Bu kino
ki var...
2 avqust Azərbaycan Kinosu Günüdür!
“Ay camaat, bu kino
ki var...”
Məşhur “Bəyin oğurlanması”
filmində böyük
sənətkarımız Səməndər
Rzayevin çəkiliş
meydançasında bədahətən
dediyi bu sözlər indi az qala zərb-məsələ çevrilib.
Və bəzən kino haqqında danışanda, kinonun mahiyyətini açmaq, onun əhəmiyyətini,
vacibliyini izah etmək istəyəndə
bütün uzun-uzadı
fikirlərə ən
qısa, bəlkə də ən canqurtaran yol elə bu ifadədə
əksini tapır. Çünki tarixilik baxımından
xeyli “cavan” olsa da, dünya
mədəniyyətinin tərkibində
özünə artıq
möhkəm yer eləmiş kino sənəti haqqında danışmaq adama asan gəlsə də, Səməndər Rzayev demişkən, “həm də çox qəliz məsələdir”. Səbəbi
isə odur ki, kino öz
daxilində az
qala dünyada mövcud olan bütün sənət növlərini birləşdirir.
Bir ekran əsəri yaratmaq üçün onlarla incəsənət
xadimi bir yerə toplaşmalıdır.
Kino sənəti böyük bir sənaye, istehsalat sahəsidir. Kinonun kino
olması üçün
ssenarist, rejissor,
operator, rəssam, bəstəkar,
aktyor kifayət etmir. Çəkiliş
qrupuna alim, mütəxəssis, hüquqşünas, müğənni,
mühəndis, dekorçu,
qrimçi, butaforçu,
pirotexnik, assistent, inzibatçı-administrator, dülgər,
malyar, mexanik, işıqçı, sürücü...
bir sözlə, ağla gələn və gəlməyən nə qədər peşə sahibi toplaşıb çəkici
bir zindana vurmalıdır.
Atalar deyib, yüz eşitməkdənsə,
bir görmək yaxşıdır. Bəşəriyyət
uzun minilliklər boyu mədəni dəyərləri əsasən
şifahi danışıq,
təsəvvür etmə,
xəyalında canlandırma
yolu ilə əxz edib, ayrı-ayrı yaradıcı
adamlar yazı yazıb, mahnı oxuyub, şəkil çəkib...
Ta ki, XIX əsrin
sonlarında - 1895-ci il dekabrın 28-də
Lui və Ogüst Lümyer qardaşları Parisin Kaputsino bulvarındakı
“Qrand-Kafe”də yeni ixtira etdikləri aparatı işə salana qədər. Bu yeni cihazın yayılması ilə dünyada yeni bir mədəni inqilab baş verdi və
dünyaya Kino adlı
ecazkar bir aləm gəldi.
Həqiqətən incəsənətin ən maraqlı qollarından olan, çox maraqlı, çox həyəcanlı,
ecazkar aləm olan cinema - kino insanların diqqətini o qədər cəlb etdi ki, Lümyerlərin bu əyləncə növü sürətlə
dünyada yayılmağa,
inkişaf etməyə
başladı və tez bir zamanda
əyləncədən əsl
sənətə çevrildi.
Coğrafi mövqeyinə görə
az qala
“dünyanın mərkəzində”
yerləşən Azərbaycan
tarixən Şərqdə
və Qərbdə baş verən bütün yeniliklərə
açıq olub. Sürətlə inkişaf edən
Bakı dünyanın
ən qabaqcıl mədəni hadisələrini
həmişə özünə
ilk cəlb edən məkanlardan biridir.
O cümlədən Parisdəki
ilk kino seansından cəmi 2 il sonra - 1898-ci il iyunun 21-də, eynən indiki kimi gur
inkişaf dövrünü
yaşayan və bir növ Qafqazın
Parisi sayılan Bakıda Vasil-Vyatskinin teatr-sirkində “Şəhər
bağında xalq gəzintisi”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bakı küçəsi
sübh çağı”
süjetləri nümayiş
etdirildi. Az sonra, avqustun 2-də bakılı fotoqraf Aleksandr Mişon özünün lentə aldığı
“Bibiheybətdə neft
fontanı yanğını”,
“Əlahəzrət Buxara
əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin nümayişini təşkil
etdi (yeri gəlmişkən, bu faktın aşkara çıxarılması üçün
kino tariximiz zəhmətkeş
kinoşünas Aydın
Kazımzadəyə minnətdardır).
Aleksandr Mişonun sözügedən
kino-süjetləri isə
1900-cü ildə Parisdə
keçirilən Ümumdünya
sərgisində nümayiş
etdirildikdən sonra orada qalmışdı. Yalnız 2001-ci ildə süjetlərdən
ikisi - “Bibiheybətdə
neft fontanı yanğını” və “Balaxanı neft fontanı” Fransanın kino arxivindən Azərbaycana gətirildi.
Bu ilk cinema nümunələrimiz
hazırda 35 mm-lik kinoplyonkada və videokasetdə Filmfondda saxlanılmaqdadır.
Azərbaycanlı milli kadrların
iştirakı ilə
yaranan ilk kino əsəri 1916-cı ildə İbrahim
bəy Musabəyovun “Neft və milyonlar
səltənətində” romanı
əsasında çəkilən
eyniadlı bədii
film oldu. Filmdə baş rolu
- Lütfəli bəy
obrazını böyük
sənət fədaisi,
müqtədir aktyorumuz
Hüseyn Ərəblinski
yaratmışdır. Filmin rejissoru peterburqlu Boris Svetlov idi. Natura çəkilişləri Bakıda
və ətraf kəndlərdə, pavilyon
səhnələri Tiflisdə
çəkilib.
