LƏLƏTƏPƏ: Ermənistanın

unutmamalı olduğu dərs

 

Azərbaycan Ermənistanın yaratdığı siyasi, hərbi və mənəvi baryeri bir gecədə darmadağın etdi

 

2016-cı il başa çatır və bu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən gərgin illərdən biri kimi qalır. Münaqişə 20 ildən çoxdur ki, davam edir, lakin 2016-cı ilin aprelində baş verən hadisələr uzun illərdir qüvvədə olan atəşkəs rejimi tarixində ən qanlı dövr kimi əbədiləşdi. Atəşkəs münaqişə tarixində olmayan qədər bu il çox həssas və kövrək oldu və tərəflər yenidən müharibə meydanında üz-üzə gəldilər. Bir neçə günlük qanlı döyüşlər təsdiqlədi ki, ötən illərdə münaqişə tərəfləri arasında gərginlik zərrə qədər də olsa səngiməyib, etimad mühiti nəinki formalaşmayıb, hətta ən dözülməz həddə çatıb. Beynəlxalq vasitəçilər uzun illərdir xalqlar arasında etimad yaratmağa çalışsalar da buna qətiyyən nail olmayıblar. Çünki münaqişənin uzun illərdir həll olunmamış qalması səbəbindən bir çox mexanizmlər köhnəlib, bəziləri də indi tərəfləri qane etmir. Son illərdə dəbdə olan ifadə ilə desək Azərbaycan tərəfindən qəbuledilməz olan status-kvo davam edirbunun dəyişdirilməsi ilə bağlı cəhdlər sadəcə əngəllənir. Aprel döyüşləri bunu bir daha təsdiqlədi.

Azərbaycan təmas xəttində təxribata əl atan Ermənistan silahlı qüvvələrinin qarşısına çıxanda mövcud status-kvonun dəyişdirilməsinin zəruriliyini bəyan edən qüvvələr, yəni ATƏT-in Minsk üçlüyü əl-ayağa düşdü, halbuki Obama da, PutinOlland da bildirmişdilər ki, mövcud vəziyyət bu cür davam edə bilməz. Maraqlı nüans ondan ibarət idi ki, hərbi əməliyyatlar Azərbaycan Prezidenti Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün getdiyi ABŞ-da olarkən baş vermişdi. Təbii ki, dövlət başçısının Amerika təmaslarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər leytmotiv təşkil edirdi və cənab İlham Əliyev bu məsələyə həm dövlət katibi Con Kerri, həm də vitse-prezident Co Baydenlə apardığı danışıqlarda geniş yer ayırmışdı. Amma elə bu zaman qəfildən sükut pozulur. Səfərin son günü cəbhədə baş verənlərlə bağlı xəbər alan dövlət başçısı təcili Bakıya qayıdır və Təhlükəsizlik Şurasının iclasını çağırır. Azərbaycan ictimaiyyəti cəbhədə nələrin baş verdiyini Prezidentdən öyrənir. Məlum olur ki, atəşkəs rejimi dövründə ilk dəfə bu miqyasda döyüşlər gedib, təxribatın qarşısını almaq üçün hərbi əməliyyatlar zamanı ağır artilleriyadan, müasir silahlardan istifadə olunub, düşmənə sarsıdıcı zərbələr endirilib. Bir çox strateji yüksəkliklər, o cümlədən Lələtəpə yüksəkliyi  işğaldan azad olunub, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektar ərazisi düşməndən təmizlənib, Azərbaycan Ordusu böyük əraziyə nəzarət etmək imkanı qazanıb. Bu, çoxdandır qələbəyə susamış xalq üçün bir müjdə, bəlkə də sensasiya idi. Hamı cəbhədən danışır, media, ictimai təşkilatlar qalibiyyəti qeyd edir, şəhid dəfnləri məğrurluq səhnələri ilə müşayiət olunurdu.

90-cı illərin əvvəlindəki xalqdan əsər-əlamət qalmamışdı, hamı döyüşkən ruh nümayiş etdirirdi. Bu, yaxşı idi. Bu, bəlkə də müharibə şəraitində olan bir ölkə üçün ən vacib faktorlardan biri idi. Apreldə Azərbaycanın təkbaşına status-kvonun dəyişdirilməsinə çalışması, bir növ gövdə göstərişi nümayiş etdirməsi baş tutmuşdu. Yenə də xarici müdaxilə olmasaydı. Bu, olmasaydı Azərbaycan öz imkanları daxilində məsələnin həllinə nail olmaq iqtidarında idi. Amma Ermənistan rəhbərliyi vəziyyətin mürəkkəbliyini görüb yenə də öz havadarlarına üz tutdu. Bununla paralel atəşkəsin bərpa edilməsi, tərəflərin təmas xəttində mövcud mövqelərdə dayanması ilə bağlı diplomatik kanallar fəaliyyətə başladı. Azərbaycan və Ermənistan prezidentlərinə telefon vasitəsilə vəziyyətdən narahatlığını ifadə edən Rusiya Prezidenti Vladimir Putin gərginliyin azaldılmasında tərəflərə köməyini təklif etdi.

