Neft mədənlərindən döyüş bölgəsinə

 

Şəhid İsgəndər Qocayevin həyat və döyüş yolu haqqında hekayət

 

1993-cü ilin başa çatmasına iki ay qalmışdı. İşğalçı Ermənistan ordusu Dağlıq Qarabağdan sonra artıq ətraf rayonları zəbt etmişdi. Bütün cəbhəboyu zonalarda intensiv xarakter alan döyüşlərin mərkəzində isə Murovdağdan Kəlbəcər istiqamətində gedən əməliyyatlar dayanırdı. Azərbaycan Ordusu Kəlbəcər istiqamətində sürətli əks-hücuma başlamışdı. Hərb işini bilən əsgər və zabitləri, döyüşçüləri məhz Kəlbəcərə göndərirdilər. Onların arasında həkimlər, mühəndislər, neftçilər - müxtəlif peşə sahibi olan digər könüllülər də vardı. Neft ustası, Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin quyuların yeraltı və əsaslı təmiri sexinin operatoru İsgəndər Qocayevin döyüş yolu da elə Kəlbəcərdən başlamışdı. Dəfələrlə cəbhəyə getmək istəsə də, təcrübəli və qabaqcıl neftçi olduğundan çalışdığı müəssisədən onu buraxmaq istəmirdilər. Amma 1993-cü ilin soyuq payızında onu saxlamaq mümkün olmadı, noyabrın 1-də könüllü kimi cəbhəyə yollandı...

İsgəndər Qocayev “N” saylı hərbi hissənin tərkibində “Murovdağ əməliyyatı”nda iştirak etdi. Keçmiş neftçi indi cəsur döyüşçü kimi ən çətin tapşırıqları yerinə yetirir, qısa müddət ərzində Kəlbəcərin 12 kəndinin işğaldan azad edilməsində əsas iştirakçılardan birinə çevrilmişdi. 1994-cü il yanvarın 18-də İsgəndər Qocayevin təmsil olunduğu bölük Murovdağa növbəti əməliyyata göndərildi. Qarlı-şaxtalı bir gündə, həm də gecə saatlarında aparılan əməliyyat uğurla başa çatdırıldı: düşmənin silah anbarı, xeyli canlı qüvvəsi məhv edildi. Lakin bu uğur da itkisiz qazanılmadı. Azərbaycan Ordusunun bir neçə döyüşçüsü yaralandı, İsgəndər Qocayev isə şəhid oldu. Döyüşçü dostları onun cəsədini qərargaha çatdıranda dan yeri yenicə sökülürdü...

Döyüş yoldaşı Həsən həmin günü belə xatırlayır: “İsgəndər çox ağır yaralanmışdı, yeriyə bilmirdi. Onu qucağımızda gətirirdik. Xeyli gəldikdən sonra dayanmağımızı xahiş etdi. Yerə qoyduq, əlini yerə verib ayağa qalxmağa çalışdı. “Özüm yerimək istəyirəm, sonra deyərsiniz ki, İsgəndər yaralandı, biz götürüb gətirdik”, - deyə zarafat elədi. Amma yarası ağır olduğundan yeriyə bilmədi, özühiss etdi ki, artıq taqətdən düşür. Ani olaraq Murovun qarlı aşırımlarına baxıb “Görünür, mənim də taleyim belə imiş. Sizdən bir xahişim var: ata-anama deyin başlarını dik tutsunlar, desinlər ki, oğlumuz Vətən yolunda şəhid olub. Bununla fəxr etsinlər”, - dedi. Bu onun son sözləri oldu”.

 

TANITIM

 

Qocayev İsgəndər İsfəndiyar oğlu 1965-ci il iyunun 1-də Saatlı rayonunun Azadkənd kəndində anadan olub. O, 1982-ci ildə Azadkənd orta məktəbini, 1983-cü ildə Bakıda 61 saylı texniki peşə məktəbini bitirib. 1983-1985-ci illərdə Rusiyanın Çita şəhərində hərbi xidmətdə olub.

1985-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin quyuların yeraltı və əsaslı təmiri sexində operator kimi əmək fəaliyyətinə başlayan İsgəndər Qocayev 1987-1993-cü illərdə usta vəzifəsində çalışıb. O, quyuların yeraltı təmiri kimi olduqca mürəkkəb bir prosesi dərindən mənimsəyərək kollektivin hörmətini qazanmışdı. İsgəndər Qocayevin başçılıq etdiyi təmir briqadası uzun müddət “keyfiyyətli və qəzasız təmir” devizi ilə işləyərək yüksək göstəricilərə nail olmuşdu. O zaman İsgəndər Qocayevin rəhbərlik etdiyi briqadanın fəaliyyəti haqqında mətbuatda tez-tez yazıların dərc olunması da təsadüfi deyildi.

