Tərəqqinin əzablı yollarında
Sona Vəliyevanın “İşığa
gedən yol” kitabı haqqında düşüncələr
"Afərin, Sona xanım! Əllərinizə sağlıq!"
Filologiya üzrə fəlsəfə doktoru, şair, yazıçı-publisist Sona Vəliyevanın "İşığa gedən yol" kitabını diqqətlə oxuyub sonuncu, 767-ci səhifəni çevirəndən sonra fikrimdə yaranan ilk təəssürat bu oldu.
...Bir ay öncə Milli Mətbuat Günü münasibətilə keçirilən təntənəli tədbirdə Azərbaycan Mətbuat Şurasının böyük mütəfəkkir, ilk milli qəzetin yaradıcısı Həsən bəy Zərdabinin ömür yolundan bəhs edən "İşığa gedən yol" kitabına görə Sona Vəliyevaya təqdim etdiyi Ali Media Mükafatı həqiqətən yerinə düşüb. Kitabı oxuyan hər kəs Sona xanımın xalqa xidmət amalı ilə zərif qadın çiyinlərinə nə qədər ağır yük götürdüyünün şahidi ola bilər. Onun zəhmətinin adekvat dəyəri hələ uzun illər bundan sonra nə qədər oxucu təqdiri, təşəkkürü, o cümlədən, jurnalistika ixtisası öyrənən nə qədər tələbə minnətdarlığı ilə veriləcəkdir. Çünki "İşığa gedən yol" kitabı həqiqətən çox dəyərli elmi-bədii-publisistik mənbədir. Əlbəttə, məsələ heç də bir kitabın yazılıb ortaya qoyulmasında deyil. Məsələnin məğzi - yazılan kitabın məzmununda, görülən işin əhəmiyyət dərəcəsində, çəkilən zəhmətin vəznindədir.
Mübaliğəsiz deyək ki, Sona Vəliyeva Azərbaycan mədəniyyətinin dirçəliş dövrü olan XIX əsrin sonu, XX əsrin əvvəlləri haqqında bəlkə də bir tədqiqat institutunun görə biləcəyi qədər mühüm və irihəcmli işi başa çatdırıbdır. O dövr elə bir dövrdür ki, uzun əsrlər boyu müsəlman Şərqinin ətalət mühitində yatan (əslində - yatızdırılan!) istedadlı bir xalqı qəflətdən ayıltmaq, onun daxilində milli heysiyyat və milli şüur potensialını oyatmaq, ayağa qaldırıb işıq gələn tərəfi göstərmək - nəinki mürəkkəb, çətin, ağır, hətta, təsəvvür edilməyəcək qədər müşkül bir məsələ idi. O zamanlar Rusiyadan Qərbə, Avropaya açılan tərəqqi pəncərəsi sayılan Moskva və Peterburq mühitində bilik, savad qazanan, dünyagörüşü elmi təfəkkür üzərində formalaşan Həsən bəy Zərdabi doğma vətənə qayıdıb qürbətdə əldə etdiyi həmin təhsil, savad imkanlarından xalqın mənafeyi üçün istifadə etməyə başlayanda heç özü də bu işin bu qədər ağır olacağını təsəvvür etməzdi. Sözün əsil mənasında Millət fədaisi olan Həsən bəyin bütün cəfakeşliyi çox vaxt "milli-dini özgürlük" bəhanəsi altında Qərbin mütərəqqi yeniliklərinin qarşısını kəsməyə çalışan gerizəkalıların, köhnə fikirlilərin, savadsızların qalın zirehinə dəyib yerə düşür, heç olurdu. Beləcə ağır bir müşkülün altına girən bəy oğlu bəyin necə fövqəladə bir insan olduğunu açıb göstərmək, onun dolğun bədii-sənədli obrazını yaratmaq və məhz bu cür əzmkar insanın ağır millət yükünü qaldıra biləcəyinə oxucunu inandırmaq - heç də asan məsələ deyil.
