Xalçaçılıq yeni
inkişaf mərhələsində
Azərbaycanın ən qədim el sənətlərindən biri sayılan xalçaçılıq öz inkişafının yeni mərhələsinə qədəm qoyur. Böyük zəhmət bahasına başa gələn gözəl xalçalarımız artıq bundan sonra sənaye üsulu ilə istehsal olunacaqdır. Bu üsul xalçaçıları izafi vaxt və zəhmət sərf etməkdən qurtaracaqdır. Burada texniki hazırlıq işləri mexanikləşdiriləcək və beləliklə, xalça istehsalında xərclər azalacaq. Nəticədə maya dəyəri aşağı olan yüksək keyfiyyətli xalçalar istehsal ediləcəkdir.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı demişdir ki, xalçaçılıq sənəti bizim milli sərvətimizdir və biz onun daim inkişaf etməsinin qayğısına qalmalıyıq: “Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdiribdir və Bakının mərkəzində - Bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda , biz xalçaçılıq sənayesini də yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək.”
Qeyd edək ki, dünyanın ən qədim xalçası 1950-ci illərdə Altayda tapılmışdır. Sovet arxeoloqları orada qazıntı apararkən bir kurqandan salamat qalmış bəzəkli xalça tapmışdılar. Arxeoloqlar müəyyən etmişlər ki, həmin xalça bizim eradan əvvəl V əsrdə Bərdə şəhərində toxunmuşdur. 2500 il əvvəl toxunmuş həmin Bərdə saqa-oğuz xalçası indi də muzeydə saxlanır.
Azərbaycanda tarixən özünəməxsus sənətkarlıq üslubu olan xalçaçılıq məktəbləri mövcud olmuşdur. Təbriz, Ərdəbil, Naxçıvan, İrəvan, Qarabağ, Şirvan, Quba xalçaları bəzəyinə, çeşnisinə, ölçüsünə və rəng çalarlarına görə bir-birlərindən fərqlənirdilər. Ancaq onların hər biri özünəməxsus gözəllikləri ilə göz oxşayırdı. İstər qədim dövrlərdə, istərsə də indiki zamanda Azərbaycan xalçaları bütün dünyada şöhrət tapmışdır.
Bu gün həmin şöhrəti daha da yüksəltmək və onu gələcək nəsillərə təqdim etmək üçün Azərbaycan dövləti lazım olan bütün tədbirləri həyata keçirir. Dövlətimizin başçısı iclasda bildirmişdir ki, xalçaçılıqla məşğul olan müəssisələr dövlət tərəfindən bütün lazımi avadanlıqlarla və dəzgahlarla təmin ediləcəklər. Birinci mərhələdə 1000 və sonrakı mərhələlərdə 5000 iş yeri açılacaq. İş yerlərinin çoxunu qadınlar tutacaq və onlar ixrac məhsulu da istehsal edəcəklər. Qeyd etmək lazımdır ki, xalçaçılıq müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi üçün dövlət başçısının Sərəncamı ilə “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu isə xalçaçılıq sahəsində qarşıya çıxan problemlərin həllində və ixrac məsələlərində əhəmiyyətli rol oynayacaqdır.
Vəli İlyasov
İki sahil.- 2016.- 22 iyul.- S.21.