İsgəndər Qocayev 1993-cü ilin payızında könüllü şəkildə sevdiyi peşəsindən müvəqqəti olaraq ayrılmaq, Qarabağda gedən döyüşlərdə əsgər və zabitlərlə çiyin-çiyinə vuruşmaq qərarına gəlir. O, Kəlbəcər uğrunda gedən şiddətli döyüşlərdə fəal iştirak edib və 1994-cü il yanvarın 18-dən 19-na keçən gecə qəhrəmancasına şəhid olub. Yanvarın 20-də isə anadan olduğu Saatlı rayonunun Azadkənd kəndində dəfn edilib. Hazırda Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində küçələrdən biri onun adını daşıyır. Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin inzibati binasının qarşısındakı xatirə lövhəsində İsgəndər Qocayevin də şəkli var.

Digər döyüş yoldaşı Cəfər Tağıyev də Həsənin dediklərini təsdiq edir. Onun sözlərinə görə, İsgəndər Qocayev uzun müddət neftçi kimi çalışsa da, elə ilk döyüşlərdə təcrübəli hərbçi kimi özünü göstərə bilib: “Kəlbəcərin aşağısında birinciYol evi”ndən Tərtər çayı istiqamətində Bağırlı, Lev, Çiçəklidağ, Bağırsaq kəndlərinə qədər gedib çıxmışdıq. Yanvarın 18-də Yanşaq kəndi istiqamətində döyüş tapşırığı üzrə əməliyyatda İsgəndər Qocayeviştirak edirdi. Gecə saatlarında düşmənin əvvəlcədən müəyyən etdiyimiz mövqelərinə atəş zərbələri endirib geri qayıtmalıydıq. Tapşırığı uğurla yerinə yetirdik, düşmənə sarsıdıcı zərbə vurduq. İsgəndər Qocayev həmin əməliyyatda, Yanşaq kəndinin üstündə “Qızılqaya” adlanan yerdə şəhid oldu”.

Cəfər Tağıyevin şəhid neftçi ilə tanışlığı 1993-cü ilin oktyabrına təsadüf edir. O zaman Bakının Qaradağ rayonundan olan könüllülər Bibiheybət qəsəbəsindəki hərbi hissədə toplanırdılar. Cəfərlə İsgəndər məhz həmin hərbi hissədə tanış olublar. Bu tanışlıq onları Kəlbəcərə qədər aparıb: “İsgəndər mərdliyi, vətənpərvərliyi ilə Qaradağ batalyonunda böyük hörmət qazanmışdı. Onunla birgə ilk döyüşümüz Yanşaq kəndi istiqamətində oldu və düşməni Bağırlı kəndi istiqamətinə çəkilməyə məcbur etdik. Daha sonra Bağırlı kəndi istiqamətində düşmənə güclü zərbə endirdik. Bağırlı, Lev, Bağırsaq kəndlərini və Laçın-Kəlbəcər yolunu düşməndən təmizlədik. Bu döyüşlərin hamısında İsgəndər Qocayev böyük şücaət göstərib”.

 

Şəhid atasının kövrək arzusu

 

Şəhidin atası İsfəndiyar Qocayevi həyəcansız dinləmək mümkün deyil. Aradan 22 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də oğlunun yoxluğunu təsəvvür edə bilmir. Deyir ki, hələ 1988-ci ildə Qarabağda ermənilər azərbaycanlıları qəddarcasına qətlə yetirəndə İsgəndər Bakıdakı işini tərk edib Vətənin müdafiəsinə getmişdi. Həm də Saatlıda yaşayan valideynlərinə xəbər vermədən: “Yenicə ailə qurmuşdu deyə, Qarabağa gedib-gəldiyini eşidəndə narahat oldum. Ona görə Bakıya yollandım, görüşüb söhbət elədim, subay olsaydı bir söz deməzdim. Amma söhbətdən sonra hiss elədim ki, nə vaxtsa yenə gedəcək. 1993-cü ildə görürdüm ki, artıq dözə bilmir. Həmin ilin noyabrın 1-də könüllü olaraq döyüş bölgələrinə yollandı. Bu dəfə də mənim xəbərim olmamışdı. Çox keçməmiş onun sorağı Murovdan gəldi”.