Əsasən cahillikdən doğan eqoist fikirlərin xoşhal ətaləti altında daha rahat gəzən bəzi kişilər özlərini Tanrı tərəfindən xüsusi yaradılmış məxluqat sayaraq hər sahədə, o cümlədən yaradıcılıqda qadınlardan üstün olduqlarını qabartmaqdan həzz alarlar. Ancaq yazıçı-publisist, alim və şair Sona Vəliyeva məhz yaradıcılıq işi ilə sübut edir ki, bu gün belə bir kitabı yazmaq hər kişinin işi deyil... Qoy heç kəs inciməsin, ancaq belə məqamlarda nə təkəbbür, nə təbii yaradılış imkanları, nə fiziki güc kara gəlməz. Belə bir kitabı yazmaq üçün bir çox başqa şərtlər də lazımdır: idrak potensialı, mənəvi zənginlik, intellektual baza, dərin elmi savad, geniş dünyagörüşü, ziyalı həssaslığı...
Elmi-bədii-publisistik kitab saysız-hesabsız faktoloji
materiallarla zəngindir. Müəllif zəngin bilgilərə istinad edərək
Həsən bəy Zərdabinin həyatında mühüm
rol oynamış, onun formalaşmasında, uğurlarında
iştirak etmiş, arxa-dayaq olmuş - Rəhim bəy, Səlim
bəy, Fərəc bəy, Mənzər ana, Hənifə
xanım, Vera, rektor Solovyov, Taclıbəyim, Mirzə Fətəli,
Seyid Əzim, Hacı Zeynalabdin, qubernator Staroselski, Nəcəf
bəy, Əsgər ağa, Əlimərdan bəy,
İsmayıl Kaspıralı və b. kimi maraqlı
insanların bədii obrazlarını ustalıqla yaradır.
Millətin balalarını oxutmaq üçün xeyriyyə
cəmiyyəti açmaq niyyətilə Həsən bəy
Şamaxı, Gəncə, Şuşa, İrəvan, Tiflis və
başqa yerləri gəzib mötəbər insanlarla söhbət
etdikcə, keçilən hər vilayət, hər şəhər,
kənd haqqında, o yerlərin tarixi haqqında oxucuya ətraflı
məlumat verir. Eynən yeri gəldikcə
xalqın həyat və məişətinə aid
mühüm cəhətləri vurğulayır, bədii təsvirləri
və sənədli təsdiqləri diqqətlə qələmə
alır. Milli adət-ənənələr, toylar,
bayramlar, ayin və mərasimlər, ailə-nigah, evdarlıq,
kulinariya məsələləri, kənd təsərrüfatı,
flora və fauna, meteorologiya, coğrafiya, etnoqrafiya, xalq
yaradıcılığı, şifahi və yazılı ədəbiyyat,
aşıq sənəti, teatr, dramaturgiya, rəssamlıq, kənd
təsərrüfatı, mətbuat işi...- bir sözlə,
məharətlə qələmə alınan bütün
şərhlər müəllifin ensiklopedik biliyə malik
olduğunu göstərir.
Həmin zəngin məlumatları bir yerə toplayıb
nizamlamaq, sistemli şəkildə və xronoloji
ardıcıllıqla oxucuya təqdim edə bilmək - həm
əsərin dəyərini artırır, həm də
xoş təəssürat yaradır. Sanki
yazıçı sevə-sevə qələmə
aldığı qəhrəmanın arzu-istəklərinə,
idellarına uyğun olaraq özü də millət yolunda
çalışan bir elm, təhsil, maarif fədaisi kimi fəaliyyət
göstərir. Hiss olunur ki, müəllif indiyə qədər
oxuduğu, öyrəndiyi, tanış
olduğu bütün mənbələri dərindən mənimsəyərək
bəhrələndiyi məlumatlardan yüksək peşəkarlıqla
istifadə etmişdir. O, elmi-nəzəri məxəzlər
üzərində qurulan orijinal bədii düşüncələrini,
fərqli dünyagörüşünü özünə
xas dəst-xəttlə qələmə alır. Zəruri olan hər bir izahatın xeyli səbrlə,
sərbəst şəkildə, incə zövq və səlis
dillə yerli-yataqlı təqdim olunması isə şübhəsiz,
müəllif üslubunun özəlliyindən xəbər
verir.
