Ulu öndər Heydər
Əliyevin Vətənə qayıdışı
xilaskar missiyasının
başlanğıcı oldu
22 iyul 1990-cı il Azərbaycanın
salnaməsinə yazılan möhtəşəm tarixlərdəndir
Tarix zamanın ən ədalətli hakimidir
“21 oktyabr 1987-ci il. Sov. İKP MK-nın növbəti plenumunda “ səhhətinə görə” pensiyaya çıxması ilə əlaqədar Sov.İKP MK Siyasi Bürosu üzvü vəzifəsindən azad edilməsi barədə H.Ə.Əliyev yoldaşın xahişini təmin etmişdir.” (“Qətiyyətin təntənəsi” kitabından.)
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin “ istefası” ilə bağlı bu xəbərlə əlaqədar dünya mətbuatında informasiyalar verilməklə təhlillər də aparıldı. 9 fevral 1990-cı ildə Moskvada Rusiya televiziyasının aparıcısı Andrey Karaulovun Heydər Əliyevlə apardığı müsahibədə iştirak edən “Vaşinqton post” qəzetinin Moskva müxbiri Devid Remnikin “istefanın” səbəbləri ilə bağlı sualına Ulu Öndər belə cavab verir: “Əsl səbəb təkcə səhhətimlə bağlı deyildir. Hərçənd əlbəttə, mən həqiqətən xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv hisslərinin əsiri oldu, vəssalam.” Ulu Öndərin siyasi hazırlıq və məharətinə qısqanclığı əks etdirən bu kimi faktlar istənilən qədərdir.
Ulu Öndərin “istefasından” sonra baş verənləri Heydər Əliyev belə izah edir: “Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında “Dağlıq Qarabağ Ermənistana verilməlidir” demiş-bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. (Xatırladaq ki, Qorbaçovun həyat yoldaşı, milliyyətcə erməni olan Raisa Qorbaçovanın da bu “təşəbbüsün” reallaşmasında rolu çox olmuşdur - X.İ.) Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm.”
Kremlin məkrli gedişləri, sonrakı hadisələr də məhz Qorbaçov “xislətinin” və erməni icmasının planları əsasında davam etdirildi. İttifaq və yerli mətbuatda məhz Qorbaçov iqtidarının göstərişi əsasında Ulu Öndərə qarşı təxribat xarakterli yazılar dərc olundu. Saxta ittihamlar səsləndirildi. Ümummilli lider Heydər Əliyevə qarşı təhdid və təzyiqlər başlandı. Onun Moskvanı tərk etməməsi, doğma Vətəni Azərbaycana qayıtmaması üçün təqiblər başlanıldı. Özünün qeyd etdiyi kimi, o dövrdə 30 il sıralarında çalışdığı Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən aradan götürülməsi ilə bağlı təxribatlar hazırlanırdı. Ulu Öndərin çıxışlarını dərc edən KİV-lərin redaktorları işdən çıxarılırdı. Lakin heç nədən qorxmayan pensiyaçı Heydər Əliyev 20 Yanvar hadisələri törədilən zaman vətənpərvər kimi Azərbaycanla birliyini nümayiş etdirmək üçün ailəsi ilə birlikdə Azərbaycanın Rusiyada kiçik parçası olan Moskvadakı nümayəndəliyinə gələrək həmvətənlərini səbirli olmağa çağırdı, hadisəni müstəqil respublikanın suverenliyinə təcavüz adlandırdı. Bu cəsarət azərbaycanlılara qarşı qatı millətçilik siyasəti yeridən Qorbaçovu əsəbiləşdirsə də, heç nədən çəkinməyən, vətəndaşlıq mövqeyini bütün təhdidlərdən üstün tutan Ulu Öndər məhdudiyyətlərə, xəbərdarlıqlara baxmayaraq doğma Vətəninə qayıda bildi.
20-22 iyul 1990-cı il.
