Dövlət müşaviri Kamal Abdullayev:
Azərbaycanda
multikulturalizmin
çiçəklənməsi
göz qabağındadır
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının
sədri, akademik Kamal Abdullayev Misirin məşhur “Əl-Əxbar”
media holdinqinin geniş oxucu kütləsinə malik “Əxbar-əl
ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin
baş redaktoru Tarik-əl-Tahir Hifniyə müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim
edir.
-Azərbaycanda həyata
keçirilən multikulturalizm siyasəti haqqında məlumat
verməyinizi xahiş edirəm.
-Azərbaycan
Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti
nəticəsində multikulturalizm ölkəmizdə dövlət
siyasəti səviyyəsinə qaldırılıb. Prezidentin Sərəncamı
ilə 2016-cı il Azərbaycanda
“Multikulturalizm ili” elan edilib. Bu, o deməkdir ki, Azərbaycanda cəmiyyətin
müxtəlif təbəqələri multikulturalizm istiqamətində
müəyyən fəaliyyət göstərir, fikirlərini
söyləyir, Azərbaycan multikulturalizmini, yəni, Azərbaycan
insanının canına, qanına xas olan dəyərləri
dünyaya çatdırmaq istəyirlər.
İki il bundan
əvvəl Prezidentin müvafiq fərmanları
ilə Azərbaycan Respublikasının millətlərarası,
dini və multikulturalizm məsələləri üzrə
Dövlət müşaviri xidməti, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi yaradılıb.
Həm dini və etnik məsələlər,
həm multikulturalizm bir–biri ilə sıx əlaqəlidir. Azərbaycanda
çoxsaylı etnik qruplar və xalqlar yaşayır, müxtəlif
dini konfessiyalar fəaliyyət göstərir. Əsrlər
boyu bunlar bir-birinə xoş qardaşlıq münasibətləri
sərgiləyiblər. İslam dini heç zaman başqa dinlərin
nümayəndələrinə yuxarıdan aşağı
baxmayıb. Biz müsəlman olmuşuq, amma Azərbaycanda
yaşayan xristianlara, yəhudilərə səmavi dinlərin
nümayəndəsi kimi həmişə müsbət
münasibət bəsləmişik. Bütün bu insanlar
arasında olan münasibət, müxtəlif xalqların və
fərqli dinlərin nümayəndələrinə münasibət
əsrlərdən bəri Azərbaycan
yazıçılarının və şairlərinin əsərlərində
öz təsvirini tapıb.
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin bu yaxınlarda Azərbaycan
və rus dillərində nəşr etdiyi “Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında
X-XI əsrlərdən bəri Azərbaycan ədəbiyyatının
böyük söz ustadları başqa dinlərin və digər
millətlərin nümayəndələrinə öz gözəl
hisslərini və arzularını bildirirlər. Bizim
yazıçılarımızın, şairlərimizin əsərlərində
İsa peyğəmbərə, Musa peyğəmbərə,
Süleyman peyğəmbərə, Məryəm Anaya, eləcə
də başqa dinin nümayəndələrinə son dərəcə
yüksək tolerant münasibət bəslənilir.
Onların həm adları, həm də gördükləri
işlər təbliğ olunur. Bütün bu münasibət
Azərbaycan cəmiyyətində bu günə qədər
yaşayır. Bu, bir azərbaycanlı
dünyagörüşünün, psixologiyasının və
əxlaqının təzahürüdür. Nəhayət, Azərbaycanda
əsrlərdir mövcud olan belə bir multikulturalizm dağ
çayını ulu öndərimiz Heydər Əliyev siyasi
bir məcraya saldı. Azərbaycan Konstitusiyasında, Ulu
Öndərin verdiyi sərəncamlarda, fərmanlarda Azərbaycanda
yaşayan müxtəlif xalqların dilinin, mədəniyyətinin,
tarixinin öyrənilməsinin və inkişaf etdirilməsinin
siyasi cəhətdən təsbiti öz əksini tapdı. Ulu
Öndər məşhur bir sitatında vurğulayır: “Azərbaycanda
yaşayan xalqların gücü bütünlükdə Azərbaycanın
gücüdür”. Ümummilli Lider prezidentliyi dövründə
bu xalqların dillərinin, mədəniyyətlərinin
inkişafı üçün çox işlər həyata
keçirib. Bu siyasi xətti öz fəaliyyətində əsas
götürən Prezident İlham Əliyev o ənənələri
davam etdirməyi qarşısına məqsəd qoyub. Dövlətimizin
başçısı Azərbaycan multikulturalizminin gözəl
ənənələrini dünyaya təqdim etmənin
yollarını göstərir, eyni zamanda, dünyadakı
multikultural proseslərdən Azərbaycanda istifadə
olunmasının şərtlərini önə sürür.
