İlham Əliyev. Hər bir
azərbaycanlının Prezidenti
“Mən bütün Azərbaycan
xalqının, hər bir Azərbaycan vətəndaşının
Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir
vətəndaş inkişafa, yaxşılığa doğru
irəliləyişi görsün və onu hiss eləsin”
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 23
dekabr, AZƏRTAC
Xalqları
dünyada məşhurlaşdıran təkcə onların zəngin
təbii sərvətləri və maddi mədəniyyət
inciləri deyil, həm də dünya siyasətində
mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz
belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi
yol hər bir millətin strateji inkişaf konsepsiyasına
çevrilməklə onun dünya arenasında özünə
layiqli yer tutmasını təmin edir.
Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 13 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Azərbaycan xalqının Prezident İlham Əliyevə məhəbbətinin, inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısına xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə tutmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
AZƏRTAC-ın arxivində İlham Əliyevin
13 illik prezidentlik dövrünün əsas məqamlarını,
bu müddətdə görülən işləri və həyata
keçirilən layihələri əks etdirən zəngin
material toplanıb. Onları nəzərdən
keçirdikcə dövlətimizin
başçısının çoxşaxəli fəaliyyəti,
cəsarət və qətiyyət tələb edən
köklü islahatlar, müdrik daxili və xarici siyasətin Azərbaycana
qazandırdığı uğurlar bir daha göz önündə
canlanır.
İlham
Əliyev: Şəffaflıq olmadan biz heç
bir islahatı apara bilmərik və
nə iqtisadi,
nə siyasi cəhətdən
ölkə sürətlə inkişaf edə bilməz
2003-cü ildə “Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları öz ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi daha müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. Dövlət başçısının xidmətləri ilə Azərbaycanda demokratik prosesi sürətləndirən siyasi islahatlar dönməz xarakter aldı. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsini prioritet elan edən Prezident bu kimi halların aradan qaldırılması üçün təsirli tədbirlər gördü.
“Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, - deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. Dövlət başçısı agentliyin nəzdində dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılmasına göstəriş verdi. Bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu.
Prezident İlham Əliyev şəffaflığın təmin edilməsində peşəkar və müstəqil medianın formalaşmasını başlıca şərt hesab edir. Dövlət başçısı söz azadlığının, insanların obyektiv informasiya əldə etmək hüququnun təmin olunmasına yönəlmiş mühüm addım kimi KİV-lərin inkişafına və müstəqilliyinə dəstək vermək üçün xüsusi dövlət mexanizmi yaratdı. Hər il dövlət hesabına redaksiyalara birdəfəlik maliyyə yardımlarının göstərilməsinə başlandı. Mediaya dəstəyini getdikcə artıran Prezident 2010-cu ildə Mətbuat Şurasından edilən müraciətləri nəzərə alaraq jurnalistlər üçün Bakıda yaşayış binasının tikintisi haqda qərar verdi və bu bina 2013-cü ildə istifadəyə verildi. Jurnalistlər üçün tikilmiş daha bir yaşayış binası isə bu yaxınlarda onların ixtiyarına veriləcək. Dünya praktikasında ilk dəfə məhz Azərbaycanda jurnalistlər üçün ev tikilərək istifadəyə verildi.
Hazırda ölkədə internet
azadlığının təmin olunması da mühüm
prioritetlərdən biridir. Artıq əhalinin 70 faizinin
internetə çıxış imkanı var. Prezident
İlham Əliyevin Azərbaycanda söz və mətbuat
azadlığının inkişafına dəstəyini
yüksək qiymətləndirən media təmsilçiləri
dövlət başçısını “Jurnalistlərin
dostu” elan etdilər.
Azərbaycanın
xarici siyasəti artıq dünya
birliyində uğurlu siyasət
kimi tanınır
Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və ən nəhayət, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan inamını, etimadını göstərdi.
BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlükdən sonra Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin Azərbaycana həvalə olunması da mühüm əhəmiyyət kəsb edir. Diplomatiya tariximizin mühüm uğuruna çevrilən bu hadisə ölkəmizin Avropa ailəsinin üzvü olmaq istiqamətində müvəffəqiyyətli addımlar atmasının, özünün demokratik imicini daha da möhkəmləndirməsinin, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verməsinin təsdiqi kimi də xarakterizə olunur.
