Əsl sənətkarlar heç
vaxt şou ardınca getmirlər
Müsahibimiz Xalq artisti Zaur Rzayevdir
- Zaur müəllim,
yaşadığınız ömrün müəyyən bir
hissəsi ötən əsrə təsadüf edib. O əsr
ki orada dəyər ölçüləri tam başqa idi. Əsrlər arasındakı fərqi necə
xarakterizə edərdiniz?
-
Bilirsiniz, hər vaxtın, hər zamanın öz gözəlliyi
var. Danılmaz faktdır ki, ötən əsr mədəniyyətin,
incəsənətin, hətta iqtisadiyyatın yüksəlişi
ilə zirvədə idi. O zaman Filarmoniyada ayda iki dəfə
konsert verirdim. Yığılan pullarla simfonik
orkestrin maaşını verirdilər. Çünki
Filarmoniya o zaman təsərrüfat hesabı ilə işləyirdi.
Həmkarlarım Teymur Mustafayev, Niyaməddin Musayev, Süleyman
Abdullayev və digər sənətçilərlə birlikdə
rayonlarda konsertlər verirdik. İnsanlar hər
şeyə qane olurdu. Biz o dövrdə
Yaponiyadan başlayıb Afrika ölkələrinə qədər
aylıq səfərlərdə olurduq. O zaman hər kəs
öz yerini çox gözəl bilirdi, böyüyə
xüsusi hörmət var idi. İndi meyarlar
çox dəyişib. Kiçik
böyüyün bostanına daş atır, böyük
kiçiyin. İnsanlar bu gün daha çox texniki vasitələrlə
vaxt keçirməyə can atırlar. Hətta o dövrdə
çəkilən filmlərimiz “Uzaq sahillərdə”,
“Gün keçdi”, “Uşaqlığın son gecəsi”, “Bəxtiyar”
və s. bir-birindən maraqlı idi. İndi də
seriallar çəkilir, amma baxırsan ki, o keyfiyyət yoxdur.
Ancaq bu gün əsasən muğam və klassik
musiqinin inkişafından çox razıyam. Əvvəlki illərdən fərqli olaraq indi oxumaq
daha asandır. Texniki vasitələrlə
səsyazma studiyalarında səsi necə istəsən
düzəltmək mümkündür. İstərdim
gənc nəsildə peşəkarlıq daha yüksək səviyyədə
olsun, əziyyətdən qorxmasınlar. Zamanla
hər şey öz yoluna düşəcək. 50 ilə yaxındır bu sənətdəyəm,
çox çətinliklərdən keçmişəm,
heç vaxt əziyyət çəkməkdən
qorxmamışam. Ömrümün 20 ilini
orduya sərf etmişəm. Naxçıvan
da daxil olmaqla bütün cəbhə bölgələrində
əsgərlər qarşısında çıxış
etmişəm. Səngərlərdə əlimizdə
ritm vura-vura xalq mahnıları oxumuşuq. Əsgərlərə mənəvi dayaq olmuşuq.
Müqayisədə əvvəllər bəstələnən
və oxunan mahnıların ömrü çox uzun idi. Bu gün də həmin mahnılar sevilə-sevilə
ifa edilir. Əfsuslar olsun ki, indi bəstələnən
mahnılar bir neçə dəfə oxunduqdan sonra unudulur,
ömrü çox qısa olur. Mənim nəzərimdə
efir müqəddəsdir, qeyri-peşəkarları ora
çıxarmaq olmaz. Onsuz da
xalqımız istedadlı xalqdır, kifayət qədər
peşəkar sənətçimiz var.
- “Cavanlığım” sizin
ifanızda son dərəcə həzin, kövrək səslənir...
- “Cavanlığım” mahnısı artıq 30-35 ildir
oxunur. O
mahnını mən gənc olanda ifa etmişdim. Əlbəttə, cavanlıq insana Allah tərəfindən
verilən ən böyük var-dövlətdir. Bunu düzgün dəyərləndirərək elə
yaşamaq lazımdır ki, yaşlananda arxaya dönüb
peşman olmayasan. Cavanlıq kök,
bünövrə deməkdir. Çünki
hər şey cavanlıqda öz həllini tapır. Allaha şükür ki, elə gənclik
dövrü keçirmişəm ki, bu gün arxaya baxanda
peşmançılıq keçirmirəm. Ayın bütün günü bölgələrimizdə
zəhmətkeşlərlə görüşlərdə
olurduq. İstirahətimiz isə konsertdən
sonra ölkəmizin füsunkar təbiətini seyr etmək
olurdu. Bugünkü yaşam tərzimə
görə cavanlığıma minnətdaram.
