Azərbaycan üzümünün
keçmiş
şöhrətini necə qaytarmalı?
Tariyel Pənahov:
“Üzümçülük və şərabçılıq
Azərbaycanın gələcək inkişafı
üçün neft və qaz qədər strateji məsələdir”
(Əvvəli
ötən sayımızda)
Xəbər
verdiyimiz kimi, “İki sahil” qəzeti Kənd Təsərrüfatı
Nazirliyinin Elmi-Tədqiqat Üzümçülük və
Şərabçılıq İnstitutu ilə birgə “Azərbaycanda
üzümçülüyün inkişafı: real vəziyyət
və perspektivlər” mövzusunda görüş-müsahibə
təşkil edib. Kənd Təsərrüfatı Nazirliyinin
Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq
İnstitutunun direktoru Tariyel Pənahov və Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi yanında
Standartlaşdırma və Sertifikatlaşdırma
İnstitutunun şöbə müdiri, Yeyinti və Kənd Təsərrüfatı
Məhsullarının Standartlaşdırılması üzrə
Texniki Komitənin sədri Bayram Əliyev “İki sahil”in əməkdaşlarının
suallarını cavablandırıblar. Birinci hissəsi qəzetimizin
dünənki sayında dərc olunmuş müsahibənin
ikinci hissəsini təqdim edirik.
“Üzümçülüyün inkişafı üçün hansı işlərin görülməsini daha vacib hesab edirsiniz” sualına Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov belə cavab verir:
-Əvvəla, bu yaxınlarda ölkə rəhbərliyi tərəfindən çox yaxşı bir qərar qəbul edilib ki, əhalinin istehsal etdiyi məhsulların satışını təşkil etmək üçün tədarük məntəqələri yaradılsın. Bu, çox mütərəqqi qərardır. Amma biz gərək bu işə mane olmaq istəyən işbazların qarşısını alaq. Çünki dövlətimizin başçısı bu imkanı bizə yaradıb. Daha hər kəs bir qələm çalıb buna mane törətməli deyil. Ən vacib məsələlərdən biri odur ki, bank və maliyyə qurumları tərəfindən üzümçülüklə məşğul olanlara güzəştli kreditlər təklif edilməlidir. Təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən bankların bir çoxu üzümçülük və şərabçılıqla bağlı investisiya layihələrinə kredit ayırmır.
Bayram Əliyev:
-Tədarük məntəqələrinin yaradılması çox vacib məsələdir. Axı, əhalinin əkib-becərdiyi məhsul itib-batmamalıdır, tədarük məntəqələri bu məhsulları alıb emal müəssisələrinə göndərməlidir. Bunun üçün Azərbaycanda hər cür imkan var. Tariyel müəllimin dediyi kimi, banklar da üzümçülüklə məşğul olanlara kredit verməlidir və hesab edirəm ki, hökumət bununla bağlı banklar qarşısında müəyyən öhdəliklər qoya bilər. Çünki bəzi fermerlər özləri həm öz məhsullarını, həm də əhalidə olan məhsulu alıb zavodlara göndərmək üçün tədarük məntəqələri yaratmaq istəyirlər. Amma bu işi görmək üçün onun kifayət qədər vəsaiti yoxdur. Halbuki əhalinin sahələrdə becərdiyi üzümün tədarük məntəqələrinə verilməsi o deməkdir ki, şərabçılıq zavodları da öz fəaliyyətlərini genişləndirmək imkanı qazanır. Cənab Prezident sağ olsun ki, bu qərarı imzalayıb. Amma gərək elə edək ki, bu qərarın icrası lazımi məcraya gəlib düşə bilsin. Hər bir üzümçü və şərabçı Prezidentin imzaladığı bu sənədin həm insanlar, həm də dövlətimiz üçün nə qədər faydalı olduğunu bilməlidir ki, bunun effektini öz işində hiss etsin.
- Bununla
bağlı yəqin ki, Kənd Təsərrüfatı
Nazirliyində də sahibkarlarla, banklarla və digər
qurumlarla məsləhətləşmələr
aparılıb. Müəyyən edilmiş konkret planlar
varmı, varsa nədən ibarətdir?