Bu gün Azərbaycanda
müsəlmanlarla yanaşı,
xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin
nümayəndələri çox normal tolerant münasibətlə
yanaşı yaşamaqdadırlar. Azərbaycanda multikultural mühit hətta
elə bir inkişaf səviyyəsinə çatıb ki,
buradakı məzhəblərin nümayəndələri də
bir –biri ilə son dərəcə isti və mehriban münasibətdədirlər.
Məsələn, dünyanın ən böyük və ən
gözəl məscidlərindən biri olan Heydər məscidində
bu gün Azərbaycan sünniləri və Azərbaycan şiələri
bir cərgədə namaz qılırlar. Müxtəlif dinlərə
məxsus insanların bir-birinə belə mehriban münasibətini
görəndə bəzən Avropadan gələn xaricilər
təəccüblənirlər. Onlar bizə tez-tez sual verirlər:
“Necə olur sizdə belə bir əhvali-ruhiyyə
mövcuddur, hadisələr bu cür inkişaf edir, bu durum
yaranır?” Biz də öz növbəmizdə təəccüblənirik:
“Başqa cür necə ola bilər ki?”
Biz əsrlər boyu
həmin o xristianlarla, yəhudilərlə
bir yerdə yaşayıb bir yerdə
formalaşmışıq. Mənəviyyatımız, mədəniyyətimiz
bir regionun daxilində, bir vətənin içindədir: əsrlər
ərzində biz azərbaycanlılaşmışıq.
Bu gün Azərbaycanı
gəzsəniz, adı
“Ərəb” olan bir neçə kənd görərsiniz. Onlar bəlkə də nə
vaxtsa ərəb olublar. Amma bu gün onlar azərbaycanlıdırlar.
Eyni şəkildə bu gün Azərbaycanda yaşayan ruslar
da, gürcülər də, ləzgilər də,
talışlar da, yəhudilər də və başqa
xalqların nümayəndələri də bu gün azərbaycanlıdırlar.
Biz dünyaya bu gün bu multikulturalizm modelini, bu Azərbaycanı
təqdim etməyə çalışırıq.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılandan bəri çox
böyük layihə həyata keçirir. Bu layihəyə əsasən,
hazırda 20 xarici, 28 yerli universitetdə Azərbaycan
multikulturalizmi fənni tədris edilir. Mərkəz xarici
ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən
tələbələr üçün mütəmadi olaraq
beynəlxalq multikulturalizm yay və qış məktəbləri
təşkil edir. Bununla da həmin gənclər nəzəri
şəkildə öyrəndikləri Azərbaycan
multikulturalizmi ilə əyani şəkildə tanış
ola bilirlər. Bu, o deməkdir ki, onlar burada Azərbaycan
tarixini, ədəbiyyatını, psixologiyasını, mədəniyyətini,
mənəviyyatını və ictimai-siyasi durumunu öyrənirlər
və bu fənni öyrənə-öyrənə onların
Azərbaycana olan məhəbbəti artır. Azərbaycanın
multikultural dəyərlərini dərindən mənimsəyən
və sevən Almaniya, Portuqaliya, İsveçrə, Litva,
İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Yunanıstan,
İndoneziya, Bolqarıstan, Çexiya və Polşa
universitetlərindən olan gənclər keçən il təşkil
olunan yay məktəbində öz təşəbbüsləri
ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai
Birliyini yaradıblar.
Biz Misir səfirliyinin
mədəniyyət attaşesi
ilə danışıqlar zamanı qərara gəlmişik
ki, yaxın gələcəkdə Misir Ərəb
Respublikasında da Azərbaycan multikulturalizmi fənni tədris
edilməyə başlansın. Bu addımın hər iki ölkə
üçün faydalı olacağını
düşünürəm. Yəni, biz Azərbaycanı həmin
ölkədə təbliğ etməklə yanaşı, eyni
zamanda, həmin ölkəni də Azərbaycanda təbliğ
etmiş oluruq.
-Sizin fikirlərinizə
istinad olaraq bilmək
istərdim, cəmiyyətin, xalqın multikultural olması
üçün hansı şərtlər vacibdir?
-Bu gün müxtəlif təhlükəsizlik doktrinaları
mövcuddur: Qida təhlükəsizliyi, iqtisadi təhlükəsizlik,
enerji təhlükəsizliyi, hərbi təhlükəsizlik.
