Turizm ölkələri, xalqları

bir-birinə yaxınlaşdırır

 

Bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmiz turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu da ən başlıcası ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır.

Ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da xüsusi diqqət ayrılıb. Paytaxtla yanaşı, bölgələrdə də mühüm layihələrin icrasında, ən müasir dünya standartlarına cavab verən turizm obyektləri, hotel və istirahət mərkəzlərinin inşasında bu, özünü qabarıq formada göstərir.  Bu gün ölkəmiz  çoxsaylı  turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olan turistik  ölkəsidir.  Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və  hotellər dünya standartlarına uyğun qurulub. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar  tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Bununla yanaşı, bir çox turizm mərkəzlərinin yaradılması və bərpası da nəzərdə tutulub. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Bu gün “Four Seasons”, “Fairmont”, “Mariott”, “Hilton”, “Kempinski”, “Jumeirah”, “Sheraton”, “Hyatt”, “İnturist” yəni dünyanın doqquz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Beləliklə, Bakıda beşulduzlu hotellərin sayı durmadan artır. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasına səbəb olacaq. Hazırda bölgələrdə də ən müasir səviyyədə hotellər tikilir. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən hotellər inşa edilib.

Müasir mərhələdə turizm bölgəsinə çevrilmək təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan ölkəmiz üçün çox vacibdir. Çünki bu gün dünyada gedən proseslər və təhlükəsizlik məsələləri baxımından turizmin inkişafı labüddür. Turizm həm də ölkələri, xalqları bir-birinə yaxınlaşdırır, beynəlxalq münasibətləri gücləndirir, iqtisadi və mədəni əlaqələrin inkişafına təkan verir. Turizmin həcmini artırmaqla, turistik bölgəyə çevirməklə biz eyni zamanda regionların sosial-iqtisadi inkişafını çox sürətlə və effektiv şəkildə həyata keçirə bilərik.

 

Mənsumə Babayeva

 

İki sahil.- 2016.- 1 aprel.- S.14.