Tariyel Pənahov:
-Əlbəttə, belə bir plan var və hesab edirəm ki, bu planın icrası üzümçülüyün inkişafına böyük bir təkan verəcək. Plana əsasən, birinci mərhələdə tədarük məntəqələri yaradılacaq, əhali tədarük etdiyi üzümü bu məntəqələrə satacaq. Hazırda üzümün satışı istiqamətində də danışıqlar aparılır. Amma xarici şirkətlərlə əməkdaşlıq bir az gücləndirilməlidir. Cənab Prezident də dəfələrlə çıxışlarında bildirir ki, ixrac potensialı artırılmalıdır. Bunun üçün isə işləmək lazımdır, mütəxəssislərimiz xarici ölkələrə ezam olunmalıdır. Həmçinin mətbuatla sıx əməkdaşlıq şəraitində bu məsələlər diqqətdə saxlanılmalıdır. Şərabın yaxşı olması üçün üzümün özü yaxşı olmalıdır. Azərbaycanın çox yaxşı üzüm sortları var, biz mətbuat vasitəsilə bunu təbliğ etməliyik, məhsulun xaricə ixracını artırmaq üçün yollar axtarmalıyıq. İtaliya Şərabçıları İttifaqının sədri, İngiltərə Şərabçılar Cəmiyyətinin sədri, Portuqaliya Şərabçılar İttifaqının rəhbəri - hansı ki, bunlar dünyada ən böyük şərab istehsal edən ölkələri təmsil edirlər - Azərbaycana gəlməyə və burada beynəlxalq tədbirlər keçirməyə hazırdırlar. Biz belə tədbirlər vasitəsilə beynəlxalq əlaqələrimizi gücləndirməliyik.
Bayram Əliyev:
-Sahibkarlar bilməlidirlər ki, qlobal bazara çıxmaq üçün ilk növbədə məhsul keyfiyyətli olmalıdır. İkincisi, xarici bazar dəqiq öyrənilməlidir. Üçüncüsü, məhsulla bağlı təbliğat və maarifləndirmə işi aparılmalıdır. Təəssüf ki, bizim sahibkarlarımızda maarifləndirmə işi çox aşağı səviyyədədir. Heç kəs öz məhsulunu qlobal bazara çıxarmaq üçün hazırlıq işləri görmür. Halbuki Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun xaricdə medal almış şərab brendləri var. Deyirik ki, xaricdən Azərbaycana GMO məhsulları gətirilir. Bunu təbii qarşılamalıyıq. Çünki Ümumdünya Ticarət Təşkilatı 2014-cü ilədək GMO (genetik motifikasiya olunmuş - red.) məhsullarının istehsalına qadağa qoymuşdu. 2014-cü ildə ABŞ hökuməti bu beynəlxalq təşkilata təsir etdi ki, qadağa bütün məhsullara şamil edilməsin. Yəni müəyyən miqdarda GMO məhsulları satıla bilər. Çünki dünyada əhali artır və insanların ərzağa olan tələbatını ödəmək üçün bol məhsul istehsal etmək lazımdır ki, bunun da bir yolu GMO üsuludur. Əgər təbii yolla pomidor əkdikdə 5 kiloqram məhsul götürürüksə, indi GMO pomidoru 15 kiloqram verir. Nəticədə artan əhalinin pomidora olan tələbatını ödəmək mümkün olur. Ona görə də bir çox ölkələr dünya əhalisini təmin etmək üçün GMO məhsullarının istehsalına başlayıb. Düzdür, Azərbaycan qanunvericiliyi buna yol vermir və bu, alqışlanmalıdır. Bizim torpağımız, iqlim şəraitimiz və işçi qüvvəmiz yerli sortlarla tələbatımızı ödəməyə imkan verirsə, niyə GMO-ya getməliyik? Hərçənd GMO məhsulları artıq Azərbaycana da yol açıb. Amma biz məhsullarımızı xarici bazarlara çıxarmaq üçün hərtərəfli hazır olmalıyıq. Hazırlaşmaq üçün isə yenə də deyirəm, elmi əsaslarla işləyə bilən mütəxəssislər, bacarıqlı sahibkarlar olmalıdır.
- Bəs xaricdən
Azərbaycana şərab idxalını azaltmaq
üçün hansı işlər görülməlidir?