Düşünürəm ki, bunlarla yanaşı, multikultural
təhlükəsizlik anlayışı da var. Bugünkü
dünyada bütün ölkələrin öz multikultural təhlükəsizliyini
təmin etməsi gərəkdir. Bu, o deməkdir ki, ölkə
daxilində müxtəlif konfessiyaların, müxtəlif dinlərin
məzhəblərinin, fərqli millətlərin nümayəndələrinin
qardaş kimi mehriban yaşaması təmin olunmalıdır.
Buna nail olmaq üçün ölkə rəhbərinin
siyasi iradəsi lazımdır. Azərbaycanda bu, belə həll
olunur. Azərbaycanın rəhbəri Prezident İlham Əliyev
müxtəlif konfessiyalara və müxtəlif xalqların
nümayəndələrinə bərabər münasibət
bəsləyir. Bu, özünü onlara olan mənəvi və
maddi münasibətdə özünü göstərir.
Prezident dini və etnik icmaların heç birini o birindən
üstün və ya aşağı tutmur, buradan isə
onların bir-biri ilə mehribanlığı ortaya
çıxır.
Faktiki olaraq bu gün Avropada
multikulturalizm siyasəti ilə bağlı iki qütb formalaşıb. İki qütbün birində
Qərbi Avropanın aparıcı ölkələri – Fransa,
Almaniya, İngiltərə qərar tutub. Onlar multikulturalizmin
öz ölkələrində iflas etməsini önə
çəkirlər. Onların fikrincə, multikulturalizm bu
ölkələrdə heç cür inkişaf edə bilməz,
çünki o ölkələrə gələn miqrantlar, o
ölkələrin dinini, mədəniyyətini qəbul edib
assimilyasiya ola bilmirlər. “Bədbin qütb”
adlandırdığımız bu qütbün siyasi ifadəsini
İngiltərənin keçmiş Baş naziri Devid Kemeron
ifadə edib. O, 2011-ci ildə Münxen Təhlükəsizlik
Konfransındakı çıxışını hətta “Mənim
multikulturalizmə qarşı müharibəm”
adlandırmışdı.
Digər qütbü “nikbin qütb” adlandırmaq olar. Mən bu qütbdə Azərbaycanı
və Azərbaycan Prezidentinin multikulturalizmin bu gününə
və gələcəyinə nikbin münasibətini
görürəm. Azərbaycanda multikulturalizmin çiçəklənməsi
göz qabağındadır. Azərbaycan cəmiyyətində
nə üçün multikultural bir əhvalın hökm
sürməsinin bir başqa cavabı da var. Multikulturalizm əslində
müxtəlifliklərin birliyi deməkdir. Azərbaycan kimi
ölkələrdə multikulturalizm müxtəlifliklərin
birliyi kimi ilkin mahiyyət daşıyır, yəni, burada
ilkin müxtəliflik özünü göstərir. Ən qədim
zamanlarda müxtəlif xalqlar, fərqli din
daşıyıcıları bir-birinin yanında
yaşayıb formalaşıblar. Nə
anlaşılmazlıqlar olubsa tarixin uzaq dövrlərində
qalıb. Bu gün bu müxtəlifliklər Azərbaycan
adlı birliyin içindədir. Onlar bir-birilərinin mədəniyyətinə,
bir-birilərinin fərqlənən xüsusiyyətlərinə
hörmət və ehtiramla yanaşa bilirlər. Avropa ölkələrində
isə belə deyil. Orada multikulturalizmin iflasa
uğramasının obyektiv səbəbləri də var. Bu,
ondan ibarətdir ki, orada həmin müxtəliflik sonrakı
müxtəliflikdir. Avropa ölkələrinə gələn
başqa dinin, başqa millətin nümayəndələri
artıq özünü təsbit etmiş, özünəinamlı
mədəniyyətləri gətirirdilər və yerli mədəniyyətlə
gəlmə mədəniyyət arasında qarşıdurma,
ziddiyyət baş verirdi. Görünür, belə ölkələrdə
siyasi müdaxilə daha kəskin və daha məqsədəuyğun
qurulmalıdır.
Müxtəlifliyin ilkin olduğu ölkələrdə multikulturalizmin təntənəsini
görə bilirik. Bunun baş verməsi üçün sadəcə
siyasi iradə və siyasi dəstək lazımdır. Bu siyasi
dəstək də xalqın, cəmiyyətin daxili ruhuna
uyğun olanda multikultural əhval hökm sürür.
-Prezident İlham Əliyev 2016-ci
ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bu il çərçivəsində
Azərbaycanda və Azərbaycandan kənarda hansı layihələr
həyata keçirilir?