Azərbaycanın müstəqilliyinin
dönməzliyinə nail olmaq, tarixən formalaşmış
xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən
müstəqillik mənafeləri üçün səmərəli
istifadə etmək kimi mühüm vəzifələrin
öhdəsindən uğurla gələn Prezident İlham
Əliyev Şərqlə Qərb arasındakı
münasibətlər sistemində ölkəmizin özünəməxsus
yerini daha da möhkəmləndirdi. Erməni təbliğatı
və erməni lobbisinin yaratdığı mif
darmadağın edildi, dünya birliyi onların əsl
simasını gördü. Azərbaycan Prezidenti Qarabağ
uğrunda müharibəni hücum diplomatiyasına keçirərək
beynəlxalq təşkilatların diqqətini bu problemə
yönəltdi. Bununla da dünya birliyi
Xocalı soyqırımını tanımağa və pisləməyə
başladı. Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan
haqqında həqiqətlər bütün dünyaya
yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın
xeyrinə dəyişdi. Azərbaycan
öz siyasəti ilə bütün dünyada sülhsevər,
sivilizasiyalı ölkə kimi tanındı, Avropanın və
dünyanın ən böyük və nüfuzlu ölkələri
ilə qarşılıqlı münasibətlər yaratmaq
üçün ciddi iş aparıldı. Ölkəmiz
bütün regional məsələlərdə əsas
oyunçuya çevrildi.
Son on ildə
dünya miqyasında iqtisadi cəhətdən
Azərbaycan qədər inkişaf
edən ikinci ölkə olmayıb
Prezident İlham Əliyevin inkişaf konsepsiyasının əsas hədəflərindən biri ölkə iqtisadiyyatının inkişafının davamlı xarakter almasıdır. Müəllifi ulu öndər Heydər Əliyev olan neft strategiyasının uğurlarını davam etdirməklə dövlət başçısı daha güclü iqtisadi model üzərində işlədi və elə prezidentliyinin ilk illərində bu məqsədə nail oldu.
Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünə qədəm qoydu, Azərbaycanın dövlət büdcəsi artdı, açılan yeni iş yerlərinin sayı 1 milyon 300 mini keçdi, yoxsulluq 50 faizdən 5 faizə düşdü. Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artdı. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyuldu. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmayıb. Özü də bu inkişafa qlobal iqtisadi böhranın tüğyan etdiyi şəraitdə nail olunub. Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı ciddi tədbirlər görüldü, maaşlar, pensiyalar artırıldı. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini yüksəltdi. Ölkəmiz rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında öz yerini daha da möhkəmləndirdi.
Ötən müddətdə aqrar-sənaye kompleksində islahatlar genişləndi, əhalinin çoxəsrlik arzusu reallaşdı və onlar torpağın həqiqi sahibinə çevrildilər. Ölkədə güclü sahibkarlar sinfi formalaşdı. Dövlət xətti ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrıldı.
Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir.
Bu gün ölkədə həyata keçirilən
sosial-iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun
yüksəlişi daha çox diqqəti cəlb edir,
çoxşaxəli iqtisadiyyatın inkişafı təmin
olunur. Bu sahədə turizm sektorunun güclənməsini
prioritet elan edən Prezident İlham Əliyev Azərbaycanda bu
sektorun kompleks inkişafını diqqət mərkəzində
saxlayır. Təsadüfi deyil ki, son illərdə Azərbaycana
gələn turistlərin sayı sürətlə artır.
Azərbaycan
öz təşəbbüsləri və layihələri
ilə Avropanın enerji xəritəsini
dəyişir
Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini böyük müvəffəqiyyətlə həyata keçirməsi nəticəsində bu gün Azərbaycan dünyada çox etibarlı ölkə kimi tanınır. Dövlət başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas aldı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatdırıldı və 2006-cı ildə açılışı oldu. Bununla da “Əsrin müqaviləsi”ndən sonra Azərbaycana külli miqdarda investisiyanın daxil olması prosesi daha güclü xarakter aldı.
İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malikdir. Bunu təsdiq edən ən böyük amillərdən biri 2012-ci ildə Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanmasıdır. 2013-cü ildə imzalanmış “Şahdəniz-2” üzrə yekun investisiya qərarı isə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək. Nəhayət, 2014-cü il sentyabrın 20-də Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi - XXI əsrin qlobal enerji layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin təməli qoyuldu. Əlbəttə, bu cür böyük layihələrin həyata keçirilməsi xalqımızın rifahını daha da yaxşılaşdırmaqla yanaşı, Azərbaycanı çox önəmli beynəlxalq oyunçuya, həlledici söz sahibinə çevirir, ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edir.
Azərbaycanın regionlarının inkişafı uğurla həyata keçirilən sosial-iqtisadi strategiyanın mühüm tərkib hissəsidir
Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan üç dövlət proqramı bölgələrlə paytaxt arasındakı inkişaf fərqini aradan qaldırdı. Bu proqramlar, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı imzalanmış sərəncamlar üzrə nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi. Bölgələrimizin siması sürətlə dəyişdi. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması regionlarımızı da ümumi inkişaf prosesinin ən mühüm parçasına çevirdi.
