Peşəkar neftçi, yaradıcı
mühəndis, istedadlı alim
Dekabrın 2-də Azərbaycanın şanlı neft epopeyasının baş qəhrəmanlarından birinin, məşhur ixtiraçı-alim, neft ustası, keçmiş İttifaqın Lenin və Azərbaycan SSR-in dövlət mükafatları laureatı, texnika elmləri doktoru, professor, Azərbaycanın fəxri neftçisi Bəhmən Əbiş oğlu Hacıyevin 90 yaşı tamam olur.
Bəhmən Hacıyev Azərbaycanda və keçmiş İttifaqın neft rayonlarında çalışan həmkarları arasında neft işi və elminin fədailərindən biri kimi tanınırdı. O, zəkalı, əməksevər, prinsipial və nəcib bir insan idi. Zəngin biliyi və təcrübəsi, ekstremal şəraitdə özünü itirməməsi və düzgün qərar qəbul etməsi, daim yeniliyə can atması ona böyük şöhrət qazandırmışdı. Bununla yanaşı, o, tələbkar olduğu qədər də diqqətcil və qayğıkeş rəhbər idi. Onun üçün ən böyük sərvət tabeliyindəki insanlar - neftçi həmkarları idi və Bəhmən Hacıyev onların əmək və məişət şəraitinin yaxşılaşdırılmasını özünün başlıca vəzifəsi bilirdi.
Çətin, şərəfli və mənalı həyat yolu keçmiş B.Hacıyev ömrünün 27 ilini Neft Daşlarına sərf etmiş, möhkəm iradəsi və cəsarəti ilə bu əfsanəvi dəniz şəhərində çalışanlara örnək olmuşdu. O əsl novator və dəniz adamı idi. Həyatının mənasını xalqa xidmətdə görən B.Hacıyev artıq sağlığında özünə əbədiyaşarlıq qazanmışdı.
Bəhmən Hacıyev 1926-cı il dekabr ayının 2-də Sisyan rayonunun Qızıl Şəfəq kəndində anadan olmuşdu. 1939-cu ildə natamam orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Sabunçu rayonunun 148 nömrəli orta məktəbində təhsilini davam etdirmişdi. Əmək fəaliyyətinə orta məktəbi bitirdikdən sonra - 1943-cü ildə keçmiş “Əzizbəyovneft” trestinin (indiki H.Z.Tağıyev adına NQÇİ) ikinci mədənində operator köməkçisi kimi başlamışdı. 1945-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, burada 1950-ci ildə neft və qaz yataqlarının işlənməsi üzrə dağ mühəndisi ixtisasına yiyələnmişdi.
Gənc mütəxəssis 1950-ci ildə “Bibiheybətneft” trestinin 6-cı mədənində neft və qaz hasilatı üzrə usta işləmiş, bir il sonra işini “Gürganneft” trestinin 2-ci mədənində eyni vəzifədə davam etdirmiş, daha sonra həmin mədənin böyük mühəndisi təyin olunmuşdu. Bəhmən müəllim 1953-cü ildən “Gürganneft” trestinin baş mühəndisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin trest Sov.İKP-nin XXII qurultayı adına Neft və Qazçıxarma İdarəsinə çevrilmiş və Bəhmən Hacıyev 1962-ci ilədək bu NQÇİ-nin baş mühəndisi, 1977-ci ilədək isə rəisi olmuşdur.
Bəhmən Hacıyevlə mənim ilk tanışlığım 1954-cü ilin mart ayında Neft Daşlarında oldu. Tale elə gətirdi ki, mən təzə təşkil edilmiş “Dənizneft” Birliyinin aparatından Neft Daşlarına göndərildim və 1-ci mədənin böyük geoloqu vəzifəsində işləməyə başladım. Mədənin müdiri Bəxtiyar Məmmədov idi. “Neft Daşları” yeni yataq olduğundan burada yeniliklərin tətbiqinə geniş imkan var idi. 1954-cü ildə “Neft Daşları” yatağında dünyada ilk dəfə olaraq laylara su vurulması prosesinə başlandı. Bütün texniki məsələlərin həllinə trestin baş mühəndisi Bəhmən Hacıyev nəzarət edirdi. Neft Daşlarının gurhagur dövrü idi. Bizim aramızda işgüzar münasibətlər yaranmışdı. Hər bir məsələ xırda detallarına kimi müzakirə olunur və birlikdə həll edilirdi.