1873-cü
ildə Bakı gimnaziyasında dərs dediyi tələbələrlə
birlikdə hazırladığı tamaşanın
nümayişi ilə Azərbaycanda ilk Milli Teatrın əsasını
qoyan Həsən bəy Zərdabi az sonra
Azərbaycana başqa bir müasir mədəniyyət
nümunəsini - jurnalistika sənətini gətirir. "Nə
qədər biz avamıq, bizi aldadacaqlar", - deyən Həsən
bəy tərəqqi naminə məhz mətbuat işini
xüsusilə vacib sayırdı. Bu günkü qəzet
bolluğunda, ölkədə mətbuat və digər kiv-lərin
gur inkişaf etdiyi bir vaxtda 22 iyul 1875-ci ildə ilk sayı
çapdan çıxan "Əkinçi" qəzetinin
iki il ərzində min bir əziyyətlə işıq
üzü görən yazıları ilə tanış
olduqca, o dövrün qaragüruhçu dini xurafatından
qurtula bilməyən, əhalisinin əksəriyyəti
savadsız olan bir mühitdə bu qədər mütərəqqi
fikirləri yaymağın necə mümkün olduğu və
nə qədər böyük cəsarət tələb
etdiyi heyrət doğurur: "...Ey bizə diqqət edənlər,
bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil. Siz
ağlayın ki, bizim müsəlmanların bircə qəzeti
də buraxmağa adamı yoxdur." Bu
sözləri Həsən bəy göz yaşları
içində fəryad edərək yazırdı.
İlk mətbu
nəşr olan "Əkinçi"nin yaranma tarixi
haqqında müfəssəl bəhs olunan kitabda həmçinin
o dövrün - "Bakinskie izvestiya", "Tiflisskie
vedomosti", "Kafkaz", "Qolos", "Kaspi",
"Tərcüman", "Ziya", "Ziyayi-Qafqaziyyə",
"Kəşkül", "Şərqi-Rus" və digər
qəzetlər barədə də məlumatlar verilir. Dahi klassiklər Nizami, Nəsimi, Füzuli, Tusi və
b. haqqında ətraflı söz açılır. Müəllifin erudisiyasına dəlalət edən
bütün bunlara yalnız gərgin mütaliə, tədqiqatçılıq
səriştəsi, oxumaq-öyrənmək səbri, müxtəlif
elm sahələrilə maraqlanmaq həvəsi sayəsində
nail olmaq mümkündür. Roman-epopeya
janrının tələblərinə uyğun olaraq toxunulan
hər məqamla bağlı oxucuya dolğun informasiya verilir,
araşdırma və aydınlaşdırmaların nəticələri
ərklə, inamla təqdim edilir, oxucu üçün
heç bir qaranlıq cəhətin qalmasına imkan verilmir.
Həssas və diqqətcil müəllifin nəzərindən
hətta ən xırda, əhəmiyyətsiz sayıla biləcək
kiçik detal da yayınmır. Bəzən
ilk baxışda uyğunsuzluq, yaxud unutqanlıq kimi
görünən məqamlara müəllif bir-neçə səhifədən
sonra qayıdaraq izahını verir və tələskən
oxucunu "nigarançılıqdan" çıxarır.
Demək hər şeyin öz yeri, öz məqamı
varmış, müəllif bunu bilir və bu yolla da oxucunu
aparır.
"İşığa
gedən yol"da onlarla maraqlı epizod, yüzlərlə incə
detal, həssas nüans, qəlbləri titrədən,
duyğuları oyadan ibrətamiz hadisələr var. Xasiyyəti
kimi özü də gözəl olan Həsən bəyin
romantik əhvalatları, xüsusən onu böyük səmimiyyətlə
sevən üç qızın - Vera, Taclıbəyim və
Hənifə xanımın hiss-həyəcanları, sevgi
etirafları və onların hər birinə azərbaycanlı
mentalitetinə xas namus-qeyrət fövqündən yanaşan
Həsən bəyin vicdanlı münasibət bəsləməsi
çox diqqətlə, həzin duyğularla təsvir olunur.
