"Heydər Əliyev Azərbaycan
xalqının əbədi
milli sərvətidir"
Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anarın müsahibəsi
- Anar müəllim, dekabrın 12-də ümummilli
liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan
xalqı hər il bu günü dərin
hüzn ilə qeyd edir. Çünki ulu öndər
Heydər Əliyev bütün həyatını
xalqımıza həsr edib. Ümumiyyətlə, ulu
öndərimizin Azərbaycan xalqı və dövləti
qarşısında xidmətləri haqqında fikirlərinizi
bilmək istərdik...
-
Ümummili lider Heydər Əliyev haqqında danışarkən
bir məqamı qeyd etməmək mümkün deyil. Şəxsiyyətlərin
miqyası, bir tərəfdən onların öz
zamanlarında gördükləri işlərin, yaratdıqlarının, etdiklərinin, dediklərinin,
həyata keçirdiklərinin əhəmiyyəti ilə, əhatəsi
ilə, təsir dairəsi ilə ölçülürsə,
digər tərəfdən bu fəaliyyətin tarixdə əks-sədasıyla,
uzun illər, dövrlər müddətində hadisələrin
gedişatını yönəltməsi ilə müəyyənləşir.
Hər iki meyarla Heydər Əliyev - tarixi şəxsiyyətdir.
Bu danılmaz həqiqəti kimsə inkar edə
bilməz. Bu gün dünya miqyasında
tanınmış siyasi xadim olan Heydər Əliyev Azərbaycanın
geniş siyasi meydanına 1969-cu ildə çıxdı.
Doğrudur, bu tarixdən neçə illər
qabaq da Heydər Əliyev təhlükəsizlik xidmətlərində
məsul vəzifələrdə çalışıb və
o dövrün yazılmamış qanunlarına uyğun
olmayan bir şəkildə Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsinin sədri də təyin olunub. Bu, o dövrün qanunlarına ona görə
uyğun deyildi ki, adətən müttəfiq respublikalarda bu vəzifəni
yerli millətin nümayəndələrinə etibar etmirdilər,
həmin postu başqa yerlərdən göndərilmiş, əsasən
rus kadrlar tuturdular. DTK keçmiş rejimin
ən qapalı idarələrindən biri idi və onun nəinki
işçilərini, rəhbərlərini belə ictimaiyyət
çox vaxt üzdən də tanımırdı. Heydər Əliyevin bu cəhətdən də məharətlə
istifadə etdiyini yada salmaq istəyirəm. Mərkəzi Komitənin katibi seçiləndən
sonra ilk vaxtlar çox adamın üzdən
tanımadığı Heydər Əliyev şəhəri gəzir,
qanunsuzluqları, əliəyrilikləri, pozuntuları
özü öz gözləriylə əyani şəkildə
müşahidə edir və yerindəcə
günahkarların cəzasını verirdi. Belə
faktlar da əhalidə yeni ədalətli rəhbərin iş
başına gəlməsi və hər cür ədalətsizliklərin
kökünü kəsəcəyi haqqında fikirlərin
geniş yayılmasına səbəb olurdu. Bu
üsul, təbii ki, ən qısa bir müddətdə davam
edə bilərdi, çünki tezliklə respublikanın yeni
rəhbərini hamı üzdən də tanımağa
başladı və Heydər Əliyev qanun pozuntularına
qarşı mübarizəsini başqa, daha geniş miqyasla
davam etdirdi.
Ümumiyyətlə, sovet dövründə Heydər
Əliyev Azərbaycanda böyük quruculuq işləri həyata
keçirdi, respublikamızın siması əhəmiyyətli
dərəcədə dəyişdi. Bilirsiniz ki, o, rəhbər
seçilənə qədər Azərbaycan keçmiş
ittifaq respublikaları arasında ən geridə qalanlardan biri
idi. Amma Heydər Əliyevin rəhbərliyi
dövründə Azərbaycan hərtərəfli inkişaf
etdi. Onun hakimiyyəti illərində
xalqın özünüdərki, milli şüurun
oyanışı baxımından da mühüm nəticələr
əldə olundu. Ulu öndərimiz
müstəqilliyimizin dönməzliyini təmin etdi. Heydər Əliyev Azərbaycanın inkişaf
strategiyasını müəyyənləşdirdi.
