Soyqırımı tələbə rəssamların gözü ilə

 

Naxçıvan Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində rəsm sərgisi təşkil edilib.

Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə incəsənət fakültəsinin təsviri sənət müəllimliyi ixtisasının müəllim və tələbələrinin əl işləri nümayiş olunub.

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, ermənilər XIX əsrin sonlarından etibarən Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya, etnik təmizləmə siyasəti yürüdüb, 1905-1907, 1918-1920, 1946-1948-ci illərdə Bakıda, Naxçıvanda, Qubada, Lənkəranda, Şamaxıda dəhşətli faciələr törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman, digər mühüm qərarlar soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir. Bu tarixi həqiqətlər unudulmamalı, ədəbiyyatımız, mədəniyyətimiz, xüsusilə də təsviri sənət əsərləri vasitəsilə dünya ictimaiyyətinə çatdırılmalıdır.

Təsviri-incəsənət kafedrasının müdiri, Xalq Rəssamı, dosent Hüseynqulu Əliyev incəsənət fakültəsinin təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin müxtəlif rəsm sərgilərində və müsabiqələrində qazandığı uğurlardan danışıb. Xalq rəssamı tələbələrin avanqard, realist, rəngkarlıq üslubunda yağlı və suyu boya ilə çəkdikləri əsərləri sənətkarlıq baxımından yüksək dəyərləndirib.

Sonra sərgi ilə tanışlıq olub.

Tələbələrdən Zeynəb Məmmədova, Çinarə Bayramova, Çimnaz Gözəlova, Aynur İmanova, Günel Abdullayeva və digərlərinin çəkdikləri əsərlərdə tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının başına gətirilən faciə və qətliamlar, ermənilərin mənfur qaniçən siması ifşa olunub.

 

İki sahil.- 2016.- 2 aprel.- S.15.