Tar etibarlı əllərdədir
Müsahibimiz Xalq artisti Möhlət
Müslümovdur
- Möhlət müəllim, Azərbaycan
mədəniyyətinin inkişafında Ulu Öndərin xidmətləri
əvəzsizdir. İstərdim söhbətə Ulu Öndərlə
bağlı xatirələrlə başlayaq...
- Allah Ulu
Öndərimizə rəhmət eləsin. Mən
o sənətkarlardanam ki, yaradıcılığımın ən
yaxşı, inkişaf edən dövrü Ulu Öndərin
hakimiyyəti illərinə təsadüf edib. Bildiyiniz
kimi, Azərbyacan Televiziyasının Əhməd Bakıxanov adına Xalq çalğı alətləri
ansamblının bədii rəhbəriyəm. 1993-cü
ildən bəri demək olar ki, dövlət tədbirlərinin
əksəriyyətində bizim ansambl iştirak edib. O
konsertlərdə iştirak etmək hər zaman çox
qürurverici və həyəcanlı idi. Çünki
bilirdik ki, konsertdən sonra Ulu Öndər pərdə
arxasına gəlib bizimlə görüşəcək və
sənətimiz haqqında öz fikirlərini söyləyəcək,
irad və təkliflərini bildirəcək. Ümummilli Liderin hər bir fikri bizim
üçün böyük bir məktəb idi. Yaxşı yadımdadır,
dünyanın bir sıra ölkələrinin və beynəlxalq
təşkilatların nüfuzlu mükafatlarını
almış, Ulu Öndərin yaxın dostu İhsan
Doğramacının 2000-ci ildə 80 illik yubileyi Bakıda
qeyd olunurdu. Canlı efirdə müxtəlif xanəndələri
müşayiət etməklə fasiləsiz dörd nömrə
ifa etməli idim. Elə ilk
çıxışda tarın ən əsas aparıcı
iki simi qırıldı. Bu, elə bir
hadisə idi ki, heç bir təcrübə ilə bunu
ört-basdır etmək mümkün deyildi. Simlər elə
qırılmışdı ki, qopub yana
doğru sallanırdı. Ancaq ifanı
yarımçıq kəsmədim. Fikrim də
elə Ulu Öndərin reaksiyasında idi. Gördüm
ki, ulu öndər Heydər Əliyev Ehsan Doğramacıya
deyir: “İki simi qırılıb, amma çalır haa...”O
söz elə bildim məni göylərə qaldırdı. Bütün həyəcanım yox oldu. İnanın ki, elə ifa etdim ki, nəinki xanəndələr,
hətta yubiley iştirakçısı olan peşəkar
tarzənimiz belə tarın siminin qırılmasından xəbərsiz
oldu. O tədbirdə heç bir peşəkar
musiqiçi tarın siminin qırılmasını hiss etməmişdi, ancaq Ulu
Öndər o dəqiqə hiss etmişdi. Çox
şükür ki, bu gün Ulu Öndərin ideyaları
Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla yerinə yetirilir. Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyətinin nəticəsidir ki,
bizim tarımız UNESCO- da “şah alət” elan olundu. Bir tarzən kimi bu məni çox xoşbəxt
edib.
- Solist kimi çıxış etmək
asandır, yoxsa müşayiət etmək?
- Hərəsinin
öz çətinliyi var. Amma solist elədir ki, özün-
özünə cavabdehsən. Müşayiət
aparıcı alətdir. Həm xanəndəyə,
həm kamançaya həm də özünə cavabdeh
olursan. Müşayiət etmək çox
çətindir.
- Ən çox sevə-sevə
müşayiət etdiyiniz sənətçi kim
olub?
-
Çox dəyərli insanları müşayiət etmişəm.
Əbülfət Əliyev, İldırım Həsənov,
Hacıbaba Hüseynov, Sara Qədimova, Tükəzban
İsmayılova...saymaqla qurtarmaq olmaz. Amma ən
çox sevdiyim, tələbəlik, gənclik, uşaqlıq
dostum Səxavət Məmmədov olub. Bizim
çox gözəl günlərimiz olub. Birlikdə
Qarabağı qarış-qarış gəzmişik.
- Xanəndə səhv ifa edəndə
reaksiyanız necə olub?
-
Tamaşaçı qarşısında reaksiya verə bilmirəm,
əksinə, onu vəziyyətdən çıxarmağa
çalışıram. Ancaq məşq zamanı belə
hallar baş verərsə, ifanı saxlayıb səhvin aradan
qaldırılmasına nail oluruq. İnsanlar
müxtəlifdir. Elə insan var iradı yaxşı qəbul
edir, ancaq bir az kaprizli
xalq artistlərimiz var ki, əvvəlcədən məşq
zamanı bildirir ki, baş verən nöqsanları
ansamblın üzvləri arasında deyil, təklikdə
bildirin. Muğam böyük dəryadır.
