Turistlər
Xınalıq və
Afurca
marşrutlarını seçir
Bu il
Quba rayonuna gələn turistlər daha çox Xınalıq
kəndinə və Afurca şəlaləsinə səyahət
edirlər. Turist sıxlığına görə birinci yerdə
Quba-Xınalıq, ikinci yerdə isə Quba-Afurca
marşrutudur.
Bu barədə
müsahibəsində Quba Turizm İnformasiya Mərkəzinin
turizm mütəxəssisi Mətləb Şıxbabayev məlumat
verib. O bildirib ki, Quba rayonu Azərbaycan paytaxtına məsafə
baxımından yaxın region olduğundan turistlərin ən
çox axın etdiyi məkanlardandır. Xüsusilə bayram
və istirahət günlərində Quba Turizm İnformasiya Mərkəzinə
müraciətlərin sayında artım müşahidə
olunur. Əcnəbi və yerli qonaqlar arasında
Quba-Xınalıq, Quba-Afurca istiqamətləri ilə
yanaşı, Quba-Ləzə və Quba-Xanəgah
marşrutlarını seçənlər də çoxluq təşkil
edir.
Son
altı ayda mərkəzin xidmətlərindən 2 min 514
turist yararlanıb ki, onların da 400 nəfəri əcnəbidir.
Əcnəbi turistlərin bəzilərinin Qubaya səfəri
onlayn müraciətlər əsasında təşkil olunub. Mərkəzə
müraciət edənlər rayona gələn turistlərin təxminən
8-9 faizini təşkil edir. Ümumilikdə isə bu il Qubaya
on minlərlə turist gəlib.
Mətləb
Şıxbabayev bildirib ki, hazırda Quba Turizm İnformasiya Mərkəzi
gücləndirilmiş iş rejimində
çalışır. Turistlərin rayonda istirahətini təmin
etmək üçün “qaynar xətt” yaradılıb.
Əcnəbi və yerli turistlər 24 saat ərzində (070)
530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri,
turizm marşrutları barədə ətraflı məlumat
ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən
turistlərə ödəniş əsasında nəqliyyat
vasitəsi və bələdçi təqdim olunur.
Müraciətlərin
çoxluğu nəzərə alınaraq, rayonda mövcud
turizm marşrutlarının sayının
artırılması nəzərdə tutulur. Yeni marşrutlar
əsasən Qubanın tarixi abidələrlə zəngin, əsrarəngiz
təbiət mənzərələri ilə seçilən
yaşayış məntəqələri istiqamətində
müəyyənləşdiriləcək. Qubaya gələn
turistlər 4 turizm marşrutundan faydalana bilərlər. Bunlar
Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah
istiqamətlərində olan marşrutlardır.
Hazırda
rayonda 40-a yaxın istirahət mərkəzi fəaliyyət
göstərir.
İki sahil.- 2016.- 14 iyul.- S.19.