Tariyel Pənahov:
- Bilirsiniz, biz bazar qiymətlərini öyrənmədən bu işlərə gedirik. Biz öz məhsulumuzu çox baha təklif edirik. Amma biz bazarda qiymətlərin necə dəyişdiyini görsək, normal qiymət təklif etməliyik ki, bu şərab satılsın. Görüləcək işlərdən ən mühümlərindən biri də Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatına üzv olmaqdır. Bu, sadəcə üzv yazılmaq deyil, onlar həm də Azərbaycana maraq göstərirlər, bizim mütəxəssisləri qəbul edirlər. Bu istiqamətdə işləri bir az da genişləndirmək lazımdır ki, dünyanı Azərbaycan şərabına cəlb edə bilək. Həmçinin müntəzəm olaraq dequstasiyalar keçirməliyik ki, Azərbaycan şərabları xaricdə təbliğ olunsun. Azərbaycanın özündə isə bankları bu sahəyə kredit ayırmaq üçün cəlb etmək, sahibkarları üzümçülüyə həvəsləndirmək lazımdır. Özüm görmüşəm, İtaliyada bu işi necə qurublarsa bir sahibkar 60 milyon ədəd ting satır. Gərək bizə də kömək etsinlər ki, bu işi qura bilək. Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu 60 milyon yox, cəmi 10 milyon ting satsa, bilirsiniz nə qədər pul qazanmaq olar?!
- Tariyel müəllim,
Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq
İnstitutu nə qədər ting sata bilir?
- Çox az. Satışda elə çətinliklər var ki, əkdiyimiz tingləri heç sata bilmirik. Halbuki əkilən tinglərin hamısı satış üçün nəzərdə tutulub. Bu işə məsul şəxslər gərək vəzifələrinin məsuliyyətini başa düşsünlər. Amma gedib İtaliyadan üzüm tingi alıb gətirirlər. Deyirəm a kişi, İtaliyada verdiyin pulun yarısını ver mənə, mən də əkdiyim tingləri verim get keyfiyyətli və məhsuldar üzüm becər.
- Kənd Təsərrüfatı
Nazirliyi bu məsələlərə müdaxilə edə
bilmir?
- Kənd Təsərrüfatı Nazirliyinin özünün də problemləri var. Adi suvarma məsələləri bizdə böyük çətinliklər yaradır. Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun 4-5 təsərrüfat sahəsi, təcrübə stansiyaları var. Cəlilabadda, Gəncədə, Şamaxıda, Ağstafada və Abşeronda - bunların hamısında ciddi su problemləri var. Bəzən deyirlər ki, sudur, qoy kolun dibinə sıra boyunca yayılacaq. Amma belə deyil axı. Üzüm sahələrinin suvarma qaydaları var, gərək buna əməl edəsən. Bitkinin canı sudur, üzüm tingini heç olmasa həftədə iki dəfə suvarmalısan. Amma su təsərrüfatı işi başqa bir qurumdadır. Yaxud xarici bazara bir vaqon məhsul göndərmək üçün 10-dək idarə və təşkilatdan sənəd almalıyıq... Ona görə deyirəm ki, sahibkara şərait yaratmaq lazımdır. Yaxşı şərait yaradılsa özümüzün yerli sortlarımızı daha geniş ərazilərə yaya bilərik. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə Üzümçülük və Şərabçılıq Komitəsi yaratdı və bundan sonra üzüm istehsalı 2 dəfədən də çox artdı. Amma bu gün bəzi deputatlar hətta Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun ləğv olunması təşəbbüsü ilə çıxış edirlər. Deyirlər ki, o institut nəyə lazımdır?! Mən başa düşə bilmirəm ki, ziyalı bir deputat necə deyə bilər ki, institut nəyə lazımdır? Əgər desələr ki, Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu pis işləyir, bu başqa məsələ. Cənab Prezident sağ olsun ki, Milli Elmlər Akademiyasının 70 illik yubileyində aqrar sahənin inkişafında alimlərin və elmin rolunu xüsusi qeyd etdi. Amma bizim bəzi ziyalılarımız bunun mahiyyətini dərk etmirlər. Söhbətin nədən getdiyini tuta bilmirlər. Axı, Azərbaycanın dünya bazarına çıxarılacaq məhsulları məhdud saydadır. Amma biz təkcə neft və qazla dünya bazarına çıxmamalıyıq. Bu gün neft və qazla yanaşı, dünya bazarına çıxarılacaq məhsullarımızdan biri də üzüm və şərabdır. Kartof və ya soğanla xarici bazara çıxmaq olmur. Taxılımız mümkün deyil, çünki heç özümüzü təmin etmir. Amma üzümlə, şərabla biz böyük bazarlara çıxa bilərik, necə ki, tarixən belə olub. İndi isə bazarı genişləndirmək üçün geniş imkanlar var. Sadəcə, bunun üçün üzümçülük və şərabçılıq sahəsi professionallıqla idarə olunmalıdır. Heç də təsadüfi deyil ki, yaxın keçmişdə Azərbaycan büdcəsinin 45 faizi üzümçülük və şərabçılıq hesabına formalaşırdı. Region əhalisinin hamısı üzümçülük və şərabçılığa cəlb oluna bilər. Əminliklə deyirəm ki, Azərbaycan şərabının dünyada misli-bərabəri yoxdur. Bu məhsulu Azərbaycan torpağı ən yüksək səviyyədə yetişdirir. Ona görə də dünya alimləri Azərbaycanı üzümün vətəni hesab edirlər.