Dövlət başçısının səmərəli
fəaliyyəti Azərbaycan vətəndaşlarının
üzləşdiyi problemlərin həllində də
mühüm rol oynayır. Bu, Prezident-vətəndaş
münasibətlərində əsas amil olmaqla ölkəmizin
inkişafında, cəmiyyətdə inam, etimad mühitinin
formalaşmasında da aparıcı funksiya daşıyır.
2010-cu ildə ölkənin 40 rayonunu əhatə edən
Kür daşqınlarının aradan
qaldırılmasında Prezident İlham Əliyevin göstərdiyi
qətiyyət bu fikri bir daha təsdiqləyir.
Bu gün Azərbaycan
Ordusu dünya
miqyasında
güclü ordulardan biridir
Peşəkar ordusu olan ölkənin müstəqilliyi də əbədidir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur.
Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xaricdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilib. Ordumuzda ən güclü artilleriya qurğuları var. Böyük dəqiqliyə və dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər.
2014-cü ilin avqustunda təmas xəttində
düşmənin diversiya qrupunun darmadağın edilməsi,
bir neçə ay sonra Azərbaycanın hava məkanına
soxulan düşmən helikopterinin məhv edilməsi Azərbaycan
Ordusunun gücünü açıq-aşkar göstərdi.
Azərbaycan Silahlı Qüvvələri hər cəhətdən
düşməndən qat-qat yüksək olduğunu
nümayiş etdirdi. 2016-cı ilin aprelində də belə
oldu. Qəhrəman ordumuz Ermənistanın təmas
xəttində törətdiyi təxribatın
qarşısını mərdliklə aldı.
Əks-hücum əməliyyatı nəticəsində Azərbaycan
Ordusu işğal altında qalan Füzuli, Cəbrayıl və
Ağdərə rayonlarının ərazilərinin bir
qismini, ümumilikdə 2 min hektardan çox torpağı
işğalçılardan təmizləyərək
böyük bir əraziyə nəzarət etmək imkanı
qazandı. Bununla da Azərbaycan Ordusu düşmənə
öz qüdrətini göstərdi, tariximizə şanlı
səhifə yazdı.
Prezident İlham
Əliyevin sosial siyasətinin
əsasında Azərbaycan
vətəndaşı dayanır
Artıq neçə illərdir ki, ölkədə sosial sahələrin dirçəldilməsi, bu sektorlara güclü investisiya axınının müşahidə olunması Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss edir. Çünki dövlət başçısının müəyyənləşdirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezidentin diqqət və qayğısı sayəsində Azərbaycanın müasir təhsil modeli yarandı, ölkədə yeni təhsil konsepsiyası formalaşdı. Milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoydu və buna da nail oldu. 2003-cü ildən indiyə qədər ölkədə üç minə yaxın məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı çərçivəsində dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib.
Azərbaycanda elmi potensialın gücləndirilməsi sahəsində də mühüm işlər görülüb. Ötən illər ərzində elmi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ölkə üçün zəruri olan kadrların hazırlanması işinə böyük töhfə verir. Dövlət Proqramı çərçivəsində beş mindən çox gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi proqramda öz əksini tapıb.
Təhsillə yanaşı,
ölkədə səhiyyə islahatları da uğurla
reallaşıb. Əhalinin sağlamlığının
qorunmasında və tibbi xidmətin keyfiyyətinin
yaxşılaşdırılmasında səhiyyənin
prioritet sahələri üzrə qəbul olunan Dövlət
proqramları müstəsna rol oynadı. Səhiyyənin prioritet
sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri,
qan xidməti, xroniki böyrək
çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin
immunoprofilaktikası üzrə yeni proqramlar da qəbul edildi. Prezident İlham Əliyevin təşəbbüsü
ilə ölkədəki tibb ocaqlarında xidmətin keyfiyyəti
yaxşılaşdı. Aztəminatlı və ağır xəstəliklərdən
əziyyət çəkən insanların pulsuz dərmanlarla
təmin olunması və müalicəyə cəlb edilməsi
diqqət mərkəzində saxlanıldı. Son illərdə
səhiyyə sahəsində yaşanan ən böyük
inqilabi dəyişiklik isə bu sektorun dünyanın ən
müasir tibbi texnika və avadanlıqları ilə təmin
olunmasıdır. Müasir Azərbaycanı
modern texnologiyaların tətbiq olunduğu məkana
çevirmək məqsədini qarşıya qoyan Prezident
İlham Əliyevin diqqət və qayğısı sayəsində
ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri
regionda ilk dəfə açıq ürək əməliyyatı
və qaraciyərin köçürülməsi kimi
mühüm nailiyyətlərə imza atdı. Bu illər ərzində
regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika
mərkəzlərinin inşası səhiyyə sisteminin
inkişafından xəbər verir.