- Zaur müəllim, müsahibələrinizin
birində də demisiniz ki, dostlarınız çox
gözütox insanlardır. Ötən müddət
ərzində onlar haqqında fikirləriniz sizi
yanıltmadı ki?
-Dost
anlayışı birtərəfli olmur. Əgər
yaxşı dostlarım varsa, burada mənim də rolum az deyil. Belə bir deyim var: “Sən mənə
qarşı bir addım gəl, mən sənə beş addım gələrəm”. Dostluqda təmənna güdən insan deyiləm.
Yaxşı dostunun olmasını istəyirsənsə,
ilk növbədə gərək özün yaxşı
olasan. Dostluq o zaman yaxşı alınır ki,
qarşındakı insanın dünyaya baxışı səninlə
eyni olsun, onunla həmdəm ola biləsən.
Mənim nəzərimdə dostluğun mənası
çox yüksəkdir. Hər insana da dost demək
olmur. Xalq mahnımızda
vurğulandığı kimi, “Canı yanan ya bir olar, ya iki”.
Ətrafım genişdir, amma etiraf edim ki, qəlb
dostum, ailə dostum iki-üç nəfərdən çox
deyil.
- Bu gün şou biznesdəki sənətçilər
qınaq obyekti olsalar da, etiraf edək ki, gündəmdə də
elə onlardır. Bir sənətkar kimi sizin fikrinizi də
bilmək maraqlı olardı...
-
Dünyanın hər yerində şou anlayışı var.
Bir şeyin ki, adının əvvəlində şou,
arxasında biznes gələcəksə burada sənətdən,
musiqidən, mədəniyyətdən söhbət gedə
bilməz. Çünki əsl sənətkarlar
heç vaxt şou ardınca getmirlər. Ancaq
heç bir yerdə iş-güc tapa bilməyən insanlar bu
sahəyə müraciət edir. Ucuz
şoularla gündəmdə qalmaq istəyirlər. Ancaq inanıram ki, böyük Üzeyir Hacıbəyov
məktəbi daim yaşayacaq. Ucuz şou təlxəkləri
isə ələnib sıradan çıxacaq. Hamı peşəkar olmur. Hər
yerindən qalxan ağa olsa dünya maraqsız olar. Kiçik bir ölkə üçün Qara Qarayev,
Fikrət Əmirov, Üzeyir Hacıbəyov kimi insanlar
Allahın bizə bəxş etdiyi böyük dahilərdir.
Ona görə o xırda şeylər ki var,
onlara baxıb gülürəm.
- Adətən istedad irsən
keçir. Oğlunuz Azər də sizin yolunuzu uğurla davam
etdirir...
- Oğlum Azər 2014-cü ildə ciddi sınaqlardan
keçərək dünyanın məşhur “La Scala” Vokal
Akademiyasına daxil olmuşdur. Bu böyük uğur
idi, çünki müxtəlif ölkələrdən olan
500 iddiaçı arasından seçilən dörd nəfərdən
biridir. İlk azərbaycanlıdır ki,
“La Scala” Vokal Akademiyasının tələbəsidir. Xoşbəxt atayam ki, oğlum uşaqlıq
arzularının zirvəsinə doğru inamla, qətiyyətlə
addımlayır. İstedad zəhmətlə
yoğrulmasa, bəhrə verməz. Azər
Tanrının ona lütf etdiyi səsi, istedadı insanlara
yüksək səviyyədə təqdim etmək
üçün səylə çalışır.
Müəllimlərindən - Renato Bruzon, Luçana Serra,
Luçana D`Intino kimi dünya şöhrətli musiqiçilərdən
sənətin sirlərini öyrənir.
- Ölkəmizdə demək olar ki,
hər il davamlı olaraq musiqi müsabiqələri
keçirilir. Gənc istedadların üzə
çıxarılmasında bunun nə kimi əhəmiyyəti
var?
-
Çox gözəl təşəbbüsdür. Hər bir müsabiqədə mütləq bir
neçə gözəl simalar üzə çıxır.
Son illər Azərbaycanda mədəniyyətin
inkişafına dövlətimizin başçısı
İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva tərəfindən
çox böyük dəstək verilir. Heydər
Əliyev Fondu tərəfindən Azərbaycan musiqisinin
dünyada tanıdılması məqsədilə müxtəlif
müsabiqələr və beynəlxalq festivallar təşkil
edilir. İstedadlı uşaqları üzə
çıxarmaq üçün mütəmadi şəkildə
ümumrespublika baxış-müsabiqələri
keçirilir, qaliblərin təhsil almalarına şərait
yaradılır. Bu mənada, bizi millət
kimi dəyərli edən bu mədəni irsi, mədəniyyəti
yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi
borcudur.
