Fərdi jurnalist
yazıları müsabiqəsinin
qalibləri
mükafatlandırılıblar
Dekabrın
19-da Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF)
və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdikləri
“BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan
Multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul
olunur” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin
qalibləri mükafatlandırılıblar.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizin müxtəlif azsaylı xalqların yaşadıqları tolerant və multikultural məkan kimi tanındığını, bu sahədə əldə etdiyimiz uğurların beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Azərbaycanın milli-dini tolerantlıq sahəsində böyük təcrübəyə malik olduğunu deyən nazir müavini “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Vurğulanıb ki, son illər ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunması Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərlə sıx əlaqədardır.
Bildirilib ki, BMT Baş Assambleyasının qərarı ilə təşkilatın Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun əyani göstəricisidir. Forumla bağlı iki fərdi jurnalist yazı müsabiqəsinin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə cari ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini mühüm tarixi hadisə kimi dəyərləndirib. İcraçı direktor bildirib ki, “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən müxtəlif tədbirlər respublikamızın beynəlxalq nüfuzunun artmasına və bu sahədə tarixən qazanılmış uğurlu təcrübənin dünya miqyasında təbliğinə geniş imkanlar açıb.
V.Səfərli “Multikulturalizm ili” çərçivəsində Fondun təşkilatçılığı ilə bu ilin avqustunda Xaçmazda, dekabrda isə İsmayıllıda etnik-dini icmaların və KİV–lərin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfransların keçirildiyini bildirib.
Fondun icraçı direktoru Mədəniyyət və Turizm Nazirliyi ilə bağlı birinci fərdi jurnalist yazıları müsabiqəsinin BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ərəfəsində keçirildiyini xatırladıb.
Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyi və Fondun birgə təşkil etdikləri hər iki fərdi jurnalist yazıları müsabiqəsinin əsas məqsədi respublikamızın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması, habelə Forumun ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması olub.
V.Səfərli 2016-cı il iyunun 1-dən oktyabrın 31-dək davam edən son müsabiqəyə 28 kütləvi informasiya vasitəsindən 42 yazının təqdim edildiyini diqqətə çatdırıb. Müsabiqədə altı jurnalist əsas, 10 jurnalist həvəsləndirici mükafata layiq görülüb. Mükafat alanlar sırasında AZƏRTAC-ın əməkdaşı Ceyhun Alışlı da var.
Media və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində fəal roluna görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fondun xüsusi diplomuna layiq görülüb.
İki sahil.- 2016.- 20 dekabr.- S.3.