Qarabağda talan var...
Və ya dünyanın gözü
qarşısında tarixi abidələrimizi məhv edən
ermənilər Azərbaycana qarşı “arxeoloji cəbhə”
açıb
Azərbaycan ərazilərinin 20 faizə
qədəri 25 ilə yaxındır ki, Ermənistan
silahlı qüvvələrinin işğalı
altındadır. Düz 25 ildir yurdlarımızı talan-qarət
edən ermənilər bu müddət ərzində maddi mədəniyyət
nümunələrimizi söküb-dağıdır, tarixi
abidələrimizi məhv edir, Azərbaycan xalqına məxsus
olan və tarixi minilliklərə gedib çıxan maddi sərvətlərimizi
saxtalaşdırmaqda, qənimət kimi ələ keçirib
özününküləşdirməkdə davam edirlər.
Düz 25
ildir əsarətdə saxladıqları dədə-baba
yurdumuzda “arxeoloji qazıntılar” aparmaqla tarixi abidələrimizi,
qədim yaşayış məskənlərimizdəki maddi mədəniyyətimizi
talan edən ermənilər indi də Azıx mağarasına
soxulmaqla tariximizi saxtalaşdırır. Hətta buna görə
Avropadan, dünya sivilizasiyalarının mərkəzi
sayılan Fransadan alimlər də dəvət edir. Nə
yazıq ki, bu alimlər arasında Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik
missiyasını üzərinə götürmüş
ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransanın elm
adamları da var.
Əslində
ermənilərin işğal altındakı qondarma “arxeoloji
tapıntılar”ı yeni deyil.
Son 25 ildə işğal altında saxladıqları
Dağlıq Qarabağda və ətraf rayonlarda apardıqları
“arxeoloji qazıntılar”a dair onlarla belə fakt göstərə
bilərik.
Ağdam
yaxınlığında “arxeoloji qazıntılar” nəticəsində
“Tiqranakert” adlı qədim erməni şəhərinin
tapıldığını iddia edən ermənilərin bu
saxtakarlığının üzərindən cəmi 4 il keçib. 2012-ci ildə bu
“tapıntı” ətrafında xaricdə böyük təbliğat
kampaniyası quran erməni alimləri sonradan eyni vandalizm siyasətini
Kəlbəcərdə tətbiq etdilər.
İşğalçı Ermənistanın alimləri bu dəfə
Kəlbəcər ərazisində, Tərtər çayı
sahillərində “qədim erməni şəhəri”ni
aşkara çıxardıqlarını elan etdilər.
Aprel
döyüşlərindən az sonra - bu ilin may ayında Ermənistan
silahlı qüvvələrinin əsgərləri
işğal altında saxladıqları Azərbaycan ərazilərində
səngər qazarkən qədim dövrə aid iki türbənin
qalıqlarını tapıblar. Ermənistan mətbuatının
yaydığı məlumatda bildirilirdi ki, əsgərlər
cəbhə zonasında mühəndis-istehkam işləri
aparan zaman torpağın çox da dərin olmayan alt
qatından saxsı qablar, o cümlədən külçələr
aşkarlayıblar. Hətta qondarma “DQR”in Turizm Nazirliyinin Tarixi
mühitin dövlət mühafizə xidmətinin nümayəndəsi
Diana Mirijanyan tezliklə həmin ərazidə arxeoloji işlərə
başlayacaqlarını da gizlətməmişdi. Bununla da
Dağlıq Qarabağı və ətraf
rayonlarımızı işğal altında saxlayan Ermənistan
tarixi saxtalaşdırmaq və Azərbaycan ərazilərində
guya, erməni mənşəli tapıntıların üzə
çıxdığını nümayiş etdirmək
üçün yeni bir fürsət qazandığını
bəyan edirdi.
İndi
isə tarixi saxtalaşdırmağın növbəti mərhələsini
ötən əsrin 60-cı illərində azərbaycanlı
arxeoloq Məmmədəli Hüseynov tərəfindən kəşf
edilən Azıx mağarasında davam etdirirlər. Ermənilərin
bu saxtakarlığını əvvəlkilərdən fərqləndirən
bir mühüm məqam var: aprel döyüşləri
zamanı Azərbaycanın hərbi qüvvəsi
qarşısında geri çəkilmək məcburiyyətində
qalan Ermənistan bütün ciddiyyəti və gücü ilə
işğal altındakı ərazilərdə məskunlaşdırmanı
mümkün qədər tezləşdirmək və
Dağlıq Qarabağdakı maddi mədəniyyət abidələrini
ya erməniləşdirmək, bu mümkün olmadıqda isə
həmin abidələri dağıdaraq yox etmək xəttini
tutub.
Aprel
ayında döyüş əməliyyatları zamanı
faktiki olaraq Azərbaycan Ordusu qarşısında duruş gətirə
bilməyən ermənilər 4 günlük müharibədən
sonra Dağlıq Qarabağda “arxeoloji döyüşlərə”
başlayıb.
