Xəzər sahilində parlayan günəş...

 

Ümummilli liderin xilaskarlıq missiyası

 

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən 47 il keçir

 

1920-ci ildən 1969-cu ilədək Azərbaycana rəhbərlik edən şəxslər Sovet imperiyası başçılarının buyruqlarını icra edir, heç olmazsa gələcəkdə müstəqillik barədə qətiyyən düşünmürdülər. Mircəfər Bağırov isə daha “irəli” gedərək Azərbaycanın 29 mindən çox azadlıq arzulayan dövlət xadimini, alimini, şair və yazıçısını “xalq düşməni” damğası ilə məhv etdi. İosif Stalinin ölümündən sonra Azərbaycanda milli dil və tarix məsələlərində gizli bir canlanma duyulsa da, yerli hakimiyyətin Kremlin göstərişlərinə uyğun hərəkət etməsi bu ideyaların reallaşmasına imkan vermədi. Xalqa Kremlə sədaqətlə qulluq edən yox, onun milli dirçəlişinə təkan verən təşəbbüskar, dilinə, dininə, tarixinə bağlı olan novator rəhbər lazım idi.

Belə bir rəhbər vardı. O, Heydər Əliyev idi. 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirildi və respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçildi. Respublikanın yeni rəhbəri fəaliyyətinə ilk növbədə kadr islahatından başladı. Korrupsiyaya qurşanmış yüksək vəzifəli şəxslər qeyri-qanuni iqtisadi maxinasiyalarla məşğul olur, intriqalar aparır, qohumbazlıq edir, vəzifə səlahiyyətlərini aşırdılar. Bacarıqlı kadrlar seçilib yerləşdiriləndən sonra qarşıda duran məsələlər iqtisadiyyatın, kənd təsərrüfatının, sənayenin və digər sahələrin dirçəldilməsi idi.

Məlum olduğu kimi, Azərbaycan o vaxtadək SSRİ-də ən geridə qalmış aqrar respublikalardan biri sayılırdı. Lakin daim yenilik tərəfdarı olan ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra qısa müddətdə cəmiyyətin bütün sahələri “ölü” nöqtədən çıxarıldı və respublika ittifaq miqyasında ön cərgələrə yüksəldi. Əkin sahələri genişləndirildi, pambıq, taxıl, üzüm, çay, tütün, meyvə-tərəvəz, heyvandarlıq məhsulları istehsalı dəfələrlə artırıldı, Ümumittifaq fondundan ayrılan pullar hesabına fəhlə və kolxozçuların həyat şəraiti yaxşılaşdırıldı.

Bakıda tikinti və abadlıq işləri vüsət aldı, çoxmərtəbəli binalardan ibarət mikrorayonlar salındı, fabrik və zavodlar inşa olundu,  metropolitenin stansiyalarının sayı çoxaldıldı, mədəniyyət sarayları tikildi, bağlar salındı, səhiyyə müəssisələri, təhsil, ticarət obyektləri, sağlamlıq ocaqları və digər saysız-hesabsız obyektlər istifadəyə verildi.

Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda gördüyü işlər barədə bir qəzet məqaləsində söhbət açmaq mümkün olmadığına görə onlardan yalnız bəziləri haqqında qısaca danışa bilərik. Qeyd etmək lazımdır ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərin hər birində respublikamız 15 müttəfiq respublika arasında Ümumittifaq sosializm yarışının qalibi oldu. O zaman bu, böyük nailiyyət sayılırdı və büdcəmizə əlavə milyonlarla manat vəsait daxil olurdu. SSRİ-də ilk Məişət Kondisionerləri Zavodunun Bakıda tikilməsi, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü orta ixtisas internat məktəbinin açılması, Gəncədə Azərbaycan Texnologiya İnstitutunun yaradılması, gənclərin SSRİ-nin və xarici ölkələrin qabaqcıl ali məktəblərinə oxumağa göndərilməsi və s. dahi lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində həyata keçirilən tədbirlər sırasında idi. Bütün bu və digər məsələlərin reallaşması gələcək milli müstəqilliyimiz üçün əsaslı baza yaradırdı. Zaman göstərdi ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə qovuşanda həmin baza gənc müstəqil dövlətimizə nə qədər gərəkli oldu.

