Ümummilli Liderin quruculuq, inkişaf siyasəti

muxtar respublikada uğurla davam etdirilir

 

Sosial-iqtisadi baxımdan inkişaf edən, gündən-günə abadlaşan, gözəlləşən Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin siyasi xəttinin təntənəsinin əsaslı nümunələrindən biridir. Bu gün yüksək iqtisadi potensiala malik muxtar respublikada bütün dövlət proqramları, infrastruktur layihələri uğurla həyata keçirilir, irimiqyaslı quruculuq, abadlıq işləri aparılır.

Müasir Naxçıvan dahi şəxsiyyətin dövlətçilik ideallarının işığında yaradıcı təfəkkürün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edən diyar kimi şan-şöhrət qazanmaqdadır. Muxtar respublikada aqrar siyasət, sənayeləşmə uğurla reallaşdırılır, kəndlər abadlaşır, şəhərlər daha da inkişaf edir, əhalinin sosial problemləri həll olunur. Bu gün muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri Avrasiyanın inkişaf etmiş regional mərkəzləri ilə müqayisə olunur. Qədim diyarda yaradılan möhtəşəm infrastruktur nəinki Naxçıvan şəhərində, eyni zamanda, muxtar respublikanın rayon mərkəzlərində beynəlxalq səviyyəli tədbirləri keçirməyə imkan verir.

Bütün bunlar bir daha göstərir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı muxtar respublikada uğurla icra olunur. Bu çərçivədə Naxçıvan şəhərinə daxil olan kənd və qəsəbələrdə də kompleks infrastruktur quruculuğu tədbirləri həyata keçirilir. Aparılan quruculuq işləri sırasında içməli su və kanalizasiya şəbəkələrinin qurulması mühüm yer tutur. Bu il noyabrın 1-də Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib, Bulqanda kənd və xidmət mərkəzlərinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Əvvəllər Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su problemi var idi. Sakinlər öz məhəllələrində su kranlarının quraşdırılacağını xəyal edirdilər. Lakin bu gün hər bir evə su və kanalizasiya xətti çəkilib, insanlar mənzillərində içməli su ilə təmin olunublar. Bu, sakinlərin rahat yaşayışı baxımından böyük əhəmiyyət kəsb edir. Çünki su həyatdır, təmizlikdir. Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin müasir şəhərsalma prinsipləri əsasında aparılması da məsələnin köklü həllinə imkan verib. Burada inzibati ərazi dairələri üzrə nümayəndəliklər üçün binaların, kənd mərkəzlərinin tikintisi yerli inzibati idarəçiliyin daha yaxşı təşkilinə, əhalinin qarşılaşdığı problemlərin operativ həllinə, inzibati orqanlarla əhali arasında ünsiyyətin mobilliyinə təkan verir.

Muxtar respublikanın davamlı inkişafı və təhlükəsizliyinin təmin edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini zərurətə çevirib. Naxçıvanda bu istiqamətdə bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilməkdə, miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülməkdədir. Kompleks şəkildə görülən işlərin davamı olaraq noyabrın 8-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzi istifadəyə verilib.

Ali Məclisin Sədri Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Müasir dövrdə dünyada baş verən hadisələr miqrasiya sahəsində, o cümlədən miqrantlarla bağlı problemlərin yaranmasına səbəb olmuşdur. Hər gün dünyanın müxtəlif ölkələrində miqrasiya prosesləri və miqrantlarla bağlı problemlər müşahidə olunur. Bu səbəbdən də ölkəmizdə miqrasiya məsələləri diqqətdə saxlanılır, müvafiq tədbirlər həyata keçirilir. Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır”.

Bəli, bu gün dünyanın bir çox ölkələrini narahat edən məsələlərdən biri də miqrant böhranıdır. Xarici müdaxilədən əziyyət çəkən, xüsusən Yaxın Şərqdən olan insanlar özlərinin, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün, qaçqın vəziyyətinə düşürlər. Onlar, sadəcə olaraq, həyatda qalmaq naminə bu əzablara qatlaşır, böyük təhlükələrlə üzləşərək əmin-amanlığın hökm sürdüyü müxtəlif ölkələrə üz tuturlar. Həmin insanların bu vəziyyətə düşməsi sabitliyin, əmin-amanlığın necə böyük bir nemət olduğunu bizə bir daha xatırladır, muxtar respublikamızda görülən bir sıra işlərin, atılan çox əhəmiyyətli addımların mahiyyətini anlamağa imkan verir.

Bu gün muxtar respublikada həyata keçirilən və insan amilini ön planda tutan sosialyönümlü siyasət cəmiyyətdə bu amilə diqqətin daha da artırılmasına, ayrı-ayrı sosial qrupların həyat şəraitinin yüksəldilməsinə etibarlı zəmin yaradan konseptual inkişaf nümunəsinə çevrilib. Bu siyasət insanların sağlam mühitdə yaşamaq, istirahət etmək, mənzil sahibi olmaq, təhsil almaq və digər hüquqlarının da etibarlı müdafiəsinə istiqamətlənib. Muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan abadlıq işləri, müasir infrastrukturun qurulması, o cümlədən yolların bərpası, yol şəbəkəsinin daha da genişləndirilməsi məhz bu məqsədlərə xidmət edir.

