Dünyanın müqəddəs məkanlarından
olan
Əshabi-Kəhf ziyarətgahından
reportaj
Naxçıvan
Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən
Əshabi-Kəhf ziyarətgahı insanların üz
tutduğu müqəddəs yerlərdəndir. Hər il
buranı Azərbaycanın digər bölgələrindən
və xarici ölkələrdən gələn minlərlə
zəvvar, turist və qonaq ziyarət edir.
Bu günlərdə Naxçıvan şəhərindən 12-13 kilometr uzaqlıqda yerləşən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə getməkdə məqsədimiz bu müqəddəs məkandan reportaj hazırlamaq, bura ziyarətə gələn yerli və xarici qonaqlarla görüşmək, onların təəssüratlarını öyrənmək idi.
Havaların isti keçməsini nəzərə
alaraq səhər saatlarında Naxçıvan şəhərindən
ziyarətgaha doğru yola çıxdıq. Qısa zamanda Naxçıvan-Ordubad
magistralından Əshabi-Kəhfə aparan yola çatdıq.
Vaxtilə bərbad vəziyyətdə olan bu yol bu gün
ziyarətgaha qədər asfaltlanıb. Ona görə də
indi ziyarətə gedən hər kəs əvvəlki illərdə
olduğu kimi dözülməz yol yorğunluğu çəkmir.
Yaxşı xatırlayıram ki, əvvəllər
Əshabi-Kəhfə qədər uzanan yol daşlı,
toz-torpaqlı idi. Maşının şüşələrini
bərk-bərk bağlayırdılar ki, içəriyə
toz-torpaq dolmasın. Yağış yağanda isə vəziyyət
daha da acınacaqlı olurdu. Min bir əziyyətdən sonra
Əshabi-Kəhfə gələndə isə ətrafdan
yüksələn tüstü və gələn kabab iyi
insanda belə bir təəssürat yaradırdı ki, sanki
ziyarətgaha deyil, açıq hava altında olan bir restorana gəlibsən.
Zibilliklərlə yanaşı, kəsilən qurbanların
vaxtında atılmayan hissələrinin qalıb iylənməsi
səbəbindən ətrafa yayılan kəskin iy
yayılır, bu da hər kəsi narahat edirdi.
Bütün
bunları ona görə xatırladıram ki, keçmiş
günləri bir daha yada salaq və bu gün dövlətimizin
“Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə
Kompleksində yaratdığı şəraitin qədir-qiymətini
bilək, keçmişi unutmayaq, tikilənləri, qurulanları
qoruyub saxlayaq.
Ziyarətgahda
ilk dəfə 1998-ci ildə ümummilli liderimiz Heydər
Əliyevin tapşırığı ilə tikinti-abadlıq
işləri görülüb. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də qəbul etdiyi qərara
əsasən, bura ölkə əhəmiyyətli
daşınmaz tarix və mədəniyyət abidələri
siyahısına daxil edilib. Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin 2006-cı il aprelin 17-də
qəbul etdiyi qərara əsasən isə “Əshabi-Kəhf
Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi
yaradılıb.
2006-cı
ilin may ayında kompleksdə yenidən tikinti-abadlıq işləri
görülüb. Ziyarətgahın maşınlar
üçün dayanacağına daş döşənib,
inzibati binalar, qonaq evi, iki mağaza tikilib, ziyarətçilərin
çətinliklə çıxdıqları “Damcıxana” və
“Cənnət bağı”nadək pillələr qoyulub. Yaxınlıqdakı
kəhrizdən nasos vasitəsilə ziyarətgaha içməli
su xətti, 15 kilometr məsafədən elektrik xətti
çəkilib. Təmizliyin təmin olunması
üçün bütün işlər görülüb.
Ziyarətgahın ətrafında 4 hektar sahədə bağ
salınıb.
Bütün
bunları nəzərə alaraq əminliklə demək olar
ki, Naxçıvan şəhərinin 2018-ci ildə İslam
Mədəniyyətinin paytaxtı elan edilməsinin səbəbi
digər amillərlə yanaşı, həm də muxtar
respublikada ziyarətgahların, dini-mədəni abidələrin
bərpasının diqqət mərkəzində
saxlanılmasıdır. Bu il də muxtar respublikada tarixi-mədəni
irsimizin qorunub saxlanılması istiqamətində tədbirlər
davam etdirilib, Əshabi-Kəhf ziyarətgahında təmir-bərpa
işləri aparılıb, su təminatı
yaxşılaşdırılıb və
işıqlandırma sistemləri yenidən qurulub, ərazi
abadlaşdırılıb, zəvvarlar üçün hər
cür şərait yaradılıb.