Beləliklə, Azərbaycanda kino sənətinin inkişafı
başlanır. Bakıda lentə alınan növbəti əsər
- yenə 1916-cı ildə
Üzeyir bəy Hacıbəylinin “Arşın
mal alan” operettası əsasında
çəkilən kinokomediya
oldu. 1919-cu ildə
isə Azərbaycanın
müstəqilliyinin ildönümü
münasibətilə “Təntənə”
adlı tammetrajlı
film ekranlara çıxdı.
Sonralar tarixin gedişi məlum səbəblər üzündən
istiqamətini dəyişsə
də, Azərbaycan kinosu inkişafdan qalmadı. Sovet hakimiyyəti illərində
də xalqın maariflənməsinə, milli
mənəvi-mədəni tərəqqisinə,
estetik zövqünün
inkişafına xidmət
edən çox dəyərli filmlər yaradıldı.
Kinomuzun
salnaməsinə nəzər
yetirəndə milyonlarla
tamaşaçı marağına
səbəb olmuş dəyərli filmlərimiz
yada düşür:
“Arşın mal alan”,
“Bəxtiyar”, “Ögey
ana”, “Uzaq sahillərdə”, “Nəsimi”,
“Yeddi oğul istərəm”, “Axırıncı
aşırım”, “Tütək
səsi”, “Babək”,
“Ad günü”, “İstintaq”,
“Arxadan zərbə”,
“Nizami”, “Fəryad”... və s. və i. Bu filmlərin hər biri xalqımızın
zəngin mədəniyyəti,
tarixi qəhrəmanlığı,
əməksevərliyi, adət-ənənələri,
arzu və istəkləri haqqında
maraqlı, təsirli hekayətdir. Biz onlara baxanda istedadlı kinematoqrafçılarımızı - böyük kino ustalarımızı xatırlayırıq:
Kinorejissorlar - Lətif Səfərov,
Əlisəttar Atakişiyev,
Kamil Rüstəmbəyov,
Tofiq Tağızadə,
Rasim Ocaqov, Arif Babayev, Eldar
Quliyev, Ceyhun Mirzəyev...
Kinooperatorlar - Teyyub Axundov, Rasim İsmayılov, Zaur Məhərrəmov, Rafiq Qəmbərov, Valeri Kərimov, Kənan Məmmədov...
Kinorəssamlar - Elbəy Rzaquliyev,
Nadir Zeynalov, Rafis İsmayılov, Fikrət Bağırov...
Aktyorlar
- Leyla Bədirbəyli,
Rəşid Behbudov, Ələsgər Ələkbərov,
Adil İsgəndərov,
Ağasadıq Gəraybəyli,
Məlik Dadaşov, Həsən Məmmədov,
Şahmar Ələkbərov,
Rasim Balayev, Səfurə İbrahimova,
Həmidə Ömərova...
Bu istedadlı insanların
hər biri Azərbaycan kinosunun inkişafı naminə əzmlə, bacarıqla, yorulmaq bilmədən çalışmış, həyatlarını
belə əsirgəməmişlər. Və hər biri sağlığında
əsl xalq məhəbbəti qazanan bu kino fədailərinin yaradıcılığı
bu gün də xalq tərəfindən
sevilə-sevilə, ehtiramla
qarşılanır.
Beləcə, bütün dünyada olduğu kimi, Azərbaycanda da kino sənəti cəmiyyət həyatının
ayrılmaz hissəsinə
çevrilib. Geniş kütlələrin ekran sənətinə marağını
və kinonun mənəvi təsir gücünü, ideya-estetik
imkanlarını nəzərə
alan dövlət
heç vaxt kinodan öz dəstəyini, diqqətini,
köməyini əsirgəməyib.
Bu diqqət və qayğıya cavab olaraq kino xadimlərimiz
xalqın mənəvi-əxlaqi
dəyərlərini, adət-ənənələrini, mədəni
özəlliklərini dünyaya
tanıtmaq üçün
əzmlə çalışmış,
illər ötdükcə
bədii dəyərini
itirməyən, əhəmiyyətini
qoruyub saxlayan və hər gələn yeni nəslin marağına səbəb olan neçə-neçə gözəl
filmlər yaratmışlar.
Beləliklə, indi dünya kinematoqrafiyasının tərkib
hissəsi olan
Azərbaycan kinosunun yüzdən artıq yaşı vardır.
Ölkəyə rəhbərlik etdiyi
bütün dönəmlərdə
mədəniyyətə, o cümlədən kinoya çox böyük diqqət və qayğı göstərən,
hətta bəzən kinematoqrafçılara film çəkmək
üçün maraqlı
kino süjetləri təklif edən, üstəlik çəkiliş
proseslərində “Azərbaycanfilm”
kinostudiyasına bütün
zəruri maddi-mənəvi
dəstəyi göstərən
görkəmli dövlət
xadimi, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra
bu diqqət və qayğı daha da artdı.
Və Ulu Öndərin 18 dekabr
2000-ci il tarixli Sərəncamına
əsasən məhz həmin gün - avqustun 2-si hər il kino işçilərinin
peşə bayramı
- Azərbaycan Kinosu Günü kimi qeyd olunmaqdadır.
Azərbaycan Kinosu Günü
münasibətilə bütün
kino xadimlərini və kinosevərləri təbrik edirik!
Akif ƏLİ,
fəlsəfə doktoru,
yazıçı-publisist.
İki sahil.- 2016.- 2 avqust.- S.11.