Noyabrın 11-də 31 min nəfərdən çox əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi istifadəyə verilib.

Ali Məclisin Sədri yolun açılışını bildirən lenti kəsib, sakinləri təbrik edərək deyib: “Hər bir yaşayış məntəqəsinin inkişafında müasir yol infrastrukturunun yaradılması vacib məsələdir. Çünki harada yol abaddırsa, orada həyat rahatdır. Bu gün yaşayış məntəqələrində insanlar avtomobildən istifadə edir. Bunun üçünsə, ilk növbədə, rahat yol olmalıdır. Bu amili nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyev 2014-cü il avqustun 27-də müvafiq Sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycanın ən böyük kəndlərindən biri olan Nehrəm kəndinin yolları yenidən quruldu. Yolun birinci hissəsinin açılışı 2015-ci il dekabrın 1-də həyata keçirildi. Bu gün isə yolun ikinci hissəsi istifadəyə verilir”.

Muxtar respublikada dini və milli dəyərlərimizin qorunması, yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Bu sahədə görülən işlərin davamı olaraq Nehrəm kəndində yeni məscid tikilib. Noyabrın 11-də Nehrəm kənd məscidi istifadəyə verilib.

Ali Məclisin Sədri tədbirdəki çıxışında çox əhəmiyyətli məqamlara toxunub: “Bu gün Azərbaycanda sabitlik və inkişaf vardır. Ölkəmizin hər bir yerində quruculuq işləri aparılır. Görülən işlərin, mövcud inkişafın və sabitliyin əsası isə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün Ümummilli Liderin yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, hər bir vətəndaşa ölkəmizin inkişafından pay düşür. Hazırda dünyanın bəzi ölkələrində müharibələr gedir, məscidlər və dini abidələr dağıdılır. Lakin bu gün Azərbaycanda sabitlikdir, bütün sahələr inkişaf etdirilir, məscidlər, yollar və digər sosial obyektlər istifadəyə verilir, dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır”.

Bu gün muxtar respublikamızın xarici ticarət əlaqələri genişlənir, qonşu ölkələrlə yanaşı, ticarət tərəfdaşı kimi çıxış edən ölkələrlə iqtisadi, mədəni münasibətlər inkişaf etdirilir.

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə, noyabrın 16-da isə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb. Görüşlərdə dövlət başçıları tərəfindən münasibətlərin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışılıb, muxtar respublikanın inkişafının məmnunluq doğurduğu və ikitərəfli əlaqələr üçün geniş perspektivlər açdığı qeyd olunub. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin inkişafı, həmçinin Çin Xalq Respublikası ilə rabitə və yeni texnologiyaların tətbiqi sahəsində görülən işlər yüksək qiymətləndirilib.

Qeyd etdiyimiz kimi, bu gün muxtar respublikamızda yaşayış məntəqələri müasirləşir, kəndlərdə şəhər infrastrukturu yaradılır, kompleks quruculuq işləri aparılır, yeni sosial obyektlər istifadəyə verilir, insanların rahat yaşayışı və məşğulluğu təmin edilir. Son illər Şərur rayonunda da həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan iqtisadi layihələr bölgəyə böyük yeniliklər gətirib, insanların həyat səviyyəsi xeyli yüksəlib. Rayon mərkəzi, kəndlər füsunkar gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Bu sahədə görülən işlər rayonun Arbatan kəndini də əhatə edib. Noyabrın 15-də Şərur rayonunun Arbatan kənd avtomobil yolu əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Bundan başqa, həmin gün kənd tam orta məktəbinin yeni binasının, kənd və xidmət mərkəzlərinin də açılışı olub.

Arbatan kəndində tikilənlər, qurulanlar muxtar respublikamızda insan amilinə verilən yüksək dəyərin növbəti nümunəsi, dövlət qayğısının daha bir ifadəsidir. Onu da deyək ki, kənd sakinləri, əsasən, əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər bərəkətli torpaqları əkir, bol məhsul istehsal edirlər. Məhsulun isə bazarı vardır. Göstərilən dövlət qayğısı təsərrüfatların ilbəil genişlənməsinə imkan yaradıb. Bütün bunlar kənd sakinlərinin rifahının yaxşılaşmasına, onların öz yurd-yuvalarına daha sıx bağlanmasına səbəb olub. Yaradılan şərait kənddə məskunlaşmanı artırıb. Bu il Arbatan kəndində 3 yeni fərdi ev tikilib. Daha 3 fərdi evin isə tikintisi davam etdirilir. Muxtar respublikada kəndlərdə yaradılan möhtəşəm infrastruktur, həmin yaşayış məntəqələrində həm də kənd turizminin inkişafı üçün çox geniş imkanlar açır. Çünki müasirlik və təbiilik özlüyündə bir cazibə mərkəzi yaradır. Bu gün Arbatan məhz belə kəndlərimizdəndir.

