“Visions of Azerbaijan”: Xüsusi
missiyalı multikultural insan
“Visions of
Azerbaijan” jurnalında nəşrin
redaktoru Yan Peartın İsrailin beynəlxalq münasibətlər sahəsində
tanınmış eksperti,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İsraildəki nümayəndəliyinin
başçısı Arye
Qutun fəaliyyəti haqqında “Xüsusi missiyalı multikultural insan” sərlövhəli məqaləsi dərc olunub.
Məqalə müəllifi yazır:
“Arye Qut Azərbaycanla bağlı
mövzularda, məsələn,
Ermənistanın təcavüzündən
və onun nəticələrindən yazan
ən fədakar və tanınmış müəlliflərdən biridir.
Bəs İsrail Dövlətinin tanınmış vətəndaşında
müsəlman ölkəsinə
belə gözəl münasibət haradan qaynaqlanır. Ağla
gələn ilk cavab bu ola bilər ki, o, öz mənfəətini
güdür. Amma buna eyham vuranlara
A.Qut gülə-gülə
belə cavab verir: “Evim də
var, yetərincə yaxşı məvacibim, hətta iki maşınım da, Azərbaycana da hədsiz böyük məhəbbətim var!”.
Arye Qutun Azərbaycana məhəbbətinin öz
tarixçəsinin olduğunu
vurğulayan Yan Peart yazır: “Arye Qut təxminən 40 il bundan əvvəl
Bakıda anadan olub. Bakı Dövlət Universitetinin
beynəlxalq münasibətlər
fakültəsini bitirib
və burada dərs deyib. 2000-ci ildə İsrailə
köçüb. Onun öz
evi var. Ailəlidir.
Həyat
yoldaşı tibb meneceri işləyir.
Özü yüksək texnologiyalar
sahəsində layihə
meneceridir.
Əslən Azərbaycandan olan
yəhudilərlə digər
mühacirlər arasında
böyük fərq olduğunu diqqətə çatdıran A.Qut deyir: “İsraildə müxtəlif ölkələrdən
yəhudilər yaşayırlar.
Ölkəmiz Birləşmiş Millətlər Təşkilatı
kimidir. Amma Azərbaycandan olan
yəhudilər, demək
olar, həmişə
Vətənə məhəbbətdən
danışırlar. Başqa mühacirlər
gəldikləri ölkələri
çox nadir hallarda xatırlayırlar, praktiki
olaraq, yada salmaq istəmirlər.
Ancaq Azərbaycan yəhudiləri,
demək olar, həmişə Bakıdan
danışır və
onu xatırlayırlar.
Bilirsinizmi, XX əsrin 60-70-ci illərində Sovet İttifaqında Bakı çox multikultural və beynəlmiləl şəhər olub.
Burada azərbaycanlılar, ermənilər,
yəhudilər və
ruslar dinc yanaşı yaşayıblar.
Yadımdadır ki, insanların
çoxu kimin hansı millətin nümayəndəsi olmasını
nəinki bilmir, hətta bununla maraqlanmırdı. Ermənilər burada çox yaxşı yaşayırdılar,
praktiki olaraq, bütün dövlət qurumlarında, həyatın
bütün sahələrində,
Sovet hakimiyyətinin bütün eşelonlarında
təmsil olunmuşdular”.
Arye Qut qürur hissi ilə vurğulayır: “Mən israilliyəm, İsraili sevirəm, yəhudi xalqını sevirəm, amma eyni zamanda
öz Vətənim Azərbaycanı və Azərbaycan xalqını
sevirəm. Mən Azərbaycan torpağını
sevirəm, çünki
atam burada doğulub, burada boya-başa çatıb.
