2016-cı ilin uğurları:

Lələtəpədə dalğalanan bayrağımız

 

Ölkənin inkişaf salnaməsinə iqtisadi islahatlar və tarixi hadisələr ili kimi yazılan 2016-cı ilin son günlərini yaşayırıq. Yola salacağımız il vətəndaşlar kimi, ölkənin həyatında da qoyduğu izlərlə yaddaşlara hopur. Azərbaycanda həyata keçirilən konseptual proqramların düzgün tətbiqi və Dövlət Proqramlarından irəli gələn vəzifələrin nəzərdə tutulduğu müddətdə həlli və tarixi əhəmiyyətli hadisələrlə zəngin olan cari ildə iqtisadi inkişafımızda olduğu kimi, ordu quruculuğunda da tarixi əhəmiyyəti baxımından mühüm önəm daşıyan məqamlar az deyildir. Dövlət təhlükəsizliyi sisteminin möhkəmləndirildiyi və müdafiə qüdrətinin diqqətdə saxlanıldığı ölkəmizdə ordu quruculuğu isiqamətində aparılan bütün islahatlar bir məqsədə yönəlir: Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərini azad etmək.

2014-cü ilin iyul-avqust, cari ilin aprel döyüşləri göstərdi ki, hər cür maddi imkanlara, hərbi qüdrətə malik Azərbaycan ərazi bütövlüyümüzün təminatına tam hazırdır. Lakin sülhsevər siyasəti ilə münaqişənin dinc yolla həllinə üstünlük verən Prezident, Ali Baş Komandan İlham Əliyev münaqişənin qan tökülmədən, danışıqlar yolu ilə həllinə sadiqdir. Həmin döyüşlərdə Lələtəpədə Azərbaycanın bayrağını dalğalandıran əsgərlərimiz, eyni zamanda, işğal altında qalan Azərbaycan ərazilərinə nəzarət imkanı da qazandılar. Hazırda əsgərlərimizin nəzarət etdiyi Talış kəndində ermənilərin yenidən məskunlaşdırılması üçün təbliğat aparan, ermənilərə yaşamaq üçün təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirən S. Sarkisyan iqtidarının yalan vədlərinə baxmayaraq heç kəs bir daha o ərazilərə qayıtmaq istəmir. Azərbaycan Ordusunun qüdrətini, Ermənistanın sınıq-salxaq ordusunun məğlubiyyətini hiss edən ermənilər yalan vədlərdən yorulduqlarını aşkar bildirir, Dağlıq Qarabağ müharibəsinin sona çatdırılmasını istəyirlər.

Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə təşkil edilmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış”” adlı konfransda çıxış edərək Ermənistanın işğalçılıq faktını etiraf edən vətəndaş cəmiyyətinin fəalları - jurnalist, “Meridian”” qeyri-hökumət hüquq-müdafiə təşkilatının sədr müavini Suzanna Caqinyanın, Ermənistan “Milli azadlıq hərəkatı”” təşkilatının rəhbəri Vaan Martirosyanın, hüquq müdafiəçisi, siyasi mühacir Vahe Avetyanın söylədikləri də təsdiqləyir ki, erməni xalqı bu müharibəni istəmir.

“Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır” söyləyən ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində müəyyənlədirdiyi siyasətə uyğun aparılan islahatların davam etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionda müdafiə qüdrəti, hərbi hazırlığı ilə fərqlənir. Düşmənin təxribatlarına, həmlələrinə layiqincə cavab verilir. Yola salmağa hazırlaşdığımız ildə yaddaqalan və qürur duyduğumuz məsələlərdən ən başlıcası Azərbaycan Silahlı Qüvvələrinin döyüş şücaəti, hərbi hazırlığı ilə bağlı eşitdiklərimiz, gündəlik həyatda müşahidə etdiklərimizdir.

Təkcə Lələtəpə əməliyyatı subut etdi ki, Azərbaycan əsgəri Ermənistanın hər cür təxribatlarına nəinki cavab vermək qüdrətindədir, işğal altında qalan torpaqlarımızı belə qısa müddətdə azad etməyə qadirdir.

Füzuli rayonunda olarkən ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub əsgərlərlə görüşən Prezident, Ali Baş Komandan İlham Əliyev ordumuzun aprel döyüşlərindəki uğurlu əməliyyatlarını müdafiə qüdrətimizin təsdiqi adlandıraraq Ermənistan ordusu barədəki mifin əsassızlığını subut edərək bildirdi ki, Azərbaycan Ordusu döyüşlərdə böyük qəhrəmanlıq, peşəkarlıq, məharət göstərmişdir: “ Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır.” Əvvəlki çıxışlarında “Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşamış, yaratmışdır. Bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir” söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması üçün hərbi potensial və vətənpərvərlik duyğularına malik ordumuzun artan döyüş qabiliyyətini yüksək dəyərləndirdi, haqq işimizin qalib gələcəyi günə az qaldığını bildirdi: “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır. Şuşa da Azərbaycandır. Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik.”

Silahlı Qüvvələrimizin hərbi sursat və avadanlıqla təminatı üçün yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsulların standartlara cavab verməsi, Azərbaycanda və dünyanın başqa ölkələrində keçirilən beynəlxalq hərbi sərgilərdə yüksək qiymətləndirilməsi də müdafiə qüdrətimizin etibarlı olmasından xəbər verir.

Cari lin yaddaqalan hadisələrindən biri də ölkəmizdə “ADEX-2016” sərgisinin təşkilidir. Regionda ilk olaraq beynəlxalq müdafiə sənayesi sərgisinin Azərbaycanda təşkili ölkəmizdə siyasi -iqtisadi inkişaf kontekstində formalaşan ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatların uğurudur. Ölkəmizin müdafiə sənayesinin inkişafını əks etdirən bu cür sərginin ikinci dəfə Bakıda təşkili bir də ona görə əhəmiyyətlidir ki, dünya iqtisadiyyatına inteqrasiyanı əsas prioritet kimi hədəf seçən Azərbaycanda bütün sənaye sahələrində müşahidə olunan inkişaf ölkəmizin müdafiə qüdrətini möhkəmləndirən hərbi sənayenin təkmilləşməsinə də təsirini göstərir. Müdafiə təyinatlı məmulatların həcminin 1,6, çeşid sayının 1,8 dəfə artması ölkə iqtisadiyyatının şaxələndirilmiş inkişaf konsepsiyasının uğurudur.

“Əgər bizə qarşı növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq. Çünki bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənmişdir, artmışdır. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu maddi təchizat baxımından güclü ordular sırasındadır. Orduda nizam-intizam yüksək səviyyədədir. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir” söyləyən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, aprel döyüşləri, ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu qələbəyə inamı daha da artırır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2016.- 21 dekabr.- S.13.