Təkmil islahatlar yolu
ilə addımlayan ölkə
Strateji yol Xəritələri Azərbaycanın
beynəlxalq aləmdə qazandığı bu mövqeyi daha
da möhkəmləndirəcək
Bu günümüzün əsas
çağırışı budur: daxili bazarımız,
yerli istehsal qorunsun, inhisarçılıq hallarına
qarşı mübarizə gücləndirilsin, rəqabət
qabiliyyətli məhsulların istehsalı
artırılsın. Qiymətlərin tənzimlənməsi, idxala mane olan
süni maneələrin aradan qaldırılması istiqamətində
görülən tədbirlər sayəsində
inhisarçılıq, korrupsiya
halları aradan qaldırılır. Xarici
investisiyaların ölkəmizə cəlbi istiqamətində
də önəmli addımlar atılır.
İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının
maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi
sistemi yaradılır, dünya bazarına
çıxarılan məhsulların keyfiyyəti beynəlxalq
standartlara uyğunlaşdırılır. Bu, onu göstərir
ki, son illər ərzində ölkə
iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə
böyük həcmli investisiyalar qoyulub, dövlət dəstəyi
gücləndirilib.
Sadalanan uğurlara
iqtisadi müstəqillik sayəsində nail olunmuşdur. Əlbəttə ki, bu uğurun təməlində
son illərdə aparılan təkmil islahatlar dayanır.
İqtisadiyyatın şaxələndirilməsi və
qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı
və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və
dövlət büdcəsinin
formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması,
bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin
müasir tələblər səviyyəsinə
çatdırılması, ölkə iqtisadiyyatının rəqabət
qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların
dünya bazarlarına ixrac imkanlarının
artırılması, əhalinin etibarlı sosial müdafiəsinin
təşkili və maddi-mənəvi, rifah halının
durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və
cəmiyyət həyatında rolunun artırılması bir məqsədə
yönəldilir: insan amilinə artan diqqətin əsasını
təşkil edən göstəriciləri daha böyük rəqəmlərlə
ifadə etmək, sosial-iqtisadi
sahədə davamlı inkişafı gerçəkləşdirmək.
Bunun üçün
potensial baza kimi neft-qaz hasilatı, nəqli və
emalı sistemlərinin tikilməsi, yenidən qurulması,
modernləşdirilməsi nəzərdə tutulur, neft-kimya
zavodlarından ibarət kompleksin inşası
planlaşdırılır. Ən əsası isə qeyri-neft sektorunun
inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl
olan halların aradan qaldırılmasına diqqət
artırılır. Sənaye və aqrar sahənin
inkişafına yönələn islahatların tətbiqi
sürətləndirilir.
“Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər
üçün Dövlət Proqramı””nın
həyata keçirilməsi qarşıdakı illərdə
sənayenin inkişafına təkan verəcəkdir.
“2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və
olacaqdır” söyləməklə proqnozlar barədə
inamla danışan Prezident İlham Əliyevin
vurğuladığı kimi, müstəqillik, iqtisadi
inkişaf yolu ilə
irəliləyən Azərbaycanın iqtisadi
böhrandan ən az itki ilə çıxması
üçün yerli resurslardan istifadə imkanları və
daxili potensialı tükənməzdir: “Azərbaycanda biznes
mühitinin yaxşılaşdırılması istiqamətində
bu gün çox ciddi addımlar atılıb. Deyə
bilərəm ki, sahibkarlar bu işlərə artıq
böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi
var, xüsusilə kənd təsərrüfatı, emal və
sənaye sektorlarında. Bakıda,
böyük şəhərlərdə, bütün şəhər
və rayonlarımızda çox böyük fəallıq
müşahidə olunur. Bu da əlbəttə
ki, həm bizim siyasətimizin təzahürüdür, -
çünki özəl sektor sahibkarlığının
inkişafı üçün çox ciddi addımlar
atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini
göstərir. Sahibkar qazandığı
vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi
addımlar atılacaq.”
Azərbaycanın
beynəlxalq aləmdə islahatçı ölkə
kimi tanınması və nüfuz qazanması bu
reallığı ortaya qoyur ki, həyata keçirilən
islahatlar daim zamanın tələbinə
uyğunlaşdırılır, daha da təkmilləşdirilir. Qeyri-neft sektorunun
inkişafı prioritet məsələ kimi öndədir.
Neft gəlirlərinin idarə olunmasında
şəffaflıq, ədalət prinsipinin öndə
saxlanılması ölkənin maliyyə imkanlarının
genişlənməsində və mühüm sosial-iqtisadi
layihələrin həyata keçirilməsində
özünü təsdiqləyir. “Biz siyasətimizi
elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri - ilk
növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir.
Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli
inkişaf etmiş ölkəyə çevirə bilərik.”
13 il bundan əvvəl proqnoz
kimi səslənən bu istək artıq reallığa
çevrilib. İqtisadi resursların insan
kapitalına çevrilməsi əsas tezis kimi önə
çəkilərək, müasir dövrün tələblərindən
biri kimi yüksək
ixtisaslı kadrların hazırlanmasına diqqət daha da
artırılıb. Rəqabət qabiliyyətli
iqtisadi sistemin formalaşdırılması və davamlı
inkişafın təmin edilməsi baxımından ölkənin
müasir tələblərə cavab verən kadrlara
ehtiyacının ödənilməsi, istedadlı gənclərin
dünyanın aparıcı ölkələrində təhsil
almaq imkanlarının genişləndirilməsi istiqamətində
atılan addımlar davamlılığı ilə diqqət
çəkir. Dövlətimizin
başçısı İlham Əliyev bildirir: “Əgər bizdə bu
güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin
hesabına inkişaf etdirə
bilərdik?” Daxili investisiyaların həcmi
artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın
inkişafına diqqət və qayğısından irəli
gəlir. ÜDM-də
özəl bölmənin payı 85 faiz təşkil edir.
