Fondun Mədəniyyət və Turizm

Nazirliyi ilə birgə keçirdiyi

müsabiqənin nəticələri açıqlandı

 

Aprelin 14-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdikləri "Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, nazirliyin məsul vəzifəli şəxsləri, ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq bütün sahələrdə dinamik inkişaf edən respublikamızın müxtəlif azsaylı xalqların yaşadığı tolerant və multikultural məkan kimi tanındığını, bu sahədə əldə etdiyimiz uğurların beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Azərbaycanın tarixən fərqli mədəniyyətlərin qovuşduğu, çoxsaylı xalqların dinc yanaşı yaşadıqları ölkə kimi multikulturalizm sahəsində böyük təcrübə əldə etdiyini vurğulayan Əbülfəs Qarayev ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib. Mədəniyyət və turizm naziri son illər ölkəmizdə qlobal miqyaslı tədbirlərin keçirilməsini də Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə əlaqələndirib.

Əbülfəs Qarayev bildirib ki, BMT Baş Assambleyasının qərarı ilə təşkilatın Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun əyani göstəricisidir. Nazir aprelin 24-dən 28-dək davam edəcək qlobal tədbirdə iştirak etmək üçün indiyədək 1500-dən çox dövlət və hökumət rəsmilərinin, nüfuzlu siyasətçilərin akkreditasiyadan keçdiklərini diqqətə çatdırıb.

Forumun ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü deyən Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdikləri "Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin əhəmiyyətini xüsusi önə çəkib. Mədəniyyət və turizm naziri müsabiqənin nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilməsini mühüm tarixi hadisə kimi dəyərləndiriib. İcraçı direktor bildirib ki, "Multikulturalizm ili" çərçivəsində həyata keçirilən tədbirlər, habelə Bakıya çoxlu sayda əcnəbi qonaqların gəlməsi respublikamızın beynəlxalq nüfuzunun artmasına və bu sahədə tarixən qazanılmış uğurlu təcrübənin Avropa miqyasında təbliğinə geniş imkanlar açır.

Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi və Fondun birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin məqsədi respublikamızın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması, habelə Forumun ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması olub. Vüqar Səfərli müsabiqəyə 34 kütləvi informasiya vasitəsindən 50 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. İcraçı direktor müsabiqənin yekunlarına görə 6 nəfər jurnalistin əsas, 5 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 11 nəfər jurnalistin mükafatlandırıldığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ermənistanın təcavüzkar siyasəti üzündən qoşunların təmas xəttində gərginliyin artdığı bir dövrdə Azərbaycanda multikulturalizm mövzusuna həsr olunmuş tədbirlərin keçirilməsini düşmənə qarşı səmərəli əks-hücumun təşkili baxımından əhəmiyyətli olduğunu bildirib. Əflatun Amaşov Fondla nazirliyin birgə keçirdiyi müsabiqənin bu aktual mövzunun diqqət mərkəzində saxlanılması və dərindən araşdırılması baxımından vacibliyini diqqətə çəkib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Sonda Vüqar Səfərli media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirərək əldə olunmuş razılığa əsasən "Multikulturalizm ili" ilə əlaqədar növbəti birgə müsabiqənin elan ediləcəyini diqqətə çatdırıb.

Tədbirə yekun vuran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev birgə müsabiqənin təşkilinə və növbəti müsabiqənin keçirilməsi barədə qərarın qəbuluna görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib.

 

Zamin Məmmədov

 

İki sahil.- 2016.- 15 aprel.- S.11.