- Şəxsi həyatınızdan
razısınızmı?
-
Ümumiyyətlə, insan elə bir varlıqdır ki, yüz
faiz heç nədən razı olmur. Amma
çox şükür, narazı olmağa heç bir səbəbim
yoxdur. Gözəl sənətim, ailəm
və uşaqlarım var. Allah insanı elə yaradıb ki,
yer üzündə ondan güclü varlıq yoxdur. Hər şeyə qarşı çox diqqətciləm.
İstər evdə, istər bağda. Evin demək olar ki, çox problemlərini
özüm həll edirəm. Ailəm
üçün gördüyüm işdən həzz
alıram, xoşhal oluram. Əsas odur ki,
insanın ailəsi dürüst olsun, övladları tərbiyəli
olsun. Əgər övladlarını
yaxşı tərbiyə etmisənsə, demək,
dünyanın ən xoşbəxt insanısan. İki oğlum var. Biri polis kapitanıdır. BDU-nu bitirib. Digər oğlum isə
İtaliyada təhsil alır. Bəli, həyatımdan
razıyam.
- Sənət adamlarımızın əksəriyyəti
toylara gedir. Toylarımızın bugünkü
vəziyyəti sizi qane edirmi?
- Toy gəlir
mənbəyidir. Bu adət-ənənə min
illərdir yaşayır. Ancaq əvvəlki
toylarla indiki toylar arasında çox fərq var. Əvvəllər
üç-beş ay əvvəldən gəlib vəd
alırdılar. Bizi Sabirabada və yaxud hansısa rayona
toya dəvət edəndə ev sahibi səni
maşınla 40 km əvvəldən
qarşılayırdı ki, Habil Əliyev, Zaur Rzayev kimi
hörmətli qonaqlarımız gəlir. İndi
bir çox adət-ənənələrimiz kimi toylarda
iştirak da adiləşib.
- Bəzən eşidirik ki,
hansısa müğənni toyda döyülüb və yaxud
məclisdən qovulub. O zamanlar da belə hallar olurdumu?
- Əgər belə hallar olubsa demək düz edib
döyüblər. Yaxşı müğənnini yuxarı
başa keçirərlər, qovmazlar. O zaman sənətə,
sənətkara böyük hörmət edilirdi. Çünki təsadüfi adamlar bu sənətdə
olmurdu. Xanəndələr, müğənnilər
səsləri ilə birlikdə ədəb-ərkanları ilə
də seçilirdilər. Bu gün isə
bir çox dırnaqarası oxuyanlar var ki, efirlərdə,
toylarda çox qeyri-etik hərəkətlərə yol verirlər.
Belələri təbii ki, döyülər də,
qovular da. Xalqın gözü tərəzidir.
Hər kəsə layiq olduğu qiyməti verir.
- Dinlədiyiniz müğənnilər
kimlərdir?
- Əsasən yaşlı nəslin ifalarını dinləyirəm. Arif Babayev və
İslam Rzayevin ifalarını çox sevirəm. Gənclərin içərisində də bu gün
yaxşı oxuyanlar və mənim zövqümdə olanlar
var ki, onları da sevə-sevə dinləyirəm. Ehtiram Hüseynov və Aygün Bayramovanın
ifalarını bəyənirəm. Yumşaq,
həzin oxuyurlar, bəziləri kimi
çığırmırlar. Çığırmaq
yox, oxumaq lazımdır. Axı
Şövkət Ələkbərova, Rübabə Muradova nə
qədər lirik, nə qədər yumşaq oxuyub. Sevə-sevə qulaq asdığım ifalar
çoxdur. Musiqi də bir növ
qidadır. Mahnılara ürəyini
qoymalısan. Heç vaxt mahnını məşhur
olmaq üçün oxumamışam. Sevib
oxumuşam və bilmişəm ki, xalq da bunu bəyənəcək.
Çox şükür ki, oxuduğum mahnılara xalq yüksək
qiymət verdi. Ümumiyyətlə,
peşəkarlıqla ifa olunan musiqinin ömrü uzun olur və
tarixdə qalır.
Şəmsiyyə Əliqızı,
Röya Şahbazi
İki sahil.- 2016.- 7 dekabr.- S.11.