- Ulu öndər Heydər Əliyev
yaradıcı insanlarla da mütəmadi olaraq
görüşürdü, onlara qayğı ilə
yanaşırdı. Onunla ilk
görüşünüzü necə
xatırlayırsınız?
- Mən
ümummilli lider Heydər Əliyevi ilk dəfə sovet
dövründə komsomolun qurultayında görmüşəm,
Onun iştirak etdiyi həmin qurultayda çıxış
etmişdim. Sonra isə dəfələrlə
görüşmüşük. O, Moskvada işləyəndə
də görüşmüşük, vəzifədən
istefa verəndən sonra da əlaqələrimiz olub. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri
olanda da, onunla Naxçıvanda görüşmüşəm.
Eləcə də, müstəqillik illərində Heydər
Əliyev dövlət başçısı olarkən dəfələrlə
görüşümüz olub. Bütün bunlar
haqqında "Unudulmaz görüşlər" adlı
kitabımda müfəssəl yazmışam. Heydər Əliyev xarici səfərlərə gedəndə
yazıçıları da aparırdı və mən də
onun bir neçə səfərində iştirak etmişəm.
Ümumiyyətlə, Heydər Əliyevə nə vaxt
müraciət edirdimsə, həmişə müsbət cavab
alırdım.
Təbii ki, müraciətlərim Azərbaycan
Yazıçılar Birliyinin fəaliyyəti ilə
bağlı idi. O, AYB-nin ehtiyaclarını bilirdi və həmişə
bizə qayğı ilə yanaşırdı. Müstəqillik
illərində ulu öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra AYB, onun qəzet və jurnalları
dövlət büdcəsi hesabına maliyyələşdirildi.
Çünki ədəbi jurnal və qəzetlər
olmadan ədəbiyyat inkişaf edə bilməz. Heydər Əliyevin bu qayğısı Azərbaycan
ədəbiyatının xilası idi.
Eləcə də, yazıçıların yubiley tədbirləri
olanda, təşkilatımızın qurultaylarında ulu
öndər Heydər Əliyevə müraciət edirdik və
həmişə ondan xoş münasibət
görürdük.
- Ümummilli
lider Heydər Əliyev təkcə ədəbiyyatımıza
qayğı göstərmirdi, eyni zamanda ədəbiyyatımızın,
yazarlarımızın xilaskarı missiyasını da öz
üzərinə götürmüşdü...
- Bəli,
həqiqətən belədir. Biz
Yazıçıların IX qurultayına Heydər Əliyevi
də dəvət etmişdik və o, dəvətimizi qəbul
edərək qurultayda iştirak etdi. O, zaman vəzifədə
deyildi. AYB-nin X qurultayında isə Heydər
Əliyev Azərbaycan prezidenti olaraq iştirak etdi. Sualınızın cavabı olaraq niyə buradan
başladım? Çünki X qurultayda
çıxışı zamanı Heydər Əliyev bildirdi
ki, vəzifədə olmayanda ətrafımda olan bir çox
insanlar ondan üz döndərəndə, yazıçılar tədbirlərinə
dəvət etdilər, hörmətlə
qarşıladılar və gördüm ki, yazıçılar
daha etibarlıdırlar. Qurultayda onu da
xatırlatdı ki, sovet dövründə kimlərsə gəlib
yazıçılar haqqında cürbəcür sözlər
deyirdilər. Məsələn, "Qobustan"
jurnalında millətçilik var, Anarın yazdığı
"Şəhərin yay günləri" antisovet əsəridir,
onun babası da antisovet olub və s. Heydər Əliyev
"Şəhərin yay günləri" pyesinə
baxdı və bəyəndi, teatrın tarixində ilk dəfə
səhnəyə çıxıb artistlərlə
görüşdü, sonra da bu əsərə dövlət
mükafatı verdi.