“Əshabi-Kəhf
Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin direktoru
Qaraş Qurbanovla görüşüb söhbət etdik. O,
bizə ziyarətgahın tarixi barədə məlumat verdi.
Dedi ki, Əshabi-Kəhf barədə “Qurani-Kərim”in 18-ci surəsində
(“Əl-Kəhf” – “Mağara”) bəhs edilir. “Əshabi-Kəhf”
kimi tanınan mağaralar Kiçik Asiya və Fələstinin,
Türkiyənin ərazisində də var. Lakin “Qurani-Kərim”də
göstərilən bir çox məlumatlar, xalq arasında
mövcud olan rəvayətlər və bəzi tarixi faktlar
müqəddəs kitabda haqqında bəhs edilən yerin məhz
Naxçıvandakı Əshabi-Kəhf olduğunu
aydınlaşdırır. Burada coğrafi cəhət
oxşarlığı xüsusilə diqqəti cəlb edir.
Bu məsələ “Qurani-Kərim”in 18-ci surəsinin 17-ci ayəsində
belə açıqlanır: “Baxsaydın, Günəşin
mağaranın sağ tərəfindən doğub meyl
etdiyini, sol tərəfdən onlara toxunmadan
batdığını, onların da mağaranın genişcə
bir yerində olduqlarını görərdin...” Adətən,
mağaranın içərisinə girəcəkdən baxarkən
(yəni girişdən sağ və sol nəzərdə
tutulur), məhz Naxçıvandakı Əshabi-Kəhfdə
içəri girən (baxan) adamın sağı (bu nisbətdə
mağaranın sağ tərəfi) gündoğana
düşür.
Qaraş
Qurbanovun sözlərinə görə, Əshabi-Kəhf
haqqında İslam aləmində mövcud olan bir hədis də
ziyarətgahın Naxçıvan ərazisində olduğuna
işarə verir. Hədisə görə, Ərəb Xilafətinin
II xəlifəsi Ömərin dövründə 3 yəhudi gələrək
xəlifəyə suallar verib, sualları isə xəlifənin
əvəzindən peyğəmbərin əmisi oğlu və
sonralar xəlifə olmuş İmam Əli
cavablandırıb. Yəhudi alimlərindən birinin sualı
Əshabi-Kəhf və hökmdar zülmündən
qaçan şəxslərin çıxdıqları
dağla bağlı olur. Hədisdə yazılır: “Yəhudi
alimi “Ey Əli, bu dağın və mağaranın adı nədir?”
– deyə soruşub.
İmam
Əli cavab verib: “Ey yəhudi qardaşım, dağın
adı Nahacilus, mağaranın adı isə Vasid idi.
Mağaranın yaxınlığında ağaclar və
püskürərək axan su var”.
Göstərilən
hədisdə gənclərin qalxdıqları dağ –
“Nahacilus” adlandırılır. Məlumdur ki, yunan dilində
xüsusi isimlərin adlıq halında “-us”, “-is” şəkilçiləri
işlədilir. O zaman Nahacilus sözündən adlıq hal
şəkilçisini atanda qalan kök söz Nahacil və
yaxud bu gün Əshabi-Kəhf yaxınlığındakı
dağın adına uyğun olaraq desək, Nuhəcir – Nəhəcirdir.
Əshabi-Kəhfdəki “Cənnət bağı” ağaclara
işarədir. Vaxtaşırı püskürən bulaq isə
bu gün də Əshabi-Kəhf ziyarətgahına gedərkən
yolun sağ tərəfində qalan dərədədir.
Ziyarətgahdakı
məscidin qabağında “qara daş” var. Onun səmadan gələn
meteorit daşı olduğu deyilir. Daşın nə zamandan
burada mövcud olması barədə məlumat yoxdur. Zəvvarlar
həmin daşa toxunur, onun ətrafında dövr edir, niyyət
tuturlar. Məscidin yuxarı tərəfində yerləşən
“Damcıxana” açıq salon şəklindədir. İlin
yağışlı və quraq keçməsindən
asılı olmayaraq, həmin yerdə tavandan su damır. Burada
niyyət edərək gözləyirlər. Damcının
başa və ya çiyinə düşməsi niyyətin
tez, bədənin hər hansı bir yerinə düşməsi
isə nisbətən gec hasil olacağı kimi yozulur.