Bayram Əliyev:
-Bu fikri mən də dəstəkləyirəm. Həqiqətən də biz üzüm və şərablarımızla dünya bazarında böyük üstünlük qazana bilərik. Uzağa getməyək, Rusiya bazarında Azərbaycan üzümünə çox böyük tələbat var. Ukraynada və Belarusda da həmçinin. Çünki Azərbaycan üzümü yüksək keyfiyyət standartlarına cavab verir. Uğur qazanmaq və maksimum səmərə əldə etmək üçün minimum şərtlər elmi cəhətdən əsaslandırılmalıdır. Həmçinin elmi-tədqiqat işlərinin nəticəsinə və yerli şəraitə uyğun milli standartlar hazırlanmalıdır.
- Bəs,
qablaşdırma? Şərab məhsullarının
standartlara uyğun qablaşdırılması
üçün şərait necədir?
-Hər bir məhsulun özünün qablaşdırma standartı var və məhsul öz standartlarına görə markalanmalıdır. Daşınma, saxlanılma və qablaşdırma şərabçılıqda çox vacib məsələdir. Beynəlxalq standartlar içərisində İSO 9001, 9002, 9003 keyfiyyət standartları, İSO 14000 isə ekoloji təmiz məhsullara aiddir. Amma yeyinti məhsulları ilə bağlı İSO 22000 bunların hamısını əhatə edir. Biz üzüm şərablarımızın hamısına “Konyak” deyirik. Amma Fransa buna etiraz edir, deyirlər ki, “Konyak” Fransada əyalət adıdır, bu, Fransanın əmtəə nişanıdır. Onlar tələb edirlər ki, bizim markamız altında dünya bazarına məhsul çıxarmayın. Baş nazirin müavini İsmət Abbasov bizə məktub yazdı ki, “Konyak”ın “Brend”lə əvəz olunmasına dair standart hazırlayın. Artıq belə bir standart da hazırlayıb göndərmişik Ədliyyə Nazirliyinə. Bundan sonra məhsullarımız MDB ölkələrinə “Konyak”, Avropaya isə “Brend” adı ilə idxal ediləcək.
Tariyel Pənahov:
- Bəzən sahibkarlar elə bilirlər ki, Fransadan alıb gətirdikləri üzüm sortundan çox keyfiyyətli şərab əldə edəcək və satıb çoxlu qazanc götürəcəklər. Bunun üçün banklar 20-30 milyon dollar vəsaiti xaricdə xərcləyir. Çünki mütəxəssis deyillər. Bu işin başında istehsalçı olmalıdır, bank yox. Axı, üzüm təkcə şərab istehsalı üçün deyil. Bizim dədə-babalarımız bu üzümdən bəhməz, abqora kimi məhsul hazırlayıblar. Üzüm çoxşaxəli bitkidir. Bir tərəfdən qan azlığının qarşısını almaq üçün üzüm şirəsindən içirik, digər tərəfdən şəkər xəstələri abqora kimi istifadə edir. Yəni Azərbaycan üzümü çox yararlı bitkidir ki, Allah onun ən gözəl sortlarını bizə bəxş edib. Bizim isə borcumuz bunu inkişaf etdirmək, qazanca çevirib ölkənin iqtisadiyyatını gücləndirməkdir.
-
Üzümçülükdən sənayenin daha hansı sahələrində
istifadə etmək olar?