Xilaskarlıq
missiyasının
başlanğıc tarixi
26 il öncə -20 iyul 1990-cı ildə Azərbaycana gələn Ulu Öndər “sürprizlərlə” qarşılaşdı. Kremlin hər bir əmrinə itaət etməklə milli mənəvi dəyərlərini itirən Azərbaycanın o dövrdəki kommunist ideologiyasının quluna çevrilmiş rəhbərliyi ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlişindən təlaşlandı. Bütün Azərbaycan xalqının sevib, hörmət etdiyi bu müdrik şəxsiyyəti qorxutmaq, Azərbaycandan çıxarmaq üçün onun əlaqə saxladığı dövlət adamlarına qarşı təxribatlar hazırlandı. Respublikada isə siyasi vəziyyət dözülməz, adamlar təşviş içərisində idi. Erməni silahlı qüvvələrinin torpaqlarımıza təcavüz etdiyi bir zamanda ölkədə aparılan “kreslo davası” nəticəsində yaranan qarşıdurma vətəndaş müharibəsi həddinə çatmışdı. Səbatsız, dövləti idarə etmə təcrübəsi olmayan “rəhbərlərin” düşünülməmiş , ələbaxım siyasəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən işğal olunur, ölkə əhalisi iqtisadi böhrandan əziyyət çəkir, xaos içərisində qalan insanların sabaha ümidi tükənirdi. Ən əsası isə Azərbaycanın varlığı sual altında idi. Belə bir qarışıq, gərgin zamanda hamını bir sual düşündürürdü: hər an gözlənilən faciələrin qarşısını almaq olarmı? Məhz o zaman insanlar çıxış yolunu müəyyənləşdirdilər: olar. Əgər hakimiyyət xalqa dəyər verən, Vətənini canından artıq sevən müdrik rəhbərin əlində olsaydı bu cür xaos yaranmazdı. O zəka sahibi isə el ağsaqqalı Heydər Əliyev idi. Xalqın bu seçimini özlərinin məhvi kimi dəyərləndirən “kommunist üsul-idarəsinin” başbilənləri Ulu Öndəri Azərbaycandan uzaqlaşdırmaq üçün hər cür çirkin əməllərə əl atdılar. Lakin Heydər Əliyev fenomeni, zəkası, düşüncəsi elə parlaq bir varlığa sahib idi ki, ona heç bir ləkə yapışmazdı. Beləcə iki gün Bakıda qalan, paytaxtda sabitliyin pozulmasını istəməyən müdrik insan 22 iyulda doğulub boya-başa çatdığı Naxçıvana gəlir.
Naxçıvandan
alovlanan ümid
çırağı
bütün Azərbaycanı
işıqlandırdı
22 iyulda 80 mindən artıq sakinin toplaşdığı meydanda həmyerliləri ilə görüşən Ulu Öndərin xilaskarlıq missiyasını əks etdirən nitqi tarixi dönüşün zəfər çağırışı idi. “Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm.”
Belə də oldu. Hakimiyyətinin birinci dövründə Azərbaycanı aqrar ölkədən inkişaf etmiş sənaye respublikasına, Qırmızı bayraqlar diyarına çevirən Heydər Əliyevi indi daha məsul vəzifələr gözləyirdi: Azərbaycanın müstəqilliyini, suverenliyini, bir sözlə, varlığını qorumaqla ümidsizliyə qapılan insanların ürəyində sabaha inam hissini gücləndirmək. Beləliklə öləziməkdə olan azadlıq ruhunun qaldırılması kimi məsul, çətin, hər bir dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir vəzifəni üzərinə götürən Ulu Öndər xilaskarlıq missiyasına xalqın xeyir-duası ilə başladı. O missiya ki, təkcə muxtar respublikanın deyil, bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliyini şərtləndirdi.
Doğma yurdunda el ağsaqqalı, sonra deputat, nəhayət Naxçıvan MR Ali Məclisinin sədri kimi ən vacib problemlərin əsl mahiyyətini müdrikcəsinə dərk edib, çıxış yollarını müəyyənləşdirib, alternativ yollar axtaran Ulu Öndərin həyata keçirdiyi islahatların hər biri özlüyündə Azərbaycanın gələcək inkişafı üçün təməl idi.
17 noyabr 1990- cı ildə keçirilən iclasa deputat kimi sədrlik edən Heydər Əliyev bir müddət sonra söylədiyi “Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” sözlərinin real həyatda həlli üçün imkan yaradan məsələlər barədə düşüncələrini gerçəkləşdirdi. Həmin sessiyada “Naxçıvan MSSR”-nin adından “sovet” sözünün çıxarılması, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının, himn və gerbinin bərpası barədə qərar qəbul olunması müdriklik, cəsarət tələb edirdi.
O illərdə görülən işləri inkişafımızın təməli adlandıran Prezident İlham Əliyevin sözləri daha xarakterikdir: “Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.”
Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövrünü əhatə edən illərdə ən böyük xidmətlərindən biri, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu idi.
SSRİ-nin cənub sərhədlərini qoruyan sovet ordusunun hərbi arsenalı, silah-sursatı muxtar respublikada qalmaqla bütün ordu hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu.
Naxçıvanda olarkən bütün Azərbaycan üçün gördüyü işlərdən biri də respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, İran və Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi oldu. Böyük şəxsiyyət Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları, ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün “Ümid körpüsü” salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik Naxçıvan hava limanı, Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı.
Bu gün ÜDM-də payı artan qeyri-neft sektorunun təməli, bazar iqtisadiyyatının başlıca tələblərindən olan özəlləşdirmə siyasəti o illərdə Ulu Öndərin imzaladığı “Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması”, “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi” haqqında qərarların qəbulu ilə başladı.
Bakı yolunuzu gözləyir
1993-cü ildə xalqın təkidli tələbi ilə parçalanmaqda olan Azərbaycanı daxili qarşıdurma və xarici dövlətlərin məkrli müdaxilələrindən qorumaq üçün Bakıya dəvət olunan ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi naminə daha mühüm xidmətlər göstərdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin Naxçıvandan Bakıya , böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasının başlanğıcı oldu.
