Yalçın Rzazadə: Atam elə bilirdi
ki,
tanınmış rəssam
olacağam
Müsahibimiz Xalq artisti
Yalçın Rzazadədir
- Sənət eşqi elədir ki,
insan hər zaman yaradıcılıqdan zövq alır və
yorulmur. Sizin timsalınızda bunun bir daha
şahidi olduq. Yalçın müəllim bu gün də yeni
mahnılar yazdırır, oxuyur və eyni zamanda sənətdə
qazandıqlarını tələbələrinə öyrədir...
- Sənətdən
zövq almaq lazımdır. Təbii ki, söhbət
əsl sənətdən gedir. Hərdən mənə
deyəndə ki, retro mahnılar səslənəcək biraz əsəbiləşirəm
ki, musiqinin retrosu ola bilməz. Bu ancaq kinoda ola bilər.
Çünki o zaman çəkilişlər fərqli idi, kameralar
başqa idi. Daha sonra müasir texnikaya keçid
oldu, kompyuter, qrafika və s.
Məgər bu gün 30-40 il bundan əvvəl
oxuduğum mahnılar sevilmirmi? Elə bir dənə “Bakı
sabahın xeyir””
mahnısını götürsək kifayətdir.
Bu silsilədən
yüzlərlə mahnı adı çəkə
bilərəm. Haqqımda bir veriliş çəkilmişdi,
adı da belə idi, “Yalçın 743””. Verilişin
adı ilə maraqlananda məlum oldu ki, 743 ifa etdiyim
mahnıların sayıdır. Demək
olar ki, dahi sənətkarların, arasında puxtələşib
boya-başa çatmışam. Sənətinə
hörmətlə səcdə etdiyim sənətkarlarımız
var. Məsələn Cahangir Cahangirov, Tofiq Quliyev, Emin
Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimova, Telman Hacıyev,
Ramiz Mirişli, Nəriman Məmmədov, Oqtay Rəcəbov,
Eldar Mansurov, Firəngiz Babayeva, şairlərdən Bəxtiyar
Vahabzadə, Cabir Novruz, Fikrət Qoca və başqaları. Sənətə gəlişimi yaxşı
xatırlayıram. Efirə ilk dəfə əlimdə
gitara kovboy geyimində, yaxası açıq köynəkdə
çıxmışdım. O zaman efirdə əlində
gitara ilə klassik musiqiləri ifa etmişəm. Bu o dönəmlər idi ki, barmağında belə
üzüklə səhnəyə çıxmağa icazə
yox idi. Sevilən bəstəkarlarımız
tərəfindən məxsusi mənim səsim
üçün yazılan mahnılar bu gün də istər
orta yaşlı, istərsə də gənc
ifaçıların repertuarlarında səslənir.
Sevinirəm ki, ilk dəfə can verdiyim mahnılarımın
ömrü qısa deyil əbədi oldu.
- Yalçın müəllim “Od içində” filmində
baş rolu canlandırmısınız. Uğurlu da
alınmışdı, ancaq davamı gəlmədi?
- Mən Konservatoriyadan əlavə aktyorluq fakültəsini
də bitirmişəm. Ona görə də səhnədə səsimlə
yanaşı plastika və hərəkətim də yerində
olub. Rza Təhmasib məktəbi
keçmişəm. “Od içində” filmi uğurlu
alındıqdan sonra 3-4 kinoya da dəvət aldım. Ancaq vaxt azlığına görə qəbul etmədim,
68 ölkədə olmuşam. Qastrol səfərlərinə
gedirdim. Seçim etməliydim ya kino ya da
oxumaq. Mən də oxumağı
seçdim. Hər ikisi də böyük
zəhmət tələb edir, ona görə bölünmədim.
Hesab etdim ki, bir işi yarımçıq etmək
olmaz. Yarı olanda az olur. Bu qədər
mahnıları oxumaq asan iş deyil. Hərdən
özüm-özümə təəccüb edirəm ki, necə
olub ki, mən bu qədər işi görmüşəm.
