Azərbaycan dövlətinə və elminə

xidmət edən görkəmli tarixçi

 

Akademik İsmayıl Hacıyevin əsərləri tarixşünaslığın, eləcə də azərbaycanşünaslıq və naxçıvanşünaslığın ən qiymətli mənbələri kimi mühüm əhəmiyyət kəsb edir

 

Naxçıvan Muxtar Respublikasının tarixi, arxeologiyası, etnoqrafiyası, ədəbiyyatı və təbii sərvətlərinin öyrənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsində formalaşmış elmi məktəblərdən biri kimi Naxçıvan tarixşünaslığının özünəməxsus yerirolu var.

 

Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı elmi inkişaf etdirməklə bərabər, beynəlxalq əhəmiyyətə və xüsusi geostrateji imicə malik olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli öyrənilməsinə də geniş imkanlar açmış, Naxçıvan tarixşünaslığının formalaşmasının təməlini qoymuşdur. Razılıqla demək olar ki, Naxçıvan tarixinin bugünə qədərki vəziyyətdən fərqli olaraq geniş, əhatəli və sanballı öyrənilməsinə görə müasir tarixçilik daha böyük müvəffəqiyyətlər əldə edib. Bu sahədə ömrünü Naxçıvan tarixinin öyrənilməsinə həsr edən və Naxçıvan tarixşünaslığının ağsaqqalı kimi şöhrətlənən görkəmli elm adamı, akademik İsmayıl Muxtar oğlu Hacıyevin adı xüsusi çəkiyə malikdir.

Hörmətli akademikin uzun-uzadı tərcümeyi-halından danışmaq əvəzinə sadəcə bir məsələni xüsusilə vurğulamaq istəyirik ki, bəlkə də İsmayıl müəllimin görkəmli bir alim kimi yetişməyində bir tərəfdən Əlincə qalası, digər tərəfdən İlanlı dağla əhatələnən, Əlincə çayının vadisində yerləşən və Fəzlullah Nəimi kimi mötəbər tarixi şəxsiyyətin xatirəsinə şahidlik çəkən Xanəgah kimi tarixi yurd yerində doğulması az rol oynamayıb. Gözünü açıb göylərə hünər və qürurla sinə gərən Əlincə qalasının zirvəsini müşahidə edən hörmətli alimin uşaqlıq iddiası bu şanlı tarixin səhifələrini öyrənməklə yaddaşında gizlənmiş sirləri açmaqdan ibarət olub. bu gün hörmətli alimin öyrənməyə aludə keçmişindən bugünkü elmi rütbəyə çatmış indisinə gəlib çatan keşməkəşli yolunda zəhmətkeşlik, yorulmazlıq, yüksək mənəviyyat və halallıq keyfiyyətləri dayanmaqdadır. Bəlkə də elə buna görədir ki, İsmayıl müəllimin həmişə insanı valeh və qibtə edəcək səviyyədə əxlaqı və humanizmi onu tanıyanlar tərəfindən minnətdarlıqla vurğulanır!.. Bu mənada İsmayıl müəllimin əhatəli və sanballı elmi fəaliyyətini həm də humanist keyfiyyətlərlə zəngin şəxsiyyəti tamamlayır.

Tanınmış tarixçi alim, gözəl ziyalı və mötəbər insan İsmayıl Hacıyevin həyatı və taleyi xalqına xidmət səhifələri ilə zəngindir. Ulu Peyğəmbər deyirdi ki, alimin mürəkkəbi şəhid qanından ağırdır. Bəli, alimlər var ki, onların elmimizə verdiyi töhfə şəhidlərimizin vətənə fədakarlıq nümunəsindən heç də geridə qalmır. Şəhidlərimizin fədakarlığı üzərində ucalan dövlət müstəqilliyimizi, ölkəmizi məhz özünün ağır və iti qələmi ilə alimlərimiz yazdıqları əsərlərlə möhkəmləndirir, gücləndirir və təbliğ edirlər. Bu baxımdan görkəmli elm adamı, akademik İsmayıl Hacıyevin əsərləri tarixşünaslığın, eləcə də azərbaycanşünaslıq və naxçıvanşünaslığın ən qiymətli mənbələri kimi mühüm əhəmiyyət kəsb edir.

