Nə qədər ki nəfəsim
gəlir, oxuyacağam
Çoxlarımız
onu hərbi paltarda, əsgəri marşı oxuyan qadın
ifaçı kimi tanıyırıq. Hansı
ki, əvvəllər bir qadının kişi paltarında əsgərlər
qarşısında çıxışı qeyri-adi və
maraqla qarşılanırdı. Azərbaycanın Xalq artisti,
Müdafiə Nazirliyinin Hərbi orkestrinin solisti Zümrüd
Məmmədova Azərbaycan mədəniyyəti sahəsində
təkcə hərbi mahnıları ilə deyil, xarici səfərlərdə
milli musiqimizin təbliği işi, konsertləri,
mahnıları ilə də yaddaşlarda qaldı. Beləliklə,
müsahibimiz Xalq artisti Zümrüd Məmmədovadır.
- Zümrüd
xanım, illərdir bu sənətdəsiniz. Amma etiraf etmək
lazımdır ki, müsahibələrinizə az-az rast gəlirik,
televiziya kanallarında sizi az görürük. Ona görə
sizin haqqınızda çoxları ətraflı məlumata
sahib deyil. İstərdik ilk olaraq ailənizdən,
böyüyüb boya-başa çatdığınız
mühitdən və incəsənətə gəlişinizdən
danışaq. Bildiyimizə görə, valideynləriniz də
incəsənət adamları olublar...
- Bəli, atam tarixçi olmasına baxmayaraq, gözəl tar ifa edirdi. Anam isə filoloq idi, amma onun
da gözəl rəsm çəkmək qabiliyyəti
vardı. İncəsənətə marağı, həvəsi
olan bir ailədə böyüməyim məndə də bu həvəsi
yaratdı. Atamın gözəl musiqi sədaları
altında böyümüşəm. Yadıma
gəlir, üç yaşım vardı. Qapımızın astanası hündür idi.
Pərdələri çəkib, özümə
səhnə düzəldirdim. Evimizə
qonaq gələndə onlara istəsələr də, istəməsələr
də konsert verirdim. Əgər
qonaqların başı qarışıq olurdusa və mən
konsert verə bilmirdimsə, səhərə kimi
ağlayırdım. Bu astana konsertləri məni
Bakıya, Asəf Zeynallı adına musiqi
məktəbinin muğam şöbəsinə gətirdi. Görkəmli sənətkarlarımızdan, Nəriman
Əliyevdən dərs aldım. Orada Səkinə
İsmayılova, Qəndab Quliyeva, Zaur Rzayev, Ağaxan Abdullayev
kimi dəyərli sənətkarlarla bir yerdə muğam təhsili
aldım. Daha sonra bu həvəs məni Azərbaycan
Mədəniyyət və İncəsənət Universitetinə
apardı. Universitetin musiqili komediya
fakültəsinə qəbul oldum. Orada da Nəzakət
Məmmədova, Canəli Əkbərov və s. kimi görkəmli
sənətkarlarla birlikdə təhsilimi davam etdirdim. Mən çox gənc yaşda təhsil almağa
başlamışam. Yadıma gəlir, mən universitetə
qəbul olunan il Nəsibə Zeynalova
oranı bitirirdi. Ofelya Aslan universitetə mənimlə
eyni vaxtda qəbul olunmuşdu. Nəzakət
Məmmədova operamızın Leylisi idi. İslam
Rzayev xarici ölkələri fəth edirdi. Böyük sənətkarlarla oxumaq və bir yerdə
işləmək mənim üçün qürurverici idi.
Mən universitetdə oxuya-oxuya təyinatımı Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrına həmin il, eyni zamanda Azərbaycan Dövlət
Filarmoniyasına dəvət aldım. O vaxtlar filarmoniyanın
səhnəsində Rübabə Muradova, Nəzakət Məmmədova,
Zeynəb Xanlarova
Leyli rolunu oynayırdılar. Elə
istəyirdim ki, mən də tez bir zamanda ad qazanım.