İstedadlı və parlaq
televiziya rejissoru karyerasını burada qurub. Anam Ukraynada anadan
olub. XX əsrin
60-cı illərinin sonunda
Ukraynada antisemitizm amili üzündən universitetə daxil olması ilə bağlı çətinliklər
yaranıb. O, Bakıya
gəlib, çünki
burada yaşayan xalası onu inandırıb ki, Bakıda hər şey yaxşı olacaq. Azərbaycanlılar xeyirxah, qonaqpərvər
və qayğıkeş
xalqdır və başqa xalqların nümayəndələri kimi
yəhudilər də
özlərini burada çox yaxşı hiss edirlər. Anam universitetə daxil
olub. Sonra məhz Bakıda
atamla qarşılaşıb
və onlar ailə qurublar. Burada anamın heç bir milli problemi
olmayıb, çünki
burada yaşayan bütün xalqlar kimi yəhudi xalqı da həmişə
Azərbaycan cəmiyyətinin
ayrılmaz tərkib hissəsi olub.
Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) səhiyyə
naziri Yevsey Gindes adlı yəhudi olub. AXC-də Mərkəzi Bankın direktoru da yəhudi xalqının nümayəndəsi
- Mark Mixayloviç Aberquz
olub. Bu, görünməmiş hadisə
idi və 1918-ci ildə bunu təsəvvürə gətirmək
mümkün deyildi.
Mən bu tarixi faktla
fəxr edirəm”.
Yan Peart yazır: “Arye Qut ilə
cəmi iki dəqiqəlik söhbət
təsdiq edir ki, bu şəxsiyyətin
həyatda öz xüsusi missiyası var.
Bu missiya əzmin və səylərin köməyi ilə hərəkətə gətirilir
ki, Azərbaycan haqqında həqiqət dünyaya aydın və məlum olsun. Arye Akko şəhərinin Azərbaycandan olan dağ yəhudi icması ilə fəal və sıx çalışır.
Şəhərin 45 min əhalisinin 14 mini əslən Azərbaycandandır.
A.Qut qeyd edir: “Mənim
yolum Azərbaycanı
akademik səviyyədə
təbliğ etmək
və önə çəkməkdir. Bu, İsrailin kütləvi informasiya vasitələri ilə həm sıx əməkdaşlıq,
həm də tərəfdaşlıq deməkdir.
Mən Amerikanın yəhudi mətbuatında,
İsraildə çıxan
“Haaretz” və
“Jerusalem Post” qəzetlərində tez-tez məqalələr dərc etdirirəm... Azərbaycanda yəhudi icması
ilə münasibətlər
çox yaxşıdır.
Burada həm dağ yəhudiləri, həm də Avropa (aşkenazi) yəhudiləri yaşayırlar...
Mən Avropa yəhudisiyəm, lakin dağ yəhudiləri ilə yaxşı münasibətlərim
var. Bir neçə gün əvvəl Şəhidlər xiyabanında
Azərbaycanın yəhudi
əsilli Milli Qəhrəmanı, tank komandiri
Albert Aqarunovun məzarını
ziyarət etdim.
O, Azərbaycan ilə
İsrail arasında, Azərbaycan ilə yəhudi xalqları arasında dostluğun rəmzidir... Azərbaycan cəmiyyətinin bütün səviyyələrində
xalqlar arasında belə gözəl münasibətlər müşahidə
etmək olar”.
Akko şəhərindəki fəaliyyətindən danışan
Arye Qut qeyd edir ki,
hazırda bu şəhərdə Azərbaycan
Evinin yaradılması
planı gündəmdədir. O deyir:
“Bu ideyanı dostumuz,
Akko şəhərinin meri
Şimon Lankri təklif edib. O, Azərbaycanda səfərdə olub. Biz Qubaya - Azərbaycan
və yəhudi xalqları arasında yaxşı münasibətlərin
və dostluğun daha bir rəmzi
olan Qırmızı
Qəsəbəyə getmişik.