Açıq dənizdə yerləşən “Neft Daşları” kimi qeyri-adi neft yatağında 50-ci illərin sonu - 60-cı illərin əvvəllərində qapalı istismar sisteminin yaradılması Bəhmən Hacıyevin xidmətlərindən biridir. Neft sənayesində belə işlər inqilabi dəyişikliklər kimi qiymətləndirilməlidir. Çətin şəraitdə dəniz neftçiləri Bəhmən Hacıyevin bilavasitə iştirakı ilə neft və qaz yataqlarının istismarında əsl qəhrəmanlıq nümunələri göstərmiş, on kilometrlərlə estakada qurmuş, çoxlu yeni fikirlər, ixtiralar, səmərələşdirici təkliflər irəli sürərək açıq dənizdə əfsanəvi şəhər salmış, rabitə və kommunikasiya sistemləri yaratmışlar.
Bu böyük kollektivin əməyi, çəkdiyi zəhmət nəticə etibarilə neftlə ölçülürdü. Odur ki, Bəhmən Hacıyev neftin çıxarılması ilə yanaşı, həm də onun yığılması, saxlanılması və itkisiz daşınması məsələlərinə ciddi diqqət yetirirdi. O vaxt neft sahilə tankerlərlə daşınırdı və sutkada 22 min ton neftin belə uzaq məsafəyə dənizlə hər cür hava şəraitində - fırtınada, qasırğada daşınması nəqliyyatın hərəkətində çoxlu əlavə problemlər yaradırdı. İlk dəfə Neft Daşlarının tarixində bu məsələ ilə Bəhmən Hacıyev dərindən məşğul oldu. O, SSRİ neft sənayesi naziri Valentin Dmitriyeviç Şaşinin Neft Daşlarına gəlməsindən istifadə edərək, neftin boru kəməri ilə nəqli ideyasını irəli sürdü və nazir bu təşəbbüsü bəyəndi. Beləliklə də neftçiləri uzun illər narahat edən, onlara əziyyət verən bir problemin həll olunmasının yolu tapıldı. Adlı-sanlı neftçilərin - Sabit Orucovun və Qurban Abbasovun rəhbərliyi ilə bu ideya əsasında Neft Daşlarından Abşeron yarımadasının Dübəndi məntəqəsinə neft boru kəməri çəkildi. Bu işin gedişində Bəhmən Hacıyevin neçə-neçə səmərələşdirici təklifi, ixtirası həyata vəsiqə aldı və böyük səmərə verdi. Qeyd edim ki, neftin yığılması üçün iriləşdirilmiş məntəqələrin yaradılması da onun adı ilə bağlıdır.
Bəhmən müəllim mütəxəssislərlə həmişə fikir mübadiləsi edir, yeni ideyaların, səmərələşdirici təkliflərin meydana gəlməsinə şərait yaradır, yol açırdı. Onun üçün xırda, yaxud böyük məsələ yox idi - ən əsas cəhət elmi izah və elmi əsaslandırma idi.
Dəniz neftçiləri yaxşı bilirlər ki, Neft Daşlarında quyuların maili istiqamətdə küt qazılması, maili qazmanın köməyi ilə bir nöqtədən iki quyunun qazılması üsulları Bəhmən Hacıyevin rəhbərliyi və bilavasitə iştirakı ilə tətbiq olunmuşdur.
Bəhmən müəllim istehsalatın istedadlı təşkilatçısı və püxtələşmiş rəhbər kimi tanınmışdı. Respublika rəhbərliyi bunları nəzərə alaraq, 1977-ci ilin mart ayında onu “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin etdi. Bu vəzifədə o, geniş fəaliyyəti ilə bir çox dəyişikliklərə nail oldu.
Axtarış-kəşfiyyat işləri canlandı və onun rəhbərliyi ilə Zaqafqaziya üzrə (Azərbaycan, Gürcüstan) neft-qaz yataqlarının axtarış və kəşfiyyatının kompleks layihələri (1979-1980, 1981-1985 illər) hazırlandı və SSRİ Neft Sənayesi Nazirliyində təsdiq olundu. Nəticədə, Cəfərli, Kəlaməddin, Tərsdəllər yataqları kəşf edildi, Muradxanlıda neft sahəsi genişləndi, bir sıra infrastrukturlar - mərkəzdənqaçma ştanqlı quyu nasoslarının, müxtəlif tipli elektrik mühərriklərinin ixtisaslaşdırılmış təmir bazaları və s. təşkil olundu.