Damcı düşməsə, deməli, niyyət qəbul
olunmur. Ziyarətgahda ən uca yer əvvəllər
çıxmaq təhlükəli hesab edilən “Cənnət
bağı”dır. Bu gün ziyarətçilər dəmir
pilləkənlərlə bura rahat çıxa bilirlər.
Silindrik formalı, hər tərəfdən yüksək
qayalarla əhatə olunan bu məqam duaların qəbul
olunduğu yer sayılır. Bu gün Əshabi-Kəhf ziyarətgahına
dünyanın müxtəlif ölkələrindən insanlar
gəlir. Burada Cənubi Amerikadan – Argentinadan gələn turist
Patrisio Sespedeslə qarşılaşdıq. İş
adamı olan Patrisio “Formula-1” yarışlarını televiziya
vasitəsilə izlədikdən sonra onda ölkəmizə
qarşı böyük maraq yaranıb. Bakıya gəldikdən
sonra qədim Naxçıvanın tarixi məkanlarını
da gəzmək istəyib. “Naxçıvanqala”
Tarix-Memarlıq Muzey Kompleksi, “Xan Sarayı” Dövlət
Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma
Altında Muzey Kompleksi ilə yanaşı, Duzdağ
Fizioterapiya Mərkəzində də olub. Getdiyi hər yer onda
xüsusi təəssürat yaradıb. Bu gün isə
Əshabi-Kəhf ziyarətgahına gəlib.
Muxtar
respublikaya ilk dəfə gəldiyini deyən Patrisio Sespedesin
sözlərinə görə, Naxçıvan Azərbaycanın
tarixini, mədəniyyətini dünyaya təqdim etmək
üçün ideal məkandır. Burada tarixilik
saxlanılmaqla böyük quruculuq işlərinin
görüldüyünü vurğulayan argentinalı turist
muxtar respublikanın çox böyük turizm potensialına,
hər bir insanın diqqətini cəlb edəcək təbiətə
malik olduğunu qeyd etdi.
Əshabi-Kəhf
ziyarətgahı barədə də maraqla danışan
Patrisio dedi: “Mən xristian bir ailədə
böyüdüyüm üçün islami dəyərlər
barədə o qədər də məlumatlı deyiləm.
Öyrəndim ki, burada baş verən hadisə İslam
dininin yayılmasından xeyli əvvəl olub. Bu da onu deməyə
əsas verir ki, Əshabi-Kəhf ziyarətgahı, əslində,
dünyadakı bütün dinlərin mənsublarının
ziyarətə gələ biləcəyi bir yerdir. Bu məkanın
çox gözəl müsbət aurası var. Burada
mağaradakı divara niyyət tutub daş
yapışdırdım, “Cənnət bağı”na
çıxaraq daşları üst-üstə qoydum. Mədəniyyəti
öyrənmək üçün insanların etdiyi hərəkətləri
təkrarladım. Çünki mən tək Allahın
varlığını qəbul etsəm də, heç bir dinə
sitayiş etmirəm. “Damcıxana”da isə möcüzə
baş verdi. Mən ora çatan kimi üzərimə su
damcısı düşdü. Halbuki məndən əvvəl
bura gəlib damcının üzərinə düşməsini
gözləyən çox insan olduğunu öyrəndim. Səbəbini
bilməsəm də, bu hadisə məni hədsiz dərəcədə
sevindirdi. Ümid edirəm, növbəti dəfə
Naxçıvana gələ biləcəyəm və o zaman
burada daha çox qalacağam”.
Qonşu
ölkə İrandan gələn Leyla Xaşai də
Əshabi-Kəhfi ziyarət etməkdən sevinc duyduğunu
bildirdi. Dedi ki, ziyarətgahda təmizliyə ciddi riayət
olunması diqqətini cəlb edib. İnsanlar heç nəyi
yerə atmır, övladlarına da təmizliyi
qorumağı öyrədirlər.
Digər
iranlı qonaqlar Mənsuri Həsənnejat və Əmir Məsud
da Leyla Xaşainin dedikləri ilə şərik
olduqlarını vurğuladılar. Onların sözlərinə
görə, bu gün qonşu ölkədən muxtar respublikaya
gəlmək, buradakı müqəddəs məkanları
ziyarət etmək istəyənlərin sayı hər gün
daha da artır. Ziyarətçilər deyirlər ki, İran
saytlarında Əshabi-Kəhf barədə məlumatlar
olduğuna görə insanlar oxuyur və onlarda maraq
yaranır. Fürsət tapan kimi Naxçıvana gələrək
Əshabi-Kəhf ziyarətgahına üz tuturlar.