- Uzun illərdir Müdafiə
Nazirliyinin Hərbi orkestrinin solisti kimi
çalışırsınız. Ora gəlişiniz
necə oldu? Bildiyimizə görə, a vaxta qədər
həmin orkestrdə qadın solist yox idi...
-
Çox təsadüfi oldu. Sevda Həmidqızı
bir mahnı gətirdi. Əsgər
marşı idi. Müharibənin
qızğın vaxtları idi. Mahnının sözləri
Dəmir Gədəbəyliyə aid idi. Orada bir hissə var
idi: “Əlimdə avtomat qırıb
biçərəm”. Sevda xanıma dedim ki, bu mahnı kişilərə
məxsusdur, incə bir qızın bu mahnını oxuması
nə dərəcədə uyğundur. Dedi ki, bizim o vaxt
Nigarımız, Həcərimiz olub. O vaxtlar qılınc olub,
indi də top-tüfəng vaxtıdır. Səsyazma
studiyasına gəldik və burada bizə dedilər ki, xalq
çalğı alətləri ilə bu marş elə
möhtəşəm alınmayacaq. O zamanlar Vaqif müəllim
dedi ki, Müdafiə Nazirliyinin nümunəvi nəfəsli
orkestri var. Yusif Axundzadə orkestrə dirijorluq edir. Ona müraciət edək, onlar müşayiət etsələr
daha möhtəşəm olar. Yusif müəllim
mahnıya qulaq asdı və çox xoşuna gəldi. Məşqlər edildi, mahnı lentə
alındı. Möhtəşəm
alınmışdı. Məni kadrlar
şöbəsinə gətirdilər ki, işə qəbul
etsinlər. Orada qəribə bir ab-hava
yarandı. Çünki mənə qədər
orkestrdə heç vaxt qadın müğənni
olmamışdı. 1991-ci ildən bu vaxta
kimi orkestrin solistiyəm. O vaxtdan Vətənimin qeyrətli
oğullarına öz ifalarımla dəstək oluram. Onların qarşısında lirik, ana haqqında, məhəbbət
mahnıları oxuyanda görürəm ki, kövrəlirlər.
Ancaq Vətən haqqında oxuyanda görürəm
hamısının üzündə şir, pələng
siması dayanır. Deyirlər ki, Ali
Baş Komandanımızın bir əmrini gözləyirik ki,
irəli gedək. Görürəm ki, bu vətənpərvərlik
mahnılarının çox böyük cazibə qüvvəsi
var. Bu yaxınlarda qızım internetdə bir video göstərdi
mənə. Gördüm ki, əsgəri əməliyyat
edirlər. Əsgər əməliyyat ərəfəsində
mənim ifa etdiyim “Yol verin, əsgər gəlir”
mahnısını oxuyur. O qədər kövrəldim
ki. Görün bu mahnı nə qədər təsir edir ki, əsgər
ana demir, sızıldamır, ağlamır, marş oxuyur.
- Qədim zamanlarda döyüşdən
öncə əsgərlər cəngi havası altında
hazırlanırdılar. Zaman keçib, amma bir həqiqət
var ki, vətənpərvərlik ruhlu mahnıların,
marşların həyatımızda rolu əvəzsizdir...
-Tamamilə
razıyam. Hətta mənim bir mahnım var: “Gələcəyik
Qarabağa”. Bu mahnıda artıq bir mesaj, əminlik
var, yəni Qarabağ bizimdir və biz əvvəl-axır
doğma torpaqlarımıza qovuşacağıq. Bütün əsgərlər bu mahnını mənimlə
bir yerdə oxuyurlar. Onlarda
döyüş, mübarizə ab-havasını daha da
gücləndirmək mənim üçün şərəfdir.
- Ən çox hansı
bölgələrimizdə əsgərlərimizlə
görüşürsünüz?
- Azərbaycanımızın
30-dan çox bölgəsində konsertlər vermişik. Müdafiə Nazirliyinin əməkdaşı Abdulla
Qurbani möhtəşəm aparıcılıq edir. Konsert proqramlarında səhnəni elə qururlar ki,
insan özünü müharibənin ortasında hiss edir.
