Naxçıvan xanlığının
ikirəngli bayrağı
Azərbaycanın
dövlətçilik atributlarının öyrənilməsi
və tədqiqi dövlətçilik tariximizin dərin
köklərə malik olduğunu sübut edir. Bu istiqamətdə
ölkəmizdə çox mühüm və əhəmiyyətli
işlər görülmüşdür. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart
1998-ci il tarixli “Azərbaycan Respublikasının dövlət
atributlarının tədqiqi və təbliğinin gücləndirilməsi
haqqında” sərəncamında dövlətçilik
atributlarının və tarixi ənənələrin dərindən
araşdırılması və öyrənilməsi tələb
olunurdu. Azərbaycan Prezidentinin 2007-ci ildə Bakı şəhərində
Dövlət Bayrağı meydanının yaradılması və
2009-cu ildə Dövlət Bayrağı Gününün təsis
edilməsi barədə sərəncamlarının məhz
noyabrın 17-də imzalanması xüsusi əhəmiyyət
kəsb edir. Xatırladaq ki, 1990-cı il 17 noyabr tarixində
ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə üçrəngli Azərbaycan bayrağı da
Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi
statusunu almışdır.
Prezident
İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının 10-cu maddəsinin
“Mədəni irsin qorunması və səmərəli idarə
edilməsi” bəndində deyilir: “...Dünya muzeylərində
saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi
və Azərbaycana məxsusluğunun sübutu
üçün materialların toplanması da diqqət mərkəzində
olacaqdır”.
Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və təbliği istiqamətində görülən işlər sırasında ən mühüm yerlərdən biri azərbaycançılığın tarixi köklərə əsaslanaraq inkişaf etməsini bildirən dövlət atributlarının öyrənilməsi sahəsində aparılan elmi-tədqiqat işləridir.
Dövlətçilik tariximizdə mühüm yer tutan Şimali Azərbaycan xanlıqları ləğv edildikdən sonra onların bayraqları qənimət kimi Rusiya imperiyasının qüdrətini ifadə edən tarixi abidəyə çevrilmişdir. Qafqazdan gələn bayraqlar Sarskoselski saray arsenalına təhvil verilmişdi. 1906-cı ilin mart ayında bayraqların bir hissəsi - Cavad xanın ştandartı və Gəncə xanlığının bayraqları, Bakı xanlığının 1 bayrağı, Nuxa (Şəki) xanlığının 6 bayrağı, İrəvan uğrunda döyüşdə götürülən 2 bayraq, Lənkəran xanlığına hücum zamanı götürülən 2 bayraq Tiflisə Qafqaz Hərbi Tarix Muzeyinə (QHTM) göndərilmişdi. Rusiyaya döyüşsüz birləşən xanlıqların (Qarabağ, Naxçıvan, Şirvan və b.) bayraqları isə QHTM-ə göndərilməmişdir.
Rusiya Federasiyasının bayraq fondları və arxivlərində tədqiqatlarımın nəticəsi olaraq Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi Muzeyinin bayraq fondunda Azərbaycanın Naxçıvan xanlığına məxsus və bugünə kimi məlum olmayan sayca üçüncü bayrağı aşkar edildi.
Naxçıvan xanlığının sayca bu üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zaman general İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüş və muzeyin fondunda “XVIII-XIX əsrlər müsəlman bayrağı” kimi saxlanılır. Aşkar olunmuş Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formada, eni 92, uzunluğu 192 sm-dir. Bayraq bir-birinə üfüqi şəkildə tikilmiş solğun yaşıl və qırmızı parçalardan ibarətdir. Bayrağın yaşıl hissəsində simvolik günəş formasında qırmızı parçadan səkkizguşəli ulduz tikilib. Bayraq qumaşının çoxsaylı zədələrindən aydın olur ki, sözügedən atribut döyüşlərdə istifadə edilib. Onun üzərində zədələnmiş hissələr bərpa edilib tikilərək bir neçə yerdən yamanıb. Bayrağın üzərindəki ulduzun bir hissəsi zədəli olduğundan bərpa edildikdən sonra ulduz yeddiguşəli qalıb. Bayrağın sol tərəfində şaquli istiqamətdə bayraq torbacığı tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının dəmirdən düzəldilmiş nizəvarı formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb. Üzərindəki rənglər istifadə edən xalqın tarixi ənənələrini əks etdirir. Yaşıl rəngin çox mənaları var, islamçılıqla yanaşı, bolluq, bərəkət, həyat sevgisi, inam, sevinc, ümid, azadlığı ifadə edir. Qırmızı rəngin isə müasirliklə yanaşı, digər mənaları olub: məhəbbət, yüksək məqsədlər, amallar, qəzəb, igidlik, cəsurluq, düşmənin axan qanını ifadə edib.
