Naxçıvanda Milli
Qəhrəman Mirəsgər Seyidova
həsr olunan sənədli
film nümayiş etdirilib
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidova həsr olunan sənədli film nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl tədbir iştirakçılarına qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidentinin 1992-ci il 18 dekabr tarixli Fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilərək Naxçıvan şəhərində təhsil aldığı 15 nömrəli tam orta məktəbə onun adı verilib.
Sonra filmə baxış olub.
İctimai televiziyanın çəkdiyi sənədli film Milli Qəhrəman Mirəsgər Seyidovun həyatından, 1990-1992-ci illərdə muxtar respublika sərhədlərində gedən döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edir. Filmdə qəhrəmanın ailə üzvləri, müəllimləri və döyüş yoldaşları onun haqqında xatirələrini danışırlar.
Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
İki sahil.- 2016.- 17 dekabr.- S.11.