Yaşanan illərdə qalan izlər...

 

Etiraf edək ki, nədənsə özümüzə doğma bildiyimiz insanlar haqqında yeri gələndə söz deməkdə çətinlik çəkir, onu hər kəsin özümüz qədər tanıdığını düşünürük. Amma unuduruq ki, belə “tanıtma məsuliyyəti” illərin zəhməti, dünənimizin, bu günümüzün fonunda gələcəyimizə bələdçi, yol yoldaşımızdır. Arxada qalan  hər gün ömür salnaməmizə bir səhifə yazırsa, qarşıdakı illərə gələcəyin gözü ilə baxır.

Bu gün haqqında bəhs etdiyim, yubileyini qeyd etməyə hazırlaşan xanımın da təqdimatı mənim üçün çətindir. Onu həmkar,  yaxın dost kimi dərindən tanıdığım, varlığı mənim üçün hər baxımdan əziz olduğu üçün şəxsiyyət kimi hansı cəhətlərinə üstünlük verməkdə tərəddüdlər içərisindəyəm.  Elə bu çətinliyi aradan qaldırmaq üçün yaradıcılıq illərini onunla birgə vərəqləmək istədik. Qeyd edək ki, onun haqqında Elmira Nüsrətqızının “Dünənin, bu günün, sabahın Azərbaycan qadını”, Faiq Xasayoğlunun “Ağdaş tarixin yaddaşında” kitablarında, o cümlədən “Bakı”, “Respublika”, “Yeni Azərbaycan”, “Yeni təfəkkür”, “İnşaatçı kadrlar” və digər qəzetlərdə məqalələr dərc olunub.

Beləliklə, müsahibim həmkarım, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və “Vicdanlı qələm” media mükafatları laureatı Ədilə Qocayevadır.

-Ədilə xanım, öncə sizi doğum gününüz münasibətilə kollektivimiz adından təbrik edir, yeni-yeni uğurlar arzulayırıq. Arxada qalan illər sizin həyatınızda və əmək fəaliyyətinizdə hansı izləri qoyub?

- Təbrik üçün çox sağ olun. Mənim üçün harada çalışmağımdan asılı olmayaraq, “İki sahil” qəzeti hər zaman doğmadır. Əlamətdar günümdə məni yada saldığınız üçün qəzetin rəhbərliyinə, ömrümə yazılan yaş günlərimin müəyyən payında mənimlə olan kollektivinizin bütün üzvlərinə öz minnətdarlığımı bildirirəm.

Hər kəsin özünəməxsus həyat yolu vardır. Orta məktəbi bitirdikdən sonra sənədlərimi ADU-nun (indiki BDU) jurnalistika fakültəsinə vermək istəyirdim. Lakin qardaşım Xeyrəddin Qocanın məsləhəti ilə Azərbaycan Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsini seçsəm də, həmin il müsabiqədən keçə bilmədim. Növbəti ildə təsadüf məni seçim qarşısında qoydu və taleyimi kitabxanaçılıq fakültəsi ilə bağlamalı oldum. Görünür, bu təsadüf də səbəbsiz deyildi. Ailəmiz mənim bu fakültəyə qəbul olunmağımı böyük sevinc hissi ilə qeyd etdi. Bu da görünür  atamın 4 mindən artıq müxtəlif elm sahələrinə, xüsusilə dilə və ədəbiyyata aid çox dəyərli kitabxanasının olmasından irəli gəlirdi. Həyat elə gətirdi ki, ikinci kursda təhsil alarkən Politexnik İnstitutundan ( indiki Texniki Universitet) yenicə ayrılmış İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universiteti) yeni təşkil olunmuş kitabxanasına ilk işçi kimi qəbul olundum. Məndən sonra bu say 80 nəfərə çatdı. İnstitutun kitabxanasında çalışdığım 32 ilin 28 ilini şöbə müdiri vəzifəsində olmuşam. Qabaqcıl işçi olmaqla yanaşı, həm də fəal ictimaiyyətçi idim. Kitabxana üzrə komsomol təşkilatının katibi, daha sonra 15 il kitabxana üzrə həmkarlar təşkilatının sədri, eyni zamanda universitet üzrə həmkarlar təşkilatının 19 üzvündən biri olmuşam.

