“Elm yolunu özüm seçmişəm,
ədəbiyyat isə
məni özü tapıb”
Amerika Oftalmologiya
Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri
Akademiyasının fəxri doktoru, Dünya Türk
Cümhuriyyətləri Oftalmologiya Birliyinin və Azərbaycan
Yazıçılar Birliyinin üzvü, tibb elmləri
doktoru, professor Paşa Qəlbinur “İki sahil” internet
televiziyasının qonağı olub.
ABŞ-ın Biblioqrafiya
İnstitutunda keçirilən “2000 alim və intellektual”
seçimində “İlin adamı” mükafatına layiq
görülmüş Paşa Qəlbinur, həmçinin
Yusif Məmmədəliyev adına mükafatla, “İman” izzət
və iltifat diplomu ilə təltif edilib. Ədəbi fəaliyyətə
1978-ci ildə “Ulduz” jurnalının 4-cü sayında
çap etdirdiyi “Xal”, “Ay gecəyə hicran sıxır”, “Mən
ilhamı gözlərimlə görmüşəm” şeirləri
ilə başlamış, “Gözlər” adlı ilk şeirini
isə 13 yaşında ikən yazmış görkəmli
oftalmoloq, eyni zamanda, “Araz” ali ədəbi mükafatın
laureatıdır.
Paşa Qəlbinurla söhbətimiz
də elə onun həm həkimlik, həm də ədəbi
fəaliyyəti ilə bağlı olub.
- Paşa müəllim, niyə məhz
göz həkimi? Təsadüf sizi bu sahəyə gətirdi,
yoxsa...
- Mən taleyə inanan adamam. Gözlər mənim həyatımda nə isə böyük rol oynayıb. Onu da deyim ki, uşaqlıqdan mənim görmə qabiliyyətim digər insanlardan qat-qat güclü olub. Mənim yaxından görməyim 300, uzaqdan görməyim 200 faizdir. Elə bil göz həkimi olmaq üçün doğulmuşdum. Mən əlamətə inanan adam deyiləm. Ay, qarşımdan qara pişik keçdi, 13 rəqəmi nəhsdir, belə şeylərə inanmırdım. Amma çox şeydə ilahi mizan-tərəzini görürəm. Həm də Allahın məni qoruduğunu hiss edirdim. Bütün həyatım boyu Allah tərəfindən hifz olunduğumu hiss etmişəm. Mən ömrüm boyu gözəgörünməz bir qüvvənin məni idarə etdiyinə, qoruduğuna inanmışam. Xarici ölkələrdə olanda başıma çox hadisələr gəlib, elə olub ki, faciə baş verib, amma mən həmin yerdən bir dəqiqə əvvəl çıxıb getmişəm. Sonradan bu faciədən xəbər tutanda heyrət içində qalmışam. Deməli, ilahi qüvvə məni həmin yerdən uzaqlaşdırıb. Bir hadisəni də xatırlayıram. Moskvadan yeni gəlmişdim, çox gənc idim, məni hələ heç kim tanımırdı. Ukraynadan bir qadın gəldi, yanında da 13 yaşında qızı. Dedi ki, bəs yuxuda görmüşəm ki, qızımın gözünü açırsınız. Hansı ki, o qızın gözünün açılması mümkünsüz bir şey idi. O qadın bunu elə inamla dedi ki, mən əməliyyat etməli oldum. Amma özüm də bilirdim ki, onun gözünün açılması imkansızdır. İnanın, özüm də gözləmədiyim halda o qızın gözləri açıldı. Yəni yuxuların həmişə həyatımda böyük rolu olub.
- Peşə seçiminizdə valideynlərinizin
rolu olubmu?
- Orta məktəbdə
oxuyanda fikirləşirdim ki, görəsən hansı sənəti
seçsəm yaxşı olar? Hələ dəqiq
qərarımı verməmişdim. Böyük
dayım göz həkimi idi. Onun romantik bir
qız xəstəsi vardı. İyirmi
yaşına qədər o qız kor idi, amma dayım onun
gözlərini açmışdı. Yadımdadır
ki, hər il əməliyyat günü həmin
qız və ailəsi gül-çiçəklə
dayımgilə gəlirdilər. Dayımgildə
şənlik olardı, deyib-gülərdilər. Onların minnətdarlıq hissi mənə bu sənəti
sevdirdi və göz həkimliyi mənə romantik təsir
bağışladı. Dayıma bir
şeir də həsr etmişdim o vaxtlar. Mən
onun sənətini seçdim və buna heç vaxt peşman
da olmadım. İnsanlara işıq bəxş
etmək, onları nurla dolu aləmə çıxarmaq
böyük səadətdir.