Ümumiyyətlə, Heydər Əliyev sovetlər
dövründə bir çox yazıçı-şairləri
təhlükələrdən xilas etdi. Fakt olaraq deyim ki, ermənilər
Rəsul Rza haqqında Moskvaya böhtan dolu məktublar
yazırdılar. Amma Heydər Əliyev Rəsul Rzaya Sosialist
Əməyi Qəhrəmanı nişanı verilməsinə
nail oldu. Eləcə də, Bəxtiyar Vahabzadəni
təhlükədən xilas etdi, yüksək adlarla,
mükafatlarla təltif etdi. Sovet
dövründə bəzi gənc yazıçıları
millətçi damğası ilə həbs etmək istəyirdilər.
Heydər Əliyev
onları yanına çağırıb
demişdi ki, ağlınızı başınıza
yığın, işləyin, milllətə öz
yaradıcılığınızla xidmət edin. Yəni, ulu öndərimiz
hər mərhələdə - həm sovet, həm də
müstəqillik dövründə yazıçıları
müdaifə edib.
- Sizin belə bir fikriniz var: "Heydər
Əliyev Azərbaycan xalqının əbədi sərvətidir".
Bu fikrinizin fəlsəfəsində dayanan
gerçəkliklər nədən ibarətdir?
- Bütün
tariximizə nəzər saldıqda əminliklə deyə bilərik
ki, Heydər Əliyev xalqımızın ən böyük
dövlət xadimlərindən biridir. Bütövlükdə
Heydər Əliyev dünya miqyasında böyük siyasi xadim
idi. Mən həmişə deyirəm ki, Qorbaçovun
yerinə Heydər Əliyev SSRİ-nn rəhbəri
olsaydı, bu dövlət dağılmazdı.
Təbii ki, Heydər Əliyev böyük dövlət
xadimi olaraq xalqımız üçün misilsiz xidmətlər
göstərib. 1993-cü ilin iyun ayında xalqın tələbi
ilə hakimiyyətə qayıdan ulu öndər Heydər
Əliyev Azərbaycanı daxili çəkişmələrdən
xilas etdi. Heydər Əliyev yeni Azərbaycanın
əsasını qoydu. Bu gün müstəqil
dövlətimiz möhkəm təməllər üzərində
qurulub. Yəni müasir müstəqil Azərbaycan
dövləti ulu öndər Heydər Əliyevin zəhmətinin
bəhrəsidir. Bütün bunları nəzərə
alaraq deyə bilərəm ki, həqiqətən, Heydər
Əliyev xalqımızın əbədi milli sərvətidir.
- Ulu öndərimiz haqqında indiyə
qədər çoxsaylı əsərlər yazılıb,
kitablar nəşr olunub. Bəzən belə fikirlər səslənir
ki, Heydər Əliyev haqqında nə qədər yazılsa
da, onun xarakteristikasını, genişmiqyaslı fəaliyyətini
tam ifadə etmək mümkün deyil. Siz bu barədə
necə düşünürsünüz?
- Mən
ulu öndər haqqında xatirələrimi qələmə
aldığım "Unudulmaz görüşlər"
kitabımda da qeyd etmişəm ki, Heydər Əliyev
haqqında çox yazılıb, qalın-qalın kitablar
çıxıb. İllər keçdikcə
daha da çox yazılacaq, tarixin süzgəcindən
keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək,
dünyada və ölkəmizdə baş verəcək
olayların, gələcək hadisələrin kontekstində
Onun xidmətləri daha dərindən dərk ediləcək.
Mən də düşünürəm ki, bir kitabda Heydər
Əliyevi tam ifadə etmək mümkün deyil. Çünki
çox zəngin həyat yolu olan insandır. Hər kitab onun bir cəhətini açır.