Ancaq ürəyimdəki gənclik arzum hələ də közərir, sanki alışacağı günü gözləyirdi. Bu boşluğu mətbu orqanlarda ara-sıra məqalələr çap etdirməklə doldurmağa çalışırdım. Çox keçmədən kitabxanada işləməklə yanaşı, institutun “İnşaatçı kadrlar uğrunda” qəzeti ilə əməkdaşlığa başladım. Yeri gəlmişkən bir sirr açım.  Əslində mən jurnalist qələmimi orta məktəbin 8-ci sinfində oxuyarkən sınamağa başlamış, sinif və məktəb divar qəzetlərinin redaktoru olmuşam. Ayda bir dəfə müxtəlif mövzulara aid foto-montajlar tərtib edərək məktəbin divarından asırdım və bu, şagirdlərin böyük marağına səbəb olurdu. Eyni zamanda məktəb və rayonun həyatında baş verən ən maraqlı hadisələri qələmə alaraq “Azərbaycan gəncləri” qəzetinə göndərirdim. Dərc edilən hər məqaləmə ürəkdən sevinirdim. İlk məqaləm “Nəcib təşəbbüsdür, səs verək” adlı kiçik bir yazı olub.

Kitabxanada işləməklə yanaşı, 1997-ci ildən paralel olaraq “İki sahil” qəzetində də çalışırdım. İlləri biri-birinə calayıb “İki sahil”də də bir məktəbi başa vuraraq, jurnalist kimi “məzun” oldum .

-Jurnalist kimi qələminizi rəsmi olaraq ilk sınadığınız “İki sahil” qəzeti sizə nə verdi?

- Bu qəzetin bir jurnalist kimi formalaşmağımda xüsusi yeri var. Hər zaman bu fikri böyük fəxrlə deyirəm ki, mən “İki sahil”in şinelindən çıxmışam. Hər bir qəzetin öz dəst-xətti var və mən də həmin qəzetdə çalışdığım illərdə o dəst-xətti tutaraq məqalələr hazırlamışam. Mən bu redaksiyada təkmilləşmişəm, müxtəlif peşə sahiblərindən aldığım müsahibələrim bu və ya digər sahəni daha dərindən öyrənməyimə yardımçı olub. Təbii ki, arxada qalan illəri bir-biri ilə müqayisə edəndə bu il aldığım müsahibənin əvvəlki ildəkindən nə qədər təkmil olduğunu görmüşəm. Deməli, illər, qələmə alınan hər bir müsahibə insanın püxtələşməsində böyük önəm daşıyır. Daxili potensial, məsuliyyət və zəhmət ərsəyə gələn yazının dolğunluğuna, zənginliyinə, informasiya yükünün çoxluğuna təbii ki, öz müsbət təsirini göstərir. Bir sözlə, “İki sahil” qəzeti mənim jurnalist kimi formalaşmağıma, tanınmış peşə sahibləri ilə maraqlı müsahibələr qurmaq bacarığına yiyələnməyimə və bütün bunlarla yanaşı, özümün də mənəviyyatca zənginləşməyimə təkan verib. Bu mətbu orqan sonralar “Respublika” və “Azərbaycan” qəzetlərində uğurla çalışmağıma vəsilə olub.

- Ədilə xanım, etiraf edək ki, jurnalistin ərsəyə gətirdiyi yazı onun xarakterini, daxili aləmini, maraq və düşüncə tərzini göstərir. Bu fikirlə razısınızmı?

- Razıyam. Bunu öz yazılarımın da timsalında qeyd edə bilərəm. Etiraf etmək istərdim ki, yazılarıma bəzən şahidi olduğum hadisələri, mövzu ilə bağlı öz fikir və düşüncələrimi da daxil etmişəm. Elə sənət adamlarından müsahibələr almışam ki, bu gün onlardan həyatda olmayanları da var:  Habil Əliyev, Sara Qədimova, Şəfiqə Axundova, Aqşin Əlizadə, Əminə Dilbazi, Qılman İlkin, Yaqub Məmmədov, Tükəzban İsmayılova, Lütfiyar İmanov, Lütfi Məmmədbəyov, Hacıbaba Bağırov, Səyavuş Aslan, Ofelya Əfqanlı, Əlabbas Qədirov ...