Romanın əsas leytmotivini təşkil edən yuxu
epizodu isə xüsusi dəyərə layiqdir. Böyük
bir ömür yaşamış görkəmli şəxsiyyətin
zəngin həyat yolunu qırmızı bir ana xətt ətrafında
toparlamağa imkan verən bu yuxular uğurlu
yaradıcılıq tapıntısıdır. Vizual cəhətdən də təsəvvürdə
çox maraqlı, baxımlı lövhələr
canlandıran yuxu təsvirləri xüsusi zövqlə qələmə
alınmış mətnlərdən ibarətdir. Əsrarəngiz, sirli-sehrli, ulduzlu-işıqlı
yuxular Həsən bəyin taleyinə işarə edən
alın yazısı kimi bütün kitab boyu davam edir. Həyatının müxtəlif
çağlarında, mühüm hadisələr ərəfəsində
hər dəfə Həsən bəy yuxusunda ulduzlu səma
altında, su üzərindəki yolla, uzaqlarda yanan
işığa doğru gedir. Moskvada ali
təhsil alanda, Bakıda qəzet çıxartmaq
üçün çalışanda, Zərdabda kənd
camaatına xidmət edəndə... Bu yuxular ona
mənəvi güc verir, sanki ona qeybdən gələn
İlahi təqdir kimi doğru yolda olduğuna əminlik
yaradır.
İlk dəfə
o, işıqlı yuxusunu balaca uşaq vaxtı yayda
babasının böyrünə sığınaraq
yatdığı çardaqda görür: "...O yuxusunda
gördü ki, həyətlərində şam
ağacından düzəldilmiş nərdivanı səmaya
söykəyərək göy üzündəki ən parlaq
ulduzları dərib nənəsinin tikdiyi güllü torbaya
yığır... Nərdivanla enmək istərkən
özü ilə yer arasındakı məsafə birdən-birə
ucsuz-bucaqsız dənizə dönürdü... Suyun
üzü ilə kəndlərinə doğru dümağ
işıqlı yol uzanırdı... Yol gözəlliyindən
bərq vurub yanırdı. Suyun üzərində izah
olunmayan bu gözəllik onu valeh etmişdi... Ona elə gəlirdi
ki bu yol heç zaman bitməyəcək..."
Və nəhayət,
ömrünün qürub çağında ağır xəstə
yatan Həsən bəy o yuxunu son dəfə görür:
"...Həsən bəy həmin gecə səhərə qədər
yenə inildədi. Qəribədir, gündüz çox
çətinliklə və anlaqsız danışan Həsən
bəy yuxuda çox aydın nitqlə hey deyirdi: "Hənifə,
bax o işığa, o, mənim
çırağımdır, gedirəm evimizə gətirəm",
- söyləyirdi. İllərlə onunla
yaşayan və çətin məqamlarda onu müşaiyət
edən yuxunu yenə görürdü. Yenə
o, itmiş yolunun başlanğıcını tapa bilmirdi.
Qarşısındakı tez-tez ayrılan yolların rəngi
də dəyişmişdi elə bil... Yenə uzaqdan suyun
üstü ilə uzanan yol, közərən şam, bərq
vuran ulduzlar, yol göstərən çıraqlar suyun
üstündəki ağ buludların içindən göylərə
uzanan meyvə ağacları küləyin gücü ilə
yırğalanırdı..."
