Hər zaman zirvəyə yox,

peşəkarlığa can atmışam

 

Müsahibimiz muğamlarımızın mahir ifaçısı, Əməkdar artist Bəyimxanım Vəliyevadır

 

- Bəyimxanım, maraqlıdır bu qədər gözəl ədəb-ərkanı, xanım-xatınlığı, oturuşu-duruşu ilə seçilən bir sənətçi necə ailədə boya-başa çatıb?

- Orta səviyyəli, ziyalı bir ailədə anadan olmuşam. Anam ixtisasca hüquqşünas olub. Hər zaman oxumağa, təhsilə üstünlük verən bir ailədə dünyaya göz açmışam. Ailəmiz çox imkanlı olmasa da normal şəraitdə böyümüşəm. Azərbaycan Televiziyasında həftədə bir dəfə muğam saatları olurdu. O saatlarda anam ev işlərini görə-görə muğama qulaq asırmış. Görüb ki, mən yoxam. Axtarıb məni için-için ağlayan görübmüş. Ağlamağımın səbəbini soruşduqda ürəyimi göstərib demişəm ki, ana burada nəsə olur mənə, televizorun səsini kəs. Adətən körpələr ana laylası ilə yatırlar. Amma anam mənə layla çalanda ağlayırmışam. Təbii ki, hər bir valideyn kimi anam da məndə baş verən bu qeyri-adilikdən narahat olub. Ancaq mənim musiqi duyumumun yüksək olduğunu da müşahidə edibmiş. Üç yaşım olanda məni görkəmli bəstəkarımız AzTV-nin “Bənövşə” uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri Əfsər Cavanşirovun yanına aparıb. Tanıyanlar gözəl xatırlayarlar ki, Əfsər Cavanşirovun çox qəliz xasiyyəti var idi. Hər yaxşı səsi olanı solist kimi qəbul etmirdi. Onu bir müddət sınaqdan keçirdikdən sonra solist kimi oxumasına icazə verərdi. Əfsər müəllim məni dinlədikdən sonra qucaqlayıb bağrına basdı və elə ilk gündən də “Bənövşə” uşaq xoruna solist kimi qəbul etdi. Həmin ansamblın AzTV-də tez-tez çıxışları olurdu. Elə Azərbaycan Televiziyasında ilk çıxışım da 1992-ci ildə “Nargilə” mahnısı ilə oldu. Nədənsə həmişə böyük mahnılarına can atırdım, uşaq mahnılarını sevməmişəm. Amma uşaq olduğuma görə dilə tutaraq bu mahnını mənə ifa etdirə bilmişdilər. Bir dəfə də 1995-ci ildə Respublika müsabiqəsi keçirilirdi, orada mən “Ana” mahnısını ifa etməli idim. O müsabiqəyə uşaqları bağçalardanmusiqi məktəblərindən seçirdilər. Məni də münsiflər uşaq bağçasından bəyənib dəvət etmişdilər. Orada “Ananın səsi” mahnısını ifa etdim. Musiqinin sözü belə idi ki, mən ananın adı ilə müraciət etməli idim. Nə qədər cəhd etsələr də oxudum ki, “Mən balayam, bu səsimdə yerin, göyün dərdi var. Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar.” Münsiflər irad tutdular ki, “qızım, orada mən anayam, deyilməlidir”. Bildirdim ki, axı mən ana deyiləm. Bu fikir münsiflərdə maraq doğurdu və həmin müsabiqədə birinci yerə, “Qran-pri” mükafatına layiq görüldüm. Yaxşı yadımdadır, o zaman balaca uşağın ifasını zal ayaq üstə alqışlamışdı. Hər dəfə çalışıram ki, ifa etdiyim mahnıları necə hiss edirəm, elə də ifa edim. Ondan sonra müxtəlif muğam müsabiqələrində iştirak etdim. Azərbaycan xalq mahnılarını, muğamlarını dünyanın bir çox ölkələrində təbliğ etmişəm. Bu hissə yaradıcılığımın birinci hissəsidir.

- Sualımız elə yaradıcılığınızın ikinci hissəsi haqqında olacaq. 1992-ci ildən başlayan səhnə fəaliyyəti ölkəmizdə keçirilən onlarla istedadlı gənci üzə çıxaran Muğam müsabiqəsi ilə ən yüksək zirvəsinə çatdı, tanındınız...