1982-ci ildə Azərbaycanın böyük oğlu Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü vəzifələrinə irəli çəkildi. Bundan sonra respublika rəhbərliyinə gətirilən şəxslər təəssüf ki, dahi liderin yarımçıq qalan işlərini davam etdirmədilər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, daha dəqiq desək, 1993-cü ilin təhlükəli iyun günlərində xalqın təkidli tələbləri ilə ulu öndər Heydər Əliyevin Bakıya gəlməsi yenə də onun xilaskarlıq missiyası ilə bağlı oldu. Bildiyimiz kimi, həmin günlərdə Gəncə şəhərində qardaş qırğını baş vermişdi və ölkə vətəndaş müharibəsinin bir addımlığında idi. Ancaq bəla təkcə bu deyildi, AXC-Müsavat cütlüyü ölkəni idarəolunmaz vəziyyətə salmışdı, anarxiya və cinayətkarlıq baş alıb gedirdi. Bunlardan daha təhlükəlisi isə qarışıqlıqdan istifadə edən erməni işğalçılarının ölkənin içərilərinə doğru irəliləmələri idi. Ona görə də təcili tədbirlər görülməli idi və 1993-cü il iyunun 15-də respublika Ali Sovetinin sədri seçilən Heydər Əliyev ilk növbədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs razılığı əldə olundu. Nizami ordu quruculuğuna başlandı, güc orqanlarının fəaliyyəti canlandırıldı, ölkədə sabitlik bərqərar edildi.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan dünyanın super dövlətlərinin timsalında özünə strateji tərəfdaşlar qazandı. Sonrakı ildə müstəqil Azərbaycanın Konstitusiyası ümumxalq səsverməsi- referendum yolu ilə qəbul edildi. Qeyd etməliyik ki, ulu öndər Heydər Əliyev bütün bunlara olduqca çətin şəraitdə nail olurdu. Konstitusiya Komissiyasının sədri kimi maddələrin üzərində özü işləyir, onun nümunəvi Əsas Qanun olmasına çalışırdı. Sonda Azərbaycan Konstitusiyası ortaya Şərqdə ilk demokratik Konstitusiya kimi çıxdı.

Ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfərlərində Dağlıq Qarabağ məsələsini kəskin şəkildə qoyması, mövqeyimizin haqlı olmasını dünya ictimaiyyətinə çatdırması, nüfuzlu beynəlxalq təşkilatlarla bu istiqamətdə iş aparması, diaspor işinin gücləndirilməsi fəaliyyətinin yalnız bir hissəsi idi. Ümummilli Liderimizin xalq qarşısında ən böyük tarixi xidməti kövrək dövlət müstəqilliyini qoruyub saxlaması və onu möhkəmləndirib dönməz etməsidir. Ulu Öndərin apardığı müdrik siyasət Azərbaycana dünya ölkələri arasında böyük nüfuz qazandırdı, ölkəmizin tərəfdarlarının sayını artırdı.

Dahi rəhbərin axıra çatdıra bilmədiyi işləri indi onun layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın ən nüfuzlu dövlətləri sırasına çıxıb. Bu gün ölkəmizdə hökm sürən əmin-amanlıq dünyanın heç bir yerində yoxdur, desək səhv olmaz, dinamik inkişaf sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Azərbaycanla razılaşdırılmayan heç bir regional layihə həyata keçirilə bilməz. Milli Ordumuz gücləndirilərək Dağlıq Qarabağı və digər işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadir silahlı qüvvəyə çevrilmişdir. Həyatın bütün sahələrində sürətli inkişafın dinamikası göz qabağındadır. Xalqın güzəranı ildən-ilə yaxşılaşır və xalqla iqtidar birliyi daha da möhkəmlənir.

 

Vəli İlyasov

 

İki sahil.- 2016.- 14 iyul.- S.3.