Yazdığım əsəri tamaşaçı

gözü ilə izləyirəm

 

Müsahibimiz Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlidir

 

- Əli müəllim, bilirik ki, yaradıcılıq planlaşdırılmış şəkildə baş verən proses deyil. Amma siz müsahibələrinizdə bildirirsiniz ki, mənim üçün yazmaq yaradıcılıqdan daha çox işdir, özüm üçün müəyyənləşdirdiyim vəzifə borcudur. Bu isti yay günlərində işinizi hansı istiqamətdə davam etdirirsiniz?

- Yaradıcı insan fəsildən asılı olmayaraq həmişə işləyir, həmişə yazır, düşünür. Mənə elə gəlir ki, onun ən yaxşı istirahəti elə lazım olan mövzunu tapmasıdır. Mahiyyətə varanda bəlkə də qəribə görünür, amma son illərdə ancaq yay aylarında işləyirəm. İyul-avqust ayları mənim asudə vaxtlarımdır. Universitet - mənim əsas yerim bağlanır. Bu vaxtlar bütün qayğılardan azad oluram. Yaradıcılıq üçün gərək davamlı olaraq asudə vaxt olsun. Digər günlərdə cari işlərlə məşğul oluram. Redaktə edə, universitetlə bağlı hansısa proqram hazırlaya bilərəm, öz əsərlərimi yenidən redaktə edə, kitab hazırlaya, tərcümə ilə məşğul ola bilərəm. Mənim üçün isə ən vacib olan yeni orijinal əsərin yazılmasıdır. 10 ilə yaxındır ki, hər ilin bu vaxtlarında mən yeni əsər ərsəyə gətirirəm. Ən azından bir pyes bu aylarda yazılır. Doğrudur, keçən il təzə orijinal əsər yazmadım. Amma böyük rus yazıçısı Lev Tolstoyun “Hacı Muradpovestini səhnələşdirdim. Klassiklərin yazdıqları yaxşı əsərlərdir, əsrin sınağından çıxıb gəlib. Amma bugünkü teatr estetikası tələb edir ki, həmin əsərlərə dramaturji tərəfdən yenidən baxasan, bu günün ritminə uyğunlaşdırasan. Bu gün heç bir tamaşaçı iki saatdan artıq teatrda otura bilmir. Bəlkə heç oturmalı da deyil. Buna görə dahilərin əsərlərinə də yenidən baxılması böyük tələb edir. Bəzən özün bir əsər yazmaqdansa hansısa klassik bir əsəri səhnəyə gətirmək daha əhəmiyyətli olur.

Bakıda, regionlarda, hətta xarici ölkələrdə əsərlərim tamaşaya qoyulur. İnternet vasitəsilə öyrənirəm ki, əsərim hansısa ölkədə səhnələşdirilib. Doğrudur, buna sevinirəm. Amma məni ən çox sevindirən Azərbaycanda əsərlərimin tamaşaya qoyulmasıdır, öz tamaşaçılarımızın sevgisidir. Çünki hər şeydən əvvəl mən Azərbaycan dramaturquyam.

- Sizin dramaturgiyaya gəlişiniz təxminən 1990-cı illərə təsadüf edir. Yəqin razılaşarsınız ki, həmin illər Azərbaycan üçün istər mədəniyyət, incəsənət, ədəbiyyat, istərsə də iqtisadiyyats. kimi sahələrdə çaşqınlıq dövrü idi. Həmin  dövrdə nə kimi çətinliklərlə qarşılaşdınız?

- Həmin dövrdə mən artıq 20 il idi ki, yaradıcılıqla məşğul idim. Mən dramaturgiyaya gec gəlmişəm. İlk pyesim oynanılanda artıq 42 yaşım var idi. Bu, çox gecikmiş bir vaxtdır. Bu yaşda nəyəsə təzədən başlamaq asan olmur. Atam teatr direktoru idi, ona görə məndə həmişə bu sahəyə maraq olub. Bu maraq nəhayət 90-cı illərdə özünü aydın şəkildə göstərdi.  Teatrda ilk məşqlər başladı.  Ümumiyyətlə, dramaturqun səhnəyə yol tapması asan məsələ deyil.  Yaxşı əsər yazmaq hələ azdır. Əsas olan bu yolu tapmaqdır. Dramaturqla pyes arasına sonradan çox adamlar daxil olur. Rejissor, teatr direktoru, aktyorlar, bəstəkar, rəssam s. Yəni bu kollektiv bir sənətdir. Şübhəsiz ki, burada hər şey təkcə dramaturqdan asılı deyil.  90-cı illərdə doğrudan da gərgin vaxtlar idi. Fövqəladə vəziyyət, komendat saatı tətbiq olunurdu. Bir sözlə, çox ağır bir dövr idi, insanlarda bir çaşqınlıq var idi. Amma o dövrdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı fəaliyyət göstərirdi. Proses gedirdi, amma biz premyeranın olub-olmayacağını dəqiq bilmirdik.  Nəhayət, 1990-cı ilin sentyabr ayında mənim ilk premyeram oldu. Çox uğurlu keçdi bundan sonra nisbətən yaşıl işıq yandı gənc müəllifin qarşısında. Həmin premyerada Həsənağa Turabov da iştirak edirdi o məni Akademik Milli Dram Teatrına dəvət etdi. O dövrdən mənim əsərlərim davamlı olaraq tamaşaya qoyuldu. 26 ildir ki, bu işlə məşğulam Azərbaycan teatrlarının əksəriyyətində mənim tamaşalarım səhnələşdirilir.