Heç kim deyə bilməz ki, mən bu dəryanın
gözəl üzgüçüsüyəm. Bu
dəryada özümü bir damla sayıram. Bunu öyrənməyə bir insan ömrü
çatmır, yenə də öyrənməyə
çalışıram. Belədir ki, insan qəbir evinə qədər
öyrənir. Muğamda bilirəm söhbəti
yoxdur.
- Adətən sənətkarlar məşğul
olduqları sənətin çox ağır olduğunu etiraf
edir, amma övladlarını da arxalarınca aparırlar. Oğlunuzun bu sənəti seçməyində
rolunuz olubmu?
- Onun bu sənəti
seçməyində rolum olmayıb. Düzünü
desəm heç istəmirdim. Ondan
böyük iki övladım var, heç birinə icazə
verməmişəm. Kiçik oğlum Rüstəmlə bacara bilmədim.
Hərdən baxıram, ürəyim
ağrıyır, deyirəm ki, sən necə dözəcəksən,
buna dözmək lazımdır. Fikirləşəndə
ki, mən necə dözmüşəm, bir az
təskinlik tapıram. Bunun adı incəsənətdir,
əslində çətin sənətdir. İncə olduğu qədər də çətindir. Rüstəm
kiçik olanda iki ay Mərakeşdə qastrol səfərində
idim. Mərakeşdən gələndə
gördüm ki, Rüstəmin artıq tar əlindədir.
Atam aparıb onun sənədlərini musiqi məktəbinə
verib. Bizdə də belə bir adət var
ki, atanın dediyi sözü iki etməzlər. Hətta
atamın yanında uşaqlarımı qucağıma belə
almamışam. Gördüm
artıq iş-işdən keçib. Gözlədim
ki, qabiliyyəti, bacarığı necə olacaq? Şükür Allaha bu gün qabiliyyətindən
narazılığım yoxdur.
- Dünyanın bir çox ölkələrində
Azərbaycan musiqisini layiqincə təmsil etmisiniz. Hansı
ölkədə olanda özünüzü Vətəndə
olduğu kimi hiss etmisiniz?
- Vətəni
heç bir ölkə əvəz etmir. Mənim
uşaqlıqda ən böyük arzum Hindistana səfər
etmək idi. Təbii ki, bu istək o zamanlar
hind filmlərinə olan sevgidən yaranmışdı. Allah qismət etdi, iki ay Hindistanda səfərdə
olduq. Vətən üçün
ağılasığmaz dərəcədə çox
darıxırdım. Uzun müddət Vətənsiz
yaşaya bilmirəm. Başqa ölkələrə
baxanda Cənubi Azərbaycanda bir az rahat
oluram. Çünki orada 30-40 milyon azərbaycanlı
var. Onların arasında elə bil kimliyimə
qayıdıram. Ərdəbili,
Urmiyanı, Təbrizi, Zəncanı görəndə elə
bil, ulu babalarım yadıma düşür. Amma sizi əmin edə bilərəm ki,
dünyanın heç bir guşəsi Vətənin yerini verə
bilməz. Müstəqilliyimizin ilk illərində bir
çox ölkələrdən-Türkiyədən, Fransadan,
İtaliyadan
iş təklifləri almışdım. Heç birini qəbul etmədim. Fikirləşdim ki, iki ayı başqa ölkədə
çətinliklə keçirmişəmsə uzunmüddətli
ayrılığa heç vaxt dözə bilmərəm.
Bundan əlavə, evin tək övladı
olmuşam. Valideynlərimin də tək
qalmasına heç vaxt yol verə bilməzdim.
- Qeyd etdiniz ki, tez-tez xarici ölkələrdə
səfərlərdə olmusunuz. Bu səfərlər
zamanı hansısa xoşagəlməz hadisələrlə
rastlaşmısınızmı?
- Bədnam
qonşularımız tərəfindən olub. Bir
dəfə Hollandiyada yaradıcılıq görüşləri
keçirilirdi. Bizim üçün
proqram tərtib edilmişdi ki, 10-12 konsert verməliyik, bir də
yaradıcı görüşlərdə iştirak etməliyik.
Hollandiyada bir ansambl var, bütün dünya
xalqlarının musiqilərini ifa edir. Orada
mizrabla çalınan bütün alətlərdən
az-çox baş çıxaran bir oğlan var idi. Onlarla bir görüş keçirməli idik.
Elə təzəcə oturmuşduq ki, sarı
rəngli bir tar gətirdilər ki, bu, erməni tarıdır.
Deməli, tarı təzəcə düzəldəndə
sarı rəngdə olur, müəyyən müddətdən
sonra isə rəngi qaralmağa başlayır. Mən hər dəfə xaricə gedəndə
Vaqif Əbülqasımovun tarın tarixi ilə bağlı
bir kitabının ingilis dilində nəşrindən bir
neçəsini özümlə götürürəm.
