Ana və uşaqların sağlamlığının

qorunması diqqət mərkəzindədir

 

Müsahibimiz Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyevdir

 

- Nəsib müəllim, uşağa qayğı anaya, anaya qayğı isə uşağa qayğıdır. Bu təməl prinsiplərinə məhz ümummilli liderimiz Heydər Əliyev həmişə böyük diqqət göstərib. Razılaşarsınız ki, Ulu Öndərin Azərbaycan səhiyyəsi qarşısında xidmətləri əvəzsizdir. İllərdir bu sahədə çalışan həkim olaraq Ulu Öndərin səhiyyəyə diqqətini necə xarakterizə edərdiniz?

-Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu, dünyanın təkrarsız lideri, xalqımızın xilaskarı idi. Əlbəttə ki, bugünkü səhiyyəmizin təməli, müstəqil Azərbaycanın səhiyyə strategiyasının əsas xətti məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər elə əhatəli, dərin düşüncəli şəxsiyyət idi ki,  həkimlər, mədəniyyət işçiləri, müəllimlər, texniki işçilər, siyasətçilər ilə bir arada olanda hər kəs onu həmin sahənin mahir bilicisi hesab edirdi. Ümummilli lider Heydər Əliyev canlı tarix idi. Yaxşı yadımdadır, Naxçıvan MR-də Heydər Əliyevin orta məktəb müəllimləri Ulu Öndərlə bağlı xatirələrində bildirmişdilər ki, hələ lap uşaq yaşlarından həmyaşıdlarından həm hadisələrə yanaşma tərzinə görə, həm də davranışına  görə fərqlənirdi. Bütün bunlar onu göstərir ki, tarixdə təsadüf ola bilməz.  Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi tarixi bir şəxsiyyətdir. 1992-93-cü illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyədə də böhran hökm sürürdü. O zamanlar uşaqları peyvənd etmək üçün preparatlarımız yox idi. Ölkədə qızılca, difteriya kimi infeksion xəstəliklər baş alıb gedirdi. Həmin illərdə çox sayda uşaq itirdik.  Amma xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev özünün şəxsi nüfuzu hesabına Dünya Bankından 20 milyon dollar həcmində kredit götürdü. Bununla da səhiyyədə canlanma başladı. 1996-cı ildə Dünya Səhiyyə Təşkilatının göstəricilərinə əsasən Azərbaycan MDB dövlətləri arasında ölkədə xəstəliklərin qarşısının alınmasına görə birinci yerə çıxdı. 1997-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda əhalinin sağlamlığının qorunması haqqında qanun” qəbul olundu. Bu günə qədər də o qanun fəaliyyətdədir. Bu minvalla ölkədə səhiyyənin canlanması dövrü başlandı. Müstəqilliyin ilk illərindən səhiyyənin inkişaf yoluna nəzər salsaq, həmin illəri üç dövrə bölmək olar: böhran illəri, sabitləşmə illəri və nəhayət səhiyyənin yüksəlişi illəri. Çox böyük fərəh hissi ilə son on ili Azərbaycanda səhiyyənin inkişafı illəri kimi qiymətləndirə bilərik. Bu illər ərzində Azərbaycan səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından böyük inkişafa nail olub.

- Səhiyyənin inkişafı həm də peşəkar kadr hazırlığından asılıdır. Azərbaycan Tibb Universiteti hər il yüzlərlə məzun hazırlayır. Necə düşünürsünüz, həmin məzunlar Azərbaycan səhiyyəsinə nə dərəcədə faydalı ola bilirlər, ümumiyyətlə, bugünkü kadrların peşəkarlığı qaneedicidirmi?

-Bir şeyi bilmək lazımdır ki, maddi-texniki baza olmasa, istənilən peşəkar kadr heç nəyə nail olmayacaq. Və ya əksinə, dünyanın  ən qiymətli maddi-texniki bazasını gətirsəniz də, peşəkar  kadr olmasa o avadanlıq heç bir işə yaramayacaq. Yəni bu iki amil bir-biri ilə sıx əlaqəlidir. Həqiqət naminə deməliyəm ki, son 10 ildə Azərbaycanda maddi-texniki baza, yeni xidmət orqanlarının yaradılması prosesi demək olar ki, inqilabi şəkildə baş verir. Təsəvvür edin ki, bu qısa müddət ərzində Azərbaycanda 600 tibb müəssisəsi ya yeni tikilib, ya da bərpa olunub və ən müasir texnoloji avadanlıqlarla təchiz edilib. Bu, əsl inqilabdır. Amma kadr hazırlığı prosesi bundan fərqlidir. Bu sahədə inqilab etmək olmur. Ona görə ki, orada ancaq təkamül prinsipi işləyir. Yəni peşəkar kadr hazırlamaq üçün uzun müddət tələb olunur. Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan səhiyyəsinin səviyyəsi maddi-texniki bazanın inkişafı baxımından ən yüksək həddədir. Amma etiraf etmək lazımdır ki, kadr hazırlığı baxımından hələ də  problemlərimiz var. Amma bu istiqamətdə də intensiv işlər gedir. Mütəxəssislərimiz dünyanın müxtəlif inkişaf etmiş ölkələrinə təcrübəyə göndərilir. Eyni zamanda ölkəmizdə hazırlıq üçün xarici ölkələrdən peşəkar mütəxəssislər gətirilir. Bilirsiniz ki, Azərbaycanda Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutu var. Həmin institutun xidmətlərindən istifadə etməklə kadr hazırlığı prosesi sürətlənir. Yadımdadır, Sovet dövründə rusların hələ oktyabr inqilabından əvvəl bir devizləri var idi. Deyirdilər ki, kadrlar hər şeyi həll edir. Doğrudan da kadr çox şeyi həll edir.

