Vəli Baxşəliyev: Qızqalada aşkar olunan faktlar

Naxçıvanın qədim tarixinə dair inqilabi yeniliklərə yol aça bilər

 

Qala-şəhərlərdən biri hesab edilən muxtar respublikanın Şərur rayonunun ərazisində yerləşən Qız qalası yaşayış yerində bu ilin birinci yarısında aparılan arxeoloji tədqiqatlar zamanı burada qala divarına birləşik binaların da mövcud olduğu aşkarlanıb. İndiyədək Yaxın Şərq və Cənubi Qafqazda miladdan əvvəl III minilliyə aid qala divarları aşkar edilmədiyindən bu fenomenal hadisə regionun tarixində inqilab kimi dəyərləndirilə bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Baxşəliyev AZƏRTAC-a müsahibəsində Qızqalada aparılan arxeoloji tədqiqatlarda əldə edilən nəticələr barədə danışarkən belə deyib.

Vəli Baxşəliyev qeyd edib ki, Qızqalada aparılan araşdırmalar zamanı aşkar olunan tikinti qalıqları qala divarına birləşik, düzgün olmayan dördkünc formalı yaşayış binalarından istifadə olunduğunu göstərir. Bu otağın yaxınlığında tuf daşından hazırlanmış dabana daşının aşkar olunması vahid ox ətrafında dönən qapıların olduğunu deməyə əsas verir. Lakin burada tikintilər yaxşı saxlanmadığından evlərin formasını yalnız döşəmə qalıqlarına əsasən müəyyən etmək mümkündür. Döşəmə qalıqları dördkünc və dairəvi evlərdən istifadə olunduğunu göstərir. Şübhəsiz ki, dairəvi evlər yardımçı məqsəd üçün istifadə edilib. Bu yaşayış binalarının forması birinci sahədən aşkar edilən tikinti qalıqları ilə daha yaxşı təmsil olunub. Bu sahədə evlərdən birinin içərisindəki ocaqdan götürülən kömür qalıqlarının analizi miladdan əvvəl 1939-1748-ci illəri göstərib. Həmin evin bünövrəsi irihəcmli daşlardan inşa edilib. Onun yalnız iki divarı – qərb və cənub divarları aşkar olunub. Bu sahədə aşkar olunan ikinci otaq tam dördkünc formalıdır. Onun içərisindəki ocaqdan götürülən kömürün analizi e.ə. II minilliyin ortalarını, daha doğrusu, e.ə. 1451-ci ili göstərib.

Qız qalası yaşayış yeri və onun ətrafındakı kurqanlarda aparılan araşdırmaların onların vahid bir kompleks təşkil etdiyini göstərdiyini bildirən AMEA-nın müxbir üzvü deyib ki, araşdırmalar zamanı Orta Tunc dövrünə aid 2,5-3 metr qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunub. Bu, Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir: “Yaşayış yeri boyalı qablarla fərqlənən Orta Tunc dövrü mədəniyyətinin Naxçıvanla bağlı olduğunu bir daha təsdiq edir. Qızqala yaşayış yerində, həmçinin muxtar respublikanın ərazisində yerləşən Bəzəkli, Qazançıqala, Qurddağ, Göynük qalası və digər abidələrdə müdafiə divarlarının aşkar olunması Orta Tunc dövründə Naxçıvanda böyük hərbi potensiala malik tayfaların yerləşdiyini təsdiq edir. Bu tayfaların bir qismi oturaq, bir qismi isə yarım köçmə maldarlıqla məşğul olmuşdur. Qızqala ətrafındakı kurqanlardan skelet qalıqlarının aşkar olunması isə boyalı keramika ilə seçilən Orta Tunc dövrü mədəniyyətinin mənsubiyyəti və onun yaradıcıları haqqında yeni fikirlər deməyə imkan verəcək”.

Vəli Baxşəliyev bu il Naxçıvandakı abidələrin tədqiqi zamanı digər yeni faktların da aşkar olunduğunu deyib. Onun sözlərinə görə, insan skeletlərinin dişlərindən götürülən izotopların analizi zamanı müəyyən edilib ki, Arpaçay vadisində məskunlaşan Orta Tunc dövrü tayfaların məskəni Naxçıvan olub. Onlar yaz və yayda Arpaçay vadisi ilə indiki Ermənistan ərazisinə doğru hərəkət edərək yaylaqlardan istifadə edib və geri dönərək bu vadidə – Qızqala yaşayış yerində yaşayıblar.

 

İki sahil.- 2016.- 20 iyul.- S.9.