Bəhmən Hacıyev 1984-cü ildə Zaqafqaziya Ümumittifaq Təhlükəsizlik Texnikası İnstitutunun direktoru təyin olundu. Burada onun rəhbərliyi ilə dünyada analoqu olmayan vışkaların yeni təhlükəsiz sınaq üsulu, əlliyə yaxın normativ sənəd, təhlükəsiz texnologiya, təhlükəli qazların sızmasına yol verməmək məqsədilə boru kəmərlərində və çənlərdə nasaz yerlərin təyin olunması üçün aerozol və s. kimi yeniliklərin işlənib hazırlanması başa çatdırıldı. Tengiz (Qazaxıstan) yatağının və kükürd-hidrogen tərkibli digər neftli yataqların işlənməsi ilə bağlı təhlükəsiz texnologiya təklif olundu.
Bəhmən Hacıyev 1993-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Neft-Qaz Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda çalışmış, burada da elmi araşdırmalarını davam etdirmiş, öz işinə sədaqətlə xidmət etmişdir.
Bəhmən Hacıyev özünün istedadı, əməksevərliyi və analitik təşəkkürü sayəsində neft elminin görkəmli simalarından biri kimi tanınmışdı.
1961-ci ildə o, dənizdə neft yataqlarının işlənilməsi və istismarı məsələləri (Neft Daşlarının timsalında) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdi.
İstedadlı alim sonrakı illərdə özünün dərin mədən-istehsalat təcrübəsinə, zəngin biliyinə arxalanaraq, ona müvəffəqiyyətlər qazandırmış elmi araşdırmalarını uğurla davam etdirirdi. 1990-cı ildə B.Hacıyev doktorluq dissertasiyasını müdafiə etdi və ona texnika elmləri doktoru alimlik dərəcəsi verildi. Onun 105 elmi əsəri və 50-dən çox ixtirası var. Bu əsər və ixtiralar, xüsusilə də “Dənizdə neft yataqlarının işlənilməsi və istismarı” adlı monoqrafiyası 1963-cü ildən başlayaraq Bəhmən müəllimin bütün həyatını, neft işində danılmaz xidmətlərini göz önündə bir epopeya kimi canlandırır. O, çox məhsuldar alimlərimizdən biri idi.
Bəhmən müəllim səmimi və tələbkar idi, gənclərə necə işləməyi həvəslə öyrədirdi. İstehsalat və elmi fəaliyyəti ilə yanaşı, pedaqoji işlə də uğurla məşğul olurdu. Uzun müddət o, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs demiş, neft-mədən ixtisası üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuş, 1991-ci ildə ona professor elmi adı verilmişdir. Bəhmən müəllim bu ali təhsil müəssisəsində dissertasiyaların müdafiəsi üzrə ilk ixtisaslaşdırılmış şuranın, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin ekologiya üzrə ekspert komissiyasının üzvü olmuşdur.
Bəhmən müəllimin hələ Neft Daşlarında özünü aydın büruzə vermiş təşkilatçılıq qabiliyyəti və rəhbərlik istedadı illər ötdükcə yeni çalarlarla zənginləşmiş, ona böyük şöhrət qazandırmış, fəaliyyət sahəsinin genişlənməsinə zəmin yaratmış, geniş və səmərəli ictimai-siyasi işlərə cəlb edilməsinə gətirib çıxarmışdı. Azərbaycan KP-nın 1964-cü ildə keçirilmiş XXIV qurultayında o, təftiş komissiyasının, növbəti qurultayda isə Mərkəzi Komitənin üzvü, ötən əsrin 70-ci illərində Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdi.
Azərbaycanda neft sənayesinin inkişafında, dəniz neft və qaz yataqlarının işlənilməsində və istismarında Bəhmən Hacıyevin xidmətləri yüksək qiymətləndirilmişdir. O, keçmiş SSRİ-nin Lenin, “Oktyabr İnqilabı” ordenləri və iki “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuş, Lenin mükafatına və Azərbaycan SSR-in Dövlət mükafatına, “Azərbaycan SSR-in neft ustası”, “SSRİ neft sənayesinin əlaçısı”, “Fəxri neftçi”, “Azərbaycan SSR-in Əməkdar mühəndisi” fəxri adlarına, akademik Yusif Məmmədəliyev adına mükafata, keçmiş Almaniya Demokratik Respublikasının Fəxri Qızıl Diplomuna layiq görülmüşdü.
Bəhmən Hacıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun vaxtilə yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.
Məşhur neftçi-alim, gözəl insan, neft sənayesinin inkişafında müstəsna rolu olan yaradıcı mühəndis və istedadlı ixtiraçı Bəhmən Hacıyev xalqımızın, Azərbaycan neftçilərinin və onunla birlikdə çalışanların qəlbində daim yaşayacaq, həmişə dərin ehtiramla yad ediləcəkdir.
Xoşbəxt
YUSİFZADƏ,
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti, Azərbaycan Milli
Elmlər
Akademiyasının akademiki
İki sahil.- 2016.- 2 dekabr.- S.9.