“Əsrin müqaviləsi” neft
sənayesinin
inkişafında yeni
mərhələnin əsasını qoydu
Bütün dünyada qədim neft
diyarı kimi tanınan Azərbaycanda neftin sənaye üsulu ilə
hasilatı hələ XIX əsrin ortalarından
başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət
yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda
“qara qızılın” sənaye üsulu ilə
çıxarılmasının əsasını qoydu.
Artıq 1899-cu ildə Azərbaycan neft
hasilatı və emalı üzrə dünyada
birinci yerə çıxaraq, dünya neft
hasilatının yarısını verirdi.
Dərin mənəvi, mədəni, elmi, iqtisadi potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan, həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Məhz bu səbəbdən respublikamız daim istər region ölkələri, istərsə də dünya dövlətlərinin diqqət mərkəzində olmuş və bu proses bu gün də davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin müdriklik və uzaqgörənliklə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edir, “qara qızıl”ımızdan alınan gəlirlər ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilir.
Dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlayan Azərbaycanda XX əsrin 70-80-ci illəri neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafi, maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları o dövrdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır. Belə ki, ötən əsrin 70-ci illərindən etibarən neft sənayesinin inkişafında yeni mərhələ başlandı. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublika üzrə neftin ümumi hasilatı 1,3 milyon ton, qaz hasilatı isə 659 milyon kubmetr azalmışdı. O, özünəməxsus enerji və təşəbbüskarlıqla neft-qaz sənayesini yenidən qurmağa başladı. Heydər Əliyevin gərgin səyi nəticəsində “Azneft” üzrə neft hasilatının azalma sürəti qısa müddət ərzində 7,2 faizdən 4,3 faizə endi. 1971-ci ilədək neft hasilatının ümumi həcmini 1 milyard tona çatdıran Azərbaycan neft elminin mərkəzi, Bakı isə neft akademiyası hesab edilirdi. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyadan və üsullardan istifadədə yeniliklər Azərbaycanın payına düşdü. Məhz o dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri, müxtəlif müəssisələr yaradıldı. 60-cı illərdə istehsalı əsaslı şəkildə aşağı düşən neft-qaz sənayesi həmin dövrdən etibarən yeni yüksəliş mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin göstərişi ilə 70-80-ci illərdə Azərbaycanda iri gəmilərdən, təchizat gəmilərindən, borudüzənlərdən, xüsusi seysmik tədqiqat və axtarış gəmilərindən ibarət güclü dəniz neft donanması yaradılmışdı. Bir sıra üzən qazma qurğularının yaradılması da Heydər Əliyevin böyük zəhməti və xidmətinin nəticəsi idi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ilk dəfə olaraq neft emalı üçün xüsusi proqram hazırlandı. Proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradıldı, təzə qurğular inşa olundu. Bununla yanaşı, neftayırma zavodlarının yenidən qurulmasına başlanıldı. 1976-cı ildə ELOU-AVT-6, 1980-ci ildə Katalitik Riforminq, 1986-cı ildə Neftin kokslaşdırılması, 1993-cü ildə Katalitik Krekinq qurğularının inşası Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına zəmin yaratdı.
Həmin dövrdə Bakıda dünyada analoqu olmayan Dəniz Özüllər Zavodunun tikilməsi üçün o zaman sovetlər məkanında 450 milyon dolların ayrılması, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olunması dahi şəxsiyyət Heydər Əliyev cəsarətinin nəticəsində baş verirdi.