Ziyarətgahda
AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar
Ağayevlə də rastlaşdıq. Vüqar müəllim hər
il məzuniyyətdə Əshabi-Kəhf ziyarətgahına gəldiyini
bildirdi. Dedi ki, turizm sahəsində Naxçıvan
böyük imkanlara malikdir. Bunu bu ilin aprel ayında
Naxçıvan Muxtar Respublikasına səfərə gələn
Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina
Masaharunun rəhbərlik etdiyi nümayəndə heyətinin
üzvləri də xüsusi vurğulayıblar. Azərbaycan
və Yaponiyanın regionları arasında dostluq və əməkdaşlıq
əlaqələrinin qurulması çərçivəsində
baş tutan səfər barədə prefekturanın Miyakocima
şəhərində keçirilən fotosərgi isə
yaponlarda böyük maraq yaradıb. Burada Naxçıvan
Muxtar Respublikasının füsunkar təbiəti, tarixi və
mədəniyyət abidələri, eləcə də iqtisadi
obyektlərinə dair fotolar, o cümlədən Əshabi-Kəhfdən
çəkilən şəkillər nümayiş etdirilib.
Bakı
şəhərindən gələn Günay Kəngərli isə
qeyd etdi ki, insanlar min illərdən bəri yaddaşlarında
əbədiləşən müqəddəs ziyarətgahlara
etdikləri səfərlərlə dünyadakı ən savab
işlərdən onlara da pay düşdüyünə
inanırlar. Naxçıvanın dünyaca
tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahına
gələn zəvvarların əsl qazancı budur. Əgər
duaların Allaha çatdığı yerdə, Peyğəmbər
ayağının toxunduğu torpaqda öz inanclarını
daha da dərinləşdirib Uca Yaradana bir addım daha
yaxın bir yerdən xitab etmək istəyənlər varsa,
Əshabi-Kəhfə gələ bilərlər. O, hər il
bu ziyarətgaha gəldiyini, burada mənəvi rahatlıq
tapdığını vurğuladı.
Bəli,
bu gün muxtar respublikamıza gələn turistlərin
hamısı diyarımız haqqında xoş sözlər
söyləyir, bu gözəlliyə olan məftunluqlarını
gizlətmirlər. Çünki dünyada dinindən, irqindən
asılı olmayaraq, bütün insanlar üç müqəddəs
torpaq olduğunu qəbul edirlər. Bunlardan biri Məkkə,
ikincisi Qüds, üçüncüsü isə
Naxçıvan torpağıdır. Naxçıvan
torpağı ona görə müqəddəs sayılır
ki, tək Allahlıq dünyada ilk dəfə olaraq bu torpaqda
yayılıb. Bu torpaq insanlığın ikinci
yaradılış yeridir. Ulu Nuh peyğəmbərin məzarı,
bir neçə imamzadə məhz bu torpaqdadır. Qədim
diyarda, Əshabi-Kəhfdə qeyb olan insanlar da Allahı
tanımaqdan ötrü, Uca Yaradana tapınmaqdan ötrü
sarayı tərk edib, mağarada Tanrıya pənah gətiriblər...
Artıq
geriyə, Naxçıvan şəhərinə doğru
qayıdırıq. Əshabi-Kəhfdə ziyarətçilərlə
xeyli söhbət etdiyimizdən vaxt da sürətlə
ötüb. Yayın qızmar Günəşi havada boy
göstərir. Maşınla bir az aşağı enmişdik
ki, pəncərədən qəribə bir sərin külək
gəldi. Bu məqamda sürücü
“görürsünüz, bu, yolboyu əkilən
ağacların sərinliyidir. Qurub-yaradanlar, əziyyətini
çəkənlər var olsunlar”, – dedi. Bir daha ətrafa
baxdım, yol kənarlarında səliqə ilə əkilən
ağaclar yaşıl bir tuneli xatırladırdı. Vaxtilə
su çatışmazlığına görə buraları əkib-becərmək
mümkün deyildi. İndi isə çəkilən su
kanalı və qurulan suvarma sistemi zəhmətkeş insanlara
qol-qanad verib... İstər Əshabi-Kəhf ziyarətgahında,
istərsə də yolboyu gördüklərimin təsiri
altında yaranan xoş duyğular, həqiqətən də,
insana sözlə ifadə edilməsi mümkün olmayan mənəvi
rahatlıq bəxş edir.
Rauf Əliyev
AZƏRTAC-ın Naxçıvan
Muxtar Respublikasındakı
bürosunun rəhbəri
İki sahil.- 2016.- 9 iyul.- S.21.