Prezident İlham
Əliyev Azərbaycanı
dünyada idman ölkəsi kimi
tanıdıb
Prezident İlham Əliyev həm də Azərbaycanı idman ölkəsinə çevirməyi qarşıya məqsəd qoymuşdu. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan beynəlxalq miqyasda artıq idman ölkəsi kimi tanınır. Bu məqsədə çatmaq üçün bütün ölkə ərazisində müasir idman infrastrukturu yaradıldı. Prezidentin sərəncamları əsasında çoxsaylı yeni, müasir idman obyektləri tikildi, eyni zamanda, yararsız vəziyyətə düşmüş köhnə idman bazaları təmir olundu və yenidən quruldu. İdman infrastrukturu təkcə paytaxtda deyil, respublikamızın regionlarında da inkişaf etdirildi. Ötən illər ərzində Azərbaycanda Olimpiya hərəkatı yeni inkişaf mərhələsinə daxil oldu, gənclər arasında Olimpiya idman növlərinə maraq daha da artdı. Bunu son illərdə Yay Olimpiya Oyunlarında idmançılarımızın qələbələri də təsdiqləyir. İdmançılarımız hər Olimpiya Oyunlarında medalların sayını daha da artırdılar. Bu il keçirilən Rio Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları tarixi nailiyyətə imza atdılar. Tarixdə ilk dəfə aktivinə 18 medal yazan Azərbaycan medalların sayına görə 14-15-ci yerləri bölüşdü. Azərbaycan Avropa ölkələri arasında 7-ci, MDB respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşdı.
2015-ci ilin yayında ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə Azərbaycan idman ölkəsi kimi tarixə düşdü. Möhtəşəmliyinə və yüksək səviyyədə hazırlığına görə böyük rezonans doğuran bu tarixi idman hadisəsi ölkəmizin dünya miqyasında rolunu daha da artırdı, xarici turistlərin Azərbaycana axınını gücləndirdi. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda keçirilməsi qərara alındı.
2016-cı ildə paytaxt Bakı müstəqillik tarixinin növbəti qitə əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi etdi. Belə ki, şəhərimizdə dünyanın ən nüfuzlu idman yarışlarından biri - “Formula-1” Avropa Qran-prisi keçirildi və ölkəmiz növbəti dəfə bütün dünyanın diqqət mərkəzində oldu.
Bu il Bakıda keçirilən idman yarışları arasında 42-ci Dünya Şahmat Olimpiadasını da vurğulamaq lazımdır. Yay Olimpiya Oyunlarından sonra dünyada ən kütləvi idman yarışı olan Şahmat Olimpiadasının bu dəfə Bakıda keçirilməsi, heç şübhəsiz ki, Azərbaycanın idmana verdiyi önəmdən qaynaqlandı. İştirakçı ölkələrin sayına görə Bakıda keçirilən yarışlar Olimpiada tarixinə rekord kimi daxil oldu.
Prezident İlham Əliyev gənclərimizi
aparıcı qüvvəyə çevirmək və
onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək
məqsədilə çox böyük işlər
görüb. Dövlət quruculuğunda gənclərin
iştirakına şərait yaradılması, gənc ailələrə
kömək göstərilməsi, onların sosial problemlərinin
həlli, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi
dövlət başçısının fəaliyyətinin əsas
istiqamətlərindən birini təşkil edir. Bütün bu qayğı və diqqət Azərbaycan
gənclərinin gələcəyə böyük
inamını formalaşdırdı. Gələcəyə
inam isə gənclərin öz fəaliyyətlərində
daha böyük uğurlar əldə etməsi
üçün güclü zəmindir.
Multikulturalizm və
tolerantlıq
Azərbaycanda
dövlət siyasəti
səviyyəsinə
qaldırılıb
Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu, artıq bütün dünyada qəbul edilir. Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir. Odur ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi təsadüfi deyil.
Azərbaycan xalqının digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə göstərdiyi yüksək tolerantlığın nəticəsidir ki, ötən ay Roma Papası Fransisk ölkəmizə səfər etdi. Papa Fransiskin bu tarixi səfəri bir daha ölkəmizdə müxtəlif dini icmalar üçün yaradılan şəraiti bütün tərəfləri ilə nümayiş etdirdi. Bu, təsdiqlədi ki, ölkəmizdə dini-milli zəmində heç vaxt münaqişələr, qarşıdurmalar baş verməyib, Azərbaycandakı dözümlülük, tolerantlıq mühiti, multikultural dəyərlərə sadiqlik unikal qardaşlıq və dostluq mühiti yaradıb. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına son dərəcə həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar indi ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib.