Çünki, gecəli-gündüzlü
çalışmışam.
- Dədə Qorqud”, “Gün
keçdi”, “Qaynana”,”Bayquş qayıdanda”, “Baladadaşın
ilk məhəbbəti” kimi filmlərin musiqilərinə
Yalçın Rzazadə öz ifası ilə ölməzlik
bəxş edib... Bu gün çəkilən
kinolarımızdan yeni təkliflər gəlirmi?
- Mənə
təklif gələndə öncə kinofilmin ssenarisi ilə
tanış oluram. Onun dünya
görüşü, xarakteri ilə tanış
olduqdan sonra filmlərdəki mahnıları ifa etmişəm.
Uğurun birinci səbəbi budur. Hər zaman tələbələrimə də deyirəm
ki, birinci ürək, sonra boğaz oxumalıdır. Sənətimlə çox böyük
bağlılığı olan bir hadisəni sizə
danışmaq istəyirəm. Müəyyən
mahnılarım var idi ki, onlara Sovet dönəmində
qadağalar qoyurdular. Günlərin birində gəmi ilə
böyük bir qrupla
Neft Daşlarına getmişdik. Burada şəxsiyyətlərinə,
sənətlərinə böyük hörmət bəslədiyim
Şövkət Ələkbərova, Gülağa Məmmədov, Cabir Novruz, Bəxtiyar Vahabzadə
kimi böyük sənətkarlar var idi. Hərə
bir işlə məşğul olur, kimi söhbət edir, kimi
də yemək yeyirdi. Mənim də ifa edəcəyim
mahnını siyahıdan çıxarıb, oxunmasına
qadağa qoyublar. Gəmidə kefsiz
durmuşam dənizə baxıram, düşünürəm.
O zaman öz-özümə fikirləşirəm ki, niyə
bu qədər əziyyət çəkirəm. Əziyyətimi qiymətləndirmirlər, bəlkə
mənim istedadım yoxdur, nə qədər gəncəm
gedim başqa peşə seçim. Birdən
gözüm Tofiq Quliyevə sataşdı. Tofiq müəllim nahar edirdi. Fikirləşdim
ki, Tofiq Quliyev kimi bir çox dahi bəstəkarlar öz istəkləri
ilə mənim üçün mahnılar yazırlarsa, deməli
istedadım var. Elə bu vaxt Tofiq Quliyev məni stoluna dəvət
etdi və soruşdu ki, nə dərdli-dərdli dənizə
baxırsan. Baş verənləri danışdım, bildirdim
ki, çox çətin bir mərhələdən
keçirəm, nə qədər olar çətinlik... Tofiq müəllim üzümə uzun-uzadı
baxdıqdan sonra bildirdi ki, sən öz dövrünü mədəniyyətinlə
bir qədər qabaqlamısan. Vaxt gələcək
hər şey düzələcək. Aradan
uzun illər keçəndən sonra bir dostumuzun
yığıncağında Tofiq Quliyevlə
görüşdük. O zaman artıq Tofiq müəllim
xəstə idi iki nəfər qoluna girib gətirmişdi.
Görüşdə mənə dedi ki, Yalçın Neft
Daşları yadındadır? Dedim heç vaxt yadımdan
çıxmaz Tofiq müəllim.
- Deyirlər istedad irsən
keçir. Oğlunuz Mətin sizin yolunuzu davam
etdirir. Oğlunuzun sənətdə peşəkarlığı sizi qane edirmi?
- Səmimi
olaraq bildirirəm ki, səsi olmasaydı heç vaxt
oxumasına icazə verməzdim. Bu yol çox əziyyətli
və çətindir. Bizim oxuduğumuz
vaxtlardan indi daha çətindir. Çünki
əvvəllər bəstəkarlar müğənnilər ilə
işləyirdilər, mahnını yazıb, dövlətdən
də qonararlarını alırdılar. Mən
heç vaxt mahnı yazdırıb pul verməmişəm.