-Bununla bağlı Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi ilə yanaşı, Azərbaycan
Milli Elmlər Akademiyasının, Azərbaycan universitetlərin,
müxtəlif nazirliklərin və təşkilatların həyata
keçirdiyi tədbirlər planı var. Həmin qurumların
hər birinin irəli sürdüyü təkliflər
bütövlükdə Prezident tərəfindən təsdiqlənmiş
ümumi bir Tədbirlər Planına çevrildi. Bu Tədbirlər
Planına əsasən adıçəkilən qurumlarda
müxtəlif konfranslar keçirildi. Eyni zamanda, müxtəlif
universitetlərdə, elmi, dini məclislərdə Azərbaycan
multikulturalizminin təbliği və təşviqi ilə
bağlı tədbirlər oldu. Azərbaycanda fəaliyyət
göstərən dini konfessiyaların rəhbərləri
Almaniyada, İngiltərədə, İspaniyada,
İsveçdə və başqa ölkələrdə həmin
ölkələrin din xadimləri ilə görüşlər
təşkil etdilər, çox böyük və faydalı
müzakirələr keçirildi, islamla xristianlıq, islamla
yəhudilik arasında olan məsələlər müzakirə
olundu, ölkələrarası münasibətlər nəzərdən
keçirildi, Azərbaycan multikulturalizminin bu elçilərini
xarici ölkələrdə in ən yüksək səviyyədə
qəbul etdilər.
O elçilərin sırasında
Qafqaz Müsəlmanlar
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadənin adını çəkə bilərəm.
Şeyxülislamla birgə Roma-Katolik Kilsəsinin Azərbaycandakı
apostol prefekturasının ordinarisi Vladimir Fekete, Rus Pravoslav
Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
arxiyepiskopu Aleksandr Ata, Bakı şəhəri dağ yəhudiləri
dini icmasının sədri Milix Yevdayev, Azərbaycan
Respublikasının Alban-Udi Xristian icmasının sədri
Robert Mobili və başqa konfessiya nümayəndələri
bir yerdə bir çox xarici ölkələrdə Azərbaycan
həqiqətlərini dilə gətirdilər.
Əslində, biz Azərbaycan multikulturalizmi
çərçivəsində öz həqiqətlərimizi
bir daha dünyaya çatdırmaq imkanı əldə
etmişik. Siz bilirsiniz ki, bizim Dağlıq Qarabağ problemi
kimi böyük bir problemimiz var. Azərbaycan
torpaqlarının bir hissəsi Ermənistan tərəfindən
sovet imperiyası zamanı işğal olunub. Bütün
dünyanın sülhsevər ölkələri Ermənistanı
bu işğala son qoymağa çağırır, amma Ermənistan
rəhbərliyi hətta öz xalqının belə
düşməninə çevrilərək bu
işğalçı siyasətini davam etdirir. Sizə bir fakt
deyim: Bakının mərkəzində gözəl bir bina var
- erməni kilsəsi, bu gün kitabxana kimi fəaliyyət
göstərir. Amma Dağlıq Qarabağda bu gün Azərbaycan
müsəlman məscidləri, mədəni, mənəvi
abidələr hamısı darmadağın edilib.
Xaricdə həyata keçirdiyimiz
layihələrə gəlincə,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Almaniya,
İsrail, Moldova, İtaliya, Portuqaliya, Bolqarıstan və
Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində
filialları fəaliyyət göstərir. Bununla biz öz
işimizi bitmiş saymırıq. Başqa layihələr də
var və bu çərçivədə xarici ölkələrdə
və Azərbaycanda ən uzaq kəndlərdə belə
müxtəlif konfranslar, “dəyirmi masa”lar keçirilir və
keçiriləcək. Əslində multikulturalizmi təbliğ
etməklə xalq və cəmiyyət bir daha öz
keçmişinə dönür və öz gələcəyini
daha aydın şəkildə görür. Görülən
işlər çoxdur. Mən ancaq kiçik bir hissəsini
diqqətinizə çatdırdım.
-Bildiyimə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
“Kitabi-Dədə Qorqud”dan “Basatın Təpəgözü
öldürdüyü” boyu 25 dildə nəşr etdirib. Bunu
da Azərbaycan multikulturalizminin bir hissəsi hesab edə bilərikmi?
