Əlvida, Rio... Görüşənədək,
Tokio!
2020-ci ildə gündoğar ölkədə
keçiriləcək yarışlarda
idmançılarımız Braziliyadakından daha artıq uğur qazanmaq əzmində olduqlarını qələbələri
ilə təsdiqlədilər
Olimpiya hərəkatına
1996-cı ildə Atlantada
keçirilən yarışlara
qoşulmaqla başlayan,
azsaylı tərkiblə
müstəqil ölkəmizi
təmsil edən idmançılarımız Sidney, Afina, Pekin, London yarışlarında qələbələrini
də artırdılar. İnkişafda olan idmanımıza göstərilən dövlət
qayğısına medalların
sayını artırmaqla
cavab verdilər.
Rio-de-Janeyroda idmanın
17 növü üzrə
56 iştirakçı ilə təmsil olunan gənclərimiz Azərbaycana 1 qızıl
olmaqla 18 medal qazandırdılar.
Medal sayına görə Olimpiadada iştirak edən 207 iştirakçı və
87 mükafatçı dövlət
arasında 15-ci yeri qazanan idmançılarımız
daha bir idman bayramını uğurla başa vurdular. Hər medal isə gərgin
mübarizə, qələbə
əzminə inamın
ifadəsidir. Bu nəticəyə görə
respublikamız İslam,
türk və Cənubi Qafqaz ölkələri arasında
liderlik əldə etdi. İdmançı
sayının qazanılan
medallara nisbətinə
görə isə Azərbaycan Olimpiadanın
lider dövləti,
MDB ölkələri arasında
ikinci, Avropa dövlətlərinin sırasında isə yeddinci oldu. Qızıl medal qazanmış taekvondoçumuz,
mübarizəyə 1/8 finaldan
start verərək bütün
görüşləri uğurla
davam etdirən, “Şöhrət” ordenli Radik İsayev isə öz çəki dərəcəsində
dünyada ən güclü idmançı
adına layiq görüldü.
18 medal qazanmaq həm də üçrəngli
bayrağımızın idman
arenalarında eyni sayda dalğalanması, milyardlarla ölçülən
tamaşaçı auditoriyasında
ölkəmiz haqqında
təsəvvür yaranması
deməkdir. Rio Olimpiadasının
ölkəmizə uğur
gətirən, tanıtdıran,
yaddaqalan məqamlarından
biri də güləş üzrə
güclərini sınayan
Monqolustan- Özbəkistan
idmançılarının oyununu “idarə edən” azərbaycanlı
hakim Hicran Şərifovun
ədalətli qərarının
Beynəlxalq Güləş
Federasiyasının münsiflər
heyəti tərəfindən
təsdiqlənməsi oldu.
Ölkəmizi XXXI Yay Olimpiya Oyunlarında təmsil edən idmançılarımızın
yolasalınma mərasimində
“Azərbaycan idman ölkəsidir. Bunu bütün dünya,
idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya
hərəkatı ilə
bağlı məqsədyönlü
siyasət aparılır”
söyləyən Prezident
İlham Əliyevin vurğuladığı kimi,
düşünülmüş siyasət, məqsədyönlü
işlər idmanı
Azərbaycanda, cəmiyyətdə
önəmli ictimai amilə çevirmişdir.
Bu da səbəbsiz
deyil. Son illərdə
idmanın inkişafına
göstərilən diqqətin
məntiqi nəticəsi,
gənclərin bu sahəyə artan marağı, beynəlxalq
yarışlarda qazanılan
qələbələri şərtləndirir.
Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılır. Son illərdə bölgələrdə
40-dan çox Olimpiya idman mərkəzi, yeni komplekslər tikilmişdir. 2015-ci ildə
ilk təşəbbüs olaraq
standartları da Azərbaycanda müəyyənləşdirilən
birinci Avropa Oyunlarının keçirilməsi
üçün inşa
edilən Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi,
Su İdmanı Sarayı
idman obyektləri olmaqla gözəl memarlıq əsərləridir.
Belə əhəmiyyətli
infrastrukturun regionlarda
yaradılması isə
idmanın kütləviliyinə, paytaxtdan
kənarda yaşayan istedadlı gənclərin
fiziki hazırlığının
artırılmasına imkan
yaradır. “Bizim qabaqcıl, görkəmli
idmançılarımız bütün idmançılar
üçün nümunədir”
sözləri ilə gəncləri yeni qələbələrə həvəsləndirən
dövlət başçımız,
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev son illərdə idmana artan həvəsi, qazanılan uğurları,
idmançılara göstərilən
qayğını, ölkəmizdə
keçirilən dünya,
Avropa çempionatlarının
rolu və əhəmiyyətini xüsusilə
qeyd edir. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi rəsmilərinin Azərbaycanda
bu sahənin inkişafı ilə bağlı söylədikləri
xoş sözlər idmançılarımızı beynəlxalq yarışlarda
yüksək pillələrdə
yer tutmasına daha da həvəsləndirir.
Təbii ki, bu yarışlar
arasında ölkəmizə
56 medal qazandıran birinci
Avropa Oyunları xüsusi yer tutur. Tarixdə ilk dəfə keçirilən
qitə dövlətləri
idmançılarının iştirak etdiyi Oyunlara hazırlıq, yarışların keçirildiyi
idman arenalarında yaradılan yüksək standartlara cavab verən şərait ölkəmizi tanıtdırdı.
“Hamımız yaxşı xatırlayırıq,
bu Oyunlar bir il bundan
əvvəl keçirilmişdir.