 “Ölkədə elmin regional inkişafının bu mühüm istiqamətinin ilk növbədə blokada şəraitində olan Naxçıvanda həyata keçirilməsinin həm də dövlətçiliyimizin, ərazi bütövlüyümüzün möhkəmləndirilməsi baxımından da müstəsna əhəmiyyəti vardır”- deyən görkəmli elm adamı, akademik İsmayıl Hacıyev Naxçıvan tarixşünaslığının ağsaqqallarından biri kimi bu sahənin formalaşması və inkişafına böyük zəhmət sərf edib.  Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının tarixinin onun strateji maraqlarına uyğun şəkildə tədqiqi və təbliği həmişə xüsusi əhəmiyyət kəsb edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin: “Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də indiyə qədər lazımi dərəcədə öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələnin öyrənilməsinə böyük ehtiyac var”- tezisinə, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan... Naxçıvanın tarixinin hələ tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir” - fikrinə uyğun olaraq Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatı, yeraltı və yerüstü sərvətləri öyrənilib. Naxçıvan tarixşünaslığı işini məhz bu proqram-vəzifələr çərçivəsində quraraq regionun arxeologiyası, etnoqrafiyası, maddi-mənəvi mədəniyyət nümunələri, tarixi və sairəni tədqiq edib. Bu baxımdan ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə yaradılan və Naxçıvanda  elmin mərkəzi və məbədgahına çevrilən, akademik İsmayıl Hacıyevin uzun illərdir müvəffəqiyyətlə rəhbərlik etdiyi AMEA-nın Naxçıvan Bölməsi də özünün ciddi nailiyyətləri ilə Azərbaycanda uzaqgörən və müdrik elm siyasətinin qələbəsini təzahür etdirir.

Naxçıvanda elmin inkişafı ayrı-ayrı elm sahələrində Naxçıvan məktəblərinin formalaşmasına nail olmağa imkan verib. Naxçıvandakı bu nailiyyətləri nəzərə alan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə də razılıqla deyirdi ki, bu gün Naxçıvanda nəinki elm inkişaf edir, həm də elmi məktəblər yaranmaqdadır. Bu, böyük əlamətdar bir hadisədir. Çünki elmi məktəblər olmasa, elmi mühit olmasa, elm inkişaf edə bilməz. Naxçıvanda isə belə bir elmi mühit formalaşıb və elmi məktəblər yaranmaqdadır. Bu, özü bir göstəricidir.

Bütün bunlar da Naxçıvanda elmi mühitin ciddi inkişaf yolu keçdiyi və sanballı nailiyyətlər əldə etdiyinin rəsmi şəkildə etirafıdır. İndiyə qədər akademik İsmayıl Hacıyevin uğurla öhdəsindən gəldiyi ağsaqqallıq və rəhbərliyi ilə naxçıvanlı elm adamlarının səyi nəticəsində Naxçıvan Muxtar Respublikasının tarixi, arxeologiyası, epiqrafiyası, etnoqrafiyası və sair sahələri dərin araşdırmalara cəlb edilib. Tarix elmi sahəsində naxçıvanlı alimlərin apardığı tədqiqatlar, çap etdirilən çoxsaylı elmi  əsərlər Naxçıvan tarixçilik məktəbinin yaranması və hərtərəfli inkişafını şərtləndirmiş, həmçinin tarix elminin müxtəlif sahələrinin - arxeologiya, etnoqrafiya, müasir tarix sahələrinin inkişafı üçün geniş imkanlar açmışdır. Bu tədqiqatların nəticəsində Naxçıvanın tarixi və arxeologiyası sahəsində daha sanballı nəticələr əldə edilmiş, Naxçıvanda sivilizasiyanın yaranma tarixi 500 min il, şəhər mədəniyyəti isə 5 min il olduğu müəyyənləşmiş, ən qədim yaşayış məskənləri, əmək alətləri, məişət və sənətkarlıq əşyaları və sair aşkarlanaraq dünya elminə tanıdılmışdır. Bu yorulmaz zəhmət tələb edən sanballı tədqiqatlar içərisində AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin adı iftixarla çəkilir. Bu görkəmli alimin qələmindən çıxan və elmimizdə müxtəlif aktual məsələləri əks etdirmək baxımından mühüm mənbə rolunu oynayan “Tarixdə və günümüzdə Naxçıvan” (türk dilində), “Naxçıvan və naxçıvanlılar”, “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Naxçıvan Muxtar Respublikası -90. Quruculuq salnaməsi”, “Naxçıvan: qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan diyar” (Azərbaycan, rusingilis dillərində) kimi  onlarla digər çoxsaylı fundamental əsərləri, monoqrafiya və kitabları Naxçıvan tarixinin ayrı-ayrı sahələrini öyrənmək baxımından sanballılıq nümayiş etdirir.