Tərslikdən oteldə həmin kitabdan olsa da,
özümlə görüşə götürməmişdim.
Oğlan təəccübləndiyimi görüb dedi ki, bu, erməni tarıdır və Ermənistanda
düzəldilib. Əlimə
götürdüm, gördüm, simləri yerində deyil.
Təzədən açıb, simləri
düzəltdim, köklədim. Soruşdum
ki, hansı tar ifaçısını dinləyib? Cavab verdi ki, Bəhram Mansurovun ifasını
eşidib və “Çahargah” muğamını öyrənib.
Çaldı, gördüm ki, az-maz bilir. Təzədən buna “Çahargah”
muğamını öyrətdim. Ansambla da
“Çahargah” rəngini və “Şəki yallısı”nı öyrətdik. Bunlar
çox təəccübləndilər. Amma oğlana
dedim ki, onunla söhbətimi bitirməmişəm. Dedim,
buradan otelə gedək, sənə balaca bir kitab verəcəyəm,
axşam oxuyarsan, sonra söhbətimizə davam edərik. Həmin oğlan kitabı oxuyandan sonra gəlib məndən
üzr istədi ki, tar doğrudan da Azərbaycan aləti
imiş. Jurnalistlərin iştirakı ilə
görüşdə də dedim ki, Bakıda tar düzəldən
ermənilər olub. Amma peşəkar tar ifaçıları
ancaq azərbaycanlılardır. Ermənilər usta olub. Elə mənim evimi də erməni ustaları tikib.
Amma bu o anlama gəlmir ki, ev ermənilərindir.
Erməni tarı təmir edə bilər,
düzəldə də bilər. Amma bizim kimi tar
çala bilməz. Çünki ermənidə
əruz, muğam yoxdur. Erməni şuru da
çalır, segahı da. Ancaq
muğamların sinifləri, adı, guşələri var. Tar
Azərbaycana məxsus alətdir. Bu kimi
hallarla bir neçə dəfə rastlaşmışam.
Amma indi
şükür Allaha ki, tar UNESCO-nun dünya irsi
siyahısına daxil edilib. Tar sevilir və ona böyük qiymət
də verilir. Dövlətimiz, ölkə rəhbərliyi,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da
tarın, muğamın populyarlaşdırılması
işində dəstəyini əsirgəmir.
- Pedaqoji fəaliyyətlə məşğulsunuz.
Bu gün tələbələrinizin tara,
milli musiqi alətimizə olan münasibəti sizi qane edirmi?
- Tar
xalqın malıdır. Bunu bizə əmanət
ediblərsə, biz də onu kimlərəsə əmanət
etməliyik. Gənc tarzənlər tar sənətinə
çox böyük qiymət verirlər. Onların
fəaliyyətləri təqdirəlayiqdir. Düşünürəm ki, bugünkü tarzənlər
və gələcək tarzənlər milli sənətimizi
dünyada layiqincə təmsil etməyə qadir sənətkar
olacaqlar. Xalq musiqisinə, muğama, milli
musiqi alətlərinə verilən qiymət bugünkü nəslin
gələcək həyatında mühüm rol oynayacaq.
Gənclərin milli dəyərlərə
üstünlük vermələri həm kimliyimizi
unutdurmayacaq, həm də gələcəkdə
xalqımızın dünyada təbliğində müstəsna
rol olacaq. Artıq tarı sevənlər
daha da çoxalıb və gözəl tarzənlər dəstəsi
yetişir. Mənim oğlum Rüstəm
Müslümov da tarzəndir. Düşünürəm
ki, bizə ərmağan olunan ulu tarı, biz də
könül rahatlığı ilə gələcək nəsillərə
ötürə biləcəyik. Tar etibarlı əllərdədir.
Son dövrlərdə keçirilən beynəlxalq tədbirlər,
muğam müsabiqələri, festivallar, simpoziumlar qədim
çalğı alətlərimizə gənclərdə bir
az da həvəs oyadıb. Deyərdim ki,
bu gün tara maraq əvvəlki illərdən
daha artıqdır.
- Möhlət müəllim, Qurban
Pirimov 80 yaşında belə tarı əlindən yerə
qoymamışdı. Ancaq bəzi sənətkarlar var ki,
müəyyən yaş həddinə çatdıqdan sonra
artıq öz sözlərini dediklərini,
missiyalarını başa vurduqlarını
düşünürlər. Siz necə
düşünürsünüz?