Mənim yüzə qədər vətənpərvərlik
mahnılarım var. Konsertlərimizdə hamısını səsləndirirəm.
Bundan sonra da nə qədər canımda can var oxuyacağam.
- Həmçinin həmin illərdə
uğurlu solo fəaliyyətlə məşğul oldunuz. Dünyanın yüzdən artıq ölkəsində
olmusunuz və bir çox mükafatlara layiq
görülmüsünüz. Bu qədər səfər
və mükafatlar asanlıqla əldə edilməyib yəqin
ki...
-Doğrudur.
Bir çox ölkələrdə olmuşam.
Xeyli mükafatlara layiq görülmüşəm.
Bilirsiniz, gərək incəsənət adamı
özünü tərifləməsin, yaratdığı əsərlərlə
öz sözünü desin. Mən özüm
haqqımda nəsə deməyi sevmirəm, qoy insanlar mənim
haqqımda danışsınlar. Ulu Öndərimizin bir
sözü var: “Fikirləşməyin ki, Vətən sizə
nə edib, fikirləşin ki, siz vətən
üçün nə etmisiniz”. Vətən mənim
üçün hər şeyi edib. Onun
havasını uduram. Nə qədər Vətənimə
xidmət etsəm azdır. Ömrümün
axırına kimi Vətənim üçün
çalışmalıyam.
- Gəncliyinizdən bəri
tanıdığınız bir çox dəyərli sənətkarların
adını çəkdiniz. Kimlərdənsə nümunə
götürmüsünüz, eyni universiteti bitirmisiniz, eyni səhnəni
paylaşmısınız. Ümumiyyətlə,
sənətdə bütün bu sadalananlar baxımından
özünüzü şanslı hesab edirsinizmi?
-Əlbəttə, şanslı hesab edirəm. Ulu öndərimiz
Heydər Əliyev tərəfindən fəxri adlar aldım.
Öncə Azərbaycanın Əməkdar
artisti, daha sonra Xalq artisti fəxri adlarına layiq
görülmüşəm. Professor adını
qazanmışam. Fəxr edirəm ki, zəhmətimin
bəhrəsini görmüşəm. Mən
xeyli sayda dəyərli sənətkarlarımızla bir səhnəni
paylaşmışam. Təəssüf ki,
onların çoxu artıq dünyasını dəyişib.
Xan Şuşinski, Hacıbaba Hüseynov, Sara Qədimova,
Şövkət Ələkbərova və s.
- İstərdim bir az
da duetlərinizdən danışaq. Elə
xarici səfərlərinizdə də xeyli sayda duetləriniz
olub.
-
Doğrudur. İndi siz dediniz, yadıma
düşdü. Bir dəfə də
gözəl sənətkarımız İslam Rzayevlə bir
yerdə səfərdə oldum. “İpək
Yolu” festivalında iştirak etmək üçün
Yaponiyaya yola düşdük. Yaponlar bir ay
öncədən seçdilər ki, kimlər getsin. Qadın ifaçılardan məni, kişilərdən
İslam Rzayevi, kamançada Habil Əliyevi, tarda isə Ramiz
Quliyevi seçmişdilər. Üç
ay Yaponiyada İslam Rzayevlə “Heyratı” oxudum. Gözəl təəssüratlarla ölkəyə
qayıtdıq. Daha sonra Baba Mahmudoğlu ilə
ərəb ölkələrində Leyli və Məcnun
oynadıq. Təsəvvür
edin ki, küçədə hamı mənə “Leyli” deyə
səslənirdi. Bütün bunlarla yanaşı, Arif
Babayev, Canəli Əkbərov, Teymur Mustafayev kimi bir çox kişi ifaçılarla da xeyli sayda qastrollarda
olmuşam.
- O illər üçün
darıxırsınızmı?
- Gözəl
illər idi. Amma deyə bilərəm ki,
darıxmıram. Bilirsiniz elə adam
var ki, səhnədən gedir. Deyir ki, mən
oxuduğumu oxumuşam, yetərincə tanınıram, ad
sahibiyəm. Amma məndə elə deyil.