Biz həkimlər
heç vaxt sakit dayanmırıq. Müəyyən
dərəcədə səfərbərlikdə oluruq. O
səfərbərlik mənim içimdə və ruhumda var.
Camaat evə gedəndə istirahət edir, mən evdə də
çalışıram. Bənzətmə ilə
desəm, mən də uçuşda dincələn quşam
sanki. Çalışaraq, vuruşaraq,
işıq mücadiləsi edərək istirahət edirəm.
- Siz həm də müəllimsiniz...
- Hər
dəfə tələbələrimin qarşısına
çıxanda mühazirələrə ciddi
hazırlaşıram. Axşam oturub kitabları
oxuduğumu görəndə yoldaşım deyir ki, sən
gedib əcnəbi ölkələrdə mühazirələr
deyirsən, uşaqların qarşısında saatlarla
danışa bilərsən. Deyirəm mən
keçəndəfəki mühazirədən bir balaca da
olsa, daha təsirli çıxış etməsəm,
heç özüm özümü bağışlamaram.
Müəllimliyə çox müqəddəs
peşə kimi baxıram. Çalışıram
ki, bütün fəaliyyətimdə birinci, təmiz olum.
Digər tərəfdən də hər zaman
birinciliyə, fərqlənməyə cəhd göstərirəm.
Arzuya doğru iddia olmasa, nəticə də
olmaz.
- Paşa müəllim, əməliyyat
vaxtı ilham pəriniz sizə qonaq gəlirmi?
- Mən
istənilən şəraitdə şeir yazmışam. Yolda, təyyarədə, iclasda, yuxuda. Yalnız əməliyyatda bir misra, bir fikir də
beynimə gəlməyib. Əməliyyat
vaxtı olduğum dünyada yalnız mənəm və xəstəliklə,
qaranlıqla mücadilə. Mən
dünyanın ən çox əməliyyat edən göz həkimlərindənəm.
İrili-xırdalı 20 mindən çox əməliyyat
etmişəm.
- Azərbaycanda ilk miniatür
romanın müəllifisiniz...
- Azərbaycanın
ilk miniatür romanı, yəni virtual sərhədləri
çox böyük olan əsəri sıxıb-sıxıb
qısaltmışam. Amma oxuyanda bilinir ki, bunun həcmi
sıxılıb. Kitabda çoxlu sayda
sirr var, böyüklük çıxsa da, deyim ki,
Cakondanın da sirri var və hələ də açıla
bilmir. Bax, elə bir əsərdir,
çoxlu sayda sirləri olan. O sirlər fəlsəfənin,
təbabətin, poeziyanın, ədəbiyyatın
hamısının kəsişdiyi nöqtələrdir. 20 il ürəyimdə gəzdirib, 3 ilə
yazdığım halal bir əsərdir. Üç
ildir ki, yazılıb və müzakirədədir, mənfi
söz deyən olmayıb. Bilirəm ki, yüz il sonra da deyən olmayacaq. Bu,
hansısa bir filmin süjet xətti kimi çıxmayacaq.
Bu, tam yeni, orijinal, içində raket
gücü olan və tükənməyən bir
yazıdır - bilirəm ki, həmişə də belə
qalacaq. Bunu dəqiq bilirəm. Mən bu romanı 15 ilə qədər ürəyimdə
gəzdirmişəm, 3 ilə də yazmışam. Hərçənd Azərbaycanın ən qısahəcmli
romanıdır. 41 jurnal səhifəsidir.
Dünyada mini-romanlar yazırlar. Azərbaycanda yazılmamışdı, ilkini mən
yazmışam. Əslində ondan 50-100 dəfə
böyük həcmdə olan material sıxılmış
şəkildə yazılıb. Yığcam
yazmaq indinin dəbi deyil. Min ildir Ömər
Xəyyam bizə təlqin edir ki, qısa yazmaq lazımdır.
Özü də Ömər Xəyyamın təkcə
rübailəri qısa deyil, onun riyaziyyata, astronomiyaya aid olan
elmi işləri də yığcamdır. Azərbaycanda ilk dəfə bir misralıq şeirləri
mən yazmışam. Bəzən
bütöv bir şeiri sıxmışam, bir misra olub. Elmi işlərim, esselərim də qısadır.
Mən yığcamlığı,
qısalığı həm özümə, həm də
oxucuya hörmət sayıram. Vaxt sərvətdir.
Az vaxtda lazım olan fikirləri ifadə
etmək lazımdır.
- Yaradıcılıq sizi həkimlikdən
ayırır, yoxsa əlavə stimul verir?