1992-ci ildə, Naxçıvanda olarkən Ali Məclisin sədri kimi antimilli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn Heydər Əliyev 1994-1995-ci illərin acı xatirələri kimi yaddaşlarda iz salan dövlət çevrilişlərinə cəhdləri də mətinliklə, qətiyyəti sayəsində aradan qaldırdı. Daxili və xarici düşmənlərin birgə planlaşdırdığı bu cinayətlərə müdrikliyi ilə qalib gələn Ulu Öndər növbəti dəfə xilaskarlıq missiyasını yerinə yetirdi.
Ermənistan silahlı qüvvələrinin və ölkəmizin müstəqilliyini istəməyən havadarlarının istəklərinin qarşısını uzaqgörən siyasəti ilə alan, o dövrdə ölkədə siyasi sabitliyi təmin etməklə iqtisadi inkişaf üçün imkan və şərait yaradan ümummilli lider Heydər Əliyev atəşkəsə nail olmaqla ordu quruculuğu istiqamətində önəmli islahatlar apardı.
“Əsrin müqaviləsi” kimi qlobal enerji layihəsini imzalamaqla bölgədə sülhün, sabitliyin təminatına, xalqlararası əməkdaşlığın genişləndirilməsinə nail oldu. Üç dəniz əfsanəsinin gerçəkliyinə inanmayan, Xəzər neftinin dünya enerji bazarına nəqlini utopiya hesab edənlərə bir daha liderlik, dahilik dərsi verərək Bakı-Tbilisi- Ceyhan (BTC) neft, Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərlərini reallaşdırmaqla Azərbaycanın dünya birliyində yerini müəyyənləşdirdi. Dünya Azərbaycanlılarının qurultayını keçirməklə soydaşlarımızın birliyini , təşkilatlanmasını təmin etdi, diplomatiyamızın uğurlarını artırdı.
Dahiliyi şərtləndirən amillər çox olsa da, qanunauyğunluqlardan biri də budur ki, liderin qiyməti varisliklə müəyyən olunur. Yəni, rəhbər başçılıq etdiyi dövlətin inkişafını bir neçə dəfə artırmaq üçün özünə layiq davamçılar yetişdirməlidir. Ümummilli lider Heydər Əliyev bu sahədə də müdrikliyini təsdiqlədi. 2003- cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa ünvanlanmış tarixi müraciəti ilə bir daha Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyin əbədi olması üçün göstərdiyi xidmətlərin davamlı olmasını istəyən Heydər Əliyev siyasi davamçısı və özü qədər inandığı cənab İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi.
Dünya birliyində Azərbaycan islahatçı, qüdrətli dövlət kimi tanınırsa, bu nailiyyət Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin bu irsə sadiqliyinin nəticəsidir. Əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi neft strategiyasının uğurlu həlli nəticəsində Azərbaycan Avropa İttifaqı dövlətlərinin etibarlı enerji təminatçısı kimi tanınır.
BTC və BTƏ neft-qaz layihələrinin davamı olan, əhəmiyyəti baxımından əvvəlki layihələrdən geridə qalmayan, qitələri birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi ilə Çindən Londona əlaqə yaradılmasına nail olan Azərbaycanın imkanları tükənməzdir. Türkiyə-Azərbaycan birliyinin nümunəsi olan, Transanadolu-TANAP-ın çəkilişi, TAP-la, “Cənub Qaz Dəhlizi” ilə bağlı razılığın əldə olunması Azərbaycanın enerji bazarında rolunu artırmaqla siyasi, iqtisadi mövqelərini də möhkəmləndirir. İndi Azərbaycan təkcə qardaş Türkiyə və Gürcüstanda deyil, Ukrayna, Macarıstan, İsveç, Yunanıstan, Rumıniya kimi Avropa dövlətlərinə sərmayə yatıran, maddi və iqtisadi qüdrəti ilə seçilən dövlət kimi maraqla qarşılanır.
Siyasi sabitliyi, iqtisadi qüdrəti, əhalisinin sosial müdafiəsinin üstünlüyü ilə fərqlənən, MDB dövlətləri arasında seçilən Azərbaycanın daxili və xarici siyasəti də dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir, müdafiə olunur. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müzakirələrdə Azərbaycanın sülh siyasətini, haqlı mövqeyini dəstəkləyənlərin sayının artması bu sivilizasiyalararası dialoq, multikulturalizm mərkəzinə çevrilən, tolerant ölkəmizə inamdan xəbər verir.
Ulu Öndərin siyasi irsinin təbliğatı, qorunub saxlanılması baxımından təcrübə məktəbi olan, bu müdrik dahinin xilaskarlıq missiyasının hər anını yaşadan UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın başçılıq etdiyi, Heydər Əliyev Fonduna gələnlər zəngin təəssüratlarla ayrılırlar.
Elə buna görə də ulu öndər Heydər Əliyev Azərbaycan var olduqca yaşayacaq, tariximizdə əbədi qalacaqdır.
Xuraman İsmayılqızı
İki sahil.- 2016.- 22 iyul.- S.5.