- Bəli. Əslində müsabiqəyə qatılmaq istəmirdim. Çünki uşaqlıqdan o qədər müsabiqələrə qatılmışdım ki, mənim üçün artıq adi gəlirdi. Allah İslam Rzayevə rəhmət eləsin. Həmişə deyərdi ki, qızım, sən artıq xanəndəsən, ehtiyac yoxdur müsabiqələrdə iştirak etməyə. Bu elə ağlımda qalmışdı. Muğam müsabiqəsinin son günündə elan olundu ki, gənclərin qeydiyyatı daha üç gün artırıldı. Nədənsə hiss etdim ki, bu müsabiqədə iştirak etməliyəm. Sənədlərimi verdim. 2005-ci ilə qədər ölkəmizdə muğamın təbliği indiki kimi deyildi. Bilirsiniz ki, o vaxtlar gənclər də bu qədər muğama, milli musiqilərimizə maraq göstərmirdilər. Amma dövlətimizin başçısı İlham Əliyevin, eyni zamanda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın diqqəti və qayğısı nəticəsində muğam yenidən canlandı, ikinci nəfəs gəldi. Gözləmədiyim anda xəbər gəldi ki, müsabiqəyə keçmişəm. Bilirsiniz ki, ilk həftələr Muğam müsabiqəsi iştirakçılar arasından SMS-lə seçilirdi. Beşinci həftədən müsabiqəni tərk elədim. Müsabiqənin yarısından sonra Heydər Əliyev Fondu iştirakçılara dəstək oldu, bu zaman SMS-lərdən asılılıq aradan qalxdı. Müsabiqədən çıxmağım bir çox insanlar tərəfindən narazılığa səbəb oldu. Musiqişünasların, tamaşaçıların çoxsaylı istəkləri nəticəsində mən yenidən müsabiqəyə qaytarıldım və finala yüksəldim.

- Qeyd etdiniz ki, ta uşaqlıqdan muğama bu qədər maraq göstərmisiniz, muğam sizin canınızda, qanınızda olub. Maraqlıdır, muğamın özlüyünüzdə tərifini formalaşdırmısınızmı? Muğam sizin üçün nədir?

- Allah tərəfindən verilən bir vəhydir. Tərifi olmayan bir varlıq, sonsuzluqdur muğam. Muğamı uşaq vaxtı bir cür, gənclik dövründə isə tamam başqa cür dərk edirsən. Öyrəndikcə öyrənirsən. qədər dərinə gedirsən get onun mənbəyinə çata bilmirsən. Məsələn, bu günBayatı Şiraz”ıoxumaq ab-havasındayamsa, sabahkı əhvalımSegah”, “Çahargah”a daha yaxın ola bilər.

- Muğamlarla yanaşı, bəstəkar mahnılarının da gözəl ifaçısısınız. Hansı bəstəkarlarla işləyirsiniz?

- Bəstəkar mahnılarını da uşaqlıqdan ifa edirəm. Bənövşəuşaq xorunda oxuyanda orada bizim pianistimiz gözəl bəstəkarımız Nailə Mirməmmədli idi. Onunla tanışlığımız 1992-ci ildən başladı. Hələ lap uşaq yaşlarımdan Nailə xanımın həyat yoldaşı Hikmət Mirməmmədlinin Cavanşir Quliyevin mahnılarını ifa etmişdim. 2009-cu ildə gənc bəstəkarımız Ruslan Səfəroğlu bir mahnı təqdim etdi eyni zamanda da bildirdi ki, bu mahnı bir neçə müğənniyə təklif olunub. Kimin ifasında bəyənilsə o mahnıya klip çəkiləcək təqdimatı olacaq.

- Yəqin ki, söhbət sizə məşhurluq gətirənYollara yağış yağırmahnısından gedir...

- Bəli, bəli. Bir neçə həmkarım kimi, mən də həmin mahnını ifa etdim. Müəlliflər dinlədikdən sonra mənim ifamın üzərində dayanıblar. Bu mahnının bu qədər seviləcəyini, dillər əzbəri olacağını ağlımdan belə keçirməzdim. O mahnı mənim səhnə pasportuma çevrildi. Əvvəl mən muğam ifaçısı kimi tanınırdımsa, “Yollara yağış yağır” mahnısından sonra həm də bəstəkar mahnılarının ifaçısı kimi tanındım.

- Sözləri Sona xanım Vəliyevaya məxsus gözəl bir mahnıdır həqiqətən...

-Bəli. Bundan sonra Sona xanımla işbirliyimiz yarandı. Birlikdə bir çox layihələrə imza atdıq. Gileyadlı layihəmiz oldu. Orada dağılan ailələrin günahsız qalan körpələrin taleyindən söz açdıq, layihə şəklində təqdim etdik. Daha sonraAğlama, şəhid balasıadlı layihəmizi təqdim etdik. Gözüyaşlı ana-bacılarımıza, uşaqlara səsləndik ki, ağlamasınlar, əksinə qürur hissi keçirsinlər ki, onların əzizlərinin qanı hesabına bu gün dövlətimiz müstəqil, Vətənimiz azaddır. Eyni zamanda Sona xanımlaArazbarıadlanan bir layihə həyata keçirdik. Bu layihə torpaq həsrətindən bəhs edirdi, o taylı-bu taylı Azərbaycanımıza həsr olunmuşdu. Yəni qeyd etməkdə məqsədim odur ki, “Yollara yağış yağırmahnısından sonra Sona xanım Vəliyeva ilə işbirliyimiz çox uğurlu alındı.