Mütəmadi
təkrarlanan yuxu motivini kitabın yekununda rəmzi olaraq
çox dərin və təsirli mənalandıran müəllif
yazır ki, Bakıda görünməmiş bir izdihamla son mənzilə
yola salınan Həsən bəyin cənazəsini də,
ömrü boyu öz qəlbində
ağırlığını daşıdığı, dərdini
çəkdiyi insan selini də sanki bir işıq, nur
topası müşaiyət edirdi və insanlar başları
üzərindəki o işıq topasına heyran-heyran
baxırdılar. Bu - Həsən bəyin müqəddəs
ruhu idi "işıq şəklində, nura çevrilərək"
minilliklərə doğru irəliləyirdi. Qəribə
idi ki, dahi insanın ruhundan saçan o parlaq işıq
izdihamın son mənzilə doğru apardığı cismindən
xeyli qabaqda gedirdi. Müəllif haqlıdır: üzərinə
Tanrı tərəfindən qoyulmuş milli maarifçilik
missiyasını tam təmənnasız olaraq əzmlə,
bacarıqla, israrla və yorulmadan yerinə yetirən H.B.Zərdabinin
ruhu əbədi olaraq xalqın başı üzərində
işıq saçacaqdı. Bu parlaq
işığın son mənzili yoxdur, tükənməyən,
bitməyən işıqlı yol heç vaxt sona
çatmayacaqdı. Elm, təhsil, maarif, mədəniyyət
işığına doğru aparan yolda bütün dahilər
kimi Həsən bəyin də ruhu daim uğrunda fəda
olduğu xalqı, milləti müşaiyət edəcəkdi...
Böyük səbr və səliqə ilə
yazılmış kitabı oxuduqca Həsən bəy Zərdabinin
təmənnasız millət sevgisi, xalqa
bağlılığı heyrət doğurduğu kimi,
müəllifin özünün də vətənpərvərliyi
xoş təəssürat yaradır. Bəlkə də kimsə
vətənpərvər olmağı ziyalı borcu sayar.
Ancaq sirr deyil ki, "xəlqi" görünmək və
"xalqın sevimli sənətkarı" adlanmaq naminə
"vətənpərvərlikdən" boğazdan
yuxarı danışanlar da az deyil. Yazıçı-publisist
Sona Vəliyeva isə bu mövzuda heç bir ibarəli
söz, pafoslu cümlə işlətmir. Onun
mülahizələrindən, hadisələrə münasibətindən,
müəllif mövqeyindən Vətəni necə dərin məhəbbətlə
sevdiyi, Azərbaycan xalqına, türk millətinə səmimi
duyğularla bağlı olduğu sezilir.
Özünü
bütünlüklə xalqın inkişafına həsr edərək,
"Əgər bir kişi elmi, ədəbi,
tərbiyə ilə mədəniyyəti bir tərəfə
qoyub pul qazanmağı ondan yaxşı tutursa, ol kişidə
millətpərvərlik olurmu?!" - deyən
Həsən bəyin xalq yolunda nə qədər əziyyətlər
çəkdiyi, nə qədər məhrumiyyətlər
gördüyü, həm yaradıcı ziyalı kimi, həm
də görkəmli ictimai-siyasi xadim kimi nə qədər əzmlə
çalışdığı romanda canlı boyalarla təsvirini
tapır. Belə epizodlardan birində Bakıya qonaq gəlmiş
Maksim Qorki ilə Fyodor Şalyapini neft mədənlərinə
səfərdə müşaiyət edən Həsən bəy
fəhlələrin dözülməz şəraitini
görüb xəcalət çəkir və neftin
hesabına var-dövlət qazanan milyonçuları nəzərdə
tutaraq ürəyində: "Ay namərdlər, kazinolarda hər
gün sovurduğunuz milyonların heç olmasa, mində
birini sərf edərək bu bədbəxtlərə insan kimi
başını qoyub yatmağa bir yer düzəltmək
olmazdımı?!" - düşünür.
Əsər H.B.Zərdabini bizə yenidən
tanıdır, o böyük ziyalının indiyə qədər
təsvir ediləndən və təsəvvür edildiyindən
daha yüksək dəyərə layiq şəxsiyyət
olduğuna inandırır. Bu yerdə əsərdən
çıxan bir mühüm nəticəni də qeyd edək.
