Heydər Əliyev irsi elmi ideyalara

əsaslanan dövlətçilik məktəbidir

 

Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi

Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən tədbirlərdə bir daha dahi  şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs olunur, bu fikir dönə-dönə qeyd edilir ki, nə qədər ki,  müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaq.

Dünən Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində də ümummilli lider  Heydər Əliyevin  tarixin ayrı-ayrı vaxtlarında üzərinə götürdüyü missiyalarından geniş bəhs olundu.

Tədbir iştirakçıları öncə  Xətai rayonu ərazisində ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək onun abidəsi önünə qızılgül dəstələri düzdülər.

Sonra YAP Xətai rayon təşkilatının qərargahında davam edən tədbiri  ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə açan YAP Xətai rayon təşkilatı sədrinin müavini,  Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki,   ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə xalqına xidməti  fəaliyyətinin əsas istiqaməti seçmişdir.  Azərbaycanı qüdrətli, zəngin dövlətə çevirmək, xalqın rifah halını daha da yaxşılaşdırmaq Ümummilli Liderin əsas amalı idi. İndiki dövrdə Azərbaycanın dövlət suverenliyiiqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi  hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

R.Məmmədov qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşının düşüncəsində ulu öndər  Heydər Əliyev Azərbaycan dövlətçilik məfkurəsinin əsasını qoyan dahi bir şəxsiyyət kimi dərk olunur. Azərbaycanın uğurları, reallıqları,  bütövlükdə qarşımızda açılan geniş  perspektivlər bilavasitə ümummilli lider Heydər Əliyevin  xidmətlərinin, müdrikliyininonun müəyyənləşdirdiyi siyasətin nəticəsidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə geniş yol açır.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki,  dünyanın hansı tərəfindən nəzər salsaq  ulu öndər Heydər Əliyev  Azərbaycan dövlətinin rəmzi kimi görünür. Heydər Əliyev  müstəqil  Azərbaycan dövlətinin banisi, yaradıcısı və qurucusudur. Ümummilli Lider  özündən sonrakı dövr üçün də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi və yaradıcısıdır.  Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

H.Mirələmov vurğuladı ki, Heydər Əliyev haqqında bəhs edərkən ümummilli lider ifadəsini tez-tez səsləndiririk. Ümummilli lider anlayışının ilkin nəzəri-fəlsəfi izahını belə təqdim edə bilərik ki, ölkəsinin vahid inkişaf yolunu müəyyən etmək, xalqını qalibiyyətli bir gələcəyə aparmaq qüdrəti ümummilli liderin xarakterinin ana xəttini təşkil edir. Dahi şəxsiyyət Heydər Əliyev fəaliyyəti, xidmətləri, Azərbaycanın inkişafına verdiyi töhfələri ilə xalqının ümummilli liderinə çevrilib.

Millət vəkili  bir tədbir çərçivəsində  ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini əhatə etməyin mümkünsüzlüyünü bildirdi. Söylədi ki, Azərbaycan bu gün Heydər Əliyev yolu ilə inamla irəliləyir, cənab İlham Əliyevin rəhbərliyi altında biri-birindən əhəmiyyətli uğurlara imza atır.   

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir. Dahi şəxsiyyətin  Azərbaycan xalqı qarşısındakı xidmətlərindən saatlarla, günlərlə, aylarla  danışmaq olar.

Ulu öndər Heydər Əliyev özünün müdrik siyasəti nəticəsində Azərbaycanın gələcək, yeni dövrün tələblərinə uyğun olaraq inkişafı üçün konseptual islahatlar həyata keçirilməsi strategiyasını hazırladı. Həmin islahatlar bütün sahələri əhatə etməklə yeni, müasir  Azərbaycanın ilk konturlarını müəyyənləşdirdi, bu konsepsiyaya uyğun şəkildə siyasət həyata keçirilməyə başladı. Ulu Öndərin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya birliyində layiqli yer tutdu. Beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla  həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni imkanlar qazandı.

V.Rəhimzadə vurğuladı ki,  möhkəm təməl uğurların davamlılığında əsasdır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə   Azərbaycanın bugünkü uğurlarının bazasını formalaşdırdı. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə nəticəsində iqtisadi imkanlarını artıran Azərbaycanın siyasi mövqeyi  möhkəmləndi. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.

O da vurğulandı ki, ümummilli lider Heydər Əliyevin  milli, müstəqil dövlətçilik təlimi, sınaqlardan çıxmış bu siyasi kurs Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyətinin strategiyasını təşkil edir.   Dahi şəxsiyyətin  geniş siyasi, ideolojitarixi əhəmiyyətə malik azərbaycançılıq amalının və idealının işıqları müstəqil Azərbaycanın bu gününə, sabahına  gur işıq salır.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edərkən bu gün sıralarında 700 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi  qeyd etdi. Vurğuladı ki, tarixinə biri-birindən əhəmiyyətli uğurlarla zəngin  səhifələr yazan Yeni Azərbaycan Partiyasına milyonların sevgisini şərtləndirən əsas amillər  Heydər Əliyev ideyalarına sədaqət, onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə dəstəkdir.  Ulu öndər Heydər Əliyevin fikirləri ilə desək, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli  ulu öndər Heydər Əliyevin xidmətləri sırasında  qadın siyasətindən geniş bəhs etdi. Bildirdi ki, qadınların ölkənin ictimai-siyasi həyatında  fəal iştirakı  ulu öndər Heydər Əliyevi daim düşündürən məsələ olmuşbu istiqamətdə mühüm addımlar atmışdır. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınların  dövlət idarəçiliyində irəli çəkilməsinə verilən önəm məhz bu siyasətdən qaynaqlanır.

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin  sədr müavini Aliyə Ağrılı ulu öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısından bəhs etdi. Bildirdi ki, əgər ümummilli lider  Heydər Əliyev hakimiyyətinin birinci  dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Onu da xüsusi vurğulayırdı ki, Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər gənclərdir. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verirdi. Bu günümüzün reallıqlarına nəzər saldıqda  ulu öndər Heydər Əliyevin həmin dövrdə  proqram xarakterli çıxışlarında əksini tapan bütün vəzifələrin uğurla həyata keçirildiyinin şahidi oluruq. 

Çıxışlarda ümumi fikir bu oldu ki,  dahi şəxsiyyət Heydər Əliyev  ölkəmizin bütün hüdudlarını əhatə edən Azərbaycan xəritəsidir. Eyni zamanda   Heydər Əliyev dünya xəritəsində  Azərbaycanın nadir kompasıdır. Azərbaycanı tapmaq, haqqında geniş məlumat əldə etmək  üçün  Heydər Əliyevi tanımaq yetərli idi.  Azərbaycançılıq ideologiyası  Azərbaycan tarixinə  Heydər Əliyev təlimi kimi daxil olub.  Azərbaycanın dövlət müstəqilliyinin inkişaf etdirilməsi təliminin də əsasları ulu öndər Heydər Əliyev tərəfindən  yaradılmışdır.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu.

 

Yeganə Əliyeva,

 

İki sahil.- 2016.- 10 dekabr.- S.9.