Biz Azərbaycan Evi nəzdində Azərbaycan Tarixi Muzeyi yaratmaq, Xocalı soyqırımına
və Albert Aqarunova həsr olunmuş daimi ekspozisiya təşkil etmək istəyirik. Təklif etmişəm
ki, Azərbaycan Evinin yerləşəcəyi
küçəyə Albert Aqarunovun adı verilsin”.
Məqalə müəllifi yazır ki, qanlı Xocalı soyqırımı
aktının ağrı-acısı
Arye Qutun qəlbini daim göynədir. O, sağ qalan şahidlərlə bir neçə dəfə görüşüb
və dünya orada baş verənləri qəbul etməyincə və ədalət zəfər çalmayınca rahatlıq
tapmayacaq. İsrailli ekspert deyir: “Mənim üçün Xocalıda qanlı qırğın təkcə
Azərbaycan xalqının
ağrı-acısı deyildir...
Yadımdadır ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
olan “Justice for Khojaly” aksiyasını ilk dəfə
İsraildə geniş
səviyyədə keçirməyə
başlayanda Azərbaycan
Milli Məclisinin deputatı Qənirə Paşayeva bizə çox kömək etdi. Ona zəng edib dedim ki, məndə
Xocalı barədə
ingilis dilində heç bir informasiya yoxdur və kömək istədim. O, kömək etdi və biz iki dəfə İsraildə Xocalıda dəhşətli qanlı
qırğına həsr
olunmuş iri tədbirlər keçirdik.
Biz bu məsələ
ilə əlaqədar
daim alimlər və kütləvi informasiya vasitələri ilə işləməliyik.
Burada variantlar çoxdur. Məsələn, Dürdanə Ağayevanın
taleyini götürək.
Gənc qız səkkiz gün dəhşətli erməni əsirliyində
olub. O, Kaliforniyaya
gedib. Amerikalı yəhudilər onu
mehribanlıqla qəbul
ediblər. O, sinaqoqda
çıxış edib,
Xocalıdan danışıb,
öz taleyindən və ermənilərin ələ keçirdikləri
girovların taleyindən
danışıb. Odur ki, təkcə elmi dairələr və kütləvi informasiya vasitələri ilə məhdudlaşmaq olmaz”.
Arye Qutla söhbətim zamanı mənə aydın oldu ki, o, daim
yeni ideyalar irəli sürür. Aydın məsələdir,
axı o, yaradıcı
ailədəndir. Arye
deyir: “Atam 35 il ərzində Azərbaycan televiziyasının
ictimai-siyasi proqramlar redaksiyasının aparıcı
rejissoru olub. Hazırda İsraildə mənim yanımda yaşayır.
Səkkiz ay əvvəl
ona dedim: “Ata, biz Xocalı haqqında roman yaza bilərik”. Qanlı qırğından iki ay əvvəl atam Xocalıda olub. Atam düşündü və
biz Xocalı haqqında
roman yazmaq qərarına
gəldik. Bu, İsrail
nöqteyi-nəzərindən Xocalı haqqında həqiqət olacaq... Atam Azərbaycanda tanınmış
sənədli film rejissorlarından
biri olub. Bakıda çox yaraşıqlı
Xalça Muzeyinə getsəniz, atamın Lətif Kərimov haqqında çəkdiyi
sənədli filmə
tamaşa edə bilərsiniz. Yadımdadır, sənədli filmin çəkilişləri zamanı
bir neçə dəfə böyük ustadın evində olmuşam”.
Arye Qut mənə atası ilə birgə yazdığı romanın
maraqlı məqamlarından
söhbət açıb. Bu, ölkənin və onun yəhudi icmasının ən müasir elementlərinin yer aldığı həyat hekayəsidir.
Y.Peart fikrini belə yekunlaşdırıb:
“Oxucular bilməlidirlər
ki, bu, Azərbaycan
haqqında həqiqəti
dünyaya böyük
həvəs və səylə çatdırmağa
çalışan Aryenin
sonuncu layihəsi deyildir”.
İki sahil.- 2016.- 2 avqust.- S.5.