Mənim darıxmağa vaxtım olmur. Bu gün də həm pedaqoji fəaliyyətimi davam
etdirirəm, həm qastrollarım, həm də cəbhə
bölgələrində konsertlərim, çəkilişlərim
olur. İnanın ki, vaxtım olmur
darıxmağa. Xarici səfərlərim
də çox olur. Bu ilin may ayında Ulu Öndərimizin
doğum günü ilə əlaqədar Xalq artisti Niyaməddin
Musayev, Yaqub Zurufçu və digər sənət
dostlarımla birlikdə Türkiyədə olduq. Qızım İlahə Qismət Türkiyə-Azərbaycan
münasibətlərinə aid mahnı ərsəyə gətirdi.
Həmin mahnıya tez bir zamanda videoçarx
çəkildi. İnanın, mahnı yeni
olmasına baxmayaraq hər kəs tərəfindən maraqla
qarşılandı.
Özümü xoşbəxt hesab edirəm ki, mən
Ulu Öndərin qarşısında mahnılar ifa edib,
konsertlər vermişəm. O, çox dəqiq adam
idi və gözündən heç nə
qaçmırdı. Hər dəfə səhnə
arxasına gəlib, bizi təbrik edirdi. Ulu Öndərin
əlini sıxmaq, ondan təbrikləri qəbul etmək,
“çox sağ ol” eşitmək hər
adama qismət olmur. Bir dəfə Səməd
Vurğunun 80 illiyinə Moskvada geniş konsert proqramı həsr
olunmuşdu. Konsertdə Ümummilli
Liderimiz də iştirak edirdi. Konsertdə Alim Qasımov,
Səkinə İsmayılova və mən “Simayi-Şəms”
oxuyurduq. Ümummilli
Liderimiz gəlib bizi təbrik etdi. Daha bir
xatirə yadıma düşdü. Milli
Ordunun yaranmasının dörd illiyi münasibətilə
Heydər Əliyev Sarayında böyük konsert təşkil
edilmişdi. Həmin konsertdə mən “Yol verin, əsgər
gəlir”
mahnısını oxuyurdum. Ulu Öndər sağ
tərəfində Salatın Əsgərovanın anası,
sol tərəfində isə Gültəkin xanımın
anası əyləşmişdi. Mahnının belə bir
yeri var: “Soyun qara libası, sən ey şəhid anası,
alıb qardaş qisası, yol verin əsgər gəlir”. Bu hissəni muğamla oxuyanda onlara çox təsir
etdi. Ulu Öndər zalda əyləşəndə
lap qaranlıq da olsa onun üzü seçilirdi. Gördüm Salatın Əsgərovanın və
Gültəkinin anası ağladı, başlarını Ulu
öndərin çiyninə qoydular. Onda
gördüm ki, Ulu Öndər onları qucaqladı və
gözündən yaş axmağa başladı. Konsert
qurtarandan sonra pərdə arxasına gəldi və dedi: “Məmmədova,
məni ağlatdın”. Bu sözü eşitmək
hər müğənninin işi deyil. Deyirsiniz
özünüzü xoşbəxt hiss edirsinizmi? Belə
şeylər yada düşəndə xoşbəxtlərin
xoşbəxti olur adam.
- Bəs bir qadın kimi şəxsi
həyatınızda xoşbəxtliyi tapdınızmı?
-Şükür Allaha ki, tapdım. Allah mənə elə bir
övlad bəxş edib ki... İlahə
çox istedadlı qızdır. Allah
bütün balalara cansağlığı versin. Bütün valideynlərə arzum budur ki,
övladlarının xoşbəxtliyini görsün. Mənim də qızım Bakı Musiqi
Akademiyasının həm bakalavr, həm də magistratura səviyyəsini
bitirib. Qara Qarayev təqaüdünə
layiq görülüb. Bu yaxınlarda da
doktoranturaya qəbul oldu. Onu Bakı Musiqi
Akademiyasında işə götürdülər. Gözəl layihələri var.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova,
Röya Şahbazi
İki sahil.-
2016.- 28 dekabr.- S.10.