-
Bilirsiniz, tar elə bir alətdir ki, 10 yaşındakı
uşaq da onu sinəsində tutduqda yaraşır, 30
yaşında da. Hətta 80-90 yaşında belə
əgər əlin mizrab tutursa, tar tutursa dünyanın ən
xoşbəxt insanısan demək. Mən
hələ nə ifa etdiyimi indi başa düşürəm.
Allah nə qədər ömür payı yazıbsa, əlim
nə qədər mizrab tutursa, tar əlimdə olacaq. Mənə elə gəlir ki, hələ bundan sonra
yaxşı ifalar edəcəyəm. Mənim
beynim hələ indi yetkinləşir. Allah bir 60 il də ömür versə, başqa cür
tar çalmağa başlayardım. Hələlik o
gücü özümdə hiss edirəm.
- Müsahibələrinizin birində
bildirmisiniz ki, tar uşaq kimidir, həssasdır,
şıltaqdır, küsəyəndir: “Onu əlimdə
balam kimi saxlayıram, hər nazı ilə oynayıram...” Bu nazlı uşağın
şıltaqlığından yorulmamısınızmı?
- Hərdən
yoruluram. Hətta mənim tardan küsən
vaxtlarım da olub. Adam övladından
inciyən kimi incidiyim vaxtlar da olub. Çünki
hərdən elə olur ki, tarın tərsliyi tutur, sözə
baxmır. Tar çox hissiyyatlıdır. Vallah,
insan yağışın yağmağını hiss eləmir,
amma tar hiss edir. Bir dəfə mən
Kanadada yoldaşlarımla konsertə gedirdim. Dedim ki, bir
azdan burada leysan olacaq. Heç kim
inanmadı. Bir də gördülər leysan
yağır. Tar artıq onu hiss eləmişdi. Tərsliyi tutsa da, sözümə baxmasa da, əzizləyirəm
onu. Hansı ata övladını ata bilər,
tar da mənim bir övladımdır.
- Möhlət müəllim,
keçmiş ifalarınızı dinləyəndə
hansı hissləri keçirirsiniz? Hesab etmisinizmi ki, bu yeri səhv
ifa etmişəm, indi fərqli ifa edərdim?
- Təxminən
40 yaşım olan ərəfələrdə 20-25
yaşımda ifa etdiyim yazıları sildirmək istəyirdim. Ancaq yaşca məndən
böyük insanlar dedilər ki, olmaz, hər yaşın
öz ifa tərzi var. Bir il əvvəl ifa
etdiyim musiqiyə qulaq asanda deyirəm Allah mən niyə bunu
belə etməmişəm? İmkan olan kimi təzələyirəm,
amma köhnəyə dəymirəm.
- Bir neçə musiqi alətində
ifa etməyi bacarırsınız. Necə oldu
ki məhz tarı seçdiniz?
- Tarda ifa
etmək atamın arzusu olub. Atam hər zaman deyirdi ki, həvəsi
ürəyində qalıb, kasıblıq olub tar ala bilməyib.
Elə o söhbətlərdən məndə tara həvəs oyanıb və
sevmişəm. Amma tarı öyrənəndən
sonra gördüm ki, sazda ifa etmək tardan da asandır. Gitarada ifa etdikdən sonra gördüm ki, bu, hər
ikisindən də asandır. Ansamblda saz
ifaçısı gəlməyəndə hərdən onu əvəz
edirəm. Ancaq efirdə istəmirəm
göstərsinlər. Sazı bəlkə
mən tardan da çox sevirəm. Amma
tarı seçdim. Arzu edirəm ki, bizim saz
ifaçılarımız sazımızı saz kimi
çalsınlar, işgəncə verməsinlər, boyunlarında,
yerdə hoqqabazlıqla ifa etməsinlər. Çünki
sazımız da, tarımız da bizim milli kimliyimizdir.
- Bir neçə filmdə
musiqiçi kimi iştirak etmisiniz. Bu filmlərdən hansı sizin ruhunuza, qəlbinizə
daha yaxın olub?
- Görkəmli
rejissorumuz Şahmar Ələkbərzadə 1998-ci ildə
bildirdi ki, “Qəzəlxan” filminin çəkilişlərində
üçlükdə sənin də çəkilməyini
istəyirəm. Sonra elə oldu ki, bizi Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə iki aylıq xarici ölkəyə
qastrol səfərinə göndərdilər. Təsadüfən də filmin çəkilişləri
həmin vaxta düşdü. Qayıtdıqdan
sonra Şahmar müəllim bildirdi ki, kinoda bir toy səhnəsi
qalıb istəyirəm onu siz ifa edəsiniz. Kiçik səhnə də olsa iştirak etdim,
çox xoşuma gəldi. Bundan əlavə
bir neçə filmlərdə də ifalarım olub. Yenə dəvət alsam çəkilərəm.
Şəmsiyyə Əliqızı,
Röya Şahbazi
İki sahil.-
2016.- 13 dekabr.- S.20.