Bəstəkarlar özləri bizə müraciət
edirdilər ki, bu mahnını sənin səsinə uyğun
yazmışam. İndi isə tamamilə fərqlidir.
Gənclər mahnını öz büdcələri
hesabına almalı, oranjiman etdirməli, eyni zamanda efirə
çıxarmalıdır. Ona görə
də Mətin üçün bu sənətdə irəliləmək
hələ ki, çətindir. Qismət.
Azərbaycanın bir sənət tarixi var. Bu
tarixdə əsl sənətkarın adı yaşayır.
- Yalçın müəllim,
uşaqlığınız İkinci Dünya Müharibəsinin
yeni qurtardığı o çətin illərə təsadüf
edib. Necə xatırlayırsınız o illəri? Yalçın Rzazadə
keçmişə tez-tezmi səyahət edir?
- Əlbəttə. Elə bir sənətkar
tanımıram ki, o xatirələrlə yaşamasın. Məsələn,
bu yaxınlarda Maykıl Cekson haqqında bir yazıya rast gəldim.
Oxuyanda ağladım. Ona
görə ağladım ki, o çox kədərli bir
uşaqlıq keçirib. Demək olar ki,
heç mən də rahat uşaqlıq keçirməmişəm.
Atam ziyalı, rəhbər vəzifədə
olmasına baxmayaraq maaşı ailəyə
çatmırdı. Uşaqlar yay tətilində
istirahət edəndə, əylənəndə mən
yeşik mismarlamışam, balıqçılara kömək
etdərək evə balıq gətirmişəm. Utanmıram bundan, sadəcə
uşaqlığımı yaşamamışam. Sonralar hər dəfə xarici ölkələrə
qastrol səfərlərinə gedəndə pullarımı
cürbəcür oyuncaqlara xərcləyirdim. Oyuncaqlardan ibarət böyük bir kolleksiyam da var.
Darıxanda, sıxılanda gəlib oyuncaqlara baxıram.
Bir gün öz-özümə sual verdim ki, yekə
kişiyəm mən niyə bu oyuncaqlara baxanda rahatlayıram?
Nəticəyə gəldim ki, axı
uşaqlığım olmayıb. Yəqin
ki, uşaqlığımdakı o həsrət mənimlə
yaşayır. Ötən günlərin
çətinliklərindən məyus olmuram. Yəqin ki, elə o çətin günlərin
uğur qazanmağımda böyük rolu olub ki, heç nə
məni yolumdan döndəmədi.
- Siz həm də müəllimsiniz. Maraqlıdır dərs dediyiniz tələbələr
arasında gələcəyin Yalçın Rzazadəsini
tapmısınızmı?
-
Böyük sənət təcrübəm var. 50 ilə
yaxındır ki, bu sənətdəyəm. Bildiyiniz kimi, böyük səhnələrdə
çıxış etmişəm. Afrika ölkələrindən
başlayıb Anqolaya
qədər getmişik. Konqoda, Brazilyada, Əlcəzairdə, Mərakeşdə, Fransada,
İngiltərədə, Şotlandiyada, İspaniyada,
İtalyada konsertlər vermişəm. İtaliyada
ən böyük tarixi xatirəm La-Skala böyük
teatrında çıxış etməyim oldu. Orada Müslüm Maqomayev və Tamara Sinyavskaya ilə
birlikdə bir səhnəni bölüşmüşəm.
İslandiyada konsert zamanı island mahnısı
oxudum. Konsertdən sonra oranın mədəniyyət
naziri mənə yaxınlaşaraq soruşdu ki, necə oldu
ki, siz bizim mahnını elə oxudunuz ki, ayırd edə bilmədik
bu islandır, yoxsa azərbaycanlı. Bir sənətkar
kimi böyük bir yol keçmişəm və
çalışıram ki, tələbələrimə sənətin
bütün sirlərini öyrədim. Təbii
ki, yaxşı səslər var.