Prezident İlham Əliyevin mədəniyyət
konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə
daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə
geniş imkanlar açıb. Bu layihələr sayəsində
indi Azərbaycanı dünyada daha yaxşı
tanıyırlar, Azərbaycan mədəniyyətinin
sorağı hazırda böyük səhnələrdən gəlir,
ölkəmizin təbliğinə xidmət edir. Musiqimizin təməl
daşı olan muğam artıq dünya musiqisinə
çevrilib. “Eurovision” kimi beynəlxalq mahnı
müsabiqəsinə ev sahibliyi edən Azərbaycan bununla da
müsabiqə tarixinə möhür vurub. Özlüyündə
böyük mədəniyyət hadisəsi olan, lakin siyasi və
iqtisadi əhəmiyyəti ilə daha çox diqqəti cəlb
edən bu hadisə göstərdi ki, Qərblə Şərqin
qovuşuğunda yerləşən Azərbaycan bütün
dövrlərdə diqqət mərkəzində olub.
Azərbaycanı
qarşıda daha
böyük və gözəl gələcək
gözləyir
Beləliklə, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqillik dayaqları daha da möhkəmləndi, ölkəmiz dünyada söz və nüfuz sahibinə çevrildi. Bu fəaliyyətin təməlində xalqa bağlılıq, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyasının cəmiyyətdə daha da bərqərar olması kimi strateji amil dayandı. Prezident İlham Əliyev çalışır ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, ilk növbədə, öz milli kimliklərini dərk etsinlər və qorusunlar, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi ənənələrini, tarixini yaşatsınlar, inkişaf etdirsinlər. Bu da bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından ən mühüm şərtlərdən biridir. İlham Əliyevi xalqın sevimlisinə çevirən amillər sırasında təbii ki, onun tariximizə, şanlı keçmişimizə, müstəqilliyimizin simvolu olan dövlət atributlarına hörmət və ehtiram da xüsusi yer tutur. Məhz onun bu sahədə həyata keçirdiyi fəaliyyət konsepsiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi üçün strateji xətdir.
Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı: Bu, modern Azərbaycan dövləti modelidir. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.
Prezident İlham Əliyevin reallaşdırdığı
inkişaf konsepsiyası bütün azərbaycanlıların
həyatına birdəfəlik daxil oldu. Çünki onun
müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində
ancaq bir qüvvə - Azərbaycan vətəndaşı
dayanır. Bu illər ərzində İlham Əliyev
gördüyü işlərlə bir daha sübut etdi ki, o,
doğrudan da hər bir Azərbaycan vətəndaşının
prezidentidir. Təsadüfi deyil ki, İlham
Əliyev infrastruktur layihələrinin, yeni müəssisələrin
açılış mərasimlərində, həmçinin
bölgələrə bütün səfərləri
zamanı ictimaiyyətin nümayəndələri və yerli sakinlərlə,
məcburi köçkünlərlə
görüşür, onların qayğıları ilə
şəxsən maraqlanır, fikirlərini öyrənir.
AZƏRTAC-ın arxivində bu görüşləri əks
etdirən bir çox fotoşəkillər toplanıb və
onların bir neçəsini bu gün yenidən təqdim
edirik.
Dekabrın 24-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
55 yaşı tamam olur. Bu münasibətlə
dünya ölkələrinin liderləri dövlətimizin
başçısına ünvanladıqları təbrik məktublarında
Azərbaycanın hərtərəfli nailiyyətləri - cəmiyyətin
rifahının yüksəlməsi və iqtisadiyyatın
dinamik inkişafı, dövlətçiliyinin və
dünyada nüfuzunun getdikcə artması
vurğulanır. Çoxsaylı təbrik məktublarının,
demək olar ki, hamısında Prezident İlham Əliyevin təcrübəli
və uzaqgörən dövlət xadimi kimi beynəlxalq aləmdə
yüksək nüfuza sahib olduğu, onun ali fəaliyyətinin
Azərbaycanın gələcək uğurlu tərəqqisinə,
cəmiyyətin sürətli inkişafına və beynəlxalq
arenada mövqelərinin daha da möhkəmlənməsinə
yönəldiyi xüsusi qeyd edilir.
İki sahil.- 2016.- 24 dekabr.- S.9-11.