Az sonra İsfəndiyar kişi oğlu İsgəndərlə, eləcə də onun döyüş yoldaşları Həsən və Rəcəblə görüşmək imkanı qazanır. 1993-cü il dekabrın 14-də, İsgəndərin böyük oğlu Yaşarın ad günündə. Həmin gün döyüş yoldaşları Həsən və Rəcəb də İsgəndərlə birlikdə Murovdan Bakıya - Yaşarın ad gününə gəlmişdilər. Döyüşçü dostları İsgəndərin vətənpərvərliyindən, qəhrəmanlığından ağızdolusu danışıblar. Azğın düşmənlə müharibənin qansız-qadasız olmadığını yaxşı bilən İsfəndiyar kişi oğlunaonun döyüş dostlarına verdiyi məsləhətləri də xatırlayır: “Onların hər üçünə məsləhət verdim ki, ehtiyatlı olsunlar, özlərini qorusunlar. Dedilər biz Vətən uğrunda vuruşuruq, yeganə amalımız torpaqlarımızı işğaldan azad etməkdir. Rəcəb həmişə deyirdi ki, İsgəndər həqiqi vətənpərvərdir. Döyüşə girəndə elə ürəklə vuruşurdu ki, uşaqlar da ona baxıb ruhlanırdılar. Mən onların söhbətlərindən İsgəndərin igid və döyüşkən bir oğul olduğunu duyur, övladımla fəxr edirdim”.

Ömrünün ahıl çağını yaşayan İsfəndiyar Qocayevin Müdafiə Nazirliyindən bir xahişi var: “Oğlum döyüş əməliyyatlarındakı xidmətlərinə görə fəxri ada layiq görülməyib. Halbuki İsgəndər döyüş tapşırıqlarını şərəflə və qəhrəmancasına yerinə yetirib. Xahiş edirəm, Müdafiə Nazirliyi bunları nəzərə alaraq oğlumun Vətən qarşısındakı xidmətlərini qiymətləndirsin”.

 

Son görüş...

 

İsgəndər Qocayevin ailə üzvləri ilə sonuncu görüşü ölümündən cəmi 8 gün əvvəl - 1994-cü il yanvarın 10-da olub. Üç günlük məzuniyyət götürüb evə gəlmişdi. Bakıda ailəsi və dostları ilə görüşdükdən sonra valideynlərinə baş çəkmək üçün Saatlıya getmişdi. Qardaşı Qadir Qocayev onunla son görüşü belə xatırlayır: “Mən İsgəndəri axırıncı dəfə 1994-cü ilin yanvarın 11-də evə buraxılanda gördüm. Kənddə 2 şəhidimizin yas mərasiminə gəlmişdi. Anamla mən xahiş elədik ki, 5-10 gün evdə qalsın, sonra yenə gedər. Dedi ki, qala bilmərəm, məni cəbhədə döyüşçü dostlarım gözləyir. Vətən sevgisi yenə üstün gəldi, qayıtdı cəbhəyə. Sonuncu dəfə kəndə gələndə hamı onu qəhrəman kimi qarşılamışdı. Elə o əhval-ruhiyyə ilə də yenidən döyüş bölgəsinə yollandı. Bu, bizim onunla son görüşümüz oldu. Yanvarın 18-də Kəlbəcər şəhərinin 3 kilometrliyində gedən ağır döyüşlərdə yaralanıb. Yoldaşları Həsən, Rəcəb və daha bir neçə əsgər onu döyüş zonasından çıxarmışdılar...”

Əmisi oğlu Yavər Qocayev İsgəndərin cəbhəyə yollanması ilə bağlı bir məqamı xüsusi qeyd edir. Onun dediyinə görə, ailə üzvləri iki azyaşlı uşaq atası olan neft ustasının döyüş bölgəsinə necə yollanmasından xəbərsiz olsalar da, İsgəndər bu sirri ondan gizlətməyib: “İsgəndər özü hərbi komissarlığa gedərək könüllü kimi müharibədə iştirak etmək üçün ərizə yazmışdı. Bundan sonra mənim yanıma gəlib vəziyyəti danışdı. O zaman böyük oğlu Yaşar 4 yaşında, kiçik övladı Azər isə 2 yaşında idi. Mən ona uşaqlarının körpə olduğunu xatırlatdım. Cavabı bu gün də qulaqlarımda səslənir: “Uşaqlar döyüşə getməmək üçün bəhanə deyil. Əgər mən şəhid olsam dövlətimiz də, sizonlara baxarsınız”. Sonuncu dəfə kəndə gələndə saatlarla cəbhədən, döyüş dostlarından danışdıq. Kənddə yaxınlarımızla görüşüb geri qayıdanda artıq hava qaralmışdı. İsgəndərin maşının işığında görünən yollarauzanan çöllərə baxaraqbu Vətən, bu torpaq uğrunda ölməyə dəyər” deməsi ömrümün sonuna qədər yadımdan çıxmayacaq. Elə bil şəhid olmağa getdiyini özühiss etmişdi. Bu onun son gedişi oldu, yanvarın 18-dən 19-na keçən gecə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid oldu. İsgəndər mənim xəyalımda həmişə son görüşdəki kimi qalacaq”.

 

Elxan Salahov

 

İki sahil.- 2016.- 17 avqust.- S.12.