Sirr deyil ki, XIX-XX əsrin qovuşağında
Azərbaycanın və ümumən türk
dünyasının milli-mənəvi dirçəlişində,
ictimai-siyasi oyanışında və mədəni tərəqqisində
elə şəxslər, elə hadisələr var ki, biz indiyə
qədər onların ilk olduğunu bilirdik. Ancaq tarixi sənədlər əsasında
yazılan "İşığa gedən yol"
kitabını oxuduqca görürük ki, həmin
"ilk"lərin əksəriyyəti Həsən bəy Zərdabinin
adı ilə bağlı olub. O "ilk"lərin
rişəsi Həsən bəyin ideallarından və
ideyalarından qida alıb. Çox ziyalıya
ilk yol göstərən, tövsiyyə edən, stimul yaradan
başlanğıc o olub. Milli intibah korifeyləri Nəcəf
bəy Vəzirov, Əsgər ağa Gorani, Əlimərdan bəy
Topçubaşov, xüsusən, türk dünyasının
tanınmış ziyalısı İsmayıl bəy
Qaspıralı və b. kimi dəyərli insanlar məhz dahilər
dahisi Həsən bəy Zərdabidən dərs alıblar,
onun fəaliyyətindən örnək götürüblər,
onun nümunəsi və məsələhətləri ilə
"işıq gələn" səmtə üz tutublar. O
cümlədən, "millət atası" kimi tanınan məşhur
milyonçu Hacı Zeynalabdin Tağıyev də Həsən
bəyin müdrik məsləhətlərinə mötəbər
yanaşıb, bir çox xeyriyyəçiliklə təkliflərinə
dəstək verib...
Təbii, bu halların heç biri o böyük
insanların fəaliyyətinin əhəmiyyətini azaltmır. Ancaq deyilənlər
hamısı Həsən bəyə möhtəşəm
abidə ucaltmış müəllifin təqdirəlayiq zəhmətinin
yüksək qiymətidir. Axı zamanında bir çox
ilklərə imza atmış Həsən bəy Zərdabinin
haqqının tanınması da Haqq işidir! Əlbəttə,
xalqımız, dövlətimiz bütün digər görkəmli
fikir adamları kimi H.B.Zərdabinin də qədr-qiymətini
layiqincə uca tutur, o sevilir və hər zaman anılır.
Haqqında tədqiqat əsərləri,
kitablar, məqalələr yazılır. Vaxtilə
bu böyük insan haqqında "Mədəniyyət toxumu səpən
"Əkinçi"" məqaləsini yazanda mən də
onun qəzet yaradıcılığına ətraflı nəzər
salmışdım. Ancaq
"İşığa gedən yol" kitabında H.B.Zərdabinin
hərtərəfli istedada malik olduğu göstərilir və
mütəfəkkirin indiki şöhrət
kürsüsündən qat-qat ucalarda, heç çəkinmədən
deyək - müqəddəslik zirvəsində
dayandığı sübut edilir. Beşikdən - son mənzilədək
Həsən bəyin bütün həyatını və
yaradıcılığını qələmə alan müəllifin təfsirində sübut
olunur ki, milli oyanış tariximizin beşiyi başında
dayanan nadir simalardan biri də məhz Zərdablı bəy
oğlu bəy olubdur!
Bu gün Həsən bəyi bizdən yüzillər
ayırır və o dövrün hadisələri haqqında
ümumi məlumatlar qalsa da, apardığı söhbətlərin
təfsilatı arxivdə yoxdur. Odur ki, əsərdə
qəhrəmanın dilindən verilən əksər mətnlər,
yazılan dialoqlar həm də (və bəlkə də daha
çox) müəllif təxəyyülünün məhsuludur.
Yaradıcılıq prosesində real faktlara əsaslanan
belə təxəyyül izharları məqbul sayılır.
Həsən bəyin sevgi olaylarından tutmuş xeyriyyə cəmiyyəti
yaratmaq, məktəb açmaq, teatr tamaşası
hazırlamaq, qəzet çıxartmaq və s. fəaliyyətləri
zamanı apardığı bütün danışıqlar,
mübahisələr, düşüncələr... - təxəyyül
məhsulu olsa da, istedadla yazıldığı
üçün real və inandırıcı
görünür.