Ötən 13 ildən
artıq dövr ərzində
bir milyondan artıq yeni
iş yerinin açılması işsizlik, məşğulluq
probleminin həllinə öz müsbət təsirini göstərir.
Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə
görə MDB məkanında ən irəlidə gedən
ölkələrdəndir. Dünya İqtisadi Forumu inkişafın
Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə
yanaşı, bu reallığı da diqqətə
çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara
nail olmaq üçün əməkdaşlıq zəruridir.
Hər bir ölkənin öz inkişaf
strategiyası olduğunu nəzərə alsaq, səylərin
birləşdirilməsinin, təcrübə mübadiləsinin
genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə
özünü büruzə verər. Azərbaycanın
iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji
sektoruna yönəltməsi yüksək dəyərləndirilir,
gələcək üçün uğurlu addım kimi
önə çəkilir. “Hazırda bizim məqsədimiz
iqtisadiyyatı şaxələndirməkdir” söyləyən
dövlətimizin başçısı İlham Əliyev
bildirir ki, bunun üçün biz dünyanın biznes
icmasına özümüzü nəinki mühüm
coğrafi mövqeyə və təbii sərvətlərə
malik, o cümlədən islahatlara, dəyişikliklərə
və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməliyik.
Ölkə Prezidentinin imzaladığı “İnvestisiyaların
təşviqi ilə bağlı əlavə tədirlər
haqqında” Fərmandan irəli gələn vəzifələrin
uğurlu icrası
sözsüz ki, maarifləndirmə işinin
gücləndirilməsinə və bunun nəticəsi
olaraq iqtisadiyyata qoyulacaq
investisiyaların həcminin artmasına öz müsbət təsirini göstərəcək.
Qarşıdakı
on il üçün əsas məqsəd
Azərbaycanı inkişaf etmiş ölkələr
sırasında görməkdir. Cənubi Qafqaz regionunun
iqtisadiyyatının 85 faizinə sahib çıxan Azərbaycan dövlət
büdcəsi ilə də
regionun ən güclü iqtisadiyyata malik olduğunu
nümayiş etdirir. Bu fikir hər
zaman qeyd olunur ki, əgər
biz doğrudan da inkişaf
etmiş ölkəyə
çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın
yüksək səviyyədə qorunmasına nail
olmalıyıq. O da məlumdur
ki, ölkəmiz
2011-ci ildə şəffaflığın
artırılması və açıq hökumətin təşviqi
ilə bağlı fəaliyyətin
təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi
və beynəlxalq səylərə
öz töhfəsini verməsi
üçün Açıq Hökumət Tərəfdaşlığına
qoşulmuşdur. Bu inam ifadə olunur ki, müəyyən
bürokratik əngəllərin aradan qaldırılması və
biznes mühitinin yaxşılaşdırılması istiqamətində
atılan
addımlar biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə
çıxaracaq.
Məhz davamlı islahatlara,
əldə olunan uğurlara söykənərək dövlətimizin
başçısı İlham Əliyev bu inamı ifadə
etmişdir ki, ilin sonuna qədər
bütün vəzifələr icra
olunacaq. 2016-cı ili də uğurla başa
vuracağıq. Ondan sonra iqtisadi inkişaf daha da sürətli
olmalıdır. Reallıqlara söykənərək ölkə Prezidentinin
6 dekabr 2016-cı il tarixdə imzaladığı “Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin
təsdiq edilməsi haqqında”
Fərman təqdir olunur. Strateji yol xəritələri 2016-2020-ci illər
üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər
planını, 2025-ci ilədək olan dövr üçün
uzunmüddətli baxışı və 2025-ci ildən
sonrakı dövrə hədəf baxışı
özündə ehtiva edir. Bu xəritələr milli iqtisadiyyatın perspektivini,
neft-qaz sənayesinin inkişafını, kənd təsərrüfatı
məhsullarının istehsalı və emalını,
kiçik və orta sahibkarlıq səviyyəsində istehlak
mallarının istehsalını, ağır sənaye və
maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin,
logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının,
peşə təhsili və təliminin, maliyyə xidmətlərinin,
telekommunikasiya və informasiya texnologiyalarının, kommunal
xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz)
inkişafını nəzərdə tutur. Sənədə
uyğun olaraq həyata keçiriləcək tədbirlər,
təsdiqlənəcək Dövlət Proqramları,
İnkişaf Konsepsiyaları və onların uğurlu icrası sonda bu
hədəflərə yüksək səviyyədə nail
olacağımıza inamı artırır. Əsas
hədəfin düzgün seçilməsi və buna
çatmağın yollarının müəyyənləşdirilməsidir.
Azərbaycanın
25 illik müstəqillik tarixini təhlil etdikdə
ayrı-ayrı dövrlər üçün müəyyənləşdirilən hədəflərə nail
olmaqla bugünkü uğurlara
geniş yol açıldığının şahidi oluruq. Azərbaycanın təşəbbüsləri
gerçəkliyə çevirən, təkmil islahatlar yolu ilə
addımlayan ölkə imicini qazanması səbəbsiz deyil.
Yeganə
Əliyeva
İki sahil.- 2016.- 20 dekabr.- S.4.