Azərbaycan ərəblərin ən çox

səyahət etdikləri 5 ölkədən biridir

 

Azərbaycanda turizmin geniş vüsət almağa başlaması ölkəmizə xarici marağın artmasında özünü büruzə verir. Bunu regionlarla yanaşı, paxtaxt Bakı şəhərində də müşahidə etmək olur. Təsadüfi deyil ki, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayının çoxluğu insanların sosial şəbəkələrdə də müzakirə etdikləri  əsas mövzulardan biridir.

“Gulf News” agentliyinin məlumatına görə, Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin ən çox səyahət etdikləri 5 ölkədən biridir. Agentlik bildirir ki, artıq bu ölkədən olan turistlər məzuniyyətini dəniz kənarında keçirmək niyyətində deyillər. Onlar indiyədək olmadıqları ölkələri və şəhərləri kəşf etmək istəyirlər. Buraya daha çox Sinqapur, Tailand, Malayziya, Maldiv adaları, Azərbaycan, Gürcüstan kimi ölkələr daxildir. Bildirilir ki, Azərbaycanda istirahət ərəblərə 490 dollara başa gəlir.

Azərbaycanda xarici turistlərin marağına səbəb olan əsas zona isə cənub bölgəsidir. Təkcə ötən ay Lənkəranın hotel xidmətlərindən 200-dən çox İran vətəndaşı istifadə edib. Xarici turistlərin sayında 10 faiz artım qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayona gələnlərin sayı 6 mindən 8 min nəfərə qədər artıb. Rayona səfər edən turistlərin sayında ikinci yeri Rusiya vətəndaşları tutur. Bu arada Yaponiya və Koreyadan da turistlərin gəlişi müşahidə olunmaqdadır.

Ölkə ərazisindəki turizm obyektlərində göstərilən xidmətlərin keyfiyyətinin artırılması və qiymətlərin aşağı salınması Azərbaycana marağı daha da artırıb. Xüsusilə də manatın devalvasiyası xarici turistlər üçün daha az büdcə ilə istirahət etmək imkanı yaradıb. Başqa sözlə, ölkəmizə təşrif buyuran xaricilər 2 il öncə 500 ABŞ dolları ilə 390 manatlıq xidmətdən istifadə edirdisə, hazırda bu rəqəm 700-800 manat arası təşkil edir.

Lakin turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər bununla məhdudlaşmır. Son illərdə Azərbaycanda yerli turizm potensialının təbliği və daha da inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir və gələcəkdə də bu işin davam etdirilməsi planlaşdırılır. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirir ki, bu məqsədlə Azərbaycanda xüsusi turizm zonaları yaradılacaq: “Burada çimərlik turizminin inkişafı və bütün turizm infrastrukturunun daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bunlar sahibkarlara imkan verir ki, daha yaxşı infrastruktur qursunlar. Əslində bu,  investisiyanın təşviqi mexanizmi vasitəsilə həyata keçirilir. Burada da turizm sahəsi prioritet sahə kimi müəyyənləşdirilib. Onlar bu təşviq mexanizmindən bəhrələnə bilərlər”

Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkənin turizm potensialının təbliğ edilməsinə xidmət edir. Bundan əlavə, ölkədə yaradılan siyasi sabitlik, ərazinin işğal faktı ilə üzləşməsinə baxmayaraq hökm sürən əmin-amanlıq əcnəbilərin istirahətlərinin təşkili üçün Azərbaycana axın etmələrinə imkan yaradır. Azərbaycanın olduqca həssas bölgədə yerləşməsini nəzərə alanda, bunun əsas amil olduğu xüsusilə vurğulanmalıdır.

Qeyd edək ki, qonşu Türkiyədə yaranan gərginlik, həmçinin ard-arda baş verən və insan ölümü ilə nəticələnən partlayışlar  bu ölkəyə gedən turistlərin sayını kəskin azaldıb. Belə ki,  Rusiya Türkiyəyə qarşı turizm və digər sahələrdə  tətbiq etdiyi sanksiyaları ləğv etməsinə baxmayaraq, 1994-cü ildən bəri ilk dəfə qardaş ölkəyə gedən turistlərin sayının  40 faiz azalması qeydə alınıb.

 

Ceyhun Piriyev

 

İki sahil.- 2016.- 2 avqust.- S.13.