Qlobal enerji məsələlərinin müzakirəsi üçün uğurlu məkan

Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan üzüağ çıxan Azərbaycan düz 25 ildir ki, müstəqil dövlət kimi beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirir, nüfuz dairəsini daha da genişləndirir. Sözsüz ki, ölkəmizin ötən illər ərzində əldə etdiyi uğurlarda ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi olaraq qeyd etmək gərəkdir.

Məhz 1994-cü il sentyabr ayının 20-də Ulu Öndərin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində əsas faktor kimi çıxış edir. Ona görə də bu gün “Azəri-Çıraq-Günəşli” (dərinsulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının iqtisadi cəhətdən daha çox siyasi əhəmiyyəti vurğulanır, respublikanın gələcək inkişafı üçün nə dərəcədə önəmli olması önə çəkilir.

“Əsrin müqaviləsi”, həmçinin Azərbaycanın xarici investorlar üçün münbit bir məkan olduğunu göstərdi. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra, başda bp olmaqla dünyanın ən böyük neft şirkətləri ölkəmizə yatırımlar etməyə başladılar. Bununla da Azərbaycanın gələcək inkişafını təmin edən yeni neft strategiyasının əsası qoyuldu. Elə o dövrdən başlayaraq ölkəmizdə neft-qaz sərgi və konfransları keçirilməyə başlandı, Azərbaycanın enerji sektorundakı geniş imkanları dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bu sırada Beynəlxalq Xəzər NeftQaz sərgi və konfransını xüsusi olaraq vurğulamaq lazımdır. 

Artıq 23-cü ildir ki, dünyanın nüfuzlu neft-qaz şirkətlərinin rəhbərləri Bakıya toplaşır, bu sahədəki mövcud vəziyyət və perspektivləri müzakirə edir, geniş imkanlarını nümayiş etdirirlər. Ötən gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan 23-cü Beynəlxalq Xəzər NeftQaz (“Caspian Oil&Gas 2016”) sərgisinin açılış mərasimi keçirilib. Qeyd edək ki, bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət iştirak edir. Bu sırada Azərbaycan, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələrdən olan şirkətlər bir araya gəlib. İtaliyaAlmaniya isə sərgidə öz milli pavilyonları ilə iştirak edirlər. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və digər ölkələri təmsil edən şirkətlər yer alır. Sərgidə ekspozisiya sahəsinin 63,7 faizini xarici iştirakçılar tutur. Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neftqazsaxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq (servis) xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya istehsalı və kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini təşkil edir. Bu, danılmaz faktdır. Ancaq bununla kifayətlənmək olmazdı. Müasir  dünya düzəninə uyğunlaşmaq, gələcəyi zəmanət altına almaq üçün yenidaha böyük layihələrin reallaşdırılması zərurətə çevrilmişdi. Bu mənada 2014-cü il “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. Bununla da yeni neft-qaz erası başlandı. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın ümumi iqtisadisiyasi inkişafı məhz “Əsrin müqaviləsi”ndən başlayıb: “Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. İlk dəfə olaraq o illərdə Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi. Bu da tarixi nailiyyətdir.”

2012-ci ildə Azərbaycan və Türkiyə “Cənub Qaz Dəhlizi”nin əsas tərkib hissəsi olan Trans-Anadolu kəmərinin (TANAP) tikintisi ilə bağlı razılığa gəldilər. 2013-cü ildə isə Trans-Adriatik kəməri - TAP əsas ixrac marşrutu kimi seçildi. Ancaq əldə olunan razılıqlar kağız üzərində qalmadı. Beləliklə, 2015-ci ildə TANAP-ın, bu iln may ayında isə TAP-ın təməli qoyuldu. Artıq hər iki meqalayihə ilə bağlı işlər sürətlə gedir. Məqsəd “Cənub Qaz Dəhlizi”nin tezliklə tamamlanması və Azərbaycan qazının Avropanın mərkəzinə çatdırılmasıdır.

Regional çərçivədən çıxaraq dünyamiqyaslı bir layihəyə çevrilən “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini ölkə liderləri də xüsusi olaraq qeyd edirlər. Bolqarıstan Prezidenti Rosen Plevneliev bildirib ki, Azərbaycan bütün dövrlərdə çox etibarlı və dəyərli tərəfdaş olub: “Cənub Qaz Dəhlizi” bu illər ərzində yaşanmış asılılığın sonu olacaq. Bizim regionudaha geniş məkanı-Avropanı asılılıqdan azad edəcək. Burada rəqabətlilik, bazarların azad olması və ədalətli qiymətlərin təklif edilməsi baxımından da irəliləyiş olacaq.”

Yunanıstanın Baş naziri Antonis Samarasın sözlərinə görə, “Cənub Qaz Dəhlizi” gələcəyə baxışdır: “Cənub Qaz Dəhlizi” yalnız infrastruktur layihəsi deyil, bu, gələcəyə olan bir baxışdır və bu baxış artıq reallığa çevrilir. Bu baxış nəticəsində AvropaAsiya birləşir. Enerji təminatı və enerji təhlükəsizliyi baxımından bu, gələcək illər ərzində müxtəlif dövlətlər və xalqlar arasında davamlı əməkdaşlığı təmin edəcək layihədir. Bu, nümunəvi bir əməkdaşlıq modelidir.”

Düşünürük ki, sadaladığımız bu və digər məqamlar, neft-qaz sahəsində əldə olunan uğurlar Beynəlxalq Xəzər NeftQaz sərgi və konfransının əhəmiyyətini daha da artırır. Bu gün isə dünyanın 30-dan çox ölkəsindən 400-ə yaxın nümayəndənin qatılacağı “Caspian Oil&Gas” beynəlxalq konfransı öz işinə başlayır. Konfransda “Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu”, “Şahdəniz-20” illik uğur və gələcəyə baxış”, “İri neft-qaz layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi”, “Azərbaycanın enerji  ehtiyatları  bazasının genişləndirilməsi”, “Neft-qaz layihələri üçün mütəxəssislərin  hazırlanması”, “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi”, “Azərbaycanda  neft-kimyaneft emalı sahələrinə dair ümumi məlumat və inkişaf perspektivləri” mövzuları müzakirə ediləcək.

Heç şübhəsiz ki, Azərbaycanın neft-qaz sektorundakı imkanlarının dünyaya çatdırılmasında mühüm vasitə olan Beynəlxalq Xəzər NeftQaz sərgi və konfransı hələ bundan sonra uzun illər öz işini uğurla davam etdirəcək.

 

Nail Rəhimzadə

İki sahil.- 2016.- 2 iyun.- S.13