Sabitlik diyarı, islahatçı və xoşbəxt ölkə

 

Ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində formalaşan möhkəm təməl Azərbaycana bu nüfuzu qazandırıb

 

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Azərbaycanı  vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratdı. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə uğurların əsası qoyuldu.  Dahi şəxsiyyətin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi,  Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən isə  atəşkəsə nail olmaq üçün səylər göstərilmişdir. Məhz ulu öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsində 12 may 1994-cü ildə atəşkəs sazişi imzalanmışdır. Bu faktı da xüsusi qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin  gərgin fəaliyyəti nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı  alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur. Bütün bunlar ümumilikdə  Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılmasını təmin etmişdir. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Qısa təhlil fonunda ulu öndər Heydər Əliyevin aforizmə çevrilən bu fikrini bir daha xatırlatmaq istərdik: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.”

Ulu öndər Heydər Əliyevin  düşünülmüş daxili siyasəti nəticəsində Azərbaycan çox qısa zamanda sabitlik diyarına çevrildi ki, bu da əlverişli biznes mühitinin yaradılmasına stimul oldu.  Daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycana müstəqilliyimizin ilk illərində maraq az olsa da, 1994-cü ildən bəri ölkədə yaradılan sabitlik bu diqqətin artmasında əhəmiyyətli rol oynadı.  Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər ölkədə ictimai-siyasi durumun gərginliyinə görə qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkədə daxili sabitliyin yaradılması bu tərəddüdləri aradan qaldırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollara çatıb. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə,  dünya iqtisadi sisteminə inteqrasiyaya yol açdı. “Əsrin müqaviləsi”nin imzalanması mərasimində  çıxış edən  ulu öndər Heydər Əliyev  bildirmişdir: “Biz  bu  müqaviləni  imzalamaqla Azərbaycan  Respublikasının  suveren hüquqlarının  bərqərar olduğunu,  xalqımızın öz  sərvətlərinə  sahib  olduğunu  dünyaya  bir daha  nümayiş  etdiririk.  Biz bu  müqaviləni  imzalamaqla  Azərbaycan  Respublikası  ilə  dünyanın  inkişaf  etmiş  dövlətləri,  onların  ən  böyük  şirkətləri  arasında  əlaqələr  yaradır,  Azərbaycan  iqtisadiyyatının  dünya iqtisadiyyatına,  azad  bazar  iqtisadiyyatına  qoşulması  üçün  əsas  yaradırıq.  Biz bu  müqaviləni  imzalamaqla  dünyaya  bir  daha  nümayiş  etdiririk ki,  Azərbaycan  Respublikası  demokratik    hüquqi  dövlətdir.”

Ulu öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.

Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Ümummilli Lider bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət  belə ən böyük məmləkət qədər güclü olar.

 Daxili siyasətin davamı kimi dəyərləndirilən xarici siyasət sahəsində də uğurlu addımların əsası məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra qoyulub. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Onun  xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Ümummilli Liderin  fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.  Dövlətimizin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edir.  Ulu Öndərin  dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Heydər Əliyev  bildirirdi ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”ndən sonra onlarla sazişin imzalanması Azərbaycanın gələcəyinə olan inamdan irəli gəlirdi. Ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas tərkib hissəsi olan BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi, iştirakçı, eyni zamanda dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafını təmin etdi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan həmçinin qaz ixracatçısına çevrildi. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi atəşkəs sazişinin imzalanmasından sonra  ölkəmizdə möhkəmlənən sabitliyin, bunun nəticəsi olaraq mövcud enerji resurslarından səmərəli istifadənin təsdiqidir.

Prezident İlham Əliyev  ulu öndər Heydər Əliyevin neft strategiyasının əhəmiyyətini  açıqlayaraq bildirir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq aləmdə yerirolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyil.  Azərbaycan neftinin 2006-cı ildə  məhz 28 May - Respublika Günündə Ceyhan terminalına çatması  bir daha  Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolunu təsdiqlədi.

İqtisadi tərəqqi demokratik islahatların sürətini artırdı. Demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə bərqərar olundu. 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin  ilk  Konstitusiyasının qəbulu Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yoluna işıq saldı. Konstitusiyada əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ölkədə vətəndaşlara bütün azadlıqlar verilib. Sərbəst toplaşmaq azadlığı yüksək səviyyədə təmin edilir. Çoxpartiyalı sistem yaradılıb. Bu gün ölkəmizdə 40-dan artıq siyasi partiyanın, 3 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün təkmil qanunvericilik bazasının yaradılması da demokratik inkişafın əsas göstəricilərindəndir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir.  Ölkədə seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq  standartlara uyğun keçirilməsi üçün  təkmil seçki sistemi formalaşdırılıb. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində Seçki Məcəlləsi qəbul olunub.

Azad mətbuatın inkişafı dövlətin siyasətinin əsas tərkib hissəsinə çevrildi.  Bütün  bunlar  ölkəmizin  beynəlxalq nüfuzunu  gücləndirdi,  Azərbaycan  dünyanın  nüfuzlu  təşkilatlarına  üzv qəbul  edildi. 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması dövlətimizin demokratik prinsiplərə sadiqliyinin bariz nümunəsi idi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.

Azərbaycanın uğurları dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın da  diqqətindən kənarda qalmadı. Ümummilli LiderinKim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının  azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir” çağırışı  bütün dünya azərbaycanlılarını  azərbaycançılıq ideyası ətrafında sıx birləşdirdi.

Azərbaycanın qazandığı mühüm uğurlardan biri kimi  güclü ordunun yaradılmasında da sabitliyin rolu inkaredilməzdir.  Bu gün tam  əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Ordunun maddi-texniki bazası möhkəmləndirilmiş, dünya standartlarına uyğunlaşdırılmışdır. Aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaşananlar Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Həmin hadisə bir daha təsdiqlədi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Bu bizim suveren hüququmuzdur.

Qısa təhlil ölkəmizdə yaradılan sabitliyin hansı uğurlara yol açdığına bir daha işıq salır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu fikri böyük inam və qətiyyətlə bildirir ki, Azərbaycan sabitlik diyarı, inkişaf məkanıdır.  Ən əsası bu gün ölkəmizdə sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə qorunması Azərbaycanın müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsində də mühüm rol oynayır. Cənab İlham Əliyev eyni zamanda bu fikri bəyan edir ki, hakimiyyətin mənbəyi xalqdır. Xalq-iqtidar birliyi  uğurların davamlılığını təmin edir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsini şərtləndirir. Reallıqlarımız ölkə Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini, 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi “Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir” fikrinin gerçəkliklərdə öz əksini tapdığını təsdiqləyir. Dövlətinə, xalqına xidməti şərəf kimi dəyərləndirən ulu öndər Heydər Əliyev hər zaman xalqa güvəndiyini, arxalandığını bildirirdi: “Mənim üçün xalqın mənə göstərdiyi etimaddanetibardan yüksək mükafat yoxdur.” Son on üç  ildə Azərbaycanın uğurlu inkişafı, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarının günbəgün kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsi də bu gerçəkliyin təsdiqidir ki, xalqın Heydər Əliyev siyasətinə inamı, etimadı böyükdür. Azərbaycan uğurları ilə beynəlxalq aləmdə qazandığı sabitlik diyarı, islahatçı, təşəbbüsləri gerçəkliyə çevirən,  xoşbəxt ölkə kimi nüfuzunumövqeyini daha da möhkəmləndirir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2016.- 10 dekabr.- S.2; 6.