- Poeziya
ilə oftalmologiya bir-birinə qanad verir. Azərbaycanın sərhədlərindən
kənarda mənim adımla bağlı təbabətdə
üç iş var. Onlardan biri “Qlaukomada - el arasında “qara
su” xəstəliyi deyirlər - “Musayev üsuludur”. Qlaukoma xəstəliyi ən ağır, pis xəstəlik,
dünyanın ən inkişaf etmiş ölkələrində
korluğun bir nömrəli səbəbkarıdır. “Mirvari suyu” xoş xəstəlikdirsə, “qara su” pis
xəstəlikdir, adamı kor eləyir. Bu
gün “Musayev üsulu” ən effektli sayılır. Mənim soyadım Musayev olduğu üçün
belə adlandırılıb. Bir dəfə
şeir yazanda həmin yenilik misraların içində
gözümə göründü. Çox qəribədir
ki, Azərbaycanın adına xoş bir səda
gətirən yenilikdən birini mən poeziyanın içində
tapmışam. Mənim peşə taleyim
doğulmadan öncə yazılmışdı. Və mən bir də dünyaya gəlsəm yenə
də göz həkimi olmaq istərdim. İndi
mən həm cərrahiyyə zamanı, həm də şeir
yazanda tam səfərbərlikdə oluram, olduqca böyük məsuliyyətlə
hər ikisinə yanaşıram.
- Göz əməliyyat etmək
böyük məsuliyyət tələb edir. Bu
mənada ilk dəfə əməliyyata girəndə
narahatlıq, qorxu hissi oldumu?
- Mən
ilk kursdan məşhur göz həkimi Ümnisə xanım
Musabəylinin əməliyyatlarına gedib baxırdım. Bir dəfə çox yüngül bir əməliyyat
vardı - qanadvarı pərdənin kəsilməsi. Dedi
ki, əlini yu, əməliyyatı apar. Dosent
Vasilyeva vardı, tapşırdı ki, mənə assistentlik
eləsin. Mənimçün olduqca
gözlənilməz oldu. Ancaq
yüngül əməliyyat olduğu üçün mən
elədim. Bayıra çıxdım,
gördüm uçuram. Necə ki, Qaqarin
kosmosda çəkisizlik şəraitində havadan
asılı qalmışdı, mən də o cür
olmuşdum. Birdən yadıma
düşdü ki, mən 13 yaşımda ilk şeirimi -
“Gözlər”i yazanda da belə olmuşdum. Sonradan həmin romantik hisslər əməliyyatlardan
sonra nisbətən azaldı. Ancaq yenə
də qalıb.
- Qəlbinur təxəllüsünün
tarixi haadan gəlir?
- Əvvəllər Paşa Musayev kimi çap
olunmuşam.
Ha istəyirdim özümə bir təxəllüs tapım.
Ancaq alınmırdı, Paşaya uyğununu
tapa bilmirdim. Bir dəfə eyni gündə
iki dostum ayrı-ayrı vaxtlarda təxəllüs
götürməyimi təklif etdi. Dedim ki, tapın, mən
də götürüm. Qəlbinur təklifi
oldu, mən də götürdüm.
- Paşa müəllim, doğum
gününüz münasibətilə sizi təbrik edirik. Yaşınızın
üstünə yaş gəlməsi sizi kədərləndirmir
ki...
- Əgər insan hiss etsə ki, hardasa geriləyib, o,
mütləq dayanmalıdır. Əgər insan özünü
yaxşı hiss edirsə, o lap ömrünün son dəqiqələrinə
qədər belə yazıb-yarada bilər. Bəzi
insanların yaradıcılığının zirvəsi elə
yaşa dolandan sonra olur. İnsan özünü
hansı yaşda hiss edirsə, demək o yaşdadır.
Çatmaq istədiyin hər şeyi böyük məhəbbətlə
arzulamasan, hesab etmişəm ki, o alınmaz. Mən aliməm,
həkiməm, şairəm. Mənim tədqiqatlarım
və kəşflərim var. Dünyada rəsmi təsdiqini
tapan bir dərman var ki, onun müəllifi mənəm. Amma kimlərinsə gözünü açıb,
onlara işıq verməyim də ayrı peşədir.
Mən əməliyyat edən zaman sanki
döyüşə hazırlaşan idmançı oluram.
Öz nəticəmi təkrarlamalıyam. Ədəbiyyat da içimdə olandır. Elm yolunu özüm seçmişəm, ədəbiyyat
isə məni özü tapıb.
Şəmsiyyə Əliqızı
İki sahil.-
2016.- 1 aprel.- S.13.