Moskvanın yardım paketi üç ölkənin baş qərargah rəhbərləri arasında keçirilən görüşlə başa çatdı, hərbi əməliyyatların dayandırılması barədə qərar qəbul edildi. Bundan sonra Azərbaycan birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırdığını bəyan etdi. Vəziyyətin axarının dəyişdirilməsində təbii ki, Rusiya öz mövqelərindən istifadə edərək təsirli mexanizmi işə saldı. Hökumətin rəhbəri Dmitri Medvedev Bakı təmaslarında açıq şəkildə bəyan etdi ki, atəşkəsin davamlı olması, uzunmüddətli xarakter daşıması və danışıqların yenidən başlanması üçün Rusiya özündən asılı olan hər şeyi edəcək. Çünki heç bir münaqişə heç vaxt tərəflərdən birinin qələbəsi ilə başa çatmır. Münaqişəni aradan qaldırmaq və yer üzündə möhkəm sülhü yaratmaq üçün həmişə mürəkkəb kompromislər toplusunu qəbul etmək lazım gəlir.

Medvedev kompromislər məsələsini yenidən aktuallaşdırmaqla çox incə məqama toxunurdu və hətta bilinirdi ki, kompromislər dedikdə daha çox Azərbaycan tərəfindən nə isə umulur. Məlumdur ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razı deyil, bunu qətiyyətlə rədd edir, əvəzində yüksək muxtariyyət təklif etməklə münaqişənin paket həllinə çalışır, Madrid prinsiplərinin işlək mexanizminə nail olmaq istəyir. Bunları isə Ermənistan rəhbərliyi qəbul etmir, əvəzində qeyri-konstruktirv yanaşma sərgiləyərək həll prosesini süni şəkildə uzadır. Deməli, yenə də uzlaşma yoxdur, belə olan təqdirdə tərəflərin əvvəlki mövqelərində qalması, atəşkəs rejiminin uzadılması daha labüd görünür. Çünki indi Rusiyanın başqa işləri var, o Yaxın Şərqdə, konkret desək, Suriyada hegemonluğa can atır və öz planlarını həyata keçirimək istəyir, hələ ki, Qafqazda yeni münaqişə ocağının yaranması onun maraqlarına xidmət etmir.

Bununla da üçgünlük maharibə eyforiyasına son nöqtə qoyulur və məsələ ilə bağlı Vyanada toplaşan Minsk üçlüyünün də müdaxiləsi heç bir nəticə vermir. Onlar da öz maraqlarından çıxış edərək həm ABŞ-ın dövlət katibi Con Kerrinin, həm də Avropa İttifaqının xarici siyasət üzrə rəsmisi Federika Moqerininin timsalında tərəflərin danışıqlar masası arxasına qayıtmalarını, qarşılıqlı etimad tədbirlərinin və anlaşmanın gücləndirilməsini istədiklərini bəyan etməklə kifayətlənirlər. Təmas xəttində baş verənlərlə bağlı bir qədər açıq və konkret mövqeni Almaniya kansleri Angela Merkel nümayiş etdirir, lakin o da etiraf edir ki, hazırda ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həll edilməsinə öz töhfəsini vermək istəyir, lakin Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rolu Rusiya oynayacaq. Putin isə iyunun 20-də Azərbaycan və Ermənistan prezidentləri ilə Sankt-Peterburqdakı görüşündə Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayır.

Beləliklə, danışıqlar yenidən sonsuz məcrasına qayıdır. Bunu demək nə qədər çətin olsa da bu, belədir və reallıqdır. Amma əsas məqamlardan birio idi ki, Ermənistan tərəfi aprel təxribatını reallaşdırmaq istəyəndə bunun hansı nəticələrə yol açacağını, onun nəticələrini pis hesablamışdı və Azərbaycan Ordusunun əks-hücumu nəticəsində işğal olunmuş ərazilərin bir hissəsinin geri alınmasında vacib rol oynayan silah və texnikanın nümayişi baxımından bu, Ermənistan üçün unutmamalı olduğu bir dərsə çevrildi. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi hərbi əməliyyatlar zamanı dağıdılan evləri qısa vaxtda, təxminən 5-6 ay ərzində yenidən tikdi və vətəndaşların istifadəsinə verdi.