Milləti
xurafat və gerilik girdabında puç olmaqdan xilas edərək
onu elm, savad, bilik, mədəniyyət işığına
doğru aparmaq üçün ömrünü şam kimi əridib
qaranlıq yolun işığını artıran
böyük Həsən bəy Zərdabi sanki tədqiqatçının
bu günkü zəhmətini görərək ürək
yanğısı ilə deyirdi: "Gələcəkdə
bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə
baxanda məəttəl qalacaqdır ki, nə yazsın. Həqiqət,
bizim əsbablar nəki yüz, bəlkə min il bundan əqdəm
olandan tərəqqi etməyib..."
Ancaq Həsən bəyin arzuladığı o gələcək
günlərin birində Sona xanım Vəliyeva "tərəqqi
etmək tariximiz" haqqında sanballı bir əsər
yazdı.
Yazdı ki, ata-baba mülkündə qayğısız
yaşamaq, şad-xürrəm ömür sürmək
imkanı olduğu halda, özünü millətçilik bəlasının
qoynuna atıb nadan təhqirləri, cahil həqarətləri
ilə üzləşən, həcv, lağ, hərzəvü-hədyan
eşidən bu bəy oğlu bəy yalnız xalqın gələcəyi
naminə hər məhrumiyyətlərə dözdü və
əzmlə yolunu davam etdirdi... Yazdı ki, bütün dahilər
kimi Həsən bəyə də getdiyi işıqlı yolu
Tanrı göstərmişdi... Bütün seçilmişlər
kimi Həsən bəy də başqa cür yaşaya bilməzdi,
bu yol onun alın yazısı, tale yolu idi, yaşamağının,
həyatının mənası idi... Yazdı ki, 53
yaşına çatanda Həsən bəy ona görə
yorğun-arğın, 70 yaşlı ahıl bir adamı
xatırladırdı ki, haqq və ədalət uğrunda,
milli inkişaf naminə apardığı mübarizənin
ağırlığı onun fiziki gücündən qat-qat
çox idi: "Çəkdiyi dərdlə içindəki
qeyrət birləşərək üzünə vaxtsız
qırışlar salmışdı..."
Bir
sözlə, qədim və zəngin mədəniyyətə
malik Azərbaycan yurdunun yetirdiyi dahi şəxsiyyətlərdən
biri olan H.B.Zərdabinin bütün mənalı ömrü
tam təfsilatı ilə iri həcmli
"İşığa gedən yol" kitabında əbədiləşdirilib;
o, xalq yolunda hansı əzabları yaşayıb, kimlərlə
mübarizə aparıb, kimlərə dost deyib, kimləri
düşmən sayıb, hansı zərbələri
alıb, hansı uğurları qazanıb... Əsərin
dilinin zənginliyi, mətnlərdəki kolorit, maraqlı
kolliziyalar ətrafında cərəyan edən həzin,
lirik-psixoloji epizodlar, zərif sevgi səhnələri, hadisələrə
fəlsəfi münasibət, aforizm üslublu deyimlər
tarixi faktlarla zəngin kitabın oxunuşunu
asanlaşdırır.
XIX əsrlə
müqayisədə bu gün həm də Həsən bəy
Zərdabinin səpdiyi elm, təhsil, maarif toxumları sayəsində
xeyli inkişaf etmiş müstəqil Azərbaycanda vətənini,
xalqını ürəkdən sevən, onun
inkişafını səmimi qəlbdən arzu edən hər
bir qədirbilən oxucu Sona Vəliyevanın çox
böyük zəhmətlər hesabına ərsəyə gətirdiyi
bu dəyərli kitabı oxuyub başa vurduqdan sonra əminəm
ki, daxilindən mütləq bir alğış sədası
qopacaqdır:
"Afərin, Sona xanım! Əllərinizə
sağlıq!"
Akif ƏLİ,
fəlsəfə doktoru,
yazıçı-publisist
İki sahil.- 2016.- 30 avqust.- S.12; 14.