-Yazılarınızdakı ciddilik sözsüz ki, təbiətinizdən irəli gəlir...

- Bəlkə də... Əslində müsahiblərimin xronologiyasına nəzər salınsa, hamısının ciddi peşə sahibləri, məşhur sənət adamları olduğu görünər; Arif Məlikov, Azər Rzayev, Aqşin Əlizadə, Fidan və Xuraman Qasımova bacıları, Ramiz Mustafayev, Ramiz Quliyev, Canəli Əkbərov, Səkinə İsmayılova, Səfa Qəhrəmanov, Mənsum İbrahimov...  Ciddi peşə sahiblərinə yanaşma da, təbii ki, ciddi olmalıdır. Hətta vaxtilə çox yaxın rəfiqəm olmuş, mərhum şairə Nurəngiz Günün qızı, Milli Məclisin deputatı Jalə Əliyevadan aldığım müsahibə də, səmimi münasibətlərə baxmayaraq, rəsmi alınmışdı. Çünki mən onun siyasi fəaliyyətini oxucuya çatdırmış, bir qadın kimi şəxsi həyatına toxunmamışdım.

Özümü xoşbəxt jurnalistlərdən hesab edirəm ki, müsahibə aldığım tanınmış insanlarla, xüsusilə sənət adamları ilə sonralar dost kimi ələqələrimiz davam edib.

- Ədilə xanım, siz “İki sahil” qəzeti ilə yanaşı, digər mətbu orqanlarında da çalışmısınız....

-Respublikanın 35 adda dövri mətbuatında, o cümlədən “Azərbaycan”, “Respublika”, “Bakı”, “Azərbaycan müəllimi”, “Yeni Azərbaycan”, “Səs”, “Yeni təfəkkür”, “Yaddaş” və digər qəzetlərdə, habelə “Mədəni həyat”, “Vəfa”, “Mənim balam”, “Azərbaycan qadını”, “Mədəniyyət” kimi jurnallarda 2 mindən artıq məqaləm dərc edilib. “Vicdanlı qələm”, “Qızıl qələm” mükafatlarına layiq görülmüşəm. Bir sıra jurnalist yazı müsabiqələrinin qalibi olaraq diplomlar, sertifikatlar, pul mükafatları və qiymətli hədiyyələrlə təltif edilmişəm. Jurnalistlik fəaliyyətimin uğurları 2015-ci ildə çap olunan “Ömrün yaradıcılıq anları” biblioqrafiyamda öz əksini tapıb. Hazırda seçmə publisistikamdan ibarət ikicildlik kitab üzərində işləyirəm. Gələcəkdə Xocalı soyqırımı, 20 Yanvar faciəsi, Qarabağ münaqişəsi ilə bağlı məqalələrimin toplusunu çap etdirməyi də planlaşdırıram.

- Uğurları şərtləndirən amillər sırasında güclü iradə, qətiyyət, prinsipiallıq da böyük rol oynayır. Özünüzü bu üç keyfiyyətin fonunda necə görürsünüz?  

 - Çox dözümlü, iradəli qadınam. Başladığım işi sona çatdırmaq üçün gücümü səfərbər edirəm. Ən böyük çətinliklərlə rastlaşsam belə, iradəm sayəsində istəyimə nail olmuşam. Yarımçıq işi sevmirəm. Jurnalistlik olduqca çətin, məsuliyyətli, hətta təhlükəli peşədir.. Bu peşəyə bağlılığım, eyni zamanda, yuxarıda qeyd etdiyim amillər mənə bu sahədə uğur qazanmağıma kömək olub. Çalışmışam ki, üzərimə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirim. Öhdəsindən necə gəlmişəm, bunu oxucu, həmçinin daimi ünsiyyətdə olduğum müsahiblərim, bir də illərlə çiyin-çiyinə çalışdığım kollektivlərin üzvləri deyə bilərlər...