Bu Oyunlar doğrudan
da Yay Olimpiya
Oyunlarının səviyyəsində
keçirilmişdir. Bu
Oyunlarda 6 min idmançı
iştirak etmişdir,
minlərlə qonaq Azərbaycanla tanış
olmuşdur” söyləyən
Prezident İlham Əliyevin vurğuladığı
kimi, beynəlxalq yarışlar güclülər
üçün sınaq
meydanı olsa da eyni zamanda
Azərbaycanın dünyaya
təqdim olunması baxımından da əhəmiyyətlidir. Birinci Avropa
Oyunları haqqında
söylənilən xoş
sözlərdə Azərbaycan
dövlətinin, idmanının
zəfəri ifadəsini
tapır. Məhz həmin
yarışlarda komanda
hesabında ikinci yeri tutan idmançılarımızın
qazandığı medallar
bütün xalqımızda
qürur hissi yaratmışdır. Təşəbbüskarlığı
ilə yeniliklərə
imza atmaq təcrübəsi qazanmış
Azərbaycanda ilk dəfə
keçirilən və
tamaşaçı auditoriyası
500 milyon olan “Formula-1” yarışı
beynəlxalq reytinqinə
görə Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatı səviyyəsində
diqqət çəkir.
“Bu yarışın Azərbaycanda keçirilməsi
əlbəttə ki, bizim tarixi nailiyyətimizdir,
bir daha ölkəmizin gücünü
göstərir. Bakı “Formula-1” yarışlarının keçirildiyi
21-ci yerdir. İyirmi şəhərdə
keçirilirdi və Bakı 21-ci şəhərdir.
Əgər o şəhərlərin siyahısına nəzər
salsanız, görərsiniz
ki, bu şəhərlər
inkişaf etmiş şəhərlərdir. Bakı da
o sıradadır” söyləyən
Prezident İlham Əliyevin vurğuladığı
kimi, bu seçim beynəlxalq səviyyədə ölkəmizə
göstərilən diqqət
və inamdır.
Qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu Azərbaycanda keçirilən forumlar, dialoqlar ölkəmizi Şərq ilə Qərbi birləşdirən körpü, sivilizasiyalararası dialoq mərkəzi kimi tanıtdırmışdır. İllərin təcrübəsi göstərir ki, Azərbaycan eyni zamanda mühüm idman yarışlarına da ev sahibliyi etmək imkanına malikdir. “Formula-1”-dən sonra Azərbaycanda keçiriləcək Dünya Şahmat Olimpiadasında şahmatçılarımız potensiallarını ortaya qoyacaq. Gələn il Azərbaycan İslam ölkələrinin Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. 2015-ci ildə Avropa, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçirilməsi ölkəmizin nadir şəraitini əks etdirməklə ölkəmizin tarixini və multikulturalizm təcrübəsinin zənginliyini göstərir. Bu zənginlik Avropa və İslam Həmrəylik Oyunlarında təcəssümünü tapır. “Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir” sözləri ilə bütün yarışlara eyni dərəcədə önəm verildiyini bildirən cənab İlham Əliyev yarışların dostluq, qardaşlıq bayramı olduğunu da vurğulayır.
Azərbaycanda bütün millətlərin, bütün xalqların nümayəndələri bir ailə kimi, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Avropa və İslam Oyunlarının Bakıda keçirilməsində də məqsəd Azərbaycanın multikultural cəmiyyət kimi əldə etdiyi uğurları beynəlxalq səviyyədə təbliğ etməkdir. Rioda keçirilən yarışlarda iştirak edən Azərbaycanın komanda heyətində müxtəlif millətlərdən olan idmançıların təmsilçiliyinin özü ölkəmizdə yaranan siyasi sabitliyin, birgə yaşayış qaydalarına hamının eyni dərəcədə hörmətlə yanaşmasının məntiqi nəticəsidir. “Biz öz yolumuzla gedirik. İdman uğurları ölkəmizin uğurlarının tərkib hissəsidir. Ancaq güclü dövlətlərdə güclü idman var. Olimpiya Oyunlarının nəticələrinə baxın. Hansı komandalar birinci yerlərdədir. Onların böyük əksəriyyəti inkişaf etmiş ölkələrin komandalarıdır. Yəni, idmanı ümumi inkişafdan ayırmaq olmaz. Ona görə, Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür. Əgər bizdə iqtisadi, maliyyə müstəqilliyi olmasaydı və biz iqtisadi cəhətdən inkişaf etməsəydik, idmanın inkişafına istədiyimiz səviyyədə vəsait qoya bilməzdik. Amma bu gün bir daha demək istəyirəm ki, Azərbaycan inamla, uğurla inkişaf edir, 2016-cı ildə də qarşıda duran bütün vəzifələr icra edilir” söyləyən Prezident İlham Əliyev bölgədə, dünyada getdikcə artan nüfuzumuzun möhkəmlənməsində idmanın xüsusi rolu olduğunu fəxrlə bildirir.”
Rio görüşləri arxada qaldı. Bu möhtəşəm idman yarışı dostluq, qardaşlıq bayramına çevrildi. Estafet isə gündoğar ölkə adlandırılan Yaponiyaya verildi. Rioda qazandıqları uğurları təzələmək üçün üzərilərində daha ciddi çalışacaq idmançılar indidən “Görüşənədək, Tokio!” deyərək qələbələr sorağındadırlar.
Xuraman İsmayılqızı,
İki sahil.- 2016.- 24 avqust.- S.11.