- Bəyimxanım, həm bəstəkar, həm xalq mahnılarından danışdıq. İkisinin sintezinə necə baxırsınız? Ümumiyyətlə, bu gün fərqlilik axtaran gənclər muğamı həm də digər janrlarla sintez edirlər. Bir gənc ifaçı kimi fikirləriniz maraqlıdır...

- Bəyənirəm, amma baxır hansı çərçivədə. Bilirsiniz, dünya arenasında tanınmaq üçün müəyyən mənada ola bilər. Çünki zövqlər müxtəlifdir, heç vaxt mübahisə olunmur. Ona görə hər zaman çalışıram ki, həm bəstəkar, həm də xalq mahnılarını ifa edim, bütün insanların zövqünü oxşayım. Sintezi dəstəkləyirəm, amma ölçüsündə, qədərində olmalıdır, muğamlarımızın kökünə xələl gətirmədən, özəyini saxlamaq şərtilə yaxşı qəbul edirəm. Milli Konservatoriyanın rektoru Siyavuş Kərimli 5-6 il əvvəl “Salam hola” adlı bir layihə həyata keçirmişdi. Bu, Amerika musiqiləri ilə Azərbaycan musiqilərinin sintezi idi. Eyni ölçüdə və ritmdə onlar öz mahnılarını, azərbaycanlılar da öz mahnılarımızı ifa edirdi. Maraqlı bir layihə idi.

Altı il bundan əvvəl İsraildə keçirilən festivalda iştirak etdim. Sırf İsrail musiqiçiləri ilə muğam ifa edirdim. Onlar məni öz alətləri ilə müşayiət edirdilər. Bu yaxınlarda yenə də İsraildə keçirilən festivala dəvət aldım. İkinci dəfə festivala qatılanda gördüm ki, İsrailli musiqiçilər ilə yanaşı, dünyanın bir çox ölkələrindən musiqiçilər qatılıb. Hindistan, Türkiyə, Ərəbistandan musiqiçilər gəlmişdilər. Çox maraqlı bir ifa alındı.

- Xarici səfərlərinizdən söz düşmüşkən, hazırda səfərlərinizə davam edirsinizmi?

- Yox, bilirsiniz ki, ailə həyatı qurandan sonra artıq xarici səfərlərimi dayandırdım. İsraildən dəvət edəndə çox istəmişdilər ki, orada iştirak edim. Ona görə də iştirak etməli oldum.

- Bütün sənət sahələrinin özünəməxsus çətinlikləri var. Amma qəbul edək ki, bir xanım olaraq həm bu sənəti davam etdirmək, eyni zamanda ailəni qoruyub saxlamaq çox çətindir...

- Düzdür. Həqiqətən çox çətindir. Evdə, ailədə qadının rolu böyükdür. Amma çalışıram ki, heç birini axsatmayım. Eyni zamanda, sənət də mənim üçün əzizdir. Sənətimə də övladım kimi baxıram. Çünki illərdir bu sənətdəyəm, az əziyyət çəkməmişəm. Ondan da ayrı düşmək çox çətindir. Heç birini bir-birinə qurban vermək istəmirəm.

- Deyirlər, ailənin təməli sevgi üzərində qurulubsa, o ailə möhkəm olur. Gənc xanım kimi, sevginin ailədə rolunu necə görürsünüz? Nədir sizin üçün sevgi?

- Sevgi mənim üçün qarşılıqlı hörmət, dəyər, stimuldur. Əgər qadın ailədə, sevgidə qazanırsa, bu onun bütün işinə öz təsirini göstərir. İnsana stimul verir. Amma ailə, eyni zamanda, hörmətlə, qarşılıqlı dəyər çərçivəsində qurulanda daha möhkəm və davamlı olur. Bu qarşılıqlı hörmətin içində həm bəy-xanım sevgisi, həm dostluq, həm də bir- birinə inam durur. Allah elə bir qayda qoyub ki, bir zamanlar bir-birini tanımayan iki yad insan gün gəlir elə doğma olur ki, yeri gələndə ata-anaya, bacı-qardaşa demədiklərini onunla bölüşürsən. Ona görə də gərək düzgün seçim edəsən. Münasibətlər yalan, xəyanət üzərində deyil, tamamilə saf hisslər üzərində qurulsun.

- Bildiyimizə görə, dörd gözəl balanın anasısınız... Analıq hissini necə təsvir edərdiniz?

