İlham Əliyev: Azərbaycanın ərazi

bütövlüyü, Dağlıq Qarabağın işğaldan

azad edilməsi prioritet məsələdir

 

Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyüsuverenliyinin bərpası çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsi, işğalçı dövlətin təcavüzünün aradan qaldırılmasıdır.

Son on üç ildə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş soydaşlarımızın geri qayıtması üçün zəruri diplomatikhüquqi əsasların yaradılması istiqamətində aparılan işlər daha da genişləndirilmişdir.

Məlumdur ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi ilə yanaşı,  BMT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla, bir çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair sənədlərin qəbul edilməsinə də nail olmuşdur. Həmin sənədlərdə respublikamızın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmişdir. Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan indiyədək müxtəlif beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, digər təşkilatlar münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul etmişlər ki, bu qərarlar da münaqişənin istənilən yolla, o cümlədən hərbi güc tətbiq etmək yolu ilə həll olunmasına əsas verir.

Avropa Parlamentinin Avropa Qonşuluq Siyasəti üzrə qətnaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və ATƏT-in Minsk qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb. Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq Dağlıq Qarabağ münaqişəsinin məhz işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu vurğulanıb.

NATO-nun  son üç sammitində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi dəstəklənmiş, münaqişənin məhz beynəlxalq hüququn  prinsipləri və normaları, BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həll edilməsinin vacibliyi bildirilmişdir.

Avropa Şurası Parlament Assambleyası bir müddət bundan əvvəl “ATƏT-in Minsk konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi” adlı 1416 saylı qətnamə qəbul etmişdir.

Beynəlxalq təşkilatların qəbul etdikləri  bütün sənədlər bir daha onu təsdiq edir ki, dünya birliyi münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır. O zaman meydana haqlı olaraq bəzi suallar çıxır: görəsən, niyə bu günə qədər regional və beynəlxalq təhlükəsizliyi təhdid edən bu münaqişə öz həllini tapmayıb? Niyə işğalçı Ermənistana sanksiyalar tətbiq olunmayıb? Əksinə, dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin: “Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də buradabeşinci kolona göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik”.

Azərbaycan torpaqlarını işğal edərək yüzlərlə yaşayış məntəqəsində dinc əhalini kütləvi şəkildə qətlə yetirmiş, bir milyondan çox insanı öz yurd-yuvasından didərgin salmış, onların hüquq və azadlıqlarını pozmuş, öz parlamentində qətllər törətmiş,  ölkəmizin fauna və florasına sağalmaz yaralar vurmuş, mədəni irsimizin beynəlxalq mühafizəsi haqqında Haaqa Konvensiyasının müddəalarını ayaqlar altına atmış, terrorçu-separatçı təşkilatları maliyyələşdirərək qonşu dövlətlərin ərazilərində dəhşətli terror aktları törətmiş Ermənistana münasibətdə bu cür xoşniyyətlilik, dözümlülük göstərilməsi görəsən hansı amillərlə bağlıdır? Ermənistan silahlı birləşmələri tərəfindən 20 mindən çox azərbaycanlının qətlə yetirilməsi, günahsız insanların ən ali hüquqlarından, yaşamaq haqqından məhrum edilməsi, Qərbdəki “demokratiya” və “insan haqları” carçılarının hələ də susması əslində “xristian təəssübkeşliyindən”, islamofobiyadan, ikili standartlardan irəli gəldiyi kimi, qərblilərin “ən ali dəyərləri”nin  artıq aşınmasını bir dəlil kimi ortaya qoyur. Beynəlxalq hüquqa zidd, Cənubi Qafqazda qeyri-sabitliyi şərtləndirərək beynəlxalq təhlükəsizliyi təhdid edən, xalqların çoxəsrlik dinc yanaşı yaşamaq təcrübəsinə ağır zərbələr vuran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında ölkəmizi ittiham etmək, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyillər, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək, dövlət başçısı İlham Əliyevin dediyi kimi, ən azından insafsızlıqdır, bir az da irəli getsək, vicdansızlıq və əxlaqsızlıqdır.

Prezident İlham Əliyev vurğulayıb ki, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar, may-iyun aylarında görüşlər keçirildi. Ancaq Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünyanın gündəliyindən çıxsın: “Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi”.

Bəzi beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin siyasi iradə nümayiş etdirməmələri, qətiyyətsiz mövqe tutmaları, ikili standartlardan çıxış edərək işğalçı ilə təcavüzə məruz qalmış tərəf arasında tarazlıq yaratmaq cəhdləri münaqişənin uzanmasına səbəb olmuş, onun dinc yolla nizamlanmasını çətinləşdirmişdir. Münaqişənin tənzimlənmə prosesində bütün imkanları tükənən təcavüzkar dövlətin iqtisadi, siyasi, ideolojihüquqi müstəvilərdə Azərbaycana uduzmasına baxmayaraq indiyədək  bu sahədə əsaslı irəliləyişə nail olunmamışdır.

Hazırda işğalçı Ermənistanın bütün səyləri ona hesablanıb ki, mövcudstatus-kvoqorunub saxlanılsın, münaqişə “baş vermiş fakt” əsasında həll edilsin. Cinayətkar Sarkisyan hökumətinin beynəlxalq hüquqa zidd olaraq millətlərin öz müqəddəratını təyinetmə ilə ərazi bütövlüyü prinsiplərini eyniləşdirməyə çalışması bunun əyani sübutudur. Tarixdən və dünya praktikasından məlumdur ki, hər bir millət öz müqəddəratını bir dəfə təyin edə bilər. Ermənilər də artıq bir dəfə öz müqəddəratlarını təyin ediblər və onların tarixi Azərbaycan torpaqlarında yaratdıqları Ermənistan dövləti hazırda beynəlxalq hüququn subyektidir.

Uzun müddət bu münaqişənin mövcudluğu ilə geosiyasi maraqlarını gerçəkləşdirmək istəyən fövqəl güc mərkəzləri siyasi alveri bir kənara qoyub məsələni həll etməlidirlər. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, belə məsələlərə aydınlıq gətirilməlidir: “Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur”.

Ancaq Ermənistan və onun havadarları birmənalı olaraq bilməlidirlər ki, xalq-iqtidar birliyinin gücü ilə gündən-günə qüdrətlənən Azərbaycan, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə öz torpaqlarını düşmən tapdağından təmizləyərək  ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.

 

Zahid Rza

 

İki sahil.- 2016.- 24 dekabr.- S.19.