- Adətən müğənnilər
konkret bir bəstəkar və ya şairlə işləyirlər.Yəni
bütün yaradıcılıqları boyu həmin bəskəkarlar
şairlər o müğənni üçün mahnılar
yazırlar. Sizin sevdiyiniz bəstəkar, şair kimdir?
-
Çox bəstəkarlarla işləmişəm, ancaq
Cahangir Cahangirov son nəfəsinə qədər mənə
mahnılar yazdı. Demək olar ki, onun sonuncu
ifaçısı mən idim. Onun ifaçıları əsasən Rəşid
Behbudov, Şövkət Ələkbərova və İslam Rzayev idi. “Durnalar”
mahnısını mənim ifamda eşidəndən sonra mənə
bir-birinin ardınca mahnılar verdi. Ancaq qeyd etdiyim kimi, bir çox korifey bəstəkarlarla
işləmişəm.
- Azərbaycan sənətçiləri,
arasında fərqli geyim tərzinizlə seçilirsiniz. Bilmək istəyərdik bir-birindən zövqlü
geyimləri özünüz seçirsiniz, yoxsa köməkçiniz
var?
- İlk ustadım hər zaman böyük hörmətlə,
məhəbbətlə andığım rəhmətlik anam
olub. Gördüyü hər bir işi, aldığı
hər bir hədiyyəni zövqlə təqdim edərdi.
Məsələn, adı bir kökə
bişirirdi, ona xüsusi dizayn verirdi. Müxtəlif
heyvan fiqurları şəklində düzəldərdi.
Mən eyni
zamanda rəsm çəkməyi çox sevirəm. Atam son nəfəsinə qədər elə bilirdi
ki, mən çox tanınmış rəssam olacam. Bu yaxınlarda İstanbulda böyük bir geyim
fabrikində oldum. Orada çalışan,
İtaliyada təhsil almış dizayner xanıma sifariş
verdiyim geyimimlə bağlı bir neçə göstəriş
verdim. Hazır olandan sonra dizayner
yaxınlaşıb soruşdu ki, Yalçın bəy siz bu
sahədə çalışmısınız? Dedim
xeyr. Mən ümumiyyətlə yüksək
zövqlü birisiyəm. Tək geyimdə
deyil, ətriyyat sahəsində özümə rəqib tanımıram.
Ümumiyyətlə isə, rənglərdən
düzgün istifadə etməyi sevirəm.
- Yalçın müəllim Azərbaycan
estrada musiqisinin gələcəyini
necə görürsünüz və bu estafeti
daşıyanlar arasında kimlərə daha çox
ümidiniz var?
- Gənc nəsildə yaxşı oxuyanlar var. Amma hələ Rəşid Behbudovu, Şövkət Ələkbərovanı, Rübabə Muradovanı, Yalçın Rzazədəni görə bilmirəm. Deyərdim ki, çoxluq içərisində məni təəccübləndirəcək sənətkarları hələ görə bilmirəm. Səs Allah vergisi olub cəlb etməlidir. O olmayanda musiqi səsi haradan gəlib hara gedir adam fərqinə varmır. Sənətkarın hər zaman sənəti öndə olur. Amma görürsünüz ki, çox vaxt sənət arxada qalır vücud, bədən ön planda. Bu artıq sənət deyil. Mən Samir Cəfərova, Azər Zeynalova qulaq asıram. Gənc olmalarına baxmayaraq onların sənətlərinə, böyük hörmətim var.
- Yalçın
müəllim bütün sənət adamlarının adətən
ikinci bir həyatı olur. Bəs sizin necə?
- Təbiətə bağlı insanam, onu həddindən artıq çox sevirəm. Nə zaman ki, əhvalım olmur təbiətə çıxıram, quşları seyr edirəm, dəniz kənarında gəzirəm oturanda baxıram ki, iki saatdan artıq oturmuşam. Təbiətdə olmayanda enerjimin bitdiyini düşünürəm.
Şəmsiyyə
Əliqızı,
Röya
Şahbazi
İki sahil.- 2016.- 6 dekabr.- S.12.