- Qənnadı sənayesində. Biz tədqiqat məqsədilə instituta yeni avadanlıq almışıq. Bununla üzümün çəyirdəyinin yağını almaq olur. Bu yağlar varikoz, venoz və müxtəlif damar xəstəliklərinin müalicəsində yeganə vasitədir. Amerika alimləri aşkar ediblər ki, xərçəngin müalicəsində əsas maddə - “prosionitin” məhz qırmızı üzümdədir. Ürək xəstəliklərinin ən az yayıldığı ölkə Fransadır. Çünki onlar daha çox şərab qəbul edirlər. Yod çatışmazlığı, zob xəstəliyinin müalicəsi çox yayılıb. Ancaq “Qara şanı” üzümündə yodun çox yüksək dozası var.
Bayram Əliyev:
-Hələ o vaxt bədnam Mixail Qorbaçovun “antialkoqolizm qərarı” çıxanda biz fikirləşdik ki, neyləyək ki, Azərbaycanda üzümçülük tənəzzülə uğramasın. Nəzərdə tutuldu ki, üzümdən kompot, rıçal, mürəbbə, abqora, tənəyinin yarpağında dolma bişirilməsi, onun oduncağından mebel sənayesində istifadə edilsin. Üzümün toxumundan həm də heyvandarlıq üçün yem, həm ürək-damar xəstəliklərinin müalicəsi üçün dərman, doşab hazırlanır. Son mərhələdə üzümdən fanera düzəldilir. Üzümdən hazırlanan məhsullar arasında kişmiş də var.
Tariyel Pənahov:
-Çox maraqlıdır ki, dünyanın ən böyük kişmiş istehsalçısı ABŞ-dır. Bundan sonrakı sıralamada Türkiyə və İrandır. Bu ölkələr artıq dünyanın kişmiş bazarına hakim kəsiliblər. Bizim kişmişlə dünya bazarında uğur qazana biləcəyimiz bir az çətindir. Çünki artıq bu ölkələr 100 illər boyu dünyaya kişmiş çıxarırlar. Amma Azərbaycanda kişmişə olan daxili tələbatı ödəmək mümkündür. Kişmiş istehsalının çoxlu üsulları var. Dünya ölkələri daha çox konservantlardan istifadə edirlər. İndi bizim alimlər bir balaca düzəliş edirlər ki, konservantsız kişmiş istehsal etsinlər.
- Üzüm
istehsalı və işçi qüvvəsi. Gəlin bir az da
bu məsələdən danışaq...
Bayram Əliyev:
-Üzüm istehsalının genişləndirilməsi Azərbaycan kimi ölkədə işsizliyin tam şəkildə aradan qaldırılması, işləyən insanların məvaciblərinin orta Avropa göstəricilərinə uyğun olması deməkdir. Hesablamalara görə, hər hektar üzüm sahəsində çalışmaq üçün 7 nəfər işçi tələb olunur.
Tariyel Pənahov:
-Azərbaycanda 274 min hektardan çox əkin, 2 milyondan çox üzüm istehsalı olan vaxtlar əhalinin 35-40 faizi bu sahədə çalışırdı. Yəni üzümçülük və şərabçılıq əhalinin işlə təmin olunması baxımından da çox əhəmiyyətli sahədir. Vahid torpaq sahəsindən gəlir götürmək nöqteyi-nəzərindən də üzümçülük və şərabçılıq ən böyük gəlirli sahədir. Azərbaycanda taxıl zəmiləri də çoxdur, bu sahəyə milyonlar-milyardlar xərclənir. Amma nəticə yoxdur, çünki taxılçılıqda məhsuldarlıq aşağıdır. Bu səbəbdən Azərbaycan taxılı yenə də xaricdən gətirir. Üzümçülük və şərabçılıqda isə vəziyyət tam əksinədir. Ona görə də mənim tövsiyəm odur ki, hər kəs üzümçülüyün inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməsin və bu işə mane olmasın. Bizim ali rəhbərimiz bu işi çox gözəl bilir və göstərişlərini də verir. Çox istəyərdim ki, Prezidentimizin bu göstərişləri aidiyyəti qurumlarda, aşağı sferalarda ciddi şəkildə nəzərə alınsın. Hər kəs anlasın ki, üzümçülük və şərabçılıq Azərbaycanın gələcək inkişafı üçün neft və qaz qədər strateji məsələdir.
Söhbəti qələmə
aldılar:
Elxan Salahov,
Ceyhun Piriyev
İki sahil.- 2016.- 16 aprel.- S.8-9.