Naxçıvan xanlığının dövlət bayrağının üzərindəki səkkizguşəli ulduz və aypara kompozisiyasının əks edilməsi və xanlığın üçüncü bayrağının qırmızı və yaşıl rəngli olması, üzərində səkkizguşəli ulduz rəmzinin təsviri sübut edir ki, Azərbaycan Respublikasının Dövlət bayrağındakı rəmzlər və rənglər, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətindən də əvvəl Azərbaycanın tarixi bayraqlarında milli rəmz kimi istifadə edilib və azərbaycançılığı, milli məfkurəni, dövlətçilik ənənələrini əks etdirən mühüm amil olub. Azərbaycan xanlıqlarının bayraqlarını müqayisə edərkən üzərlərindəki yazıların və rəmzlərin təhlili nəticəsində müəyyən olunub ki, Naxçıvan xanlığının bayraqlarından başqa heç bir xanlığın bayrağının üzərində xanlıqlara mənsubluğunu bildirən rəmz istifadə olunmayıb. Səkkizguşəli ulduz Azərbaycan ərazisində qədim dövrlərdən istifadə edilmiş və müqəddəs hesab olunmuşdur. Azərbaycanda qədim zamanlardan ulduz əbədilik rəmzi kimi istifadə edilib. Daha erkən dövrdə isə bu, yüksək məqsədlər və arzular rəmzi idi. Ulduz istiqamət və xoşbəxtlik emblemidir. Bunların üzərindəki rəmz və emblemlər ya keçmişi, yaxud da xalqın işıqlı gələcəyə, yüksək məqsədlərə ünvanlanan meylini bildirir. Bütün hallarda hər bir bayraq ulduzların, xətlərin və başqa simvolların dili ilə öz xalqının müqəddəratını bildirir. Aşkar edilmiş Naxçıvan xanlığının üç bayrağı özündə xanlığın siyasi-ideoloji və dini dəyərlərini əks etdirir.
Naxçıvan xanlığının üç bayrağının tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, ideoloji, dini və tarixi mədəni ənənələrini əks etdirir.
Bu bayraqların elmi tədqiqatının nəticəsi göstərir ki, onlar dövlətçilik ənənələrinə və tarixi rəmzlərə əsaslanaraq tərtib edilmişdir. Belə ki, Naxçıvan xanlığı ideoloji baxımdan möhkəm, tarixi ənənələrə, köklərə bağlı dövlət qurumu kimi fəaliyyət göstərib. Dövlət bayraqlarımızın öyrənilməsi və nəticələrinin təbliği göstərir ki, Azərbaycan böyük dövlətçilik ənənələrinə malik olmuşdur.
Gələcəkdə bu istiqamətdə elmi
tədqiqatların aparılması zəruridir. Fikrimizcə,
Azərbaycanın tarixi bayraqlarının axtarılması və
elmi tədqiqatların nəticələri barədə
ictimaiyyətə mütəmadi olaraq məlumat verilməlidir.
Bu sahədə araşdırmaların nəticələri vətəndaşlar,
xüsusən gənclər arasında vətənpərvərlik
hissinin güclənməsinə, ölkəmiz haqqında
doğru olmayan məlumatlar yayanlara qarşı mübarizəyə
və Azərbaycanın qədim dövlətçilik ənənələrinin
təbliğinə xidmət edəcək.
Pərvin
GÖZƏLOV,
tarix üzrə
fəlsəfə doktoru,
bayraqşünaslıq
və heraldika üzrə mütəxəssis
İki sahil.- 2016.- 2 aprel.- S.12.