- Allah arzu edənlərin hamısına ana olmağı nəsib etsin. Analarımız gözəl deyiblər: “Ana olmadan ananın qədrini bilmək olmaz”. Həqiqətən də elədir. Yaxşı xatırlayıram ki, ana bir az artıq zəng vuranda, tez-tez axtaranda, narahat olanda əsəbləşirdik. Amma valideyn olandan sonra görürsən ki, övlad üçün necə darıxırsan, narahat olursan.

- Bəs sənətinizdə qarşınıza hansısa bir məqsəd qoymusunuzmu ki, ona çatmalısınız?

- Əslində mən heç vaxt zirvəyə can atmamışam. Amma hər zaman peşəkarlığa can atmışam ki, ən yaxşısını ifa edim. O ki qaldı zirvəyə, onu artıq sənəti qiymətləndirənlər bilər.

- Həmçinin pedaqoji fəaliyyətlə məşğulsunuz. Bir zamanlar dəyərli sənətkarlardan dərs alaraq sənətin sirlərini öyrənən xanım, bu gün artıq müstəqil tələbələr hazırlayır. İstərdik bir az da pedaqoji fəaliyyətinizdən danışaq...

- Pedaqoji fəaliyyətlə məşğul olmaq çox gözəl, həm də məsuliyyətli işdir. Çünki yetişdirdiyin tələbə gələcəyin sənətçisi olacaq. Sən onu necə yetişdirirsənsə, o sənin təbliğatçın olacaq. Çalışmalısan ki, muğamlarımıza xələl gətirmədən tədris edəsən ki, zaman keçdikcə itməsin. Əgər sən muğamın qolun-qıçın qırıb təbliğ etsən, tələbə də bir az dəyişsə artıq bir neçə il sonra muğam kökündən uzaqlaşa bilər. Bu baxımdan çox məsuliyyətlidir. 1996-cı ildən dəyərli sənətkarımız Ağaxan Abdullayevdən sənətin sirlərini necə öyrənmişəmsə, çalışıram ki, tələbələrimə də elə aşılayım.

- Bəs tələbələrinizdən razısınızmı? Perspektivli gənclərimiz varmı?

- Əvvəlki illərə nisbətən gənclərdə muğama həvəs getdikcə artır. Əgər 10 tələbən varsa, bu o demək deyil ki, onun hamısı sənətkar olacaq. Hər cür tələbə var. Müəllimə kimi əlimdən gələni edirəm. Yəqin ki, layiqli ifaçılar zamanla öz yerlərini tutacaqlar.

- Bəyimxanım, indi ardıcıl şəkildə xarici səfərlərə getməsəniz də, bir neçə il öncəyə qədər Azərbaycan muğamını dünyanın bir çox ölkələrində təbliğ etmisiniz. Həmin səfərlərin təəssüratları yəqin ki, hələ də qalır...

- Təbii ki. Yəqin bu fikrimə görə yanılmaram ki, xarici ölkələrin tamaşaçıları yerli insanlarımızdan bəlkə də daha çox muğama maraq göstərir.

Bilmirəm bu, nədən irəli gəlir. Bəlkə də Allahın sevimli bəndələriyik ki, bizdə, ümumiyyətlə, Şərq xalqlarında olan o boğaz, xırdalıqlar, zəngulə heç bir Avropa ölkəsinin insanında yoxdur. Avropalılar bizim muğamlarımızı böyük maraqla qarşılayırlar. Bizim tamaşaçılarımıza adi görünən bir boğaz həmin insanlar tərəfindən maraqla, qeyri-adi qarşılanır.

- Konsert planlarınız varmı?

- Bu il artıq yekunlaşır. İnşallah, növbəti il üçün konsert planlarımız var. Axırıncı dəfə 3 il öncə konsert proqramı ilə çıxış etmişdim. Düşünürəm ki, tez-tez olanda maraq itir. Hesab edirəm ki, tamaşaçı ifa üçün, səs üçün darıxmalıdır. Onda konsert daha da maraqlı olar.

- Bir xanımın səhnədə uğur qazanması üçün səslə yanaşı, onun görünüşü, saç düzümü, geyimiformada olmalıdır. Bu detalları nə dərəcədə diqqətdə saxlayırsınız?

- Təbii ki, efir baxımlılığı, gözəlliyi sevir. Gözlə görünən hər şey gözəl olmalıdır. Çalışıram ki, ifalarımla yanaşı, bu məqamlara da diqqət yetirim.

- Qarşıdakı planlarınz nədən ibarətdir?

- Yeni mahnılarımız var. Konsert proqramları var. Hazırlaşırıq. İnşallah, izləyicilərimi sevindirməyə çalışacağam.

 

Şəmsiyyə Əliqızı,

Şəfiqə Dadaşova

 

İki sahil.- 2016.- 16 dekabr.- S.12.