Ağa Məhəmməd şah Qacartamaşasındakı uğuru isə mən heç bir əsərimdə hiss etməmişəm. Bu günə qədər bu uğur davam edir hər dəfə anşlaqla keçir.

- Maraqlıdır, yazar kimi öz əsərinizi teatrda izləyəndə düşünürsünüz? Bir ssenarist kimi, rejissor, aktyor işindən razı qalırsınızmı?

- Bilirsiniz, pyes hələ tamaşa deyil, o səhnədə tamaşaya çevrilir. Hər şeyi quruluşçu rejissor həll edir. Müəllif artıq tamaşaya baxanda təbii ki, o doğulmuş uşağı başqa geyimdə görür. Bəlkə onun əynindəkilər o qədər uyğunlaşdırılmır. Mən yazdığım əsəri tamaşaçı gözü ilə izləyirəm. Tamaşaçı əgər tamaşanı bəyənirsə mənim orada bəyənmədiyim məqamlar varsa onu güzəştə gedirəm. Məsələn, “Ağa Məhəmməd şah Qacar”da elə məqamlar var ki, mən onlarla razı deyiləm. Bununla belə mən görürəm ki, tamaşaçı həmin yerləri bəyənir, alqışlayır. Ona görə mən elə qəbul edirəm. Bu qədər tamaşaçı sevgisi göstərir ki, komanda lazım olanı yaradıb. Bəzi hallarda əsərdə yazarın tutmadığı məqamları tənqidçi görür. Ona görə teatr tamaşası tək müəllifin uğuru ya uğursuzluğu deyil. Bu, bütöv bir komanda işidir.

- Pyeslərinizin qəhrəmanlarının hamısı real həyatdan götürülüb, yoxsa yazıçı təxəyyülünün məhsuludur?

- Bu, çox mürəkkəb bir yanaşmadır. Hətta tarixi şəxsiyyətin özünü səhnəyə gətirirsənsə, bədii obraza çevirirsənsə bəzən ona hansısa xarakterik keyfiyyətləri qoşa bilərsən. Xüsusilə müasir mövzuda yazılan əsərlərin çoxunun prototipləri var. Təbii ki, o prototip olduğu kimi səhnəyə yazılmır. Şübhəsiz ki, obrazın həyat həqiqətinin bədii həqiqətə çevrilməsi var. Mən Qacarı tarixdə olduğu kimi gətirsəm,  o, tamaşa olmaz. Mən ondan istifadə edərək Qacarın bədii obrazını yaradıram. bu obrazı aktyor canlandırır. Artıq aktyorun öz fakturası əlavə olunur. Məsələn, şah Qacara Fuad Poladov qədər əlavələr gətirib. Həmin rolu öz fakturası ilə canlandırıb. Bəlkə mən Qacarı yazanda o cür təsəvvür etmirdim. Amma mən gördüm ki, bax bu, Qacardır. Hətta çoxları deyir ki, sanki Fuad Poladov uzun illərdir Qacarı oynamağa hazırlaşırmış. Yəni əgər 10 faiz tarixi faktlardırsa, 90 faiz müəllifin təxəyyülünün məhsuludur. Müəllif obrazı elə danışdırmalıdır ki, tamaşaçı onu başa düşsün. Təbii ki, Qacarın necə danışdığını heç kim görməyib. Amma səhnədə tamaşaçı rolu izləyəndə başa düşür ki, Qacar elə belə danışırmış. Bir qədər ibarəli, fars tərkibli sözləri saxlamaqla o koloriti qoruyub saxlamaq lazımdır ki, həm tamaşaçı başa düşsün, həm təbiilik qorunsun.

- Siz pedaqoji fəaliyyətlə də məşğul olursunuz. Bu gün tələbələrinizin bu sahəyə marağından razısınızmı?

- Bəli, mən artıq 17 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Hazırda Azərbaycan mədəniyyətinin bir çox sahələrində tələbələrim var, işləyirlər. Televiziyalarımızda gedən ən reytinqli serialların ssenaristləri məhz mənim tələbələrimdir. Həmişə deyirdim ki, mən ssenarist, televiziya işçiləri, redaktorlar və s. yetişdirdim, amma bir dramaturq yetişdirə bilmədim. Lakin bu yaxınlarda tələbələrimdən biri mənə bir pyes göndərdi. O pyesi oxudum və gördüm ki, artıq tələbəm dramaturgiyanın qayda-qanunlarını bilir və bu əsəri tamaşaya qoymaq olar.  Mən hətta müəyyən ünvanlara müraciət etmişəm ki, əsərin tamaşaya qoyulmasını təşkil edək.

Ümumiyyətlə, əgər bu günə qədər müəllimlə tələbə arasında hansısa bir konflikt yaşanmayıbsa, bu, artıq göstərir ki, biz bir-birimizi başa düşürük. Hər zaman tələbələrimə deyirəm ki, mənim keçmişim çoxdur, sizin gələcəyiniz. Keçmişi çox olan daha çox güzəştə getməyi bacarmalıdır. Əgər tələbələrini öz övladın qədər sevə bilib, mənfi cəhətlərini güzəştə gedə bilirsənsə, onları başa düşməyi də bacarmalısan.  Belə olanda müəllimlə tələbə arasında yaxşı bir əlaqə yaranır.

 

Şəfiqə Dadaşova

 

İki sahil.- 2016.- 1 iyul.- S.14.