Turizmin inkişafı üçün

yol xəritəsi nə vəd edir?

 

Strateji yol xəritələrində nəzərdə tutulan tədbirlər bu sahədə çox ciddi dönüş yarada bilər

 

Hökumətin yaxın və uzaq hədəflər üçün hazırladığı istisadi inkişaf startegiyasına əsasən postneft dövündə iqtisadiyyatın əsas istiqamətlərindən biri  turzim sektoru olacaq. Bu sahə Prezident İlham Əliyevin təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də prioritet istiqamət kimi seçilib. Belə ki, ABŞ-ın “McKinsey” şirkətinin də iştirakçılığı ilə hazırlanmış strateji yol xəritələrindən biri məhz turizm sektorunun inkişafı ilə bağlıdır. Strategiyaya əsasən, Azərbaycan hökuməti 2025-ci ilədək ölkədə turizm xidmətlərinin potensialını genişləndirməklə bu sahədən əldə olunan gəlirlərin əhəmiyyətli şəkildə artırılmasını hədəfləyib. Bu məqsədlərə nail olmaq üçün turizm xidmətləri göstərən kiçikorta sahibkarlığa da dövlət səviyyəsində lazımi dəstək veriləcək.  2025-ci ildən başlayacaq strateji dövrdə əvvəlki illərdə həyata keçirilən iqtisadi fəaliyyətlərin davamı kimi konkret islahat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Bəs, postneft dövründə Azərbaycan iqtisadiyyatının gəlir gətirə biləcək sahəsini təşkil ertməli olan turizm sektorunun rentabelli fəaliyyət göstərməsi üçün hansı tədbirlər görüləcək? Ümumiyyətlə, turizm sektorundakı mövcud potensial bu sahənin gələcək perspektivləri baxımından nə vəd edir?

Bəri başdan deyək ki, bir çox ekspertlərin dəyərləndirmələrinə görə, zəngin potensiala və əlverişli təbii iqlim şəraitinə malik Azərbaycanın dünya turizm bazarına inteqrasiya etmək imkanları çox genişdir. Bunun üçün sadəcə mövcud turizm potensialından tam və səmərəli istifadə emək və xidmət infrastrukurunun qurulması kifayətdir. Eyni zamanda Türkiyə, İspaniya, İtaliyaqonşu Gürcüstan kimi ölkələrin təcrübəsindən yararlanmaqla Azərbaycanı dünya turizminin liderləri müstəvisinə çıxarmaq mümkündür.

AMEA İqtisadiyyat İnstitutunun Xidmət sahələrinin inkişafı problemləri şöbəsinin müdiri Aqil Əsədov da bu qənaəti bölüşür. Onun fikrincə, dünyanın aparıcı turizm ölkələrinin təcrübəsində diqqəti çəkən bir sıra məqamlar var ki, məhz bu təcrübələrdən geniş istifadə Azərbaycan üçün də yararlı ola bilər. Məsələn, turizmin inkişafı sahəsində yerli idarəetmə qurumlarına daha geniş səlahiyyətlərin verilməsi, dövlət hesabına maliyyələşən və turizm xidmətlərinin təşkilatçılığı və koordinasiyası ilə məşğul olan xüsusi təşkilatların yaradılması, ölkənin milli turizminin incəliklərini və cəlbedici tərəflərini beynəlxalq aləmdə təbliğ edən xarici nümayəndəliklərin formalaşdırılması kimi təcrübələr dünyada geniş yayılıb: “İndiki şəraitdə Azərbaycanın turizm imkanlarının xaricdə tanıdılması çox vacib amildir. Amma nə SSRİ dönəmində, nə də müstəqillik dövründə Azərbaycanın turizm potensialının təbliği üçün elə də ciddi işlər görülməyib.  Bunun nəticəsidir ki, Azərbaycanın turizm potensialından istifadə göstəriciləri, ölkəyə xarici turistlərin cəlb olunması, bir turistdən əldə edilən gəlirlər hələlik mövcud potensiala adekvat deyil. Düşünürəm ki, Prezident İlham Əliyevin təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlər bu sahədə çox ciddi dönüş yarada bilər”.

Aqil Əsədov bildirib ki, turizm potensialından tam və səmərəli istifadə olunması istiqamətində müvafiq addımların atılması, xarici turistlərin ölkəyə gediş-gəlişinin asanlaşdırılması üçün bu sahədə elektron xidmətlərin göstərilməsi də çox vacibdir. Onun sözlərinə görə, otellərdə turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı qiymətlərin də müəyyən qədər tənzimlənməsi də ölkəyə turist axınını artıra bilər: “Ölkə başçısı vaxtaşırı turizmin inkişafı ilə bağlı məsələlərə çox düzgün münasibət bildirir, dövlətin bu istiqamətdəki strateji hədəflərini aidiyyəti orqanların diqqətinə çatdırır. Bu, həm də ictimaiyyətə, turizm biznesi ilə məşğul olan sahibkarlara bir mesajdır ki, dövlət bu sahənin inkişafında maraqlıdır. Üstəlik son illər Bakıda və digər regionlarda çoxlu sayda beynəlxalq tədbir keçirilir ki, bu da Azərbaycanın turizm potensiyalının dünyada tanıdılması üçün çox mühüm vasitədir. Belə bir şəraitdə infrastruktur təminatının mütəmadi olaraq təkmilləşdirilməsi, turizm sektorundan daha iri həcmli gəlirlərin əldə edilməsi daim diqqət mərkəzində olmalıdır.”

Turizmin inkişafı üçün kifayət qədər təkmil bir sənədin - strateji yol xəritəsinin hazırlandığını deyən ekspert bildirib ki, burada nəzərdə tutulan tədbirlər gələcək üçün böyük perspektivlər vəd edir. Belə ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilk dəfə turizmin inkişaf etdirilməsinə yönəlik konkret tədbirlər müəyyənləşdirilib: “2020-ci ilə qədər turizmlə bağlı hədəflər, prioritetlər və tədbirlər müəyyən olunub. Həmçinin həmin müddətdə turizm potensialının tam reallaşdırılması və ölkəyə turist axınının artırılması üçün alətlər müəyyənləşdirilib. Bu hədəflərə çatmaq üçün müəyyən güzəştlər də nəzərdə tutulur”.

 

Elxan Salahov

 

İki sahil.- 2016.- 20 dekabr.- S.10.