Torpaqlarımızın işğalı dövründə
Ermənistan ordusunun tərkibində
Azərbaycana qarşı döyüşən xarici muzdlu
döyüşçülər indi “arxeoloji cəbhə”də
erməni fitnəkarlığına və
saxtakarlığına dəstək verən alimlər əvəz
edir. Yenə də nə yazıq ki,
erməni fitnəkarlığına uyub Azərbaycana
qarşı “arxeoloji cəbhə”də vuruşanlar
arasında avropalı alimlər, fransız arxeoloqlar
üstünlük təşkil edir.
Halbuki hələ əmin-amanlıq dövründə bu
fitnəkar ermənilər də Qarabağ əhalisi
arasında Azıx mağarasının vaxtilə pir, ziyarətgah
kimi tanındığını bilirdilər. Azığın ən böyük
dəyəri ondadır ki, burada daş dövrünün
bütün mərhələləri aşkar olunub. “Azıxantrop” adlanan beşinci
neandertal insanın qalıqları 1968-ci ildə məhz
Dağlıq Qarabağın ərazisində Azıx
mağarasında tapılıb.
Həmin il azıxantropun çənə
sümüyü arxeoloq Məmmədəli
Hüseynov tərəfindən tədqiq olunub.
Əslində
əsrlər boyu türklərə qarşı düşmənçilik
siyasəti yürüdən ermənilərin hələ
ötən əsrin 60-cı illərində Azərbaycan
arxeoloqları tərəfindən tədqiq edilən Azıx
mağarasına soxulmaqla tariximizi saxtalaşdırmaq cəhdi
başadüşüləndi. Başa düşülməyən,
anlaşılmayan, təəssüf və təəccüb
doğuran hadisə Avropa alimlərinin
erməni fitnəkarlığına uyaraq onların Azıx
mağarasındakı “arxeoloji tapıntı”larına bu qədər
diqqət göstərməsidir.
Axı, Avropa alimləri, lap elə Fransanın elm
adamları Azıx mağarasındakı
tapıntıların hələ 1960-cı illərdə Azərbaycan
arxeoloqları tərəfindən tədqiq edildiyini və
dünyaya tanıdıldığını bilməmiş
deyillər. Hərgah ermənilərin dəvət etdiyi bu
avropalılar, fransızlar doğrudan da elmlə məşğuldurlarsa...
Bu alimlər
həm də işğal altındakı Azərbaycan ərazilərinə
- Dağlıq Qarabağa qanunsuz səfər etdiklərinin də
fərqində olmalıdırlar. Çünki onlar
doğrudan da alimdirlərsə və elmlə məşğul
olan adamlardırlarsa, Azıx mağarasının aid olduğu
ərazinin - Dağlıq Qarabağın Ermənistan deyil, Azərbaycan
torpağı olduğunu bilməlidirlər!
Görünür,
burada elmi yanaşmalar yox, siyasi mülahizələr və məqsədlər
daha önəmlidir...
Bəs,
“arxeoloji cəbhə”də erməni fitnəkarlığına
və saxtakarlığına dəstək verən fransalı
alimləri susdura biləcəyikmi?
Azərbaycan
alimləri bu sualın cavabını hələ 1968-ci ildə
verib. İndi isə növbə Azərbaycan Ordusunundur.
Silahlı Qüvvələrimiz işğal altındakı ərazilərimizi
azad etməklə kəmfürsət ermənilərin bu niyyətini
də gözündə qoyacaq.
Bir
mühüm məqamı da yaddan çıxarmayaq: 1994-cü
ildə imzalanmış atəşkəs sazişindən
keçən 22 ildə baş verənlərin təhlili
göstərir ki, bu müddət ərzində ermənilərin
dağıtdığı tarix-mədəniyyət abidələrinin
sayı hərbi əməliyyatların getdiyi illərdə
dağıdılmış abidələrin sayından
çoxdur. Nadir kolleksiyası olan Kəlbəcər
tarix-diyarşünaslıq muzeyi, Şuşa, Laçın,
Ağdam muzeyləri və başqaları
dağıdılıb, onların eksponatları
dünyanın müxtəlif ölkələrində
satışa çıxarılıb. Məsələn, Natəvanın,
Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş
tunc heykəlləri Şuşadan aparılaraq sonradan
Gürcüstanda satışa
çıxarılmışdı və Azərbaycan hökuməti
onları 500 min dollara alıb Bakıya gətirmişdi.
Laçın tarix-diyarşünaslıq muzeyinə məxsus
eksponat Londondakı Soutbi hərracında 80 min dollara
satılıb. İşğal olunmuş ərazilərdə
ermənilərin vəhşiliklərindən biri də ondan
ibarətdir ki, onlar həmin abidələrdə və
ayrı-ayrı tikililərdə yazıları erməni
xaçı və yazıları ilə əvəz edirlər.
Elxan Salahov
İki sahil.- 2016.- 2 dekabr.- S.17.