Alimin tədqiqatları içərisində II Dünya müharibəsi illərində Azərbaycan qadınlarının respublikanın ictimai-siyasi və mədəni həyatında, idarəetmə orqanlarında, istehsalın idarə edilməsində fəal iştirak etmələrinin ilk dəfə sistemli şəkildə tədqiqi, Naxçıvan Muxtar Respublika zəhmətkeşlərinin Böyük Vətən müharibəsindəki döyüş qəhrəmanlıqlarının, azərbaycanlıların soyqırıma, deportasiyarepressiyaya məruz qalmalarının planlı öyrənilməsi, Naxçıvanın Azərbaycanın dövlətçilik siyasətində tutduğu yer və oynadığı rolun sistemli araşdırılması, Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu və ərazi taleyinə qarşı erməni iddialarının əsassızlığının tarixi qaynaqlara əsaslanaraq göstərilməsi, muxtar respublikanın görkəmli şəxsiyyətlərinin siyasi, hərbi, ictimaielmi fəaliyyətlərinin öyrənilməsi, tarixi və memarlıq abidələrinin mədəniyyət tarixindəki rolunun tədqiqi xüsusi əhəmiyyət kəsb edir və gəlinən nəticələr Azərbaycan tarixşünaslığının zənginləşməsində mühüm rol oynayır. Alimin hazırlanması və nəşrində ciddi rol oynadığı digər çoxsaylı əsərlər də Naxçıvan tarixinin öyrənilməsi baxımından sanballı mənbələrdəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı və baş məsləhətçiliyi ilə hazırlanan “Naxçıvan tarixiçoxcildliyialimin böyük ağsaqqallıq və elmi redaktorluq,  eləcə də müəlliflik zəhmətləri sayəsində işıq üzü görən ən sanballı əsərlər sırasındadır. Bu əsəri həm də inkişafına böyük qayğı ilə yanaşılan Naxçıvan tarixşünaslığının konkret uğurlu hesabatı kimi qiymətləndirmək olar. İ.Hacıyevin bundan başqa bilavasitə rəhbərliyi və müəllifliyi ilə nəşr edilən 2 cilddə “Naxçıvan ensiklopediyası”, 2 cilddə “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi” atlası, 3 cilddə “Naxçıvan folklor antologiyası”, Naxçıvanın flora və faunasına aid “Qırmızı kitablar, “Naxçıvanın teatr salnaməsi (1883-2008)” kimi çoxsaylı fundamental əsərlər alimin elmi erudusiyası, zəhmətkeşliyi və xalqa xidmət missiyasından xəbər verir. Ümumiyyətlə, akademik İsmayıl Hacıyev 34 kitabmonoqrafiya, o cümlədən 350-yə yaxın elmi məqalənin müəllifidir. Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri, Azərbaycanın Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri, Araz-Türk Respublikasının tarixi, Müharibə illərində (1941-45) naxçıvanlıların önarxa cəbhədəki fəaliyyətləri, Naxçıvan bölgəsinin ərazi taleyi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri, Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və soyqırım siyasəti, Azərbaycanın itirilmiş tarixi torpaqları” kimi məsələlər hörmətli alimin elmi tədqiqatlar zamanı gəldiyi əhəmiyyətli nəticələrdir. İsmayıl Hacıyevin xaricdə, o cümlədən Rusiya, Türkiyə, İran, Cənubi Koreya, Çexiya, Misir, Qazaxıstan, Türkmənistan, Tunis, Gürcüstan kimi  müxtəlif ölkə və dillərdə çap olunan çoxsaylı əsərləri həm Azərbaycan tarixini milli mənafe və maraqlar baxımından uğurla təqdim və təbliğ etmək baxımından diqqətə layiq yer tutur, həm də alimin yayılan şöhrətinin arealını nümayiş etdirir. Yorulmaz və cəfakeş alim həm də elmi kadrların hazırlığında da əsl vətənpərvər və zəhmətkeş ziyalılıq nümunəsi göstərib. Onun rəhbərliyi ilə çoxsaylı fəlsəfə və elmlər doktoru hazırlığı üzrə edilən müdafiələr və çap olunan əsərlər ölkəmizin müxtəlif tərəfləri ilə bağlı elmi həqiqətləri əks etdirmək baxımından əhəmiyyətli rol oynayırlar.

Alimin nailiyyətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. Bu görkəmli alim bir çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar elm xadimi adına layiq görülmüşdür. Alim həmçinin Nyu-York Elmlər Akademiyasının üzvü (ABŞ) və Bioqrafiya İnstitutunun akademikidir (ABŞ).

Elm əxlaqa xidmət edəndə daha qüvvətli olur. Bunu əxlaqı və yüksək mənəviyyatı elminin sanbalı və əhətəliliynə xidmət edən akademik İsmayıl Hacıyevin simasında daha aydın görmək olur. Məhz bu görkəmli alimin timsalında elmin insanlığa xidmət etməsi və ucalığına şahid olursan. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Öz dilini  inkişaf etdirən alim,  müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən və  ümumiləşdirən, elmləşdirən, xalqına  yüksək səviyyədə  çatdıran alim - onlar hamısı birlikdə  öz xalqının,  millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə,  irəlidə getməsinə xidmət göstərir”. Bu mənada özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan xalqına, dövlətinə və elminə uğurla xidmət göstərən görkəmli tarixçi alim, akademik İsmayıl Hacıyev məhz Ulu Öndərimizin fəaliyyətlərini yüksək qiymətləndirdiyi həmin ziyalılardandır.

 

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

İki sahil.- 2016.- 7 aprel.- S.15.