətli şəkildə
deyəcəklər.
Müsahibəni
apardı: Amin CAMAL
İki
sahil.- 2015.- 29 yanvar.- S.12; 15.