2018-ci ildə daha bir qürurverici hadisənin şahidi olacağıq. Belə ki, Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı statusunu təhvil alacaqdır. Milli mədəniyyətin aparıcılığı ilə və Şərq-Qərb mədəniyyətlərinin ənənələrinin sintezi əsasında yenidən qurulan, bəşər sivilizasiyasının beşiyi olan 5 minillik tarixə malik Naxçıvan şəhəri bu dəfə İslam mədəniyyətinin paytaxtı kimi dünyanın diqqət mərkəzində olacaq.

Bu məqamda qeyd etmək yerinə düşər ki, İslam mədəniyyətinin paytaxtı statusunu qazanmaq üçün müəyyən şərtlər var. Bu ada namizəd olan şəhərin region və öz ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elm, incəsənət və ədəbiyyatın inkişafına xüsusi töhfələr verməli, həm İslam, həm də bütövlükdə, dünya mədəniyyətində mühüm yer tutmalıdır. Eyni zamanda, bu ada layiq şəhərdə elmi və mədəni infrastruktur – elmi mərkəzlər, mədəni-kütləvi tədbirləri təşkil edən təsisatlar, mükəmməl təhsil qurumları fəaliyyət göstərməlidir. Həmçinin şəhərdə qədimliklə müasirliyin birləşərək vəhdət təşkil etməsi də əsas şərtlər sırasındadır. Qədim yurdumuz Naxçıvan tələb edilən bütün qayda və şərtlərə cavab verdiyindən bu ulu diyar İslam mədəniyyətinin paytaxtı elan edilib.

Noyabrın 25-də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Noyabrın 26-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Baş nazirinin müavini, yazıçı-dramaturq Elçin Əfəndiyev səhnə arxasında yaradıcı heyətlə görüşüblər.

Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib: “Naxçıvan teatrında müxtəlif janrlarda əsərlər tamaşaya qoyulmuşdur. Teatrda fəlsəfi əsərlərə də müraciət olunmuşdur. Yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” pyesində müasir dövrdə cəmiyyəti narahat edən məsələlərə toxunulur. Nobel mükafatı laureatı, yazıçı Moris Metterlinq 1901-ci ildə yazdığı “Arıların həyatı” əsərində cəmiyyətin inkişafında arıların həyatından nümunə götürməyi ön plana çəkmişdir. “Arılar arasında” pyesində də arıların həyatından nümunə gətirilərək səhnələşdirilir və böyük tamaşaçı kütləsinə çatdırılır”.

Ali Məclisin Sədri uğurlu əsərə görə yazıçı-dramaturq Elçin Əfəndiyevə təşəkkür edib, kollektivə yaradıcılıq uğurları arzulayıb.

Bu gün muxtar respublikada ətraf mühitin mühafizəsi, insanların sağlam ekoloji mühitdə yaşaması və yaşıllıqların genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Hər il muxtar respublikada yüz hektarlarla yeni yaşıllıq zolaqları, meyvə bağları salınır. Bu tədbirlər ekoloji tarazlığı qorumaqla yanaşı, həm də meyvəçiliyin inkişafında mühüm əhəmiyyətə malikdir. Noyabrın 26-da muxtar respublikada növbəti iməcilik keçirilib, müxtəlif meyvə və üzüm tingləri əkilib, meyvə bağlarına aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iməcilikdə iştirak edib, gələcəkdə ərazidə üzüm əkininin davam etdirilməsi barədə tapşırıq verib.

Kadr potensialının gücləndirilməsi, elmin, təhsilin inkişaf etdirilməsi bu gün qarşıda duran əsas vəzifələrdən biridir. Çünki yüksək təhsil almış insanlar innovativ inkişafın fundamentini təşkil edirlər. Həmin insanlar əvvəlcə tam orta məktəblərdə təhsil alır, ilk biliklərə məhz burada yiyələnirlər. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı, intellektli və vətənpərvər gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Təhsil quruculuğu tədbirləri bu il də davam etdirilir, muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində yeni məktəb binaları tikilir, mövcud məktəb binaları yenidən qurulur.

Noyabrın 28-də Kəngərli rayonunda akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulduğunu bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: “Ölkənin inkişafını təhsil olmadan təsəvvür etmək mümkün deyil. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də ölkənin təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır”. Ölkəmizdə Ulu Öndərin tövsiyələrinə əməl olunaraq müasir məktəb binaları tikilir. Bu gün istifadəyə verilən Şahtaxtı kənd tam orta məktəbinin binası da təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır”.

Ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha şahid oluruq ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin quruculuğa, inkişafa, yüksəlişə əsaslanan siyasi xətti uğurla davam etdirilir. Bunu reallaşdıranlar isə siyasətdə keçdiyi çətin və şərəfli yolu, sərt və mürəkkəb məqamlarda tutduğu obyektiv və qəti mövqeyi, atdığı düşünülmüş addımları, əldə etdiyi ciddi və mühüm nəticələri ilə böyük siyasi məktəbin əsasını qoyan Ulu Öndərin məhz həmin məktəbinin layiqli məzunlarıdır. Onların gördüyü bütün bu işlər daim böyük sevgi və hörmətlə anılacaqdır.

 

Rauf Əliyev

 

İki sahil.- 2016.- 10 dekabr.- S.20.