- Jurnalistika və kitabxanaçılıq. Hər ikisi də yaradıcılıq tələb edir. Bu iki sahənin vəhdətliyi sizə nə kimi yardımçı olub?

-Hər iki peşə mənim üçün əzizdir. Vaxtilə kitabxanaçılıq sahəsində əldə etdiklərim sonralar jurnalistikada köməyimə çatıb. Bu gün isə əksinə, jurnalistikada qazandıqlarım mənə kitabxanaçılıq sahəsində köməkdir. Hazırda M.F.Axundzadə adına Milli Kitabxananın Analitik elektron məlumat bazasının təşkili şöbəsinin böyük kitabxanaçısı vəzifəsində çalışıram. Şöbədə turizm, mədəniyyət və incəsənətlə bağlı göstərici hazırlanıb çap etdirilir. Dərginin redaktorluğu mənə tapşırılıb. Bu işdə köməyimə gələn jurnalistika sahəsində qazandıqlarımdır. Bu iki peşə arasında böyük vəhdət var. Bütün insanlar savadı, biliyi kitablardan alır. Kitabxanaçılıq fakültəsinə daxil olmağım təsadüfi olsa da, bu təsadüf sonrakı uğurlarıma işıq salmaqla bugünkü gündə hər iki peşəyə bağlılığımda vəsilə olub.

- Astroloji baxımdan yanaşsaq, od işarəsi altında dünyaya göz açmısınız. Şir bürcünün nümayəndəsisiniz... Onu da xatırladaq ki, adınızın mənası da adil, ədalətli olmaq deməkdir...

- Şir bürcünə aid olan xarakteri özümdə görürəm. Ən əsası şir bürcü altında doğulan qadınlar çox zəhmətkeş, səmimi, qonaqpərvər, ləzzətli biş-düş etməyi, zövqlə geyinməyi sevən... olurlar. Heç vaxt sürünməyi sevmirəm. Mərkəzdə dayanmaq, qabaqcıl olmaq, istəyimi ortaya qoyub buna nail olmaq istiqamətində ciddi səylər göstərirəm. Təşəbbüskar və təşkilatçıyam. Diqqətcil olduğum üçün özümə qarşı diqqəti sevən insanam. Xarakterim uğurlarıma dəstək olub. Amma etiraf edim ki, çətinliklər də yaradıb...

- Ədilə xanım, “qadın hər yaşda gözəldir” deyiblər. Bu səbəbdən də qadından yaşı xəbər almazlar. Amma yaşınızın üzərinə əlavə olunan vahidlər sizin heç zaman gənclik enerjinizə, qadın gözəlliyinizə mane olmayıb. Yubiley gününüzdə bu enerjinizə əsas yaradan etirafı eşitmək istərdik...

- Səmimiyyət, daxili zənginlik və nikbinlik, saflıq, yalnız xeyirxahlıq etmək, başqalarının uğurlarına sevinmək, hər bir insanı idarə edən daxilindəki “məni” özümə hörmət qazandıran əməllərimlə zənginləşdirmək, başqasına qayğı ilə yanaşmaq və bu qayğını özümə qarşı da hiss etmək, qonaqpərvər olmaq... Bu keyfiyyətləri xeyli sadalaya bilərəm. Bu halda hər kəsin həyata baxışı yüksək olar, gənclik enerjisini səmərəli işlərə sərf edər. Ən əsası paxıllıq və xəbislik kimi insanı daxilən dağıdan hisslərdən çox uzağam. Kiməsə yalnız biliklə, savadla bağlı “paxıllıq” edə bilərəm.

-Ədilə xanım, bir daha sizi ad gününüz münasibətilə təbrik edir, ürəyinizdən keçirdiyiniz bütün arzularınızın gerçək olmasını diləyirəm. Həyat yaşadıqca gözəldir. Bu gözəllik sizdən əskik olmasın!

 

Yeganə Əliyeva

 

İki sahil.- 2016.- 2 avqust.- S.12.