Naxçıvan tarixi ilə bağlı ölkə arxivlərində
yeni sənədlər aşkar
edilib
İyunun 1-də Naxçıvan tarixi ilə bağlı ölkə arxivlərində aşkar olunan yeni sənədlər Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov çıxış edərək Naxçıvanda bütün sahələrdə olduğu kimi, arxiv işinin yaxşılaşdırılması sahəsində də mühüm tədbirlərin görüldüyünü bildirib, muxtar respublika tarixinin araşdırılmasına, eləcə də arxiv işinin daha da yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Arxiv sənədləri aid olduğu dövrün tarixini yaşadır, bu tarixi gələcək nəsillərə ötürür. Hər bir ölkənin, xalqın tarixi ilə bağlı araşdırma aparılarkən, ilk növbədə arxiv sənədlərinə istinad olunur. Muxtar respublikada arxiv işinin təşkili sahəsində həyata keçirilən tədbirlər də bu məqsədə xidmət edir. Son illər muxtar respublikada arxiv işinin təşkili sahəsində bir sıra tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin binası əsaslı şəkildə yenidən qurulmuş, yeni avadanlıqlarla təmin olunmuş, şəhər və rayon arxivləri üçün müasir iş şəraiti yaradılmışdır.
Ali Məclisin Sədri deyib: Gələcəyimizi təmin etmək üçün keçmişimizi qorumalıyıq, tariximizi arxiv sənədlərində gələcək nəsillərə çatdırmalıyıq. Lakin bu sahədə həyata keçirilən tədbirlərə və yaradılan şəraitə baxmayaraq muxtar respublikada arxiv işi hələ də tələb olunan səviyyədə qurulmayıb. Arxiv işinə ciddi diqqət yetirilməli, hər bir əməkdaş öz vəzifə məsuliyyətini öyrənməlidir.
Muxtar respublikada arxiv işi sahəsində fəaliyyətin düzgün təşkil olunmamasına görə idarənin rəisi Fəxrəddin Cəfərova xəbərdarlıq olunub.
Sonra Ali Məclisin Sədri yeni gətirilən sənədlərə baxıb.
Məlumat verilib ki, Azərbaycan Respublikası Dövlət Arxivində, Dövlət Tarixi Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində, Dövlət Səs yazıları Arxivində, Ədəbiyyat və İncəsənət Dövlət Arxivində və Milli Arxiv İdarəsinin elmi məlumat kitabxanasında araşdırmalar aparılıb, muxtar respublikanın tarixi ilə bağlı 88 sənəd aşkar edilərək 1245 vərəqənin surəti çıxarılıb. Bu sənədlər içərisində Kalbalı xan Naxçıvanskiyə, Kərim xan İrəvanskiyə, Murad xan Naxçıvanskiyə aid, eləcə də 1828-ci ildən 1917-ci illərə kimi Naxçıvanın tarixi ilə bağlı müxtəlif fondlardan aşkar edilmiş sənədlərin, Naxçıvanın 1921-ci ildə tərtib olunmuş inzibati ərazi bölgüsünün xəritəsinin, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni həyatını əks etdirən müxtəlif tarixi dövrlərə aid sənədlərin surətləri vardır. Naxçıvanlı ədiblərin, dövlət və elm xadimlərinin şəxsi fondları araşdırılarkən dəyərli məktublardan, nadir fotoşəkillər və əlyazmalardan ibarət 1462 vərəqənin və fotoşəkillərin də surətləri çıxarılıb.
Sənədlər içərisində ümummilli lider Heydər Əliyevin 1974, 1978, 1980, 1982-ci illərdə Naxçıvana səfərləri ilə bağlı fotoşəkillər və kinolentlər də vardır. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 50 illiyi münasibəti ilə Naxçıvan şəhərinə səfəri, onun dəmir yolu vağzalında qarşılanması, Naxçıvanda sənaye və tikinti müəssisələrində olarkən çəkilən fotoşəkilləri xüsusi maraq doğurur.
Ali Məclisin Sədri ölkə arxivlərində
aparılan araşdırmaların davam
etdirilməsi, Naxçıvan xanlığının tarixi ilə bağlı arxiv
sənədlərinin üzə çıxarılması və
aşkar olunmuş yeni sənədlərin tədqiq olunması
barədə tapşırıqlar verib.
İki
sahil.- 2016.- 2 iyun.- S.9