- Nəsib müəllim, ölkəmizdə uşaqların ölüm səviyyəsi hansı vəziyyətdədir?

-Azərbaycan müstəqillik qazandığı gündən bu günə qədər uşaq ölümünün səviyyəsi üç dəfəyə qədər azalmışdır. Daha dəqiq desək, 1992-1993-cü illərdə hər yeni diri doğulan uşaqdan bir yaşa çatana qədər 30 nəfər tələf olurdusa, indi bu rəqəm 10-12 arasında dəyişir. Bu rəqəmlər göstərir ki, biz üç dəfə azalmaya nail olmuşuq. Həqiqət ondan ibarətdir ki, 2015-ci ilin yanvarın 1-dən etibarən səhiyyənin  tibbi xidmət səviyyəsinin, o cümlədən uşaqlara göstərilən tibbi xidmət səviyyəsinin yüksəlməsinə görə biz Dünya Səhiyyə Təşkilatının diri doğulmanın yeni meyarları prinsipinə keçmişik. Əsl həqiqət odur ki, bundan sonra  da Azərbaycanda uşaq ölümləri tədricən azalmaqda davam edəcək, dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə gəlib çatacaq. Çünki bunu demək üçün əsaslarımız var. Bilməlisiniz ki, uşaq xəstəliyinə və ölümünə təsir edən faktorlar arasında tibbi xidmət 5-ci yerdə durur. Ondan qabaq elə faktorlar var ki, bu artıq tibbi xidmətdən asılı deyil. Məsələn, uşaq yaxşı qidalanmırsa, yuxu rejiminə düzgün riayət olunmursa, onda hansı dərmandan istifadə edirsənsə et, orada problem aradan qalxmayacaq. Bu işdə ancaq həkimi günahlandırmaq doğru deyil.

- Bəs peyvəndlərin vurulması prosesi necə gedir?

- Şükürlər olsun ki, əhalimiz bütünlükdə peyvəndin qədər əhəmiyyətli olduğunu başa düşür düzgün qiymətləndirir. Təsadüfi deyil ki, ölkədə uşaqların peyvənd olunması dərəcəsi həmişə 95 faizdən yuxarıdır. Bəzən jurnalistlər bu fikrə şübhə ilə yanaşırlar. Amma bunun obyektiv səbəbləri var. Məsələn, axırıncı dəfə  qızılcalı xəstə nə vaxt görmüsünüz?

- Axırıncı dəfə nə vaxt gördüyüm yadıma gəlmir.

- Bax həqiqət budur. Halbuki biz, siz yaşda olanda addımbaşı qızılca xəstəliyinə rast gəlirdik. Ölkəni əhatə edən epidemiyalar çox olardı. Məsələn, keçən il oktyabrın sonlarında Azərbaycana Dünya Səhiyyə Təşkilatının Avropa bürosundan təşəkkür məktubu gəldi. Belə ki, ölkəmiz 53 Avropa ölkəsi içərisində qızılca və məxmərək xəstəliklərinin qarşısının alınmasına görə ilk 10 Avropa dövlətinin siyahısına düşmüşdü. Bu xəstəliklərin bu gün olmamasının səbəbi ancaq peyvənddir. Peyvəndlə əhatə yaxşı olmasaydı, ölkəmizdə də Niderland, Danimarka, Bolqarıstan, Polşa, Ukraynas. ölkələrdə olduğu kimi epidemiyalar intensiv yayılardı. Peyvənd elə bir şeydir ki, onun dünyada alternativi yoxdur. Çalışmalıyıq ki, uşaqlarımız ölkəyə gətirilən infeksiyalara yoluxmasınlar, onların immunitetləri möhkəm  olsun. Amma həqiqət naminə demək lazımdır ki, bu gün valideynlər arasında bu işə maneçilik törətmək istəyənlər var. Halbuki dünyada peyvəndin bərabəri yoxdur. Məsələn, ABŞ Xəstəliklərə Nəzarət İdarəsi deyilən bir xidmət var, onlar “XX yüzilliyin zəfəri nədir?” sualına cavab tapmaq üçün tədqiqat aparıblar. Müəyyən olunub ki, XX yüzillikdə tibbin əldə etdiyi ən böyük zəfər peyvənddir. Onlar sübut edirlər ki, peyvənd üsulu ilə hər il ən azı 3 milyon uşağın həyatı xilas olunur. “Bəs peyvənddən yaxşı nə ola bilər?” sualına isə cavab tapıblar ki, heç bir dərman preparatı onu əvəzləyə bilməz.

- Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan səhiyyə strategiyası bu gün ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir. İstərdik son illərdə məhz dövlət başçısının bu sahədə imzaladığı sərəncamların və Dövlət Proqramlarının nəticələri haqqında danışaq.

- Düzgün vurğuladınız. Bu gün səhiyyəmizin əsas strateji xətti Ümummilli Lider tərəfindən müəyyən olunubsa, onun praktik reallaşması və inkişaf etdirilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, eyni zamanda səhiyyənin yaxın dostu, ixtisasca da həkim olan Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətləri var. Təsadüfi deyil ki, Azərbaycanın dövlət siyasətinin əsas xətti həmişə sosialyönümlü olmuşdur. 2006-cı ilin fevral ayından Azərbaycanda ana və uşaqların mühafizəsi işi səhiyyənin prioriteti adlandırılıb. Bu günə qədər də Dövlət Proqramları qəbul olunub, səhiyyəyə vəsait ayrılır. Sonuncu Dövlət Proqramı 2004-2020-ci illəri əhatə edən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması ilə bağlı Dövlət Proqramı”dır. Sonuncu qanun da həmçinin böyük əhəmiyyətə malik olan qanundur. 2013-cü ilin aprel ayında yenə də ölkə Prezidentinin şəxsi təşəbbüsü ilə hazırlanan “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun dünyanın inkişaf etmiş ölkələrinin heç birində yoxdur. Bu qanunda göstərilir ki, uşaqların yaşlarına uyğun olaraq hər il birya bir neçə dəfə tibbi müayinəsi dövlət tərəfindən həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda dövlətin siyasəti sosialyönümlüdür. Eyni zamanda ölkədə ana və uşaqların sağlamlığının qorunması dövlətin əsas prioritet istiqamətidir.

- Bildiyiniz kimi, qış aylarını yaşayırıq. Nəticə etibarilə  bu fəsil insanların xəstəliklərə ən çox yoluxduğu vaxtlardır. Bir pediatr kimi analara uşaqlarını xəstəlikdən qorumağın yolları haqqında məlumat verərdiniz...

 - Təkcə uşaqlara deyil, bütün insanlarımıza özlərini xəstəliklərdən qorumağı arzu edirəm. İnsan üçün ən vacib amil cansağlığıdır. Cansağlığının qiymətini bilmək və onu qiymətləndirməyi bacarmaq lazımdır. Bəzən insanın başı işə, məişət problemlərinə qarışır və sağlamlıq ikinci plana keçir. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev xalqımıza müraciət edərək, ildə bir dəfə kompleks müayinədən keçməsini tövsiyə edir. Uşaq həkimi olaraq, istədiyim odur ki, yetkin insanlar uşaqların qeydinə qalsınlar. Onların qidalanması və geyiminə xüsusi diqqət ayırmaq lazımdır. Uşaqlar cəmiyyətin o üzvləridir ki, faktiki olaraq onların taleyi bizim vicdanımızdan asılıdır. Onların etirazını bildirmək gücləri yoxdur. Təəssüflər olsun ki, bu yaxınlarda institutumuzun reanimasiya şöbəsinə bir günlük uşaq gətirdilər. Anası onu zibil yeşiyinə atıb, tapanlar təcili yardım maşını ilə xəstəxanaya gətiriblər. Çox istərdik ki, uşaqlara qarşı hər kəs vicdanla hərəkət etsin. Uşağın sağlamlığına şübhə olan kimi həkimə müraciət etsinlər. Biz inkişaf edərkən hərtərəfli inkişaf etməliyik. Uşaqlar gələcəyimizdir, onların sağlamlığını qorumaq hər birimizin borcudur.

 

Şəmsiyyə Əliqızı,

 

Şəfiqə Dadaşova

 

İki sahil.- 2016.- 15 dekabr.- S.11.