Xüsusilə, mən yazıçı-publisist, millət vəkili Elmira
Axundovanın çoxcildliyini qeyd etmək istəyirəm. Bu kitablar sənədlər əsasında
yazılıb. Hesab edirəm ki, indiki
dövrdə Heydər Əliyev haqqında əsərlər sənədlər
və onu yaxından tanıyanların xatirələri əsasında
yazılmalıdır. Yəqin ki, Heydər
Əliyevin bədii obrazı gələcəkdə
yaradılacaq.
- Anar
müəllim, ümummilli liderimizin xalqımız və
dövlətimiz qarşısındakı ən böyük
xidmətlərindən biri də möhkəm təməllər
üzərində qurulan dövlət siyasətinin davam
etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək
oldu. Bu baxımdan hazırda Heydər Əliyev
siyasətinin davam etdirilməsi haqqında nə deyə bilərsiniz?
-
Əslində, başqa cür ola bilməzdi.
Çünki Heydər Əliyev bütün fəaliyyəti
boyu dəfələrlə dövrün və mövcud
sistemin ağır sınaqlarından uğurla çıxan
müzəffər siyasətçi idi. Ulu
öndər Heydər Əliyevin öz rəqiblərindən
və müasiri olduğu digər siyasətçilərdən,
ilk növbədə, üstün keyfiyyətləri ilə
seçilirdi. Məhz bu keyfiyyətlərinə,
öz daxili tarazlığını hər zaman qoruduğuna
görə Heydər Əliyevin siyasi və rəhbərlik
karyerası sonadək uğurlu olmuşdur. Bu baxımdan Heydər Əliyev neçə-neçə
siyasətçi nəsli, gələcəyin dövlət
adamları üçün örnək sayılır və
sayılacaq. Çağdaş Azərbaycan, doğrudan
da, Heydər Əliyevin əsəridir. Bizim
borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və gələcək
nəsillərə yetirməkdir. Konkret
olaraq sualın cavabına gəlincə, qeyd etmək yerinə
düşər ki, Heydər Əliyev, eyni zamanda, min bir zəhməti
bahasına qurduğu dövlətin qorunub saxlanması və gələcəkdə
daha da qüdrətli olması üçün siyasi varis
yetişdirməyi də unutmamışdı. 2003-cü ildən keçən zaman ərzində cərəyan
edən proseslər, Azərbaycanın Heydər Əliyev yolu
ilə gedərək yeni-yeni uğurlar əldə etməsi
dahi şəxsiyyətin bütün digər məsələlər
kimi, siyasi varislik məsələsində də
yanılmadığını sübuta yetirdi.
Hörmətli
prezidentimiz
İlham Əliyev ulu öndərimizin layiqli
davamçısıdır. O cümlədən, prezidentimizin ədəbiyyata
diqqətini də hiss edirik. O, yaradıcı təşkilatlara
hər zaman qayğı göstərir. Bəzən
cahil fikirlər səslənir ki, AYB, yaradıcılıq təşkilatları
nəyə lazımdır. Bunlara
yaxşı cavablardan biri də, dövlət
başçısının Azərbaycan
Yazıçılar Birliyinin, fəaliyyətinə verdiyi
yüksək qiymətdir.
Bir faktı sizə xatırladım. 2003-cü ilin prezident
seçkiləri ərəfəsində cənab İlham
Əliyev yaradıcı ziyalılarla görüşü
zamanı mən çıxış edərək əbədiyyat
nümunələrinin latın qrafikalı
əlifbada çap olunmasının zəruriliyini bildirdim. Cənab
İlham Əliyev dövlət başçısı
seçildikdən qısa müddət sonra bu barədə sərəncam
verdi və həm Azərbaycan, həm də
dünya ədəbiyyatıın nümunələri
latın qrafikalı əlifba ilə çap olundu.
Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasəti
əbədiyaşardır.
İki sahil.- 2016.- 10 dekabr.- S.19.