Heydər Əliyev: əməlləri ilə

əbədiyaşarlıq qazanan dahi

 

Dahilərin qeyri-adi istedadları, fenomen bacarığı öz zamanında bəlkə də dərk olunmur. Böyük şəxsiyyətlərin adı ilə bağlı möhtəşəmliyi səhifələrində əbədiləşdirənləri tarix özü dəyərləndirir, qiymət verir. El arasında belə müdrikləri Tanrının çox sevdiyi insanlar da adlandırırlar. Fitri istedadı, iti zəkası, siyasi qətiyyəti ilə dünya siyasətçilərinin ön sırasında addımlayan Heydər Əliyev də taleyinə belə xoşbəxtlik yazılmış liderlərdəndir.

Azərbaycan xalqında milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli mənəvi dəyərlərin qorunması da Ulu Öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması kimi dəyərlər Heydər Əliyev dövlətçilik məktəbinin ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadiintellektual potensialından istifadə etməklə xalqının xoşbəxt və firavan yaşamında gerçəkləşdirməkdə görən Ulu Öndər tarixi şəxsiyyət kimi təkcə əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki, zəruri, mükəmməl qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq bölgəsinə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar 1990-cı ildə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edəndə də ona qarşı yönələn təzyiq, təhdidlərdən belə qorxmayaraq, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi taleyüklü qərarlar qəbul etməklə bir daha xilaskarlıq missiyasını yerinə yetirdi.

O, çətin illəri xatırlayan Prezident İlham Əliyevin “İlk növbədə naxçıvanlılar Heydər Əliyevi bütün təzyiq və təxribatlardan qorudular. Sonra isə o, Naxçıvanın rəhbəri kimi, Naxçıvanı işğaldan qorudu. O illər müstəqilliyimiz üçün həlledici illərdir. Çünki mən hesab edirəm ki, müstəqilliyə gedən yol məhz o illərdə Naxçıvanda başlamışdır. Çünki Heydər ƏIiyevin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı - bizim dövlət bayrağımız Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir” sözləri Ulu Öndərin xalqı qarşısında göstərdiyi xidmətlərin bir nümunəsidir.

3 oktyabr 1993-cü ildə Heydər Əliyev Azərbaycan xalqının etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1998-ci ildə qələbəsini təkrarlayaraq yenidən dövlət başçısı səlahiyyətlərini qazandı. “Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” söyləyən Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Onun hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlanmışdı. Hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını daha da genişləndirərək müstəqil Azərbaycanın əbədi varlığı naminə çalışdı, ölkəmizi bütün dünyada tanıtdı.

Dünyanın siyasi meydanında cərəyan edən proseslərə təsir imkanları böyük olan Heydər Əliyev həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.

Təbiətin ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edir, olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyini qətiyyətlə təsdiqləyirdi. Natiqlik məharəti Heydər Əliyev fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsi kimi diqqəti cəlb edirdi. Bu ideyalar Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmışdı, milli ruhun yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Elə buna görə də 1978-ci il Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. 1995-ci ildə qəbul olunmuşonun rəhbərliyi ilə hazırlanmış Konstitusiya ilə bu sahədə daha mühüm addımlar atıldı, Azərbaycan dilinə rəsmən dövlət statusu verildi.

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, atəşkəsə nail olmaq üçün bütün siyasidiplomatik vasitələrdən ağlın, zəkanın qüdrəti ilə istifadə olundu.

Azərbaycanın daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inammaraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə son dərəcə mürəkkəb təxribatların qarşısı alındı. Müstəqilliyimizə təhlükə törədən xarici qüvvələrin pərdəarxası oyunlarına, siyasi anarxiyaekstremist hallara son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yarandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsini başlıca amil hesab edən Ulu Öndərin həyata keçirdiyi islahatlar , Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını şərtləndirdi. Özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet kimi qarşıya qoyuldu.

Dahi rəhbər Heydər Əliyev türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. Onun adı bütün türk dünyasının ən nüfuzlu şəxsiyyətlərindən olan Mustafa Kamal Atatürklə birgə çəkilir. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.

Ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. İnamla demək olar ki, hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının zərrəsi vardır. Bu müdrik siyasət Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində yeni keyfiyyətlə davam etdirilir.

Ulu öndər 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq versə də səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etmədi. Əvəzində Azərbaycan üçün daha bir tarixi missiyasını həyata keçirərək xalqa müraciəti ilə özü qədər inandığı, praqmatik düşüncəli və yüksək intellektə malik İlham Əliyevin dövlət başçısı seçilməsini tövsiyə etdi. Bu seçim onun xalqı qarşısında ən böyük xidmətlərindən oldu.

...12 dekabr 2003-cü ildə Azərbaycan xalqına ağır itki üz verdi. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri, böyük mütəfəkkir, ən böyük azərbaycanlı, türk dünyasının öndərlərindən olan Heydər Əlirza oğlu Əliyev haqq dünyasına qovuşdu. Yüz minlərlə insanın iştirakı ilə keçirilən dəfn mərasimini heyrətlə izləyən xarici qonaqlar, dövlət başçıları etiraf etdilər ki, rəhbərə bu qədər məhəbbətin ifadəsinin şahidi olmamışlar.

Bu möhtəşəmlik 50 milyonluq azərbaycanlının ümummilli lider Heydər Əliyev şəxsiyyətinə xalq sevgisinin və hörmətinin ifadəsi idi. Ümummilli Liderin parlaq xatirəsi hər bir vətəndaşın yaddaşına əbədi həkk olunaraq tariximizdə heç vaxt silinməyən izlər qoymuşdur.

Ulu öndər Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə “Leninordeni, “Qırmızı Ulduzordeniçoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. Sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev fenomeni dünya siyasətçilərinin siyahısında ön sıralarda yer alıb.

Heydər Əliyev daim yaşayan müasirimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu, milli dövlətçiliyimizin əsasını qoyan dahi, böyük dövlət xadimi, müdrik insandır. Haqlı olaraq deyilir ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2016.- 10 dekabr.- S.10.