- “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının
əsatirləri, mifologiyası üzərində
yaranmış xalq dastanıdır. “Kitabi-Dədə Qorqud” Azərbaycanın
ən qədim dövründən təxminən X əsrə
qədərki tarixini özündə əks etdirən mənəvi
bir xəzinədir. Ona görə də “Kitabi-Dədə
Qorqud” dastanından bir boyun 25 dildə çap
olunmasının öz mənası var. Azərbaycan Prezidenti
bir il bundan əvvəl “Kitabi-Dədə Qorqud”
dastanının alman dilində ilk tərcüməsi və nəşrinin
200 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam
imzaladı. Düz 200 il bundan əvvəl 1815-ci ildə Alman
alimi Fridrix Henrix Fon Dits “Kitabi-Dədə Qorqud”
dastanlarının əlyazmasını nəşr edib və
“Basatın Təpəgözü öldürdüyü” boyu
alman dilinə tərcümə edib. Onun vasitəsilə
dünya “Kitabi –Dədə Qorqud”la tanış oldu.
Multikulturalizm Mərkəzi tərəfindən həmin boy və
alman alimin yazdığı müqəddimə Azərbaycan,
ingilis, alman, rus, türk, macar, italyan, fransız, yunan,
Çin, krayna, fars, hind, gürcü, erməni, yapon, ivrit,
talış, ləzgi, kürd, udin, tat, avar, xınalıq, o
cümlədən gözəl və möhtəşəm ərəb
dilinə tərcümə edilərək ayrıca
kitabçalar şəklində nəfis tərtibatla çap
edildi. Bu layihənin icrası ilə Azərbaycanın
multikultural dəyərləri bir daha dünyaya təqdim
edildi.
-Son sualımın
istiqaməti bir az başqadır. Necə oldu ki, siz
“Yarımçıq əlyazma”da bütün dünyanın
diqqətini çəkəcək şəkildə tarixi və
ədəbiyyatı möhtəşəm bir şəkildə
əlaqələndirdiniz?
- Onu Allah bilir, Allah güc
verdi bacardım. İndi hərdən romanı vərəqləyəndə
öz-özümə deyirəm: “Mən bunu necə oldu
yazdım?” Bilmirəm. Ona görə də Allah bilməyənləri
bilənlərin qəzəbindən qorusun. Amma orası da var
ki, “Yarımçıq əlyazma” mənim həm elmi, həm
də bədii araşdırmalarımın fokusuna
çevrildi. Azərbaycan mənəviyyatının iki
aparıcı təmayülünün birləşdiyi bədii
məkan oldu. Daha dərindən Qorqudçuluq mədəniyyəti
və onun üstünə gələn Səfəvilik mədəniyyəti
bu romanda bir-birinin yanındadır. Hər birinin dünya mədəni
xəzinəsinə töhfələri şübhəsizdir.
Başqa mədəniyyətlərin də bu müstəvidə
öz görüntüsü var. Bəzən bu
görüntü gizlinə, əndəruna çəkilir. Məncə,
siz dediyiniz kimi, romana qarşı maraq və diqqət
bolluğu məhz başqa məkanlarda yaşayanların həm
uzaq Oğuz elinə, həm də öz-özlərinə
daha dərindən baxmaq, bələd olmaq ehtirasından
yarandı.
-Bildiyimə görə, Azərbaycanda
çox az sayda akademik dərəcəsinə
nail olmuş şəxsiyyət var. Siz də bunlardan birisiniz.
Bu dərəcəyə nail olmaq çox çətin oldumu?
-Universitetin filologiya fakültəsini bitirmişəm,
sonra magistr, elmlər namizədi, aspirantura, elmlər doktoru…
Dilçi türkoloq kimi namizədlik dissertasiyam “Kitabi-Dədə
Qorqud”un dilindən idi. Doktorluq dissertasiyam Azərbaycan dilinin
sintaksisi ilə bağlı olub. Bu da mənə imkan verib ki,
öz dilimin sintaksisini və üslubi xüsusiyyətlərini
cilalaya bilim. Ondan əvvəl və sonra bədii əsərlərim
işıq üzü görüb. “Gizli Dədə Qorqud”
adlı monoqrafiyam çap olunub. İndi də “Kitabi-Dədə
Qorqud”un poetikası üzərində işləyirəm. Yəni,
Dədə Qorqud sanki işıq saçan bir nur
dağıdır. Bütün gördüyüm işlər
bir-biri ilə əlaqəlidir. Bütün bunlardan sonra təbii
ki, yazdıqlarıma qiymət verən insanlara minnətdar
olmalıyam. Mənə qiymət verən insanlar Azərbaycanın
dəyərli alimləri, dəyərli şəxsiyyətləri
və dəyərli vətəndaşlarıdır.
İki sahil.- 2016.- 2 dekabr.-
S.11; 15.