Məhz 1993-cü ilin 15 iyunundan sonra bir çox sahələrdə olduğu kimi, neft sektoru da öz qurtuluşunu tapdı. Ölkədə möhkəm və dönməz sabitlik yaradıldı, respublika ətrafındakı informasiya blokadası yarıldı, dünyanın aparıcı dövlətlərinin iri neft şirkətləri ilə Xəzərdəki karbohidrogen ehtiyatlarının istismarı barədə müqavilələr imzalandı, Azərbaycanın müstəqilliyi dönməz və sarsılmaz xarakter aldı. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, neft yataqlarımızın müştərək işlənməsi haqqında Dövlət Neft Şirkəti ilə xarici ölkələrin aparıcı neft şirkətləri arasında 3 il aparılan danışıqlar məhz bir neçə onillər üçün hesablanmışdır və Azərbaycanın gələcək iqtisadi inkişafı üçün nəzərdə tutulurdu. Ulu öndər Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə ‘’Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü’’ üzrə birinci saziş imzalandı. “30 il müddətinə bağlanan müqavilənin mənfi və müsbət nəticəsi onun ardıcıl surətdə icrasından asılıdır” söyləyən Ulu Öndər “Əsrin müqaviləsi”ni reallaşdırmaqla Azərbaycanın dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdirdi. “Azəri”, “Çıraq” və “ Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsini nəzərdə tutan müqavilənin imzalanması ilə gələcək iqtisadi inkişafının təməlini qoyan Azərbaycan gələcəyini müəyyənləşdirdi. Sonralar bu saziş “Əsrin müqaviləsi’’ adı ilə tanındı. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni müqavilələrin imzalanması üçün geniş yol açdı. 1994-cü ildən bu vaxta qədər SOCAR və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 32 saziş imzalanmışdır.
“Əsrin müqaviləsi”nin ölkəmiz üçün iqtisadi və siyasi əhəmiyyətini görmək, ən əsası düzgün qiymətləndirmək üçün həmin dövrdən ötən 22 ildən artıq müddət ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salmaq kifayətdir. “Əsrin müqaviləsi”nin ilk bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri regional çərçivədən çıxaraq beynəlxalq əhəmiyyət kəsb edir. Baxmayaraq ki, bu sazişin əhəmiyyətini, BTC neft kəmərinin iqtisadi imkanlarını azaltmağa cəhdlər olundu, müxtəlif qeyri-ciddi fikirlər səsləndi. Neftdən əldə olunacaq gəlirlərin şəffaflığına şübhə ilə yanaşan daxili bədxahlarımız bu gün söylədiklərinin fərziyyə olduğunun şahidinə çevrilsələr də, pərtliklərini ört-basdır etmək üçün yenə də ənənələrinə sadiqlik nümayiş etdirmək məcburiyyətindədirlər. Aydındır ki, “Əsrin müqaviləsi” mahiyyətcə iqtisadi xarakter daşıyır. “Lakin bir halda ki, 30 il müddətində müştərək fəaliyyət göstəriləcək, ölkələrimiz inkişaf edəcəksə, şübhəsiz bunun siyasi nəticələri də olacaqdır” söyləyən ümummilli lider Heydər Əliyev hələ o illərdə Azərbaycanın xarici ölkələrlə əməkdaşlığının qarşılıqlı inam və etimad üzərində qurulmasının təməlini qoydu.
“1994-cü ildə Azərbaycanda Heydər Əliyevin təşəbbüsü ilə başlanmış işlər bu gün artıq qitə miqyası almışdır və söz yoxdur ki, gələcəkdə regionun geosiyasi konfiqurasiyasında, siyasi proseslərin və inteqrasiyanın inkişafında çox mühüm rol oynayacaqdır.” Prezident İlham Əliyev bugünkü uğurların gələcək üçün geniş imkanlar açdığını bildirir.
Bu gün müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünün qeyd olunduğu gündə Azərbaycanın iqtisadi həyatı, eləcə də Avropanın enerji bazarı üçün son dərəcə mühüm bir hadisə baş verdi. Bir sıra Qərb ölkələrinin dövlət və hökumət başçılarının, eləcə də energetika sahəsində məsul şəxslərin iştirakı ilə “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimi keçirildi. Bundan başqa, “Şahdəniz” yatağının ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının imzalanması ilə Azərbaycanın regionun əsas qaz tədarükçüsü kimi əhəmiyyəti bir qədər də artdı. İmzalanma mərasimində Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsini “XXI əsrin müqaviləsi” adlandıraraq demişdir: “... Müstəqillik əldə etdikdən cəmi üç il sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə, düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır”.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla davam etdirilən Azərbaycanın neft strategiyası nəinki ölkəmizi tamamilə yeniləşdirib, eyni zamanda, bölgədə ölkəmizin imkanlarını gücləndirib və dövlətimizin müttəfiqlərinin sayının artırılmasında önəmli rol oynayıb. Ölkəmizin həyata keçirdiyi enerji təhlükəsizliyi, enerji diplomatiyası, bütün bunlar növbəti illərdə də regionda və dünyada vacib məsələlərdən biri olacaq.
Orxan Vahidoğlu
İki sahil.- 2016.- 10 dekabr.- S.16.