Vəziyyətin sabitləşdiyini və aprel döyüşlərindən sonrakı dövrdə müəyyən qədər Rusiyanın mövqelərinin gücləndiyini görən Amerika tərəfi bu dəfə fərqli, həm də təəccüb doğuran bəyanatlar səsləndirməyə başladı. Məsələn, Con Kerri hər iki tərəfi günahlandıraraq tərəfləri sülhə hazır olmamaqda ittiham etdi, hətta bir qədər də irəli gedərək məsələnin Fələstin-İsrail münaqişəsindən də mürəkkəb olduğunu dedi. Bu, əslində, Ermənistanın işğalçı siyasətinə dəstək vermək xarakterli bir bəyanat idibununla vasitəçilik missiyası şübhə altına düşürdü. Baxmayaraq ki, hələ mart ayında Prezident İlham Əliyevlə ABŞ-da görüşərkən Con Kerri donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin öz həllini tapmasını qətiyyətlə bildirmişdi. Amma görünür sərf etməyəndə mövqelər dəyişə bilirdiplomatik etiket qaydaları bir çox hallarda işə yaramır və bu qaydalar hətta diplomatlar səviyyəsində belə kobud şəkildə pozulur. Prezident İlham Əliyev oktyabrda hökumətin iclasında bu məsələyə işarə edərək demişdi ki, bağlı qapılar arxasında aparılan söhbətlər, göstərilən təzyiqlər varbunlar ona xidmət edir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Bir çox hallarda bu məsələlər bağlı qapıları yararaq Qərb mediasına çıxır, qeyri-hökumət təşkilatları tərəfindən qarayaxma, şər-böhtan, təhqir kampaniyası aparılır, hətta buradakı “beşinci kolonda bu cür həssas məsələlərdə iştirakdan yayınmır, bununla da gizli niyyətlərin ruporuna çevrilirlər.

Lakin Kerrionun ideya silahdaşlarının əksinə olaraq qardaş Türkiyə yenə də açıq mövqe nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə qalxdı, Türkiyənin təşkilatçılığı ilə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII sammitində Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı ciddi qərar qəbul edildi, tərkibinə yeddi dövlətin daxil olduğu Kontakt Qrupu yaradıldı. Türkiyənin bu il fəaliyyətə başlayan yeni Baş naziri Binəli Yıldırım ilk xarici səfərini etdiyi Azərbaycanda bildirdi ki, Dağlıq Qarabağ məsələsini zamanın ixtiyarına buraxaraq unutdurmaq əsla mümkün deyil, Türkiyə bu məsələnin həllini gözləyir və hadisələrin gedişatını diqqətlə izləyir. Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif də Bakı təmaslarında eyni mövqedən çıxış etdi. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri, eyni zamanda, Ermənistanla heç bir diplomatik əlaqəsi olmayan Pakistan hökumətinin başçısı açıq şəkildə bildirdi ki, ölkəsi Dağlıq Qarabağ məsələsi ilə bağlı aydın mövqeyə malikdirPakistan Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin, Dağlıq Qarabağdan və ətraf rayonlardan erməni silahlı qüvvələrinin çıxarılmasının, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının tərəfdarıdır. İlin sonuna doğru ATƏT Fransadan olan həmsdərini Stefan Viskonti ilə əvəzlədi və bununla da Minsk qrupunun 2016-cı ildəki missiyası heç bir nəticə olmadan başa çatdı.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, erməni əsgəri ölmək istəmirsə Qarabağa gəlməsin. Bu yaxınlarda Ermənistan hüquq müdafiəçilərindən biri Gümridə yaşayanoğlunu aprel döyüşlərində itirən bir ananın dediklərini mətbuata açıqlamışdı. Erməni anası deyirdi ki, onun oğlunu Azərbaycan yox, Sarkisyan öldürüb. Sarkisyan bilə-bilə onun və başqalarının övladlarını ölümə göndərir. Odur ki, aprel döyüşləri Azərbaycan üçün Ermənistanın yaratdığı siyasi, hərbi və mənəvi baryerlərin uğurla dəf edilməsi idi. Azərbaycan uzun illərdir Ermənistan siyasi rəhbərliyinin yaratdığı bu baryeri bir gecədə darmadağın etdi. Amma Azərbaycan cəmiyyətinin bu məsələdəki mövqeyi, aprel döyüşləri zamanı gördüyümüz ruh yüksəkliyi, ordumuzun qalibiyyət zəfəri təsdiqlədi ki, biz təkbaşına, heç bir kömək olmadan da mənəvi və hərbi yolla üstünlüyü əldə etməyə qadirik.

 

Yunis Orucov

 

İki sahil.- 2016.- 28 dekabr.- S.12.